Dördüncü hissə, onuncu fəsil
Nəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:
– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.
Kişi tərs-tərs qızına baxdı:
– Sənə o dəfə demədimmi ki, onun adını mənim yanımda çəkmə. O adda qızım yoxdu mənim. Bildin? Bax, sənə vəsiyyət eləyirəm, mən öləndə o üstümə gəlməsin, eşidirsən? Qərib gəlməyəcək onsuz da. Gələ bilməyəcək, gəlməsin. Mən çörəyimi halal eləmirəm, eşidirsən?
Güldanə hıçqırdı.
… Kərimin sümüklərini Canəli bəyin qızıl küpünün yanından tapılması lap nağıla oxşayırdı: hərə bir cür yozur, kimi inanırdı, kimi inanmırdı. Göz yaşları üzünə yox, ürəyinə axan, zahirdə özünü təmkinli aparıb içəridə kəm taleliyinə yanıb-yaxılan Nəzərə isə hər şey aydın idi. Tapılan sümüklərin atasının olduğuna zərrəcə şübhə eləmirdi. Çünki o vaxt mərhum Səlminaz arvad əhvalatı yerli-yataqlı danışmışdı ona. Skeletin üst çənəsinin üç dişi yox idi. Səlminaz danışmışdı ki, o zaman, qızıl küpü Səlminazın işarəsi ilə ocağın içindən tapılanda, özünə gəlmiş Canəli bəy, əlindəki çəliklə Kərimin ağzına elə vurmuşdu ki, onun qabaqdan üç dişi sınıb həsirin üstünə düşmüşdü və sonra bəy, küpdən üç dənə qızıl onluq götürüb Kərimin ovcuna basaraq, “Gedib dişlərini düzəltdirərsən. Qoy baxanlar görsünlər ki, Canəli bəyin nökərinin də dişləri qızıldandı, qoy yanıb-yaxılsınlar.” – demişdi. Kərim də o üç qızılı alıb keçə şalvarının sağ cibinə qoymuşdu. Küpün yanından tapılan o üç qızıl həmin üç qızıl idi. Təkcə bu iki dəlil kifayət idi ki, Nəzər küpün yanından tapılan sümüklərin atasınınkı olduğuna inansın. Ona görə Nəzər heç nə demirdi, siqaretini tüstülədirdi və tüstü dumanları arasından anasının bu sözlərini də xatırlayırdı ki, həmin gün bəy deyib, “A Kərim, o qara qoçu kəsərsən, yaxşı bir kabab eləyərsən. Sübh çağı ova gedəsiyik. Muxtar bəy bizimlə gedəsidi.” Səhər Səlminaz ayılanda görüb ki, baba köçüb, yurdu qalıb. Kərim də o gedən gedib.
Nəzərin yaddaşı buracan işləyirdi, bunda o yana gedə bilmirdi. Dünənəcən xəyalı atasının adı, sorağı dalınca İrana, Türkiyəyə, Amerikaya, daha nə bilim haralara uçub gedirdi. Dünəndən isə “Əzgilli dərə”də bənd alıb dayanırdı.
… O gecə Canəli bəy arvad-uşağını, vəzncə yüngül, qiymətcə ağır şeylərini, qızıl-gümüşünü atlara yükləyib Kərim yuxudaykən oğlu Muradın qabağına qatıb yola salmışdı. Səhərə yaxın, saat dörd radələrində isə ikisi yola düzəlmişdi. Bəy qara kəhərdə idi, Kərim qaşqa ata minmişdi. Kənddən çıxmışdılar. “Əzgilli dərə”yə çatanda bəy, kəhərin başını çəkmişdi və atdan enmişdi:
– Düş, a bala. Bax burda, bu ağacın dibində bir çuxur qaz.
– Çuxur? Çuxuru neynirsiniz, bəyim? – Kərimin canından bir soyuq üşütmə keçmişdi və fikrinə gəlmişdi ki, deyəsən bəy dünənki oğurluğuna – qızıl küpünü götürüb ocağın içində basdırdığına görə onu öldürmək istəyir, qəbrini də özünə qazdırır. «Canəli bəy xəyanəti bağışlayan deyil. Gərək gecəykən Səlminazı da götürüb çıxaydım aradam.» Belə düşünüb yazıq-yazıq qaranlıqda bəyin üzünə baxdı. Bəy onun fikrindən keçəni oxumuş kimi qımışıb demişdi:
– Ağciyər olma, ə. Mən səni öldürən deyiləm. Qaz, bu qızıl küpünü burada basdıracağıq. Al, bu da beldi, özüm götürmüşəm. – Yəhərin böyründən gödək saplı bir bel çəkib Kərimin qabağında yerə sancdı. – Amma cəld ol, hava işıqlanmamış buradan çıxaq gedək.
Kərim bir az toxdayıb özünə gələndən sonra heç nə demədən beli götürüb bəyin ayağı ilə işarə elədiyi yeri qazmağa başlamışdı. Gen qazmışdı, dərin qazmışdı bəyin göstərişiylə. Sonra yenə bəyin göstərişi ilə küpü qara kəhərin belindəki böyük xurcunun sağ gözündən çıxarıb çuxurun içinə qoyanda Canəli bəyin səsini eşitmişdi:
– Kərim, mənnən gedirsən?
– Hara, bəyim? – Kərim elə çuxurun içindən soruşmuşdu.
– Xaricə. İrana, Türkiyəyə. Ayağımız hara apardı, ora. Ta bizim burada qalmağımızdan keçmiş ola. Bolşovoylar gəlirlər. Onları da tanıyırsan da. Əvvəlcə məni bəy olduğuma görə divara söykəyib güllələyəcəklər. Sonra da səni… Mənim nökərim olduğum üçün.
– Yox, bəyim. Mən gedə bilmərəm. Səlminazı o vəziyyətdə qoyub hara gedə bilərəm, bəyim?
– Demək, getmirsən, hə?
– Yox, bəyim. Allah bağışlamaz.
– Bəs…oğurluq eləyəndə heç Allahdan qorxmurdun, namərd?
– …
– Yəqin fikirləşirsən ki, Canəli bəy axmaqdı, qızıllarını basdırıb çıxıb gedir. O gedən kimi, arın-arxayın gəlib bu qızılları çıxardıb apararsan, qoyarsan başının altına, sonra xımır-xımır yeyərsən, hə?
– Yox, bəyim.
– Yalan deyirsən, it küçüyü! Gözünün içinəcən yalan deyirsən. Amma onu görə bilməyəcəksən!
Sonra sübhün alaqaranlığında üç dəfə atəş açılmışdı. Kərim heç cınqırını da çıxarda bilməmişdi, dizləri bükülmüşdü, əlləri ilə başını qamarlayıb küpün dibinə çökmüşdü. Canəli bəy tapançasının lüləsini üfürüb qoburuna qoymuşdu, beli götürüb küpün də, Kərimin də üstünü torpaqlayıb ayaqlamışdı, kənardan bir neçə çim yaşıl otlu torpaq gətirib tökmüşdü. Sonra… çuxasının cibindən yaylıq çıxardıb alnının tərini silərək başını qaldırıb göylərə baxmışdı. Topa-topa qərbə tərəf axan qara buludların arxasından ay, nəhəng tək göz kimi Canəli bəyin bu əməlinə sanki tamaşa eləyirdi. Bəy, əlini şəvə saqqalına çəkib astaca.
– Allah, özün keç günahımdan. – deyə pıçıldamış, qara kəhərə minib köç-külfətinin dalınca çapmışdı.
… Səhərisi, axşam çağı Kərimi Səlminazının yanında-arvadının və üzünü görmədiyi yeganə oğlunun üzünü görmədiyi, səsini eşidib nəfəsini duymadığı, istisinə qızınmadığı, tüstüsündən isə az qala kor olduğu oğlu Nəzər basdırırdı.
Axşam Tapdığın həyətində qurulan təziyyə məclisində xeyli adam var idi. Keçmiş vərəqlənir, tarix yada salınırdı. Kapitan Balamirzə Əliyev elə şirin danışırdı ki, elə bil o vaxt, Canəli bəy Kərimi öldürəndə oradaymış.
– Canəli bəy Kərimə çalanı qazdırıb. Özünün də təpəsinə elə oradaca üç güllə çaxıb. Güllələrin qurğuşununu da tapdılar uşaqlar. Görünür bəy Kərimə deyib, - Gedək bizimlə. O isə razı olmayıb. Onda Canəli bəyin Kərimi öldürməkdən savayı çarəsi qalmayıb. Çünki bəy gedəndən sonra, qızılların yerini bilən Kərim, şübhəsiz, gəlib onları apara bilərdi. Bəli. Bakıdan gələn yoldaşlar da elə mənim kimi fikirləşirlər.
Nəzər əlini üzünə dirəyib Balamirzənin söhbətinə key kimi quluq asırdı. Məclisdəki kimsə xəbər aldı:
– Nəçənnik, indi o Cəbrayıl bəyə həmin qızılların iyirmi beş fayızını verəcəksiz də? Gör əlli kilo qızılın iyirmi beş fayızı neçə kilo eləyir, ə?
– On iki kilo.
– Vay dədə vay!
– Cəbrayıl bəyə bir qram də qızıl verməyəcəyik. Nədən ki, onun babası tünbətün günahsız adamı öldürüb. Hələ sağ olsaydı, onu cinayət məsuliyyətinə də cəlb eləyərdik. Hayıf ki, ölüb.
– Cəbrayıl bəyi onun əvəzinə tutmaq olmaz?
– Yox. Onun nə günahı var ki? – Balamirzə belə deyəndə gözləri Nəzərin kədərlə baxan gözlərinə sataşdı və günahkarmış kimi başını aşağı salıb susdu.
Gecədən xeyli keçmiş, camaat dağılışıb ancaq ailə üzvləri qalanda rayon partiya komitəsinin təzə katibi Baba İskəndərov gəlib çıxdı. Babanı görən kimi Nəzər ayağa qalxdı. Çox mehriban görüşdülər. Baba Nəzərin arıq, çəlimsiz vücudunu sinəsinə sıxıb alnından öpdü və doluxsunmuş halda:
– Xoş gəlmisən, mənim əziz müəllimim. Həmişə evində-eşiyində, el-oba içində - dedi.
Nəzər uşaq kimi kövrəldi:
– Çox sağ ol, ay oğul. Ömrün uzun olsun. Zəhmət çəkmisən.
– Borcumdu, Nəzər müəllim.
– Səni də təbrik edirəm, oğul.
– Sağ ol, Nəzər müəllim.
Onlar uzun mizin arxasında oturdular. Tapdıq hər ikisinə çay gətirdi. Xeyli ordan-burdan danışdılar, dərdləşdilər. Söhbət hərlənib-fırlanıb Canəli bəyin üstünə, onun Kərimi qətlə yetirməsi məsələsinə çatanda Nəzər kədərli-kədərli dedi:
– Yadındadı da, Baba, o eynəkli canavar-Quleyivi deyirəm ey,
– o vaxd büroda məni ittiham eləyirdi ki, atama xaricə qaçdığını gizləmişəm. “Türkiyədədi? İrandadı? Yenə əlaqə saxlayırsan?” faşist oğlu faşist.
– Hə, yadımdadı, Nəzər müəllim, hər şey yadımdadı.
– Sən demə, yazıq kişi burada, gözümün qabağında, “Əzgilli dərə”də uyuyurmuş, heç xəbərim yoxmuş. Ondan incimiş olsa da, biçarə anam elə nigaran köçdü dünyadan. İndi heç olmasa sümükləri qovuşa bildi. Gec də olsa, mənim də gözlərim yollardan yığıldı, tənəli sözlərdən canım qurtardı. – Barmaqları əsə-əsə siqaret yandırdı, acgözlüklə sümürdü və dərdli-dərdli əlavə elədi, – Deməli bəy öldürdü, məni də…özümünkülər öldürmək istəyirdi. Faşistlər öldürə bilməmişdi, ancaq… özümünkülər…
Baba, müəlliminin yamanca kövrəldiyini, indicə uşaq təki ağlayacağını hiss eləyib sözünü yarımçıq kəsdi:
– Qəm yemə, Nəzər müəllim. Keçmiş ola. Unut getsin.
– Nə danışırsan, Baba? Mənə edilən bu zülümləri necə yaddan çıxarmaq olar, oğul? Mənim heç bir günahım yox idi axı…
– Mən elə onda da inanırdım ki, sən təmizsən. Səni o vaxt nahaqdan ləkələdilər, partiyadan haqsız çıxartdılar…
– Amma mən özümü partiya sıralarından çıxarılmış hesab eləmirəm, oğul. Partbilet-kağızdı. Biri vermişdi, o biri aldı. Mənim partbiletim mənim məsləyimdi! Onu isə mənim əlimdən heç kəs ala bilməz, heç vaxt, heç kəs ala bilməz, Baba.
Elə bu zaman…Nəzər müəllim çadırın arxa tərəfində danışıq səsi eşidib susdu. Danışanları o dəqiqə tanıdı. Nəvələri idi - Elmanla Elcan idi. Artıq böyüyüb yekə oğlan olmuş, yeddinci sinifdə oxuyan nağılpərəst Elcan ciddiyyətlə qardaşına deyirdi:
– Yox, Qardaşxan müəllim düz demir, qaqaş. Doğrudu, adamlar danışanda “Vicdan” söyləyir, amma yazıda “Vicdan” olmalıdı. Səhər dərsdə özünə söyləyəcəm ki, siz düz demirsiz, Qardaşxan müəllim.
Nəzər Elcanın sözlərini eşidib qanadlandı, dərdlərini unutdu, nəvəsinin qətiyyətində, cəsarətində özünü, öz ürəyini, öz keçmişini görüb Babaya nikbinliklə göz vurdu:
– Kiçik nəvəmdi. Xasiyyətdə eynən mənə oxşayır. Kaş taleyi mənim taleyimə oxşamasın.
… Oxşayacaqdımı? Oxşamayacaqdımı? Dünyanın işlərini bilmək olurmu?
SON
1981-1988
BAKI – ŞÜVƏLAN
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-onuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.
Üçüncü hissə, yeddinci fəsilBir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.
Üçüncü hissə, səkkizinci fəsilVə hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…
Üçüncü hissə, doqquzuncu fəsilƏbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı: