Page 1 of 3

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.

Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

Dünya xanım hərdən, ehtirasları ayazıyıb ürəyinin atəşi azca öləziyən kimi, çox qorxulu bir oyun oynadığını anlayır, bədəninə üşütmə düşürdü. Bu işin aqibətini düşündükcə canına soyuq tər gəlir, gözləri yol çəkir, belə addım atdığına görə özünü min dəfə danlayırdı. Bu peşmançılıq hissi, Nəcməddin onun ayaqlarına düşəndə, nəvazişlə oxşayanda, onu özünün tanrısı hesab eləyəndə daha da güclənir, qəlbini məngənə kimi sıxırdı; ərinin üzünə şax baxa bilmirdi.

Dünyagörmüş qocanın — ömründə çox belə qadınlarla oturubdurmuş Nəcməddinin mehriban və isti baxışlarının dərinliyində qəribə, küclə sezilə biləcək bir şübhənin də közərə-közərə sakitcə yaşadığını Dünya xanım sövq-təbii bir həssaslıqla görməyə bilmirdi. Hələ indiyə qədər o şübhə dilə gəlməmişdi, açılıb-ağardılmamışdı, dolu tapança kimi öz qoburunda yatırdı, çünki Nəcməddin Dünyanı çox, özünün təsəvvür edə biləcəyindən də çox sevirdi, bu sevgidə bir dəlilik də, bir müdriklik də vardı, hələ desən uşaqlıq da vardı. Dünya onun üçün həyat idi, ömür idi, behişt idi, gözəllik tanrısı idi, yaradan və yaşadan idi. Ona görə Nəcməddin o şübhəyə layla çalıb yatırırdı, özündən uzaqlaşdırırdı o şübhəni və özünü inandırırdı ki, Dünya, bu gözəllik ilahəsi ona xəyanət eləyə bilməz, daha doğrusu, eləməz. Bax, məhz buna görə Nəcməddinin gözlərinin dərinliyində bir mənhus şübhə közərə-közərə sakitcə yaşayırdı. Vay o gündən ki, bir uğursuz külək əsəydi, o közərtini körükləyib-üfürüb alovlandıraydı, onda zəbanə çəkilən alov, Dünyanı, — nə qədər əziz olsa belə, yaşadan olsa belə, — dirigözlü yandırıb külə döndərərdi. Vay o gündən! Bəli, Dünya məhz o gündən qorxurdu, üşürgələnirdi. Danlayırdı özünü, bəzən nifrət eləyirdi özünə. Bir daha Əbdülə baxmayacağına, onu yanına çağırmayacağına söz verir, xoş söz deməyəcəyinə and içirdi. Ancaq beş gün, uzaq başı on gün keçməmiş bu körkəmsiz, kobud, daxilən güclü Əbdülsüz darıxdığını hiss eləyir, onunla qorxa-qorxa da olsa, ixtilat etmək, təmasda olmaq, ehtiraslı və qüvvətli qolları arasında bihuş olmaq arzusunu boğa bilmirdi. Bu arzu onun əlindən tutub dayə kimi Əbdülün yanına gətirirdi. Əbdül Dünya üçün cırcındır içində, (özü ilə müqayisədə) çirkab içində gizlədilmiş bir xəzinə kimi qiymətli idi. Onda hər cür zərif, şirin, gözqamaşdıran, gözyaşardan bahalı daş-qaşlar — hisslər, duyğular vardı. Ən xoş və maraqlısı o idi ki, bu hisslər, bu duyğular təbii idi, olduğu təki idi, bəzəkdüzəksiz idi, bəzən yonulmamış idi və buna görə çox gözəl idi. Hər dəfə bir yerdə — tale üzlərinə gülən günlərdə, — olanda, söhbətləşəndə, Dünya onda yeni-yeni keyfiyyətlər görürdü və bütün bunların hamısı Dunyanı xoşbəxt etmək üçün imiş! Dünya insan hisslərinin coşğunluğuna, sonsuzluğuna və doyulmazlığına məhz belə anlarda heyrət eləyirdi!

O, bəzən, — qəribə də olsa, — bu xəzinəni elə beləcə də məxfi saxlamaq, onun işığından, naz-nemətindən, ləzzətindən başqalarının da feyziyab olacağından qorxmaq kimi qəribə fikirlərə də düşürdü. «Heç kəsə verməyəcəyəm səni, heç kəsə!» — deyə hərdən, bayğınlıq və çılğınlığın ən yüksək məqamında Əbdülun özünə də deyirdi. Əbdül isə gülümsünüb: «Mən kimin nəyinə lazımam!» — söyləyirdi. Onda Dünya öz aləmində düşünürdü ki, bədbəxt öz qiymətini bilmir! Sağlam adam sağlamlığının qədrini bilməyən kimi, qızıl öz qiymətini bilməyən kimi. Dünya Əbdüldə bir mütilik görmüşdü və bu mütilik onu Dunyanın gözündə çox ucaldırdı. O, belə bir hikmət kəşf eləmişdi ki, kişi qadının nəzərində ucalmaq istəyirsə, enməyi bacarmalıdır, onun saçlarından öpmək istəyirsə, əvvəlcə ayaqlarının altına düşməyi bacarmalıdır, çünki Dünya körürdü ki, Əbdül belə elədikcə, onun ayrılıq (bir həyətdə yaşasalar da) əzablarına, ərköyünlüyünə, nazlarına səbirlə-mətanətlə, içəridən çəkə-çəkə dözdükcə daha sevimli olur, daha əziz olur. Qadın allah kimi məxluqdur, üzərində hökmranlıq edəni sevməz — özü hakim olduqda və bunu dərk etdikdə o, xoşbəxt olur, qəlbində məhəbbət və şəfqət hissi daha da güclənir. Dünya bütün bunları öz aləmində, öz ürəyində görürdü, duyurdu. Əbdül alçaldıqca ucalırdı, ucaldıqca sevilirdi. Əbdül sevilən anlarda, əziz olan günlərdə, saatlarda Nəcməddinin bütün böyüklüyü, əzəməti, milyonları ilə Dünyanın gözündən düşürdü, kiçilirdi, mənən ölürdü. Üzə vurmasa da, içəridə, qəlbinin dərinliklərində ona qarşı bir soyuqlut, hətta bəzən nifrət də hiss eləyirdi. Nəcməddin miskinləşirdi, cılızlaşırdı. Belə vaxtlarda Dünya kiçicik bir şeyi bəhanə edib «nazla», «ərklə» ondan küsürdü, üzünə xoş baxmırdı və Nəcməddin «axı bunun da üstündə adam küsər?» — deyib ürəyində baş sındırır, səbəblərini axtarır, heç nə tapa bilməyib nəhayət, «xasiyyətidir də, Allah verib!» — deyə susub dözürdü. Kişi Dünyanın könlünü alınca, barışınca çox əzab çəkirdi, barışanda isə uşaq kimi sevinirdi. Bəli, Dünya Əbdülü özünə yaxın buraxmaqla, məqsədinə çatmaq, övlad sahibi olmaq, Nəcməddinin cah-calalına gələcəkdə yiyə durmaq üçün atdığı bu addımla çox qorxulu, tilsimli bir oyun oynamışdı. Əvvəllər bu ona çox adi, asanca başlayıb, asanca da qurtarmaq mümkün olan bir iş kimi görünmüşdü. Onda hələ o qədər də təcrübəsi olmayan Dünya, bu hərəkətilə sakit və ölü bir həyat keçirən Əbdülü gözəgörünməz tellərlə, bəlkə də qırılmaq bilməyən zəncirlə özünə bağladığını, eyni zamanda özünün də əl-qolunu və hətta dilini belə bağladığını heç də bütün təfərrüatı, ciddiyyəti ilə dərk edə bilməmişdi. Birdən-birə başlanmış və getdikcə dərinləşib möhkəmlənmiş bu münasibətlər, indi Dünya özü belə istəsəydi də, qurtara bilməzdi, qırıla bilməzdi. Çünki Əbdülü — vulkanı içəridə bu vaxta qədər mürgü vurmuş, heç bir xoşbəxtlik və səadət ləzzəti dadmamış, indi isə nagahan belə bir bəxtəvərliyə qovuşmuş Əbdülü Dünya özündən asanlıqla uzaqlaşdırmağı bacarmazdı. Əbdül kimi adamlar — ömrü boyu ağ gün, səadət arzusu ilə yaşayan, onu əldə etməyə can atan, nəhayət, ümidini itirib öz kəm taleyi ilə barışan adamlar, heç gözləmədikləri halda axtardıqlarını tapanda onu əldən verməzlər, ölümə belə razı olarlar, ancaq əldən verməyə yox. Dünya görürdü ki, Əbdül ona möhkəm bağlanıb, onunla kəlmə kəsəndə əriyir, müəllimini görmüş uşaqlar təki özünü itirir, rəngi dəyişir, sevincdən lal olur, yaxşı sərrast danışa bilmir — bir sözlə sevir, sevir. Və bu sevgi yolunda o, ən böyük fədakarlıqdan tutmuş ən böyük cinayətə qədər — nə desən edər. Dünya kimdənsə, hardasa eşitmişdi ki, qulun məhəbbəti böyük olur — özündən də böyük, arzularından da böyük. Bu yandan da balaca Nəcməddin vardı arada. Əbdül o körpəyə günlər keçdikcə daha çox bağlanırdı və bu bağlılıq Dünyanı qorxudurdu, səksəkədə saxlayırdı. Hardasa, nə zamansa bu dolaşıq kələfin ucu açıla bilərdi və onda əsl fəlakət qopa bilərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 min
Dördüncü hissə, on üçüncü fəsil

Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:

5 min
Dördüncü hissə, on dördüncü fəsil

Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

9 min
Dördüncü hissə, on beşinci fəsil

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

15 min

Poems by other poets