Üçüncü hissə, yeddinci fəsil
Page 3 of 3 · 67%
Yenə beynində dolandı ki, yox, Dünya belə qadın deyil. O, sadəcə olaraq təcrübəsizdi, oturub-durmağını, hərəkətlərinin mənasını düşünmür. O, bəzən özünü elə aparır, elə danışıb-gülür ki, tanımayan, xasiyyətinə bələd olmayan kənar kişi, onun haqqında pis şeylər fikirləşə bilər, ona yaxın olmaq, ona söz atmaq, yoldan çıxartmaq fikrinə düşə bilər. Lənət şeytana, elə bunun özü də çox pisdi. Bəzən birisində düşünülməmiş bir hərəkətdən, sözdən sonra yaranan fikri ömrü boyu heç nəylə alt-üst eləmək olmur, elə o səni beləcə tanıyır, xatırlayır. Yox, gərək Dünya buna-qətiyyən yol verməsin. O gərək kişilərin beyninə yaxın düşülməz, əlçatmaz bir qadın təsiri buraxıb yaşasın, heç kəs ona yaxın düşmək, söz demək fikrini ağlına belə gətirməsin. Bax, onda Dünya əsl Dünya olar. Bax, Əbdül Dünyanı ancaq və ancaq belə görmək istəyirdi.
Sakitləşib özünə gəlmiş Əbdül bu fikirlərlə darvazanın ağzına çıxdıqda kürən qonşunun qapılarının ağzında dayanıb maşını sildiyini gördü və yenə fikirləri alt-üst oldu.
Oğlan maşının böyür-başına fırlanır, üzünü eyvana sarı çevirməsə də, gözucu baxırdı. «Ay it oğlu, sənin o gözlərini nə çıxardardım!» — düşünüb bir adam boyu olan hasara nəzər saldı və beynində doğmuş fikrə sevindi — hasarı bir az da qaldırmaq. Vəssalam. Sonra qoy nə qədər istəyir baxsın...
Qayğılı, döyülmüş, təhqir olunmuş kimi həyətə qayıtdı və ağacın altındakı oturacaqda əyləşib eyvana, pəncərələrə tamaşa eləməyə başladı... Bir saatacan beləcə, hərəkətsiz dayandı... Dünya nə eyvana çıxdı, nə pəncərə ağzında göründü... Əbdül yenə toxtadı...
Günortadan sonra ağayi Nəcməddin qayıdıb gəldi. Qanıqara idi. Əbdülün yanından saymazyana keçib yuxarı qalxdı. Ağasının onu dindirməməyi Əbdülü sevindirdi. Danışığa tutsaydı, Əbdül Nəcməddinin üzünə şax baxa bilməyəcəkdi, əzab çəkəcəkdi, səksəkəli olacaqdı. Belə yaxşıdı, dindirməməyi yaxşıdı. Dünya ipək yorğan-döşəyin içində, balaca Nəcməddin də öz beşiyində şirin-şirin yatmışdı. Nəcməddin evin ortasında azca dayanıb yatan əzizlərinə xeyli tamaşa elədikdən sonra iki pəncərənin arasına qoyulmuş, üstünə ceyran dərisi salınmış kresloya yayxandı və:
– Ax... — deyib ufuldadı. Bununla həm bərk yorulduğunu, həm də qayıtdığını Dünyaya eşitdirmək istəyirdi. Dünyadan isə səs-səmir çıxmırdı. Daş kimi düşmüşdü. Ağappaq üzündə sözlə təsvir edilməsi mümkün olmayan bir xoşbəxtlik, bir ləzzət ifadəsi donub qalmışdı. Mışıl-mışıl, lap körpə uşaq kimi, yüngül-yüngül nəfəs alırdı.
Nəcməddin bu ilahi görkəmi görüb yorğunluğunu unutdu, oğurluğa gedirmiş kimi qalxıb ayaqlarının ucunda çarpayısına yaxınlaşdı, yanını çarpayının qırağına qoyub oturdu. Xeyli, məftun-məftun diqqət yetirəndən sonra dodaqaltı, dua oxuyurmuş kimi pıçıldadı:
– Allah səni mənə çox görməsin, mənim qəşəng Dünyam — və sonra əlini atıb Dünyanın sinəsi üstünə çəkdiyi ağ örtüyü yavaşca qaldırdı. Dünya səksənmiş halda gözlərini açıb başını azca dikəltdi və qabağında Nəcməddini görüb:
– Sənsən? — deyə xəbər aldı, sonra yenə gözlərini yumub üzünü yana çevirdi. Qəribə idi, indi Dünya istəmirdi Nəcməddini, görmək belə istəmirdi. Onun gözlərinə, sifətinə baxmaq istəmirdi. Bir az əvvəlki Əbdüllü dünyasından, Əbdüllü düşüncələrindən ayrılmaq istəmirdi. Amma Nəcməddin gəlmişdi, onu öz dünyasından ayırmaq istəmirdi.
– Bu nə vaxtın yatmağıdı belə? Dünya gözlərini açmadan:
– Uşaq yamanca yorub məni. Gecə səhərəcən qoymayıb yatam. Ölürəm, — dedi, — sən allah, mənimlə işin olmasın hələ. Qoy gözlərimin acısını alım...
Nəcməddin:
Al, al, gözlərinin qadasını alım, al! — dedi və ayağa durdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
Dördüncü hissə, on dördüncü fəsilYaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.
Dördüncü hissə, on beşinci fəsilElə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.