Üçüncü hissə, doqquzuncu fəsil
Page 1 of 4
Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.
Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
– Hara gəlirsən?
Əbdül əvvəl heç nə anlamayıb qanrılaraq arxaya, darvazaya baxıb:
– Ağa getdi... — dedi...
– Nə olsun, ağa getdi?
– Gəlirəm yanına...
– Yox! Gəlməyəcəksən!
– Niyə, xanım, başına dönüm?
– Mən istəmirəm, bildin? Mən istəmirəm, Sən bir daha heç vaxt yanıma gəlməyəcəksən, aç qulaqlarını, yaxşı-yaxşı eşit.
Əbdülün qol-qanadı sınıb yanına düşdü. Başı gicəlləndi, yıxılmamaq üçün əl atıb pilləkənin sürahisindən yapışdı, qəmli, dolmuş gözlərilə təəccüb içində yuxarıda heykəl kimi dayanmış Dünya xanıma baxdı. Dünyanın sifətində donuq, soyuq bir ifadə vardı: həmişə atəş saçan, nurlu gözlərində qəzəbqarışıq bir biganəlik əks olunurdu. Deyirdi:
– Elə hesab et ki, bizim aramızda heç nə olmayıb, elə say ki, bir şirin yuxu görmüşük — sən də, mən də. Ayılmışıq, başa düşmüşük ki, dünənə qədər gördüklərimizin hamısı şirin, təkrarolunmaz bir yuxu imiş, vəssalam. — Axı yuxu deyildi, xanım.
– Yox! Mən sənə deyirəm yuxu idi, denən yuxu idi! Tez ol, de ki, yuxu idi.
Əbdül Dünya xanımın hökmünə çoxdan bələd idi, özünü onun hökmünə çoxdan tabe eləmişdi. Odur ki, qeyri-ixtiyari onun sözlərini təkrar elədi.
– Hə, yuxu idi.
– İndi qulağından sırğa elə as: bir də mənim yanıma gəlməyəcəksən, mən yoxam sənin üçün, ölmüşəm, bildin?
– İraq candan, xanım...
– Bir də elə niyyətə düşsən, ağaya deyəcəyəm səni qovsun. Bilirsən ki, ağa səni iti qovan kimi qovar qapıdan. Əbdül məhz indi qorxuya düşdü. Neyləyə bilərdi?
– Yox, xanım, etmə elə, başına dönüm. Ona görə yox ki, burdan getsəm acından ölərəm, yox, xanım. İki əlim bir başımı saxlar. Ancaq səni görməsəm yaşaya bilmərəm. Heç olmasa səni görmək səadətini mənim əlimdən alma, yalvarıram sənə. Qoy ömrüm nə qədər var, sənin qapında qul olum, kölgə kimi yaşayım burda, ancaq təki səni görüm, gözlərim sənə baxsın. Məni yaşat, xanım, qurban olum. Hələ mən ağama da vəsiyyət eləyəcəyəm, öləndə məni burda, bu həyətdə basdırsın — yer altında da sənin ayaqlarının, özünün səsini eşidim, xanım.
Əbdül bu sözləri deyəndə göz yaşlarını saxlaya bilmədi, ağladı. Dünyanın ürəyinin başı soyuldu, göynədi. Bu günahsız, bu yazıq adamı belə rəhmsizcəsinə incitdiyi üçün peşmançılıq çəkdi, yumşaldı. Lakin onu içəri çağırmaqdan, yaşlı gözlərindən öpməkdən, ovundurmaq fikrindən özünü güclə saxladı və yenə amiranə bir səslə çımxırmaq istədisə də, bacarmadı, izah elədi:
– Mən qorxu içində yaşamaq istəmirəm, bu dəhşətdi. Mən sənsiz yaşaya bilərəm, ancaq onsuz yox. Mən səni istəyirəm, Əbdül, ancaq belə yaşamağa mənim haqqım yoxdu. Bilsə səni də tikə-tikə doğrar, məni də... Rüsvayçılıq olar. Mən isə yaşamaq istəyirəm, başa düşürsən, yaşamaq istəyirəm, körpəmi böyütmək istəyirəm, onu xoşbəxt görmək istəyirəm. Buna sən də etiraz eləməzsən, bilirəm. Burada ağılnan hərəkət etmək gərəkdi, Əbdül.
Əbdül onun yumşaldığını görüb bir az toxtadı, qorxaq, zəif bir səslə:
– Axı birdən-birə nə oldu xanım? — deyə xəbər alanda o, yenə döndü, səsini qaldırdı:
– Onun sənə dəxli yoxdu! Özüm bilərəm! Mən sənə nə deyirəm, onu da eləməlisən. Əgər istəyirsən ki, bu həyətdə yaşayasan, heç olmasa gündə iki-üç kərə məni görəsən, dediklərimə əməl eləməlisən. Vəssalam. Daha artıq-əskik danışma, mənim zəhləmi tökmə, narahat eləmə məni. Eşitdin? Mənim sözüm sənin üçün qanundu?
– Qanundu, xanım.
– Hə, indi get bazara, bazarlıq elə. — Və o, cəld bir hərəkətlə çönüb içəri girdi. Əbdül elə pilləkən üstündə donub qaldı. Nə edəcəyini bilmirdi. Dünya başına dolanırdı. Neçə dəqiqə belə halsızhərəkətsiz qaldığını xatırlamırdı. Handan-hana taqətsiz halda aşağı endi, öz hücrəsinə qayıtdı, taxtın üstündə uzandı, uşaq kimi hönkürtü vurub ağladı. Dünən bu taxtın üstündə necə nəşə ilə uzanmışdı, necə xoşbəxt idi. Bu gün isə... Özünü dünyanın ən bədbəxt adamı sayırdı bu dəm. Neçə vaxt idi içi ləl-cavahirdən də qiymətli məhəbbət dolu, nəvaziş, bəxtəvərlik dolu bir xəzinə tapmışdı, gözü qamaşmışdı, dərd-sərini, təkliyini, nökərliyini unutmuşdu. Tanrısına şükür etmişdi ki, nəhayət, o da yadına düşmüşdü, o da insan olduğunu anlamışdı... Ancaq indi... Hər şey alt-üst oldu, xəzinəni əlindən aldılar, yenə tək, kimsəsiz qaldı və özünə də dedilər bu yuxu imiş, şirin bir yuxu. Külək hayandan əsdi? Nə oldu birdən-birə? Əbdül ha baş sındırdısa düyün açılmadı ki, açılmadı.
Düz bir saatdan sonra o, nəhayət özünə gəlib taleyi ilə barışaraq zənbilini götürüb taqətsiz addımlarla evdən çıxdı... Darvazanı çöldən bağladı... Hasarın tinini burulmaq istəyəndə qabaq-qənşər qonşunun darvazası açıldı, oğlanın maşını küçəyə çıxdı... Əbdül qeyri-iradi olaraq ayaq saxladı. Özünü hasarın tininə verib diqqət yetirdi. Kürən oğlan maşından düşdü, adəti üzrə siqnal verdi. Sonra Nəcməddinin eyvanına boylandı və əlini qulağına apardı, bəlkə də qulağını qaşıyırdı, ancaq Əbdülə elə gəldi ki, bu nə isə telefona işarədi. Kürən oğlan həyətə keçdi. Əbdülün ağlına gələn fikirdən ürəyi titrədi. Telefonla danışmağa getdi, oğlan!!! Demək belə... hər şey aydındı. Şiddətli bir arzu bütün vücudunu sardı — kaş onların danışığına qulaq asa biləydi, görəydi nə danışırlar onlar! Ancaq bu mümkün deyildi, bunun üçün o, qayıdıb geri qaçmalı, gizlicə eyvana çıxmalı, sinə-sinə yan otağa girməli, ikinci dəstəyi yavaşca götürüb yavaşca qulaq asmalı idi. Aman allah, bu nə böyük dəhşət olardı! Çatdıra bilməzdi Əbdül. Həm də Dünya duyuq düşə bilərdi. Bu an sidqi-ürəklə arzuladı ki, elə burdaca Allah onun canını alsın. Bir də o etibarsız Dünyanın üzünə baxmasın. Ancaq ona heç nə olmadı. Eləcə divara söykənib dayandı. Birdən ona elə gəldi ki, Dünya xanım həqiqətən onun qanuni arvadıdı və s. Əbdülə xəyanət eləməyə başlayıb... Qanı qaynadı, əlləri əsdi. Qan tökmək, Dünyanı öz əllərilə boğub öldürmək istəyi bütün vücudunu sardı... «Öldürəcəm, ağaya da deyəcəyəm bax, bu xəyanətin üstündə öldürmüşəm. İstəyirsən sən də məni öldür — heç uf da demərəm. Öldür, əgər qeyrətin varsa... Demək belə. Torbada pişik varmış! Mən də çaşıb qalmışam ki, buna nə oldu birdən-birə, yuxusunu qarışdırdı-nədi, dünən elə, bu gün belə!!. Dünənki Dünya hara, bugünkü Dünya hara? Sən demə, təzə ay çıxıbmış, sən demə, köhnə ayın doğranıb ulduz edilməli vaxtı imiş! «Mən qorxu içində yaşamaq istəmirəm, bu dəhşətdi!» — yalandı, qorxan belə qələt eləməz... Bax, indi telefonla danışırlar, yəqin deyəcək ki, evdə heç kəs yoxdu, gəl. Bax indicə o kürən köpək oğlu evdən çıxıb bizim həyətə girəcək. Hə, görərsən, indicə gəlib girəcək. Bax, toy ondadı. Balta ilə ikisini də doğrayacağam. Yaxşı, Dünya, ver mənə bu əzabı, nə qədər bacarırsan ver bu cəhənnəm əzabını mənə. Yerdə qalmayacaq, bilirəm, gec-tez sən də öz cəzana çatacaqsan. Nəcməddinə nə var? O heç nə ağlına gətirmir, ona görə də asanca yaşayır. O yazıq sənə inanır, sənin hiylələrini, məkrlərini görmür, bilmir və rahatca yaşayır. Amma axı mən görürəm, bilirəm — dəhşətdi bunları görmək və bilmək!»
Əbdül hər şeyi unutmuşdu. Təkcə iki görən gözü qalmışdı bu saat. Onlar da darvaza ağzında dayanmış maşına zillənmişdi — indicə oğlan həyətə çıxacaq, indicə o yan-bu yana baxıb kimsənin olmadığını körüncə Dünya xanımın yanına gedəcək və onlar bir-birinə sarmaşacaqlar! İlahi, sən özün Əbdülə bu dəhşəti göstərmə!
Ancaq iş Əbdülün qorxu və nigarançılıq içində gözlədiyi kimi olmadı. Kürən çıxdı, heç yana baxmadan maşına minib uzaqlaşdı. Əbdül dərindən nəfəs aldı, elə bil, üstündən dağ götürüldü. Hələ deyəsən sevindi də. Zənnində yanıldığını düşünüb özünü xeyli danladı. «Heç dəxli var? Maşının siqnalını verdi, qulağını qaşıdı — bu da sözdü sən allah?! Yox, Dünya təmizdi, Dünya xəyanətdən uzaqdı. Mən ürəyimdəki bu iblisi — bu qısqanclıq iblisini qovlamalıyam...» — deyərək o, arxayın-arxayın bazara getdi. Bazarın yolu xeyli vardı. Daş körpüdən keçməli, sağa burulmalı, sonra bazara girməli idi. Bu yolu o qədər gedib-gəlmişdi ki, gözlərini bağlasaydın da gedərdi, qayıdardı. İndi də elə gözübağlı kimi addımlayırdı. Ətrafda, ayağının altında heç nə görmürdü, yaxınlığında kimsə səsləndi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»
Birinci hissə, on ikinci fəsilŞər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!
Həsrətağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
Meşədəar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə