Page 1 of 2

Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub

– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»

Hacı o vaxtdan, Nadirəgildə maqnitafonda Ceyhunla Reyhan adlı bir qadının söhbətini dinləyəndən sonra bu evə üç dörd dəfə gəlmişdi. Özü də mülki paltarda, müxtəlif vaxtlarda. Heç kəsə – qonum-qonşuya da heç nə demədən… Ancaq Salehi evdə tapa bilməmişdi. Hacı öyrənmişdi ki, bu Saleh deyilən oğlan, çox səliqəli, bahalı paltarlar geyib qalstuk bağlayan bir centlemen olsa da, şələ-şur, qabağından yeməyən, içkini və qadınları xoşlayan bir cavandı. Həmişə pulu olardı, xərcləyəndi, yeyib-içməyi, restoranlarda vaxt keçirməyi sevəndi. Tez-tez turist dəstələrinə qoşulub gah ölkə daxilinə, gah xaricə səfər etməkdə, şəhər cavanları arasında az qala birinci yeri tuturdu. Bunda qeyri-adi bir şey yox idi – atası akademik idi. Yəqin pul sarıdan, putyovka sarıdan oğluna kömək eləməyə həmişə imkanı olurdu. Bu evi də – bu tək otaqlı mənzili də almışdı Salehə. Onda Əlişir akademiyanın mənzil komissiyasının üzvü idi – Əlişir uzaqgörən adam olduğundan, Saleh hələ körpə ikən – onda Salehin iki-üç yaşı ancaq olardı – ev qayğısına qalmışdı, prezidentin adına ərizə yazmış, elmi iş yazmaq şəraitinin olmadığını çox tutarlı şəkildə əsaslandırmış, «xüsusi hal» kimi bu otağı ələ keçirmişdi. Ancaq həmin otaq düz iyirmi il boş qalmışdı, qapısı, pəncərəsi bircə dəfə də açılmamışdı. Qonşular mat-məəttəl idi, bu otaq kimindi, niyə köçmür görəsən. Hamıdan çox bu, Bədrəddini düşündürürdü. Çünki ona da bu binadan tək otaqlı mənzil vermişdilər. Dörd uşağı, arvadı, özü… Evdə tərpənməyə yer yox idi… Bədrəddin ora-bura çox yazmışdı ki, mənim mənzil məsələmi komissiya düzgün həll eləməyib, mənə heç olmasa iki otaq düşməliydi. O, evlər idarəsindən öyrənə bilmişdi ki, bu tək otaq, o zaman elmlər doktoru olan Əlişir Hüseynovun «qismətinə» yazılıb. Və Bədrəddin ərizələrinin birində onun da adını çəkmişdi. «Kommunist» qəzeti redaksiyasının müxbirinin, faktları dərindən öyrənib akdemiyanın mənzil komissiyasının bölgü zamanı düzgün hərəkət etmədiyini, bir sıra qanunsuzluqlara yol verdiyini yazdığı məqaləsində Əlişirin də adı çəkilmişdi. Əlişir onda şüvərək, səliqəli geyinən, gözlərinə qızılı sağanaqlı eynək taxan (elə indi də o eynəyi taxır) bir alim idi, Moskvadan təzə gəlmişdi, arvadı Marina Petrovna ilə iki otaqlı mənzildə yaşayırdı. Onda – o məqalə çıxan zaman, Bədrəddin Əlişir Qafuroviç ilə rastlaşanda, o, eynəyinin altından qəzəblə Bədrəddinə baxmış:

− Görərsən, sənin partbiletini aldırmasam, onda mən heç Əlişir Qafuroviç deyiləm – demişdi.

Bədrəddin də:

− O bileti mənə sən verdirməmisən ki, sən də aldırasan? – söyləmişdi. – Düz söz acı olur? Sən alimsən, sən kommunistsən, sənin vicdanın necə qəbul edir ki, mənim uşaqlarım çarpayının altında, kresloda yatsın, sən isə bir otağın ağzına qıfıl vurub saxlayasan ki, sənin oğlun, inşallah, böyüyəndə evsiz qalmasın?.. Bunu sənin vicdanın necə qəbul edir, yoldaş alim? Danışanda ağzına çullu dovşan sığışmır, etikadan, moraldan danışırsan, tribunadan ağzın köpüklənə-köpüklənə prinsipiallıqdan danışırsan. Deyirəm o otaq onsuz da boş qalıb – insan nəfəsinə həsrət çəkir – hələlik, mənim şəraitim düzələnə qədər, açarı ver, müvəqqəti istifadə eləyək – oğlun böyüyəndə, sənə mənzil lazım olanda boşaldaram, vallah, boşaldaram. Deyirsən, yox, bu qeyri-qanuni olar. Qanun gözləyən oğlan, bəs qamarlayanda heç qanun yadına düşmədi?.. İndi mənə gələndə qeyri-qanuni oldu?.. Özün də deyirsən, biz yoldaşıq, biz həmkarıq… Budu sənin yoldaşlığın?

Bu söz-söhbətlər, əlbəttə, söz-söhbət olaraq qalmışdı. Nə Əlişir Qafuroviç Bədrəddinin partiya biletini aldırmışdı, nə ona öz oğlunun otağının açarını vermişdi, nə də Bədrəddinin vəziyyəti yaxşılaşmışdı. O, on beş il həmin boş otağın yanında yanıb yaxıla-yaxıla, həsrətlə baxa-baxa yaşadıqdan sonra, öz puluna telestudiyanın böyründə tikdirdiyi dördotaqlı kooperativ mənzilə köçmüşdü. Onda da hələ bu otaq boş idi, çünki hələ Saleh qızıl eynəkli atasının himayəsi altında böyüməkdə idi. Marina Petrovna Əlişir Qafuroviçdən ayrılıb, oğlunu da onun yanında qoyub Moskvaya – ata-anasının yanına qayıtmış və orada təzədən bir «uzaq səfərlər kapitanına» ərə getmişdi. Əlişir altı il Salehlə bir damın altında tək yaşayıb olmazın əziyyətlər çəkəndən sonra, «subaylığ»ın daşını atmış, öz şöbəsində işləyən Mərcan xanımla evlənmişdi. Heç bir il keçməmiş, Mərcanla Saleh arasında, necə deyərlər, «ailəvi konflikt» düşmüş, bu zaman universitetin birinci kursunda oxuyan oğlan atasının gözündə birdən-birə böyümüş, «daha maşallah yekə kişisən, o sənin evin-eşiyin, bax, bu da açarın. Get yaşa, oğul!»

– demişdi. Ondan sonra Salehin asudə, arxayın, məsuliyyətsiz günləri başlamışdı. Bu tək otaq, sanki boş, səs-küyə, danışığa, musiqiyə həsrət qaldığı günlərin də kimdənsə acığını çıxmışdı

– məhəllənin ən hay-haraylı, gəl-getli, qonaq-qaralı bir mənzilinə dönmüşdü. Tələbə yoldaşları, biri-birindən qəşəng, cavan qızlar – qadınlar ayaq açmışdı bu evə. Saleh bu həyətə gec gəlmişdi deyə, heç kəsi tanımırdı, kimsə ilə əlaqə saxlamırdı və elə bilirdi ki, heç kəs də onu tanımır. Halbuki həyət adamlarının çoxu onun kim olduğunu, kimin oğlu olduğunu yaxşı bilirdi.

… Saleh qapını açan kimi, Hacını tanıdı. Bu, Ceyhunun yas yerindəki adam idi, mülki paltarda olsa da, bilirdi ki, o, orqan işçisidi. Kiminsə məhkəməsində müstəntiq kimi görmüşdü onu. Tanımışdı, ona görə, bacardığı qədər özünü təmkinli, sakit, hər cür təşvişdən uzaq kimi aparmağa çalışmışdı. Və çadırın böyründə cızhacızla qaynayan samovarın yanında, çay süzən Samirə yavaşca pıçıldamışdı:

− Orada, Salmanın qabağında əyləşən orta boylu, yaraşıqlı, boz kostyum geymiş kişi var ha, bax o, milisdi. Ceyhunun qatilini axtarır.

− Yox a? – Ömründə məktəbdən, kitabdan, rənglərdən və fırçadan başqa hələ çox şeydən xəbəri olmayan (qadınlarla da təzə-təzə maraqlanmağa başlamışdı) Samir bir uşaq sadəlövhlüyü ilə təəccübünü gizləyə bilməmişdi – Ceyhunun qatilini məgər burda axtarmaq lazımdı? O, indi allah bilir haralarda səksəkə ilə yaşayır.

− Milis belədi, Samir. Hər yerə başını soxmalıdı, öyrənməli, göz qoymalıdı. Bayaqdan fikir verirəm – o, bir-bir yasa gələn adamların üzünə baxır, nə isə oxumağa çalışır.

− Yaxşı da eləyir, qoy axtarsın. Tapılmalıdı Ceyhunun qatili. Onun qanı yerdə qalmamalıdı. Tapsam, mən özüm onun canını alaram.

− Hm… - deyə Saleh sağ qaşını yuxarı qaldırıb Samirə gizlicə fikir verdi və yadına düşdü ki, Samir Ceyhunu çox istəyirdi. Yaxın idilər, çox yaxın idilər. Saleh onlara sonradan qoşulmuşdu. Və Saleh o bədbəxt hadisə üz verəndən bəri Samirin üzünün bircə dəfə də gülmədiyini, gözlərinin hey yol çəkdiyini çox görmüşdü. Ancaq buna adi bir şey kimi baxmışdı; dost itkisinin göynərtisi kimi baxmışdı. İndi isə Samirin sözlərində bir qəzəb də oxunurdu. Və qəzəb hardasa Salehi üşüdürdü. Canındakı üşütməni gizləməyə çalışaraq Samirin armudu stəkanlara süzdüyü çayı güllü siniyə yığıb məclisə aparmışdı. Saleh gedəndən sonra Samir marağını boğa bilməyib boş stəkanları yığmaq bəhanəsi ilə çadıra girmiş, Salmanla üzbəüz əyləşən kişiyə ötəri diqqət yetirmişdi. Doğrudan da o, çox narahat görünürdü, gələnlərə, gedənlərə xüsusi maraqla fikir verirdi. Salehin «milis» adlandırdığı kişi hətta iki daşın arasında quş baxışı ilə Samirə də baxmağa fürsət tapmışdı.

… Saleh ağzındakı tikəni diri-diri udub:

− Sizə kim lazımdı? – deyə udquna-udquna soruşduqda Hacı mülayim bir səslə:

− Sən Saleh deyilsən? – deyə xəbər aldı.

− Bəli.

− Sənin yanına gəlmişəm.

Saleh çaşqın halda geri çəkildi:

− Buyurun.

Hacı təmiz şotkalanmış və par-par parıldayan ayaqqabılarını pol əskisinə silib içəri keçdi. Saleh qapını onun arxasınca çəkib bağladı. Hacı dar, mavi rəngli dəhlizdən otağa və qapısı açıq mətbəxə nəzər saldı. Mətbəxt stolunun üstündə qab-qaşıq, araq şüşəsi vardı. Kimsə gözə görünmürdü – tək idi Saleh…

− Keçin əyləşin. − Saleh sol əlilə otağı göstərdi. Hacı otağa daxil oldu, Saleh isə mətbəxə keçdi.

Divardan əl ilə toxunmuş, zərif güllü bir xalça asılmışdı. Naxışlarından Hacı o dəqiqə təyin elədi ki, bu, Çin xalısıdı, özü də qədimdi və ən azı yüz əlli, iki yüz ilin yadigarıdı. Xalı asılan divarın dibində üzərinə boz örtük salınmış divan qoyulmuşdu. Ortalıqda stol, üç-dörd stul, divanın yuxarı tərəfində iki kreslo, arasında alçaq jurnal stolu və onun da üstündə bir maqnitafon vardı. Vidiomaqnitafon küncə qoyulmuşdu. Qarşı divara söykənmiş servantın içi isə cürbəcür xrustal stəkanlarla, piyalələrlə, servizlərlə dolu idi. Çarpayı isə aşağı tərəfdə idi. Səliqə-sahmana söz ola bilməzdi… Hacı otağı nəzərdən keçirib oturmağa macal tapmamış Saleh əlində «Malbora» siqaretinin qutusu və üstündə çılpaq qız şəkli olan alışqan içəri gəldi, onları stolun qırağına qoyub divanda əyləşdi, qıçını qıçının üstünə aşıraraq arxayınca oturdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, beşinci fəsil

Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

8 min
Üçüncü hissə, altıncı fəsil

Axşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?

12 min
Üçüncü hissə, səkkizinci fəsil

Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

6 min
Üçüncü hissə, doqquzuncu fəsil

Gün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:

15 min

Poems by other poets