Üçüncü hissə, doqquzuncu fəsil
Page 3 of 4 · 50%
Yeyə-yeyə Dünyanın ürəyi, beyni beləcə danışırdı, elə bil indi onun, Dünyanın içərisində tamam ayrı bir adam oturmuşdu, bütün varlığı, hissiyyatı ilə Əbdülü başa düşən, qiymətləndirən, onu sevən bir adam. Bəli, indi o danışırdı, səssiz-səmirsiz, Dünya da qulaq asırdı, çünki qulaq asmaqdan başqa çarəsi yox idi, mübahisə edə bilməzdi, səsini qaldırıb ucadan etiraz eləyə bilməzdi Dünya. Dünya bu ikiləşməyə özü də heyrət eləyirdi. Səhər dediyi sözlərlə indi içərisindən gələn ikinci səsin söylədiklərinin daban-dabana zidd olduğunu hiss etməmək mümkün deyildi. «Tilsimə düşmüşəm, ilahi, özün kömək ol!» Qabağında oturub iştahsız çörək yeyən, ancaq tez-tez piyaləsini boşaldan Əbdül başını qaldırıb bayaqdan bir kərə də olsa Dünyanın üzünə baxmamışdı. Son dərəcə ağır, dözülməz dərdi olan adamlar kimi tez-tez köks ötürür, dalbadal içirdi. İncimişdimi? Küsmüşdümü? Dünya bilmirdi. Ancaq Əbdül əslində Dünyadan yox, öz bəxtindən, taleyindən incimişdi. Bütün ömrü boyu zillətdə, möhnətdə, sıxıntı içində, nəşədən, fərəhdən uzaq yaşamış ona bircə dəfə, tək bircə dəfə gözqamaşdırıcı, məstedici bir səadət vermişdi taleyi, indi isə geri alırdı — doymamış, dərk etməmiş. Bax, bu hiss onu sıxıb əzirdi, öldürürdü, balacalaşdırırdı. Nə Nəcməddin, nə Dünya onu indiyə qədər belə içən görməmişdi. Dünya səbəbini bilirdi, ancaq Nəcməddin bir şey anlamırdı:
– Sənə nə olub, ay uşaq, arağı su kimi içirsən?—deyə bir-iki dəfə soruşmuşdusa da, düz-ağıllı bir cavab almamışdı. Əbdül «heçç» deyib elə içmişdi. Dünya xanım çox istəyirdi ki, Əbdül tək bircə dəfə ona baxsın, tək bircə dəfə. Onda Dünya ona işarə eləyərdi ki, bəsdi, içmə. Dodaqlarını azca tərpətməklə «öpürəm səni», deyərdi, uzun kirpiklərini endirməklə «mən səninəm!» — söylərdi. Ancaq Əbdül inada düşmüşdü, ya nə idisə, Dünyaya heç baxmaq da istəmirdi. Elə bil o burda yox idi.
...Deyirlər, vaxtsız-vədəsiz məhəbbət oda bənzər, hara düşsə, yandırıb kül elər. Dünyanın məhəbbəti də Əbdülün ürəyinə birdən, gözlənilmədən, vaxtsız-vədəsiz gəlmişdi, ona görə də yandırırdı onu, özü də tək onu yox, Dünyanı da, Nəcməddini də, bu topdağıtmaz xanimanı da. Bu alov gözə görünmürdü, içəridə başlanmışdı hələ, közərə-közərə alışırdı, alışdıqca körüklənir, körükləndikcə şölələnirdi — onun körükbasanı qısqanclıq idi. Sən demə, yalanmış ki, çox sevən, möhkəm sevən qısqanmaz, lap ağ yalanmış. Əbdüldən soruşsaydılar o belə deyərdi. Deyərdi ki, ancaq sevməyənlər qısqana bilməzlər. Əsl sevənlər isə, sevdiyini, özü də Dünya xanım kimi gözəl, qənirsiz sevgilisini yad nəzərlərə qısqana bilər, şəhvətlə baxan xain gözlərə qısqana bilər, bədənnüma güzgülərə qısqana bilər, hətta öz-özünə qısqana bilər. Xüsusilə də ki, sənin sevdiyin o məlaikə başıaşağı olmaya, deyib-danışmağı xoşlaya, son dərəcə işvəli-nazlı ola, bəlkə çox vaxt özü də düşünmədən başqalarını özünə cəlb etməkdən gizli bir zövq ala, elə rəftar edə ki, qarşısındakı kişi o qadının ondan xoşu gəldiyini düşünə, fikirləşə ki, beləsinin vüsalına qovuşmaq, ələ gətirmək asan olar. Bax bu, həmin qadının, nə qədər ağıllı, nə qədər möhkəm və təmiz olsa da bədbəxtliyidi — gec-tez o, özünün bu xasiyyətinin odunda yanmalıdır, külə dönməlidir. Cəmiyyətdə, şəhərdə, ailədə belə qadınlar haqqında yaman söhbətlər yaranır, tez yayılır; halbuki bu danışan adamların heç biri onu kiminləsə bir yataqda görməyib, tutmayıb — amma gözü ilə görmüş kimi danışır, sırf çılpaq həqiqət kimi danışır. Və beləliklə o, əfkar — ümuminin nəzərində vəfasız, etibarsız bir qadın kimi tanınır. Onun ən böyük, bir də heç vaxt düzələ bilməyəcək faciəsi burdan başlanır. O, təmiz olduğunu, fərz edən, ərinə, yaxud məşuquna xəyanət eləmədiyini, belə fikrə heç vaxt düşmədiyini necə deyərlər, qurandan don geysə də sübut eləyə bilməz. Belələrinin bu cür rəftarın, açıq-saçıq olmağın, belə oturubdurmağın nöqsan olduğunu bir dost kimi izah eləyib başa salmaq istəyənlərə də bərk qəzəbi tutur, acıqlanır, çımxırır, «mənə ağıl öyrətmə» deyir və həmin adamın acığına bir az da dərinə gedir, əvvəllər guya zarafat eləyir, sonra... sonra bir vaxt ayılır ki, ilişib, bataqlığın içində çapalayır, əl-qol atır — ancaq daha gecdi, xilas olmağa ümid yoxdu.
Əbdül içə-içə bu məsələlər barəsində düşünürdü. Qəribə idi ki, bunları heç kəsdən eşitməmişdi indiyəcən, özünün ağlına gəlirdi. Bu neçə müddəti Dünya onun üçün böyük bir məktəb olmuşdu elə bil. Dünya çox da böyük olmayan bu həyətdə ona əsrarəngiz, təzadlı, qəmli-sevincli, ölümlü-itimli dünyanın çox hikmətlərini, sirlərini mühazirəsiz, yazı-pozusuz başa salmış, anlatmışdı. Dünya burada onun üçün həyatın mənası, fəlsəfəsi, gözəlliyi və puçluğu barədə danışan bir müəllim olmuşdu, müdrik bir müəllim. Dünya ona anlatmışdı ki, məhəbbət nədi, həsrət nədi, Dünya ona anlatmışdı ki, Nəcməddin kimi bir adama — ərə xəyanəti necə eləmək olar, bu cah-calallı evə sahib olmaq üçün necə övlad sahibi olmaq olar, nəhayət, Dünya ona anlatmışdı ki, qadın ürəyi necə də anlaşılmaz, baş açılmaz bir varlıqdır — mehr, məhəbbətlə yanaşı burada necə də məkrlə hiylə baş-başa verib yatır, hərdən biri oyanır. Məhəbbət oyananda o, sənə munis olur, sevir, əzizləyir, səndən heç nəyini əsirgəmir, «sən kişilərin ən gözəli, ən qüdrətlisisən!», «ölüncə səninəm» — deyir, səni bəxtəvər eləyir, güclü, qadir eləyir, elə bilirsən yer üzünün allahı sənsən; məkr və hiylə baş qaldıranda... isə gözdən düşürsən, ölürsən, balacalaşırsan, çirkinləşirsən; məkr və hiylə baş qaldıranda… sənin sevdiyin, tanrı hesab elədiyin o qadın sənin rəqibini görmək üçün siqnal səsinə eyvana çıxır, telefonla danışır. Telefonla danışır? Əbdülün fikri telefon söhbəti yadına düşəndə qırıldı, o yenə miskinləşdi, yumağa döndü. Nə vaxtsa o kürən oğlanın maşının çirkli şüşəsi üstünə yazdığı qoşa nömrə gəldi yadına düşdü, Dünya doğum evinə gedərkən ona göz qırpması, nəhayət, bu gün oğlanın əlini qulağına aparıb içəri qaçması yadına düşdü, sonra isə falçı arvadın sözlərini xatırladı... Və birdən-birə məst oldu Əbdül. Sanki bayaqdan içdiyi araq indi beyninə çatdı, indi onun fikirlərinin nizamını pozdu və o, sərxoşluğunun qəribə bir anında əlində heç bir sübutu-filanı olmasa da, bütün bunların həqiqət olduğuna; Dünya ilə kürən oğlanın arasında nə isə gizli bir münasibətin yaranmaq üzrə olduğuna inandı, elə inandı ki, sanki hər şey onun yanında baş vermişdi. Və qəribə idi ki, ürəyində Dünyaya bəslədiyi məhəbbət — o gözəl duyğular birdən-birə öldü, solub-saraldı, yerində sonsuz bir nifrət peyda oldu. Bu nifrət çox güclü idi, əvvəllər olan məhəbbətdən də güclü idi. İndi Əbdül ona — öz Dünyasına, bu qədər səadət və xoşbəxtlik bəxş edən insana rəhm etmək hissindən çox-çox uzaq idi. Bax, bu andaca dərk elədi ki, nifrət də, məhəbbət kimi adamı küclü edə bilər; fərq bundadı ki, məhəbbət insanı incələşdirir, şairləşdirir, zərifləşdirir, ancaq nifrət kobud, rəhmsiz edir səni, qatilə, cəllada döndərir səni... Sən özünü tanıya bilmirsən, tamam başqa bir adam olursan və kənardan özünə baxa bilsən, ancaq təəccüb və heyrət eləyərsən...
Əbdülün əzab içində qovrulan ürəyində intiqam hissi alovlanırdı. Yavaş-yavaş, közərə-közərə. Dünyanı öldürmək onun üçün su içmək kimi bir şeydi bu an. Asan görünürdü, çox asan — çünki nifrət onun gözlərini tutmuşdu. Ancaq beyninin, ürəyinin harasındasa qalıb kök salmış bir hiss ona pıçıldayırdı ki, Dünyanın qatili ola bilməzsən, sənin ona çırtma vurmağa belə əlin qalxmaz. Çünkn sən onu sevibsən, o sənə əziz olub, hətta bu qədər «xəyanətdən» sonra da o sənə yenə əzizdi, doğmadı... Yox, onu sən öldürə bilməzsən, bacarmazsan. — Bu anda ağayi Nəcməddinin səsi onun fikrini yarımçıq qoydu:
– Yenə içək, Əbdül?
Əbdül başını qaldırıb ağasının üzünə baxdı:
– İ...çək... — dedi qırıq-qırıq və Nəcməddin gördü ki, Əbdülün gözlərindən səssiz-səmirsiz yaş axır. Heç nə demədi, soruşmadı, ancaq barmağını dişlədi. Axı o, Əbdüllə çox içmişdi, əvvəllər o içəndə şən olurdu, deyib-gülürdü, oynayırdı, indi isə ağlayır. Yox, Əbdülün başında nə isə var. Nəcməddin ani fikrə gedib qəti qərar çıxardı — bəli, hökmən torbada pişik var.
Dünya bayaqdan bəri Əbdülün arağı, viskini su kimi içdiyini görəndən sonra səsi batmışdı, fürsət axtarmışdı ona işarə eləsin ki, daha içməsin, ancaq belə imkan tapa bilməmişdi. Ona görə axırda çarəsiz qalıb işə qarışmağı lazım bildi:
– Ta bəsdi, iki şüşə içibsiz. Əbdül, dur yığışdır. — Əbdül yenə başını qaldırmadı, tərpənmədi də.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»
Birinci hissə, on ikinci fəsilŞər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!
Həsrətağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
Meşədəar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə