Dördüncü fəsil
Page 2 of 7 · 14%
Nigar bu axmaq səhvi üzündən qızıl qəfəsə salınmış quş kimi yaşayırdı. Bu qəfəs həqiqətən qızıldan idi, ona vaxtlı-vaxtında dən-su verən intizarla o qəfəsin qabağında dayanıb bu qədər qayğının, canıyananlığın müqabilində rəhmə gələrək heç olmasa bir dəfə, tək bircə dəfə könül açan bir nəğmə eşidəcəyini gözləyən adam var idi. Lakin o gözəl, tavus kimi yaraşıqlı quş ağzına su alıb susurdu və deyəsən heç vaxt da oxumayacaqdı. Qulubəy illər idi gözləyirdi, Nigar isə illər idi inadla öz mahnısını-nəğməsini ürəyinin dərinliklərində dustaq eləyib dinmirdi.
Nigar çox da böyük, qollu-budaqlı, şax-şəvəli olmayan təmiz, yaxşı, məhəllə adamlarının hamısının dərin hörmət bəslədiyi, ölənlərinin adı çəkiləndə: «Allah rəhmət eləsin, gözəl insan idi», qalanlarının sözü ortalığa gələndə: «Allah dadına çatsın, ömrünü uzun eləsin» ⎯ deyilən bir nəslin, çox təəssüf ki, axırıncı nümayəndəsi idi və bu barədə düşünəndə qəlbi sıxılır, dəli olmaq dərəcəsinə gəlirdi. Amma neyləyə bilərdi? Taleyin yazdığını göz yaşıyla silmək mümkünmü idi? Ona görə Nigar alın yazısı deyilən o dəhşətli hökmlə barışıb oturmuşdu. Çünki ayrı çarəsi yox idi Nigarın. Nəslin yaşaması, ölməməsi üçün övlad ⎯ gələcəyə, yüz illərə, min illərə uzanıb gedən bir yoldu. Özünün övladı yox idi, olmamışdı, təbiblərin dediyinə görə, olmayacaqdı da. Deməli, Qasımxanlılar nəslinin son nümayəndəsi olan Nigar, qızlıq familini dəyişməsə də, quruyub məhv olmağa məhkum olmuş bir ağacın son yarpağıydı və beş günmü, on günmü sonra zamanın rüzgarı onu qoparıb torpaq üstə salacaqdı və bununla da hər şey bitəcəkdi. Yaddaşlara, xatirələrə isə o qədər də ümidi, inamı yox idi.
Qasım kişinin ikicə övladı olmuşdu: biri oğlan idi, o biri qız. Oğlanın adı Səlim idi, qızın adı Nigar. Əminə ilə Qasım əl-ələ verərək bu iki uşağı böyütmüşdü. Səlim ucaboy, qəşəng, başı aşağı, tərbiyəli bir oğlan idi. Əlli üç nömrəli məktəbin uşaqları da, müəllimləri də onu çox istəyirdilər, məhəllədə başına and içirdilər, Qasım da, Əminə də Səlimin adı ilə, oxuması və əxlaqı ilə fəxr edirdilər bir valideyn kimi. Ondan üç yaş kiçik olan Nigar da öz «qaqaşı» ilə öyünürdü. Onuncu sinifdə oxuyanda qızların bir neçəsi Səlimə vurulmuşdu, çünki Səlim həqiqətən lap qız kimi qəşəng idi və bunu onlardan bir neçəsi Səlimin bacısı Nigara açıq-açığına demişdi. «Sən də çox qəşəngsən, Nigar. Sən qızsan, bu o qədər də təəccüblü deyil. Ancaq oğlan belə qəşəng olsun ⎯ bu, nadir şeydi».
Vaxt dolanmışdı, Səlim on illiyi bitirmişdi, atası dənizdən qayıdanda (neftçi idi Qasım kişi, dəniz neft kəşfiyyat idarəsində kəşfiyyat briqadasında işləyirdi, ayın on beş gününü dənizdə qalırdı, on beş gününü evdə olardı) ailəliklə yığışıb çay süfrəsi arxasında oturaraq belə qərara gəlmişdilər ki, Səlim həkim olsun. İnsafən elə Səlimin də lap əvvəldən meyli həkimliyə idi, bunu atası da, anası da, hətta Nigar da çoxdan bilirdi. Buna baxmayaraq Qasım kişi öz səliqəsinə, adətinə uyğun olaraq bu məsələni ailə yığıncağında əsaslı şəkildə dağ eləmişdi. Ağıllı və tədbirli bir kişi olan Qasım çox yaxşı bilirdi ki, onun belə eləməsi Səlimin məsuliyyətini qat-qat artırar. Digər tərəfdən də, Qasım kişi ailədə gözünü açıb belə görmüşdü, rəhmətlik atasının: «Məsləhətli don gen olar» ⎯ sözlərini sırğa eləyib qulaqlarından asmışdı və istəyirdi ki, övladları da bu yolnan getsin. Qasım özü də, müəllimləri də, elə Səlim də qəti əmin idilər ki, o, qəbul imtahanlarını uğurla verəcək və sentyabrda birinci kurs tələbəsi kimi gedib auditoriyada əyləşəcək. Qasımın maaşı pis deyildi, ayda üç yüz əlli manat nəqd pul gətirirdi evə. Əminə işləmirdi, evdar qadın idi, uşaqların yeməyini, içməyini, ev işlərini ancaq çatdırırdı. Bazar-dükan onun boynunaydı, adi, ucuzlu, kasıbyana bazarlıq eləyərdi, ailənin gündəlik yemək-içməyini qaydasınca, öz ürəyincə hazırlayıb səliqəli süfrə açmağı vardı Əminə arvadın və bir qadın kimi bunda böyük bir sevinc tapırdı. Qasımın hərdən qonağı-qarası gələndə süfrəsində hər şey olardı və bu, Qasıma xüsusi ləzzət eləyərdi. Əyin-başları da həmişə təzə olmasa da, həmişə təmiz və səliqəliydi. Köhnə, qədim həyətdə balaca-balaca dörd otağı vardı Qasım kişinin və o otaqlardan birini Səlimə vermişdi, birini Nigara və ikisində özləri yaşayırdı. Oğlan onuncunu bitirmək ərəfəsində olanda Qasım ölçüb-biçib görmüşdü ki, əgər Səlim instituta girsə, o, gərək yaxşı geyinsin, üstü-başı təzələnsin və tələbə yoldaşlarının yanında sınıb xəcalət çəkməsin: bunun üçün isə pul lazım idi və pullarının hamısı yeməyə, ailənin gündəlik ehtiyaclarına xərcləndiyindən, kişinin yamangünlük bir qəpiyi də yox idi. Elə bu zaman, Qasım kişi «neynim, necə eləyim» ⎯ deyə-deyə çırpındığı vaxt, həyətinin qapısı döyülmüşdü və ağ, qısaqol köynək geymiş orta boylu, sağlam, gözlərində kənd uşaqlarına məxsus bir məhcubluq olan bir oğlan çox da böyük olmayan, divarın dibindəki su kranının böyründə basdırılmış yeganə meynənin qol-budaq ataraq gen yarpaqları ilə örtüb kölgələndirdiyi həyətə girmişdi və küncdə qoyulmuş stolun arxasında əyləşib armudu stəkanda çay içən, yanındakı xurmayı saçlı qızla nə isə danışıb-gülən kişiyə salam verib duruxmuşdu.
Qasım kişi oğlanın nabələd olduğunu və nə təmənna iləsə bu qapıya üz tutduğunu başa düşərək özünəməxsus ədəb-ərkanla:
⎯ Əleyküməssalam. ⎯ demişdi. ⎯ Buyur, ay oğul. Kimi istiyirsən?
⎯ Bilirsiz, dayı. ⎯ deyə oğlan əllərini ovuşdura-ovuşdu-ra, çəkinərək dillənmişdi: ⎯ Mən tələbəyəm. Dedim bəlkə kirayə otağınız oldu.
Qasım kişi oğlana cavab verməmiş çönüb böyründəki xurmayı saçlı qıza baxmışdı və qız bircə anda kölgə kimi harasa çəkilib yox olmuşdu və bu, elə sürətlə baş vermişdi ki, oğlan nə onun gözünün rəngini, nə sifətini yadında saxlaya bilmişdi. Bircə yadında qızın xurmayı saçları qalmışdı. Qasım kişi oğlanın geyim-keçiminə, köhnəlib burnunu kol-kos aparmış ayaqqabısına, əzik-üzük, çoxdan ütü görməmiş və dizləri torbalanmış şalvarına baxmış və üzündə göz saxlamışdı. Oğlanın gözləri qap-qaraydı, elə bil dünyanın kədərini yığıb doldurmuşdun o gözlərə və Qasım kişi o dəqiqə başa düşmüşdü ki, bu oğlan yetimdi, çünki ancaq yetimlərin gözündə elə kədər ola bilərdi.
⎯ Harda oxuyursan, a bala? ⎯ deyə xəbər almışdı və cavab gözləmədən onu öz yanına, boş kətilə dəvət eləmişdi:
⎯ Əvvəl gəl otur, bir stəkan çay iç, sonra suallarıma cavab verərsən.
⎯ Sağ olun, dayı.
⎯ Gəl, gəl. Sağam də. Biz hər şeydən əvvəl azərbaycanlıyıq, oğul. Bizim adətimiz var. Utanma, gəl otur. ⎯ Sonra üzünü yan-yana açılan qapılardan hansınasa tutaraq:
⎯ Ay qız, Nigar, bura bir stəkan çay gətir ⎯ demişdi və oğlan çəkinə-çəkinə gəlib kətilin üstə oturan vaxtı o xurmayı saçlı qız da boz çəkələklərini sürüyə-sürüyə çay gətirib oğlanın qabağına qoymuş və yenə kölgə kimi çəkilib getmişdi.
⎯ Hə, deyirsən tələbəsən, hə?
⎯ Bəli, dayı.
⎯ Harda oxuyursan?
⎯ Keçən il girmişəm Universitetə. Birinci kursu qurtarmışam, indi ikidəyəm.
⎯ Bərəkallah, bərəkallah. Hansı fakültədəsən?
⎯ Biologiyadayam.
⎯ Hm. Yaxşı sənət seçmisən, oğul. Mən də vaxtilə Sənaye institutunu bitirmişəm. Geoloqam. Bioloq, geoloq. Hardasa gözəl səsləşir və biz bir-birimizi başa düşərik. Bəs indiyəcən harda qalırdın, oğul? Bağışla, biz heç tanış olmadıq. Mənim adım Qasımdı. Bəs sənin adın?
⎯ Turxandı adım, dayı.
⎯ Ha. Turxan. Yaxçı addı. Görünür atan-anan oxumuş adam olublar.
⎯ Düz deyirsiz, Qasım dayı. Atam da, anam da müəllim olublar. Muğanda müəllim işləyiblər.
⎯ İndi işləmirlər?
⎯ Yox, Allahın rəhmətinə gediblər, Qasım dayı.
⎯ Allah rəhmət eləsin.
⎯ Ölənlərin behiştlik olsun.
Bu söz yaman xoşuna gəlmişdi Qasım kişinin və təzəcə tanış olduğu Turxanın qabiliyyəti, şəhərdə çox qocaların bilmədiyi, işlətmədiyi sözləri dilinə gətirməsi onu valeh eləmişdi, çayı Turxanın qənşərinə itələyərək:
⎯ İç, a bala. Soyutma. ⎯ söyləmişdi. ⎯ Bəs indi kim oxudur səni, ay oğul?
⎯ Özüm, Qasım dayı. Əlaçılıq stependiyası alıram. Lenin stependiyası.
⎯ Bərəkallah, bərəkallah. Bəs keçən il harda qalırdın? Yataqxanada?
⎯ Yox, Qasım dayı. Yataqxanada yer vermədilər. Kirayə qalırdım. Xozyaykam oğlunu evləndirdi, mən çıxmağa məcbur oldum.
⎯ Hm. Görürəm yaxşı oğlansan. Mən indiyəcən kirayənişin saxlamamışam. Amma bu il mənim də oğlum instituta girir. İstiyirəm… ⎯ Xırdalamaq istəməyib sözünü yarımçıq kəsmişdi: ⎯ Mən sənə «hə», «yox»unu sabah deyərəm. Nədən ki, məsləhətləşməliyəm, bala. Arvad-uşaqnan məsləhətləşməliyəm. Sabah elə bu vədə gələrsən. Yaxşı?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-yandirilmis-adam-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Birinci hissə, on ikinci fəsilGünortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Birinci hissə, on üçüncü fəsil...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Qarabağdır(nəğmə)*Nə zamandır torpaqlarım işğaldadır,