Üçüncü fəsil
Page 1 of 7
Həyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.
Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»
Paşa qalxıb qazı yandırdı, çaydanı pilitənin üstünə qoyub dəhlizə tərəf addımladı. O, üç-dörd addımlıq yolu çətinliklə getdi: elə bil, qıçları onun deyildi. Özündən narazı halda başını buladı, dəhlizdəki iri, girdə, qıraqları naxışlı güzgünün qarşısına çatanda gözü özünə sataşdı və ayaq saxladı: sifətinin rəngi boğulub qaralmışdı, iri gözlərinin altı tuluqlanmışdı, üzünü saqqal basmışdı. Yox, bu vəziyyətdə o, Qulubəyin qapısını döyməyə gedə bilməzdi. Həm də yadına düşdü ki, Qulubəyin arvadı Nigar xanım onu heç sevmir, qapı ağzında, pilləkən başında rast gələndə xalaxətrin qalmasın, demək olar ki, zorla salam verir, gözlərindən qəribə, qorxulu, aşıb-daşan bir nifrət oxuyur Paşa. Neçə ildi qonşudular, Nigar bircə dəfə də olsa, Paşagilin qapısını açıb içəri girməyib, Paşa isə bu neçə ildə barmaqla sayıla biləcək qədər Qulubəyin evində olub ⎯ o da ayaq üstü. Bu açılıb ağardılmayan, qapağı örtülü qazanda pıqqır-pıqqır qaynayan o dolaşıq, çalpaşıq və gizlində qövr eləyən o qəzəbin, nifrətin səbəbinin Paşa da, Qulubəy də, Nigar xanım özü də yaxşı bilirdi, ancaq hələ Nigar susurdu. Və Paşanı hər şeydən çox bu sükut qorxudurdu. Adətən Qulubəy Paşagilə tez-tez gələrdi, oturub saatlarla danışardılar, dərdləşərdilər. Qulubəy Paşanın yetirmələrindən və ən yaxın dostlarından idi. Çoxdan, iyirmi beş il bundan qabaq tale onları rastlaşdırmışdı və Paşa onun zirəkliyini, çevikliyini görüb hardasa bir az onun özünə də oxşadığını yəqin edib qanadının altına almışdı, şərait yaratmışdı, kömək eləmişdi. Qulubəy Paşaya o qədər sədaqət göstərib o qədər sidqi-dilnən qulluq eləmişdi ki, ürəyi bağlı sandıq olan, nə evdə açılan, nə ona dost deyənlərə sirr gələn Paşa, nəhayət, ona az-çox inanmışdı və ürəyinin hamısını yox, ancaq bir parçasını etibar eləmişdi. Əgər bütün qəlbini Qulubəyə versəydi, açsaydı, onda Paşa Paşalıqdan çıxardı, Paşa yox, tamam özgə bir adam olardı. Qulubəyi Paşa axırıncı dəfə on il bundan irəli, onu «İnsan» institutunun «Dəri-Zöhrəvi xəstəlikləri klinikası»na baş həkim təyin eləyəndə tamam-kamal özünə qul eləmişdi və Paşanın fikrincə, dünyada insana bundan da böyük yaxşılıq eləmək mümkün deyildi. İnsaf naminə demək lazımdı ki, bunu Qulubəy özü də bütün dərinliyi və ciddiyyəti ilə başa düşmüşdü. O vaxtdan illər keçmişdi, Paşa ilə Qulubəyi bir-birinə bağlayan çoxlu hadisələr olmuşdu və üstəlik iş elə də gətirmişdi ki, gəlib qapıbir qonşu düşmüşdülər. Qulubəyin Paşaya qonşu gəlməsi onu lap çox sevindirərdi, təkcə bu Nigar olmasaydı…
Paşa daha Nigar barədə heç nə düşünmək (çünki bu, artıq onu yormuşdu, onu görəndə də, hətta adını xatırlayanda da əhvali-ruhiyyəsi tamam dəyişirdi, ömrünün ötən illərindən bir xatirəmi, mübarizəmi, mərdlikmi, namərdlikmi deyilən şeylər yadına düşürdü və hardasa Paşanın qanını qaraldırdı: çünki Nigarı görmək, adını eşitmək bəs idi ki, Paşa Turxanı xatırlasın. Turxanı xatırlamaq isə Paşa üçün ağır idi, əzablı idi. İstəməyərək gəldiyi ağır və qorxaq addımlarla geri ⎯ iş otağına gəldi, uzun, üstündə yazı makinası, kitablar olan mizin sağ küncünə qoyulmuş qırmızı telefonun dəstəyini qaldırdı, nömrələri yığmamış keçib kreslosunda əyləşəndən sonra Qulubəyin evinə zəng çaldı. Dəstəyi Nigar özü götürdü və Paşa onun səsindəki kədəri duyub dəstəyi lal-dinməz yerinə qoydu. Mətbəxdən çaydanın haray-həşirini eşidib tənbəl-tənbəl ora getdi, çay dəmlədi, oturub dəm almağını gözlədi. Bir stəkan pürrəngi çay içib azca özünə gəldi və çay xoşuna gəldiyi üçün, adətini pozaraq, ikinci stəkanı da doldurub yazı masasının arxasına ⎯ telefon olan otağa adladı. Armudu stəkandakı xoruzquyruğu çay buğlanırdı və Paşa ona baxa-baxa, bayaq, yarım saat bundan qabaq, divanda o anlaşılmaz möcüzəli «adamla» ⎯ özünü Paşanın gəncliyi, ömrünün bir parçası adlandıran o ağıllı və cavan «Paşa» ilə söhbəti barədə düşünürdü.
Və o Paşanınmı, ürəyininmi dediyi: «… sən heç bu barədə düşünmüsənmi ki, o qılınc kimi kəsərli kirpiklər yuxarı qalxanda kimisə xoşbəxt eləyir, uca-uca məqamlara çatdırır, aşağı enəndə isə… kiminsə başını kəsib qanını tökür, bədbəxt eləyir?» ⎯ sözləri təzədən eşidən kimi olub yumşaq kreslosunda qurcuxdu, çənəsini qoşa ovcunun içinə alaraq fikrə getdi, o, sözləri saf-çürük eləməyə çalışdı. Və birdən zəif, süst bədənindən soyuq bir gizilti keçib vücudunu titrətdi: «Bəlkə mənim kəndirimi kəsən elə o möcüzəli kirpiklərdi, hə? Bəlkə o Xallının mənə qəzəbi tutub. Olmazmı? «Yox, yox. Bu, ola bilməz. Xallı elə eləməz dünyasında. Axı mən ona neyləmişəm ki? Pislik eləməmişəm. Dalıyca danışmamışam. Yox, bu deyil, deyil».
Paşa bu qorxunc fikri beynindən çıxarıb uzaqlaşdırmağa çalışdı və onu unutmaq üçün titrəyən əlini stəkana atıb çaydan tələsə-tələsə içdi. Başını qatmaq üçün, heç özü də bilmədən, əli telefon dəstəyinə sarı uzandı və xəttin o başında, qapıbir mənzilin böyük otağından Qulubəyin gur, ilişikli səsini eşidib sevinən kimi oldu:
⎯ Ay Qulu, mənəm. Bir bizə zəhmət çək. ⎯ dedi. Hal-əhval tutmamış və ondan «Bu saat» ⎯ cavabını alan kimi dəstəyi yerinə qoyub ayağa qalxdı, qapıya gedib ingilis kilidini burdu, qayıdıb güzgünün qənşərində dayanaraq ağ gümüşü saçlarını arıq, uzun barmaqları ilə daradı, qalın dodaqlarını aralayıb xırda, ağ, düzəltmə dişlərinə nəzər saldı, bu iki günün içində xeyli arıqladığını hiss eləyib yüngülcə köks ötürdü: «Yox, Paşa, bu xına o xınadan deyil. Səni yaman xəcil elədilər axırda. Kaş biləydim bunu kim, hansı mərdimazar elədi, kaş biləydim. Yoxsa bu dərd məni öldürəcək».
Bu zaman dəmir qapının zəngi çalındı. Paşa geri qanrılıb yavaşdan:
⎯ Açıqdı, gəl, ⎯ söylədi və Qulubəyin qabağına yeridi. Qulubəy kök və tosqun bədənini güclə, yırğalaya-yırğalaya dəhlizə salıb Paşanı qənşərində görən kimi duruxdu, nədənsə özünü itirən kimi oldu; elə bil heç gözləmirdi ki, Paşa ayaq üstə olar. Ancaq ev sahibi bu çaşqınlığı tutacaq halda deyildi və bunu Qulubəyin özü də hiss eləyib bir az toxtadı:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-yandirilmis-adam-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,