Page 3 of 7 · 29%

Bəli, evin adamı, illərin həmdəmi, çörəyini yediyi, kölgəsinə sığınan Qulubəy indi bu şübhə və gümanlar içində yanıb qıvrılan, yaşamaq ümidini az qala itirmiş Paşaya xəyanət eləmişdi və çox təəssüf ki, Paşa heç vaxt, ölənəcən də bunu bilməyəcəkdi ⎯ kürəyinə saplanan bıçağın ağrısını ürəyində hiss eləyəcəkdi, əzabdan dırnaqları ilə torpağı eşəcəkdi, qanrılıb kürəyində titrəyən iti bıçağın qanlı dəstəyinə baxacaqdı, lakin o bıçağı, namərdcəsinə kim tərəfindən vurulduğunu bilməyəcəkdi və eləcə də nigaran-nigaran yanına gəlib gedənlərin üzünə baxa-baxa dünyadan köçüb gedəcəkdi. Halbuki qatil indi gözünün qabağındaydı və elə o anda da elədiyindən qorxub peşiman olmuşdu. Lakin gec idi, geriyə yol yox idi. Deyirlər, söz ⎯ quş kimidi. Amma yox. Quş uçduğu yuvasına qayıda bilir. Söz isə yox: söz qayıda bilmir. Qulubəy də o sözü demişdi, ancaq geri qaytarmağa macal tapmamışdı. Məsələ burasındaydı ki, o xəyanətin təməli keçən il, Paşa Camalzadənin yetmiş illiyi təntənə ilə qeyd olunanda qoyulmuşdu: hardansa – o özü də bunu anlaya bilmirdi ⎯ ürəyində Paşanın vəzifəsini tutmaq, onun kabinetində oturmaq hissi baş qaldırmışdı: «Bəsdi, kişi. İyirmi ildi orada oturmusan, bütün arzularına çatmısan, nə istəmisən, onu da eləmisən. Su bir yerdə çox qalanda iylənir: sən də daha iylənmisən, üfunəti aləmi basıb. Nə qədər ki, kürüyüb atmayıblar, öz xoşunla ərizə ver, çıx get, həvəsdi, bəsdi. Bu vəzifə ömrün boyu sənin boyuna biçilməyib ki? Yaşın da o yaş deyil, ta qocalmısan, gözün yaxşı görmür, ayaqların, əllərin sözünə baxmır. Üzü sulu dur get. İndi də qoy bir az biz oturaq o kresloda, biz də özümüzü bir kişi hesab eləyək. O qara maşında qoy bir az da biz gəzək. Haçanacan baş həkim olacacam? Pulum da var. Düzü elə mən də sənin kimi bir yerdə oturmaqdan iylənmi-şəm. Mən ora getsəm, sənin qızın Turac xanım üçün də yer açılar ⎯ o da olar baş həkim. Vallah, səndən də yaxşı apararam o institutun işini. Sən ki, məni yaxşı tanıyırsan ⎯ bilirsən ki, ölü bit deyiləm, dəyirmanın boğazından ölü atsan, o başdan diri çıxan bir oğulam.

Şeytanınmı, hansı bədcins insanınmı ⎯ bunu da xatırlayammırdı Qulubəy ⎯ ürəyində, beynində oyatdığı o dəli fikir onu alıb aparmışdı, fikrən, xəyalən o kabineti də tutmuşdu, o qara maşında da gəzmişdi və bu iki şey gecə-gündüz Qulubəyə rahatlıq verməmişdi, iştahını əlindən alıb boğazını tıxamışdı, yuxusunu gözündən alıb dəli-divanə eləmişdi. Az-çox, ağlı, ürəyi, vicdanı olan bir adam kimi hərdən bu fikrindən utanıb xəcalət də çəkdiyi anlar, günlər olmuşdu, o arzudan danışmaq lazım olduğu barədə özlüyündə qəti qərar da çıxartmışdı, unutmağa çalışmışdı. Lakin bu, çox çəkməmişdi, yenidən içindəki o vəzifə, məqam ehtirası əfi bir ilan kimi baş qadırmış, onu silahsız, köməksiz bir zəif kimi qabağına qataraq irəli aparmışdı. Bir ildən çox idi ki, ürəyində iki duyğu, iki qüvvə üzbəüz, qabaq-qənşər oturub elə hey vuruşmuşdu, gah bu onu basmışdı, gah o bunu. Biri demişdi: «Ayıbdı, Qulubəy. Sən neyləyirsən? O kişi sənə çörək verib, adam eləyib, ortalığa çıxardıb, vəzifə sahibi eləyib. İndi sən onun zəlil gününü istəyirsən? Sən yaxşı bilirsən ki, divin canı şüşədə olan kimi, Paşanın da canı o kabinetdədi ⎯ onu əlindən alan kimi o ölər, yaşamaz. Eşidən-bilən nə deyər sənə? Namərd kimi, qədirbilməz kimi baxmazlarmı sənə? Ağlını yığ başına, otur yerində, Qulu».

O biri hiss ⎯ şeytanxislət, iblissifət duyğu isə Qulubəyin qulağına pıçıldamışdı ki: «Ay evini allah tiksin, niyə oturmusan? Bir tərpən, haçanacan bu dava-dərman iyi verən bu xaraba klinikada oturacaqsan, papağını günə yandıracaqsan, hə? Ora əsil sənin yerindi, kişi. Sən ondan da zirəksən, dilli-ağızlısan. Hakimiyyət, kişi, ancaq hakimiyyət, vəzifə. Əgər vəzifən, hakimiyyətin varsa indi, səni sayırlar, adam hesab eləyirlər, səninlə hesablaşırlar. Yoxsa, get, özünü as. Heç yaşamağına dəyməz. Nə ustad, ustad salmısan? Bəsdi «ustadına kəm baxanın gözlərinə qan damar» ⎯ fəlsəfəsinin əsiri oldun. O dünənin, avam adamların fəlsəfəsi olub, qardaş. İndi əyyam tamam başqadı: indi gərək ustadını yox ey, doğma atanı, qardaşını yerindən durquzub stolunda əyləşəsən. Ta gözləməyəsən ki, onlar öz xoşuyla sənə öz yerlərini verəcəklər. Yox, bunu gözləmə. Bu, xam xəyaldı indi, Qulubəy. Tərpən. O vəzifə lap sənin boynuna biçilib elə bil. Sonra gec olacaq, özün əlləşib vuruşmasan, heç kəsin yadına düşən deyilsən».

Yenə təslim olmamışdı Qulubəy. Amma işin tərsliyindən, o, bu fikrin daşını tamam çıxarıb beynindən atandan, unudandan iki ay sonra gözlənilmədən bu iş həll olunmuşdu: əvvəllər Qulubəy tez-tez, ikinci, xəyanətkar fikir üstələyəndə və o da bir az yumşalanda öz-özünə sual vermişdi ki, axı necə? Nə yolla? Və ağlına heç nə gəlməmişdi: çünki o ötən iyirmi il ərzində Paşa Camalzadə o qədər dərin və əzəmətli bir nüfuz qazanmışdı, o qədər dərininə və eninə kök salıb qol-budaq atmışdı ki, onu yerindən tərpədə biləcək bir qüvvə təsəvvür eləyə bilmirdi Qulubəy. O, elə bir zirvəyə qalxıb ucalmışdı ki, Qulubəy altdan yuxarı başını qaldırıb o qərar tutan zirvəyə baxmaq istəyəndə, az qala papağı başından düşürdü. Paşanı kim tanımırdı? Paşanı görəndə kim yaxın gəlib təzim eləmirdi və qayıdıb üstündən də bununla fəxr eləyib yerə-göyə sığışmayan bir sevinclə qürrələnmirdi? Bütün şəhərin vəzifəli adamları, görkəmli alimlər, akademiklər, katiblər, ziyalılar ⎯ hamısı onu yaxşı tanıyırdı. Yox, təkcə tanımırdılar. Onların bir çoxu ilə, necə deyərlər, lap «tuz»ları ilə o qədər qaynayıb-qarışıb, dostlaşmışdı ki, daha dilnən deməyə gəlmir və bunu Qulubəy yaxşı bilirdi, görürdü. Onu o kabinetdən, o qara maşından heç kəs çıxardıb düşürə bilməzdi. Yalnız ölümdən başqa. Bəli, yalnız əli, ayağı buz kimi soyuq, nə padşah, nə silah tanımayan, hamının ⎯ vəzifəsindən, dərəcsindən asılı olmayaraq eyni cəsarətlə qapısını döyməyə qadir olan qorxmaz ölüm Paşa Camalzadəni yerindən tərpədə bilərdi. Başqa heç kim və heç nə yox.

Paşanın əzəməti, cah-cəlalı Qulubəyin gözlərini o əndazədə qorxuzub qapamışdı ki, bir nöqtəni qətiyyən ağlına belə gətirməmişdi: bu, onu ⎯ Paşa Camalzadəni o zirvəyə qaldıran qüvvə idi.

Bu gözlənilməz və hələ dumanlara bürünmüş kimi görünən fikir onun ağlına gecə, klinikada növbətçiləri yoxlamağa gedəndə gəlmişdi və elə bilmişdi ki, çox qiymətli bir xəzinə tapıb Qulubəy. Sevinci yerə-göyə sığmamışdı, uşaq kimi üz-gözündən nur yağa-yağa saat birdə evə qayıtmış, kim bilir neçənci yuxu bişirən Nigarı yatağından qaldırıb yemək-içmək gətirməsini xahiş eləmişdi. Nigar isə həmişə olduğu kimi, bu dəfə də ərinin sözünü eşitməməzliyə vurmuş, yerinin içində o tərəf-bu tərəfə gərnəşərək qalxmamışdı. Onda Qulubəy dodağının altında nəsə söyüb söylənə-söylənə mətbəxə keçmiş, soyuducudan kolbasa, kürü, göy-göyərti, çörək və konyak götürmüşdü, elə mətbəxdəcə xudmani bir stol açıb təkbaşına yeyib-içmişdi. İçdikcə də fikri durulmuşdu, dumanlara bürünmüş o qara və məşum fikir özünün duman paltarını soyunub təmizlənmiş, çılpaqlanmışdı. Dördüncü qədəhi, qəribəydi ki, cəmi bir neçə addım ondan o yana, dəmir qapı arxasındakı mənzilində yatmışmı, yazı masası arxasında işləyənmi Paşanın şərəfinə qaldırmışdı. Və bu, nə qədər içmiş olsa da, Qulunun özünə də çox möcüzəli görünmüşdü və qədəhi yerə qoyub ağzına bir tikə pendir atandan sonra, tək olduğunu bilə-bilə bərkdən demişdi: «İnsan anlaşılmaz məxluqdu, Qulu bəy. Sən bir yox ey, yüz «İnsan» institutu aç, yenə bu insan əclafı öyrənib qurtarammazsan. Vallah, öyrənib qurtarammazsan. Çünki insan Yer üzünün ən böyük möcüzəsidi, Qulu bəy. Uzağa niyə gedirsən? Bax, elə biri mən özüm. Bax, süfrəmə baxırsanmı? Bu naz-neməti görürsənmi? Bunların hamısını sən mənə vermisən. Elə deyilmi? Yox, mən yaxşılıq itirən oğlan deyiləm. Düzü belədi. Amma mən indi, gecənin bu vaxtında burada, elə sənin özünün institut hesabına verdirdiyin bu mənzilimdə tək-tənha, özümçün əyləşib səni məhv eləmək üçün yollar axtarıram, Paşa bəy. Özü də sənin sağlığına indicə badə qaldırmışam. İnanırsan? Yox? Hə. Düz deyirsən. Kimə söyləsəm, inanmaz. Çünki bu, heç kəsin ağlına gəlməz. Amma öz aramızdı, sən də əclafsan. Bəlkə sən məndən də əclafsan, alçaqsan, Paşa bəy. Elə bilirsən mən səni yaxşı tanımıram? Elə bilirsən sənin əməllərindən heç kəsin xəbəri yoxdu? Bilmirlər ki, sən necə cəllad, qaniçən, insafsız və mürüvvətsiz bir adamsan? Sənin zahiri parıltın bu adamların gözünü qamaşdırır, için isə boşdu, üfunətlə doludu. Sənin boynunda neçə-neçə günahsız adamın qanı var və bunları kim də bilməsə, mən yaxşı bilirəm. Elə çoxları da bilir. Amma susurlar nədənsə. Çünki sənin qalıncının indi dalı da kəsir, qabağı da. Heç kəs başını sənin o iti bıçağının qan daman ağzına sürtmək istəmir: çünki adamlar yaşamaq istəyir, bilirsən? Müharibə deyil ki, döşlərini qızıl güllə qabağına versinlər. Amma gözləyirlər, məqam gözləyirlər. Vaxtı çatan kimi, sənin tükünü didəcəklər: onda bilərsən dadı nədi tükü didilməyin, yurdu-yuvası dağılmağın, Paşa bəy. Bəli. Bəlkə də kim bilir, sən yaxşı adam olsaydın, mən bu alçaq və murdar fikrə düşiəzdim? Hə, çox güman ki, düşməzdim, Paşa bəy. Ancaq sən əclafsan, lap əclafın dal ayağısan. Ona görə sənə rəhm eləmək düz deyil. Sənə rəhm eləmək hardasa bir təmiz adama, bir vicdanlı insana haqsızlıq eləmək deməkdi, Paşa».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.

33 min
Birinci hissə, dördüncü fəsil

Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.

52 min
Birinci hissə, beşinci fəsil

Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:

2 min
Birinci hissə, altıncı fəsil

Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»

2 min

Poems by other poets