Page 4 of 7 · 43%

Danışmışdı, danışmışdı, içmişdi və bu da qəribə idi ki, ayrı vaxtlar heç yadına salmadığı, əhəmiyyət vermədiyi, üstündə düşünmədiyi bir çox irili-xırdalı şeyləri xatırlamışdı və o qatmaqarışıq fikir axının içində əsil nöqtəni unutmasın deyə bir də ürəyində, beynində xüsusi olaraq təkrar eləmişdi: «Paşanın qənimi ⎯ Allahdan başqa, ancaq onu zirvəyə qaldıran adamlar olacaq. Bax budu əsas məsələ». Və sonra xatırlamışdı ki, o zaman, hələ iyirmi il öncə, Paşa «İnsan» institutunun direktoru təyin olunanda, çox böyük fəxr və sevinc ilə gəlib ona danışmışdı ki, şəxsən o, özü qəbul eləyib Paşanı. Və o, Paşanı guya çoxdan, lap əyyami-cavanlıqdan yaxşı tanıyırmış, hətta bir zamanlar, Moskvada olarkən yoldaşlıq da eləmişlər. Və o, canlara dəyən adamdı: guya Paşanı bir ictimai və elmi xadim kimi çox yüksək qiymətləndirib və s. Bütün bunlar o gecə, iyirmi ilin o tərəfində qalmış və üstünü toz və zaman unutqanlığı örtmüş, olmuşların, keçmişlərin içindən silkinib çıxır və Paşanın o vaxtkı həyatının üzərinə bir tutqun işıq salırdı və Qulubəyin beynində indi divarın o tayında yatmış qonşusunun deyil, o nüfuz sahibinin surəti canlanmağa başlayırdı. Bu zaman Qulubəy məsələnin qəlizləşdiyini, dərinləşdiyini dərk edib təzədən ümidsizləşirdi. Çünki o vaxtdan, yəni Paşa o sözləri Qulubəyə bağda danışandan sonra keçən bu illər ərzində o, öz yerində möhkəm oturmuşdu və deməli ki, Paşa gülləbatmaz idi. Bir də onun adı gələndə, başqalarını bilmirdi, Qulubəy nədənsə əsim-əsim əsirdi. Qorxusu yaman çökmüşdü canına. Hərdən ona elə gəlirdi ki, o, onu şəxsən görməməyinə, söhbət eləməməyinə (bir dəfə də olsa) baxmayaraq, yaxşı tanıyır, ordan, o uca binadan Qulubəyə səbrlə-təmkinlə tamaşa eləyir, əməllərini bir-bir hansısa bir dəftərin qırağına yazır və günlərin birində, gecəmi, gündüzmü, işdənmi, evdənmi adam yollatdırıb apartdıracaq və elə birinci kəlməsi bu olacaq: «Bəsdi daha. Çox gözlədim ki, bəlkə insafa gəlib adam olasan. Ancaq gördüm yox, tamahına tət deyənə oxşamırsan». Və Qulubəy o gedən gedəcək. Amma sonra özünün bu sadəlövh fikrinə gülürdü: «Sən də lap ağciyər imişsən. Elə onun yadına sən düşürsən. Ta başqa işi-gücü yoxdu onun?"

Sərxoş-sərxoş bu xəttin üstündən qələm çəkmişdi. Qulubəy ona yaxınlaşa bilərdimi? O dəqiqə ürəyi gedərdi. Həm də gedib ona ən yaxın bir adamı haqqında deyəsən ki, o belədi, heylədi. «Adamın atasını yandırar, nə danışırsan, ə? Yox, yox, mənciyəzdə o ürək yoxdu».

Elə bu zaman axırıncı badəni də içəndən sonra, birdən Xallı gəlib yadına düşmüşdü. O Xallı ki, hələ o zaman, fiziologiya kafedrasında Qulubəy aspirant olanda, Paşa onun üçün «yaşıl işıq» yandırmışdı və o boyda kişi, ağzının suyunu axıda-axıda o qəşəng, dünya gözəli olan Xallının böyür-başında hərlənirdi, az qalırdı: «Ayaqlarını yerə qoyma, ayaqların inciyər, gəl çıx gözlərimin üstündə yeri» ⎯ desin və cavanların ona yaxın düşməsinə qətiyyən imkan vermirdi. Bu da yadındaydı ki, Xallını Əli adlı bir aspiranta bərk qısqandığı üçün o yazığı kafedradan tamam-kamal uzaqlaşdırmışdı: indi o hadisənin təfərrüatı yadında deyildi, amma dəqiq xatırlayırdı ki, belə bir şey olub. Açığı ki, elə Qulubəyin özünün də Xallıda gözü var idi və əgər qız, razılıq versəydi, Qulubəy onunla evlənərdi. Lakin hörmətli kafedra müdirinin ona ⎯ o yerin-göyün yaraşığı olan o qıza olan hüsn-rəğbətini hamı kimi, o da görüb hiss elədiyindən, ən aşağısı, Əlinin gününə düşməmək, başını bıçağa sürtməmək üçün, o arzusunu qəlbinin dərinliklərində boğub öldürmüşdü. Sonralar o Xallı oradan çıxıb getmişdi və keçən uzun müddət ərzində nə qədər yaxın olsalar da, Paşa ona sirr verməmişdi. Hətta bir dəfə Qulubəy keflərinin yuxarı vaxtında zarafata salıb Xallıdan «bir şey qopara bildinmi o vaxt?» ⎯ deyə soruşmuşdusa da, Paşa dərindən fikrə gedib onunla ⎯ o gözəl məxluqla keçirdiyi o unudulmaz anları xəyalən təzədən yaşayaraq və eyni zamanda onun söylədiyi o hədələyici sözləri xatırlayaraq qətiyyətlə: «Yox. Sən nə danışırsan, a Qulu. Elə şeymi olardı? O hara, mən hara? ⎯ demişdi. İnansın deyə üstəlik əlavə də eləmişdi: «Mən Xallının əlinə su tökməyə də layiq bilmirdim özümü». Paşanı tanımayan, onunla az oturub-duran kənar bir adam bəlkə də bu sözlərin doğruluğuna, səmimiyyətinə inanardı. Lakin Qulubəy öz dostunun nəylə nəfəs aldığını çox gözəl bilirdi və buna görə də, kişini çox çək-çevirə salmamışdı, sadəcə mənalı bir təbəssümlə kifayətlənmişdi.

Qulubəyin fikrincə, həyatda elə şeylər var ki, onları öz gözünlə görməyə heç də həmişə ehtiyac olmur. Təsəvvür də eləmək mümkündür və bir həkim kimi bu təsəvvür deyilən şeyin bəzən eynən həyatın gerçək şəklini necə varsa, necə olubsa, eləcə də insanın gözləri önündə cilvələndirməyə qadir olduğunu anlayırdı. Məsələn, o zaman, Xallını, özünün təklikdə adlandırdığı kimi, «bu qoca heyvərə»yə qısqandığı vaxt Qulubəy belə bir şey uydurmuşdu öz aləmində: Xallı Paşanın bağında onunla görüşür. Vəssalam. Və bu fikir də elə o vaxtdan beyninə həkk olunub qalmışdı. Və indi, Paşa and içib aman eləyəndə də Qulubəy ona görə bic-bic gülümsünmüşdü ki, onun sözlərinə inanmamışdı. «Ay sən öləsən, qoca həpənd. Hamıya dızz, mənə də dızz?».

Və Qulubəy o sərxoş başla hardansa gecənin bu aləmində gəlib yadına düşən o Xallının necə deyərlər, ətəyindən tuta-tuta keçmişlərə baş vura-vura irəliləmiş və belə bir məqamı da xatırlamışdı ki, adamlar danışırdılar: Xallı, o nüfuzlu şəxsin ən yaxın adamıdı və o, bu Xallı adlanan nazənini həddindən artıq çox uca tutur. Paşa Camalzadə də yalnız onun vasitəsiylə qəbula düşüb və o boyda vəzifəni ələ keçirə bilib: çünki axı Paşanın elm aləmində nəyi var idi ki, başqa böyük alimlər, elm təşkilatçıları, adı-sanı dünyanı gəzib dolaşan alimlər qala-qala, onu irəli çəksinlər? Bu heç kəsin, xüsusən Paşanı yaxşı tanıyanların ağlına batmamışdı o zaman. Arada çox söz-söhbət gəzib dolaşırdı. El ağzı, çuval ağzı ⎯ deyiblər. Bəllidi ki, deyilənlərin biri düz çıxmasa da, o birisi düz çıxırdı və camaat o düz çıxmayana da təzədən qayıdıb inanırdı. Və bunlar Qulubəyin yaddaşının köhnə, saralmış səhifələrindən bir-bir pırtlayıb üzə çıxırdı, ilişəcək üçün yer axtaran «dost»un gözlərinin qabağında əvvəli, axırı olan maraqlı, cəzbedici bir mənzərə canlanırdı. Bir az da bəzəyib-düzəsəydin, bu, əməlli-başlı bir hekayət idi ki, adam içinə çıxardıb danışmaq olardı. Qulubəyə də elə bu lazım idi. Şüşədəki konyakın axırıncı qətrələrini də qədəhinə süzərək, yenə üzünü qonşusunun ⎯ Paşanın divarına sarı tutdu, məclisdə sağlıq deyirmiş kimi, yavaş-yavaş söylədi: «Hm. Belə, əzizim Paşa bəy. İcazə ver bu son qədəhi də sənin şərəfinə qaldırım. Sən indiyəcən qızıl balıq kimi bu geniş okeanda istədiyin təki yaşamısan, arzuladığın tərəfə üzmüsən və elə bilmisən ki, dünya həmişə sənin istəyincə dolanacaq. Sən elə bilmisən ki, bu ucsuz-bucaqsız dənizin, okeanın sahibi ancaq sənsən və sənin qabağına çıxan bir oğul ola bilməz. Yox, sən səhv eləyirsən, qonşu. Səni mən ⎯ heç kəsdə bu cəsarəti görmürəm ⎯ ancaq mən o suların qoynundan elə bir tora salım-çıxardım atım qumların üstünə ki, özün də afərin deyəsən, qonşu. Nə isə, hələlik sağ ol».

Sonra mətbəxdəki stolun üstünü eləcə, tör-töküntülü qoyaraq, aşa-aşa gedib çarpayısında yox, böyük otaqdakı divanın üstündə yıxılıb yatmışdı. Səhər günortaya az qalmış yuxudan oyananda əvvəlcə axşam harada, kiminlə içdiyini xatırlaya bilməmişdi: nə isə Paşa fikrində dolanmışdı, amma Paşagilə getdiyi, ya onun bura gəldiyi yenə yadına düşməmişdi. Hannan-hana, beyninin dumanı ayazıyandan sonra başa düşmüşdü ki, evdə içib. Paşayla da yox, tək içib. Bu qədər. Od kimi yandırıb yaxan o dadlı-tamlı konyakdan vura-vura qurub qoşduğu o gözəl hekayət də yaddaşından silinib getmişdi. Sonra iş, qayğılar, xəstələr, arvadı Nigarın qaş-qabağının gecə-gündüz açılmaması başını elə qatmışdı ki, az qala öz adı da, Paşa da unudulmuşdu. Günlər, həftələr, aylar keçmişdi, içindəki o «qurd» ölüb çürümüşdü. Lakin sən demə, o gizli fikirlər, o şirin arzular hardasa qəlbinin dərinliyinə çəkilmişmiş, bir himə bənd imiş ki, təzədən baş qaldırıb dirilsin, Qulubəyin qolundan tutub bu bədnam yola sürükləsin. Bu «him» isə Xallının özüymüş, sən demə.

Gözəl may günlərinin birində az qala tamam unutmuş olduğu gözəl Xallıya «Kitab evi»nin salonlarının birində rast gələndə əvvəlcə gözlərinə inanmamışdı. «Odu?», «Yox, o deyil» ⎯ sualları arasında çırpına-çırpına son dərəcə gözəl və yaraşıqlı bir libas geyinmiş, qara və yumşaq saçlarını dağınıq halda çiyinlərinə atmış, ikinci mərtəbədə fırlanan kitab həvəskarlarının hər şeyi unudaraq acgözlüklə, həsədlə və qibtəylə oğrun-oğrun tamaşa elədikləri qadına diqqətlə baxanda Qulubəy heyrətlə içini çəkmişdi və bunu elə eləmişdi ki, onun hıçqırığını o özü də eşidib ona sarı çevrilmişdi; onda Qulubəy gülə-gülə:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.

33 min
Birinci hissə, dördüncü fəsil

Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.

52 min
Birinci hissə, beşinci fəsil

Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:

2 min
Birinci hissə, altıncı fəsil

Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»

2 min

Poems by other poets