Üçüncü fəsil
Page 6 of 7 · 71%
Və hələ onda heç Qulubəy özü də bilməmişdi ki, Paşanın başını kəsmişdi. Onun ⎯ Paşanın kəsilmiş başının qanı hələ sonra axacaqdı. Bunu da yəqin duymuşdu ki, o qanın axıdılması üçün çox gözləmək lazım olmayacaq.
Məhz ona görə idi ki, neçə gündü Qulubəyin qulağı səsdəydi, nə isə maraqlı bir xəbər eşitmək həvəsi ilə vurnuxurdu. Gecələr evə gələndə də Paşanın qapısını açıb içəri girməyə, hal-əhval tutmağa qorxurdu. Onun fikrincə, Paşa lap bu tezliklə, yuxarıların hökmüylə işdən getməliydi ⎯ buna heç şəkki-şübhəsi yox idi. Buna hardasa adi şey kimi baxmaq olardı. Ancaq onu qorxuzan və kürkünə birə salan başqa bir cəhət də var idi ki, bu da Paşanın ürəyiydi: kişinin ürəyi doğrudan da xəstə idi və bir həkim kimi, Qulubəy yaxşı bilirdi ki, o xəstə ürək belə ağır və rəhmsiz zərbəyə çətin dözə biləcək. Bax, bu barədə düşünəndə Qulubəyin tükləri biz-biz olurdu və özünə dərin bir nifrət bəsləyirdi. Ancaq ox atılmışdı, işıq sürətiylə hədəfə ⎯ Paşaya tərəf uçurdu və Qulubəy indi istəsəydi də o zəhərli, öldürücü oxu geri qaytarmağa qadir ola bilməzdi. Olan olmuş, keçən keçmişdi. Hərdən tanrısına yalvarırdı ki, onun – o nüfuzlu şəxsin Xallı ilə bağlılığı və Paşanın onun vasitəsiylə bu məqama çatdırılması məsələsi elə ara söz-söhbəti olaydı və Xallının əli heç yerə çatmayaydı. Sadəcə gəlib Paşanın abrını ətəyinə bükəydi; «Sən kişi deyilmişsən, sən əclaf imişsən» ⎯ deyəydi və üzünə tüpürüb çıxıb gedəydi, həmişəlik gedəydi. Yox, yox. Əgər onlar üz-üzə gəlsələr, aralarında açıq söhbət olsa, «Bunu sənə hansı vicdansız deyib? Bir onun yaxasını ver mənim əlimə, sənin gözünün qabağında mən onun çəkib cəhəngini cırım, sən də baxıb «Afərin» de. Kimdi o? De, kimdi?» ⎯ deyib israr eləsə, Xallı da mənim adımı çəksə, onda gərək mən gedib özümü asım. Yox. Bu da yaramaz. Daha geriyə yol yoxdu, Qulu. Başından böyük qələt qarışdırmısan, indi də otur, nəticəsini gözlə. Qumardı bu. Ya apararsan, ya da uduzarsan. Hələ sən axmağın əlində elə bir qarantiya da yoxdu ki, onu götürsələr, səni ora direktor qoyacaqlar. Yoxdu, qardaş, yoxdu.
Neçə gündü ki, bax bu cür içində öz-özüylə çarpışırdı, gah bəraət qazandırırdı, gah nifrət eləyirdi özü-özünə. Paşanın çıxarıldığını da elə həmin gün axşam bilmişdi. Mərkəzi Komitədə işləyən bir dostu saat on birdə zəng eləyib bu xəbəri çatdırmışdı Qulubəyə və Paşa ilə Qulubəyin çox yaxın, canbir qəlbdə olduğunu bilən o dostun qabağında o bu işə dərindən təəssüf elədiyini bildirmişdi, ancaq dəstəyi asandan sonra Nigara da heç nə deməyib həmin axşam yenə ağlı başından çıxanacan içmişdi. Bütün gecəni qulağı qapıda, gözü telefonda olmuşdu. Bəlkə dərd güc gələn, canını qoymağa yer tapmayan Paşa ya gəldi, ya zəng elədi. Lakin qonşudan səs-səmir çıxmamışdı. Balkondan uzanıb qonşu mənzilin işıqlarının da yanmadığını görəndə düşünmüşdü ki, yəqin hövlündən baş götürüb bağa gedib. İkinci gün də beləcə səksəkəylə ötüb keçmişdi. Bayaq isə Paşa ona zəng eləyəndə... Qulubəy özünü yamanca itirmişdi. İndi budur, işdən çıxarılmış, partbileti əlindən alınmış Paşa onun qabağındaydı və onun gözlədiyinin əksinə olaraq, sakit idi, təmkinli idi: elə bil heç nə olmamışdı, sadəcə iştahasının olmamasından şikayət eləyirdi və bir də şəhərdə, dünyada olan hadisələrlə, ölənlə, itənlə maraqlanırdı. Bağrı çatlamalı adamdı bu? Qulubəyi çaşdıran bu idi.
… Paşa iri, kündə ovcunu üzünə çəkib qənşərində oturmuş Qulubəyə sual dolu nəzərlə baxdı:
⎯ Deyirsən şəhərdə də, dünyada da sakitlikdi, hə?
⎯ Eyzən sakitlikdi, ustad. Sən yaxşı bilirsən ki, mən, sənin əziz dostun və qonşun bütün mejdunarodnı hadisələrin sentrindəyəm. Ne ujeli, sən elə düşünə bilərsən ki, mən bir xoruz səsi eşitməmiş təzə xəbər eşidəm və sənə çatdırmayam. Ni za çto.
⎯ Hə. İnanıram, Qulu. ⎯ Divanda təzədən qurcuxub qollarını qoynunda çarpazlamışdı Paşa. ⎯ Onda icazə ver, mən sənin barəndə şübhələnim. Denən niyə? Ona görə ki, bu böyük və əzəmətli şəhərin yarısı, yox, yarısı yox, bəlkə yarısından çoxu uçub, sənin xəbərin yoxdu və sən bu dünyaya avam gəlib, avam da gedəcəksən. Yox, sözümü kəsmə. Qulas as, Qulu. Yeri gəlmişkən bunu da deyim: mən səni neçə ildi tanıyıram?
⎯ Çoxdan…
⎯ İyirmi beş il olar?
⎯ Bir az çox olar, ustad.
⎯ Atan oldu rəhmətlik. Bu iyirmi beş ildən də çox müddətdə mən sənə heç Qulubəy demişəm? Yox. Denən niyə?
⎯ Niyə, ustad?
⎯ Mən sənin ustadın-zadın deyiləm, bilirsən? Mən səndən bərk incimişəm, Qulu. Hə, onu deyirdim axı, sənə heç vaxt Qulubəy deməmişəm, həmişə Qulu demişəm. Mən bilmirəm sənin rəhmətlik atan-anan sənə Qulubəy adı verəndə nə fikirləşib? Bəlkə sənin bəy, ya heç olmasa, bədxislət olacağına haradasa bir ümid bəsləyib? Amma səhv eləyiblər. Sən bəy deyilsən, sən hətta Qulu da deyilsən. Sən qulsan, Qulu.
Qulubəyin rəngi ağardı. «Vay dədə, vay. Evim yıxıldı. Bilib.» ⎯ deyə ürəyindən keçirdi, qorxusundan ağzını açıb bir söz belə deyə bilmədi, Paşanın qaralmış sifətinə və irilib hədəqəsindən çıxmış gözlərinə lal-dinməz baxaraq daha nə söyləyəcəyini gözlədi, özünü müdafiə üçün yollar-çarələr axtarmağa başladı. Paşa isə davam etdi:
⎯ Ə, ay sənin allah evini tiksin, söz-sözə gələndə ağzına çullu dovşan sığışmır ki, mən səni belə istəyirəm. Bə hanı? İki gündü burda ölürəm, heç demirsən ki, bu kişi hardadı, harda ölüb itib? Belə də dostluq, qonşuluq olar? ⎯ Paşa bu sözləri yana-yana deyirdi və Qulu da onun özünün yandırdığı ocaqda Paşanın necə cızdağı çıxa-çıxa yandığını görür, hərdən ləzzət alırdı, hərdən də yazığı gəlirdi. «Demək sən də oynayırmışsan bayaqdan, kişi. Sən də məni demə çəkirmişsən. Artist. Elə bilirsən artistliyi tək sən bacarırsan? Kişiydin, qəlbin, zatın pak idi, elə bayaq mən gələn kimi deyəydin də mənim başıma bu oyun gəlib. Niyə demirdin bəs? Yoxlamaq istəyirdin məni ki, görəsən mən sənin işdən çıxarılmağına sevinirəm ya kədərlənirəm? Avamsan, Paşa. Sən bilmirsən ki, bu həyat hər kəsi öz qabiliyyətinə görə artist eləyib?»
⎯ Vallah, Paşa bəy, mən elə bilmişəm bağdasan. Yoxsa… Yerin məlum, srağa gün Salyandan yaxşı ağ balıq gətirmişdilər, kababını çəkmişdim ⎯ yerin məlum. Bir-iki dəfə də zəngini basdım, telefon elədim, balkondan baxdım, gördüm işığın yanmır… ⎯ Bu at üstü uydurduğu yalandan özünün də xoşu gəldi, çünki Salyandan ona balıq-zad gətirən olmamışdı və bunu da yaxşı bilirdi ki, Paşa Nigarla danışmır, ona görə də onun yalanını tuta bilməyəcək Paşa. Balıq sevən idi, balıq sözünü eşidən kimi, az qala üç günün acı olan o, udqundu, ağzı sulandı, ancaq yenə özünü o yerə qoymadı, tüpürcəyini udub:
⎯ Elə o gün, sən burda ağ balıq kababı yeyəndə, qardaşının da ⎯ o, özünü nəzərdə tuturdu. ⎯ ətini balıq əti kimi şişə çəkirdilər, Qulu. ⎯ Bu sözləri o, ucadan söylədi. ⎯ Hə, hə, toçnı, elə eləcə. Şişə çəkirdilər.
⎯ Ay aman, sən nə danışırsan, kişi? ⎯ deyə Qulubəy Paşanın yavaş-yavaş mətləb üstünə gəldiyini bilsə də, özünü tox tutub təəccüb ifadə eləyən baxışlarını ona zillədi. ⎯ Kim çəkirdi? Harda çəkirdi? Yəni varmı elə bir qüdrətli əl ki, səni ⎯ bütün dünyada məşhur olan bir adamı…
⎯ Mən də elə bilirdim yoxdu, Qulu. Amma… sən demə, varmış.
⎯ Vallah, bilməmişəm. Yoxsa sən mənim ürəyimi bilirsən, Paşa bəy.
⎯ İnanıram, Qulu. Sən mənim bu yer üzündə inandığım, yox, inandığım düz çıxmır, ən çox inandığım adamsan.Bilirsən də ki, mənim səndən gizlin bir sirrim yoxdu. ⎯ O, bu sözləri deyəndə ürəyindən keçirtdi: «Yalançının atasına lənət. Əgər mənə inansaydın, Xallı ilə olan macəranı, onu bağa apardığını danışardın. Amma gizlədin, məni dağa-daşa saldın. ⎯ İndi qulaq as, gör sən burda balıq kababı yeyəndə, sənin əzizinin ətini necə kabab eləyib dişlərinə çəkirdilər o əclaflar.
⎯ Hansı əclaflar axı?
Yalnız Qulubəyin bu sualından sonra Paşa srağagün başına gələn qəzavü-qədəri Qulubəyə yerli-yataqlı danışdı. Nüfuzlu adamın nə dediyini, özünün o sözləri eşidəndə nə hala düşdüyünü, müavinə necə imdad diləyilə baxdığını, onun necə çiyinlərini çəkib üzünü yana çevirdiyini, bir sözlə, hər şeyi, hər şeyi söylədi və bütün bunları danışarkən sözün həqiqi mənasında gözləri yaşardı. Bunu görən Qulubəy əlini cibinə atıb təmiz bir dəsmal çıxardaraq gözlərinin üstünə basdı və ağlar səslə söylədi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-yandirilmis-adam-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,