Birinci hissə, dördüncü fəsil
Page 1 of 8
Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.
⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
⎯ Baş üstə, qədeş, yarım saata ordayam.
Sonra Aslan stolun üstünü təmizlədi, dəm çaynikinin köhnə pıçalını boşaldıb təzədən dəmlədi. Səliqə-sahmana xüsusi diqqət yetirdi və oturub çarpayısının böyründəki radioqəbuledicini burub lap asta ayaqda qoyaraq son xəbərlərə qulaq asmağa başladı və hansısa məlumatın son cümləsini: … «ermənilər hücuma keçmişlər!» ⎯ eşidən kimi radionu söndürdü.
Fikri dolanıb Leyla xanım oyanandan sonra başlayacaq (yəni başlayacaqdımı, bəlkə heç bir söhbət baş tutmayacaq, Leyla bir şeyi bəhanə edəcək və çıxıb gedəcəkdi?!) ağır, çətin söhbətin üstünə gəldi və oturduğu yerdə dizlərinin əsdiyini hiss eləyib büzüşdü. O, ömründə xeyli mürəkkəb, məsuliyyətli görüşlərə getmiş, qəbullarda olmuşdu, hətta ən çox çəkindiyi BİRİNCİnin qəzəbli vaxtlarında qəfildən köməkçisinin zəng eləyib kişinin onu çağırdığını deyəndə belə bu cür sarsıntı və həyəcan keçirməmişdi. «Qeyri-müəyyənlik içində olmaq, ölüm hökmü gözləməkdən də betərmiş» ⎯ deyənlərə indi haqq qazandıra bilərdi.
Axşamkı hərəkətini xatırladı, içdiyini, Leylanın yanına getmək xəyalına düşdüyünü yadına salıb peşiman oldu. «Yəqin bildi o mənim fikrimi. Öl köpək oğlu, nəfsinə tət deyə bilmirsən. Elə bilirsən dünyanın axırıdı. İndi onun üzünə necə baxacaqsan? Utanıb yerə girməyəcəksən?» ⎯ deyə gecəki əməlinə görə özünü çox danlayan Aslan, nəhayət «Yox əşi, bilməz. Yatmış olardı Leyla o zaman. Ta o gecə yatanda da yeri-göyü, adamın ürəyini görməyəcək ki?» ⎯ deyə özünə təskinlik verib həyətə çıxdı, meynələrin arasında gəzindi, saralmış yarpaqların altından iki-üç qıra kişmiş üzümü tapdı, sonra divar dibi boyunca əkilmiş nar ağaclarından iki dənə partlamış nar dərdi və qayıdıb hovuzun kranını açaraq üzümləri yuyub dikələndə çöl darvazasının qabağında maşın səsi eşidib iti addamlarla ora cumdu.
Gələn Pəhləvan idi. Mehriban görüşdülər. Hal-əhval tutdular. Sonra Pəhləvan az qala ağzınacan dolu həsir zənbili maşının baqaj yerindən götürüb balaca qapıdan içəri girdi. Zənbili görən Aslan:
⎯ Adə, nə qədər şey gətirmisən? ⎯ deyə təəccübünü bildirəndə Pəhləvan təvazökarlıqla:
⎯ Elə bir şey deyil, Aslan qədeş! ⎯ dedi. ⎯ Bala-bala yeyərsiz, nuşican olsun.
⎯ Əsas siqaretdi, Pəhləvan.
⎯ Gətirmişəm, qədeş.
⎯ Çox sağ ol, Pəhləvan. Sən get, mən özüm apararam.
⎯ Sizə əziyyət olmaz?
⎯ Yox, yox, apararam…
Aslan bir əlinə zənbili aldı, o biri əlini ona uzatdı:
⎯ Çox sağ ol, Pəhləvan.
⎯ Dəgməz, qədeş. Bir şey lazım olsa, zəng elə, genə gələrəm, gətirərəm.
Pəhləvan gedəndən sonra Aslan yuxarı çıxdı, zənbilləri yerbəyer elədi. Nəlbəkiyə qara kürü qoydu, yumşaq təndir çörəyini çörək qabına, balıq kababını bir boşqaba, tikə ilə lüləni ayrı bir qaba çəkdi. Stolun üstə bir şampan, bir konyak qoydu. Pomidor-xiyar doğradı, göy-göyərti düzdü. Qalan şeyləri soyuducuya yığıb nigaranlıqla yan otağa sarı boylananda sol qapıdan içəri girən Leylanı görüb:
⎯ A, sən oyanmısan, Leyla xanım? ⎯ dedi. ⎯ Sabahın xeyir.
⎯ Sabahın xeyir, Aslan bəy. Nə tezdən durmusan?
⎯ Hə, mən həmişə tezdən dururam. Xüsusən bağda olanda. Necə yatdın? Üşümədin ki? Yerin rahat idimi barı?
⎯ Çox sağ ol, bəy. Hər şey əla idi.
Aslan fikir verirdi: Leyla əl-üzünü yumuşdu, öz köhnə paltarlarını geymişdi, üzündən-gözündən rahatlıq yağırdı. Aslan istəyirdi qız stolun üstünə baxsın, oraya düzdüyü naz-nemətlərə baxıb təəccüblənsin, onun bu fədakarlığını qiymətləndirsin, heç olmasa quruca bir xoş söz desin. Ancaq yox, Leyla elə bil stolu görmürdü, elə hey Aslanın üzünə, çal saçlarına, qarnına, ayaqlarına baxırdı; deyəsən heç onun dediklərini də eşitmirdi və Leylanın belə eləməsi Aslanı lap çaşdırmışdı. «Deyəsən mənə qəzəbi tutub». Belə düşündüyündən tez qorxub günahkar kimi gülümsündü və araya söz qatmaq üçün:
⎯ Əyləş, Leyla xanım. Yəqin acından ürəyin axır, ⎯ dedi. ⎯ Elə mən də yaman acmışam. Bir zavtrak eləyək.
Leyla yalnız indi çönüb stola baxdı, heç nə demədən güzgü ilə qabaq-qənşər stulda əyləşdi. Güzgüdə özünə ötəri bir nəzər salıb əlini təndir çörəyinə uzadaraq:
⎯ Bismillah! ⎯ deyərək bir tikə kəsəndən sonra: ⎯ Sən də möcüzə eləmək istəmisən deyəsən, ha, Aslan bəy ⎯ söylədi. ⎯ Bu qədər yeməyi neyləyirdin? Hər qonağın üçün Pəhləvana bu qədər əziyyət verirsən ya ancaq…
İstədi yalan danışsın, ancaq çəkindi:
⎯ Hə, Leyla xanım… Mən ümumiyyətlə qonaqpərvərəm. Tək boğazımdan heç nə keçmir. Qonaq-qara olanda iştahla yeyib-içirəm. Eh, ay Leyla xanım. Bilmirəm səhv fikirləşirəm, ya düz fikirləşirəm. Məni bundan sonra nə atam əkəndi, nə anam doğandı. ⎯ İkinci dəfə də dünyaya gəlmək imkanı çox güman ki, yoxdu və olmayacaq da. Ona görə mənim fəlsəfəm belədi: Ye, iç, kef çək, dünyada nə arzu, kamın var, al, yaşa, öləndə də bir şeyin dalınca gözün qalmasın. Düz demirəm sən Allah? Yoxsa, bəlkə düz demirəm?
⎯ Yox, düz demirsən, bəy. Təəssüf ki, sənin kimi düşünənlər çoxdu və onlar səhv eləyirlər. Bu dünyada Allah-təalanın insana verdiyi müvəqqəti ömür o dünyadakı əbədi ömrün bir anıdı və Allah bu bir anı səni sınamaq, yoxlamaq, imtahan eləmək üçün verir və sənə də imkan yaradır ki, o əbədi ömrünü xoşmu, pismi keçirmək yolunu özün seçəsən. Bunu da öz əməllərinlə qazana bilərsən ⎯ bu dünyada əzab çəkə bilərsən, amma orada əbədi ömrünü xoşluq və rahatlıq içində keçirərsən. Bu bir anın əzabıyla o əbədiyyətin əsasını qoymuş olarsan və əksinə, Aslan bəy.
⎯ Axı, bu nəqddi, Leyla xanım, o isə nisyədi? Mən gözlərimlə gördüyümə inanım ya eşitdiyimə? Axı heç kəs o dünyadan gəlməyib və bir inandırıcı xəbər də gətirməyib ki, mən də bu fəlsəfənin həqiqət olduğuna inanım? Qurban olum Allaha, bax, bir nəfəri gətirsin o dünyadan və o da hamıya danışsın…
Çox demirəm, bircə nəfər… ⎯ Aslan birdən dayandı və yenə günahkar uşaq kimi böht içində Leylaya baxdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-mocuze-birinci-hisse-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?
İkinci hissə, on altıncı fəsilHavalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».
İkinci hissə, on yeddinci fəsilKitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:
İkinci hissə, on səkkizinci fəsilElə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.