Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.

Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

Yubiley yaxınlaşırdı. Bu az müddətə kitabın çap olunub ortalığa çıxmağı sual altına düşürdü. Düzdür, kitab itib-batmayacaqdı gec-tez çap olunacaqdı, ancaq bayram günlərində çıxmağının bir özgə hüsnü vardı: «Toydan sonra nağaranın nə gözəlliyi, nə lətafəti olacaqdı? Yoxsa professor öz «Sevimli tələbəsinin» bu sevincinə zəhər qatmaq, onun yuxusuz gecələri bahasına başa gəlmiş bu nəşəsinə soğan doğramaq istəyirdi? Niyə axı? O boyda professor bu qədər kiçik idimi? Bəs Gülalı? O niyə elə danışırdı? Axı, mən kimə neyləmişəm? Öz canıma qəsd etmişəm, gözümün yağını əritmişəm. Bunların gücünə əsər yazmışamsa, daha onlar məndən nə istəyirlər?»

Gecələr yerinə-yatağına od tökülmüş adamlar kimi çalıxıbçapalayan Orxan beləcə ürəyində hey danışır, düşünüb-daşınır, işin axırını bir yana çıxara bilmirdi. Nəhayət, prrfessorla açıq danışmağı qət elədi...

Professor içəridə təkdi. Qara cildli ensiklopediyanı qabağına qoyub nəsə oxuyurdu. Orxanı görən kimi gümrahlıqla dilləndi:

– Oho, salam, salam!., — Yerindən azca qalxıb ona əl uzatdı.

– Necəsən?

Professor ürəyində:

«Nadirə deyir, ürəyi xəstədir. Bunun ürəyi xəstədir? Qırmızılığına baxırsan? Özünü tülkülüyə vurur» — deyə düşündü.

– Yaxşıyam, professor, siz necəsiniz?

– Niyə, siz yoxlayanı pis deyilik, — deyə professor incimiş kimi bir görkəm aldı. — Daha müəlliminizi itirib-axtarmırsınız.

– Professor, vaxtınızı almaq istəmirəm, — deyə Orxan Salmanın üz-gözünə diqqətlə baxmaqda davam etdi. — Sizin işinizgücünüz çox olur.

– Bəli, elədir. İnanın ki, son zamanlar heç başımı qaşımağa da vaxtım yoxdur.

– Doğrudur.

Professor Orxanın gəlişinin səbəbini duymuşdu. Qabaqladı:

– İnanın ki, vaxt tapıb hələ sizin əsərinizə baxa bilməmişəm.

– Doğrudan? Baxmamısınız?

– Yox, Orxan, əzizim. Təsəvvür edin ki, baxa bilməmişəm. Orxan məyus oldu:

– Professor, axı... Bir ay yarım qalır cəmi?

– Nəyə?

– Vaxta, yubileyə.

– Ah, yubiley!.. Neynək, çatdırarıq.

– Çətin, professor. Bunun elmi şuradan, nəşriyyat şurasından keçməyi var, redaktə olunmağı var.

– Darıxma, zəng eləyərəm, tez buraxarlar. Bir də səndən qabaq hələ Gülmirənin iki fəslini müzakirə edəcəyik. Çoxdan növbədədir. Siz oxumusunuz onun əsərini?

– Elə-belə, vərəqləmişəm, — deyə o, sıxıla-sıxıla dilləndi.

– Yox, yox, hökmən oxuyun! Çox maraqlı, çox qəribə bir əsər yazıb.

Professor sözü dəyişib Orxanın öz üstünə gətirdi:

– Vərəqləmişəm, dediniz, yadıma düşdü. Mən də o gün sizin işi bir balaca vərəqlədim, elə-belə, ötəri. Onu deyim ki, narahatlıq yenə ürəyimi bürüdü. Nədənsə mənə elə gəldi ki, siz əsəri yaxşılaşdırmaq əvəzinə bir az da korlamısınız.

– Ola bilməz, professor. Necə deyərlər, yumurtlamadı, yumurtlamadı, bəs falına nə gəldi?

– Bəli, bəli. Məndə elə bir təəssürat oyandı.

– Xahiş edirəm, professor, diqqətlə oxuyun. Mənim əsərim...

– Orxan ilk dəfə «Əsərim» dedi, «Yazım» demədi.

– Hə, bax burda korladın, necə yəni «Mənim əsərim»? Bu, nə deməkdir? Bəs hanı təvazökarlığın sənin?

– Professor, mən pis bir söz demədim ki?

– Mənim sənin yaşın qədər stajım var, sən ağırlıqda da əsərlərim. Heç bir yerdə görmüsənmi deyim «Mənim əsərim?» Təvazökarlıq, Orxan, təvazökarlıq!..

– Mən...

– Səni təriflər xarab elədi, deyəsən, Orxan. Heyif səndən, mən ən yaxşı tələbələrimdən birinin gözümün qabağında yavaş-yavaş məhv olduğunu görürəm. Bu mənim üçün çox ağırdır, çox ağır!.. — Salman Qurbanzadə bunları əzizini itirən bir adam kimi dedi. Orxan danışmağa söz tapmadı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 min
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 min
Üçüncü hissə, üçüncü fəsil

Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

7 min
Üçüncü hissə, dördüncü fəsil

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

9 min

Poems by other poets