Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».

Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

Fikirləşirdi. Neyləməli?! O buraya nə üçün gəlmişdi?, Əfsanənimi axtarırdı?! Axı Əfsanəni beləcə axtarmaqla tapmaq müşkül iş idi... Ürəyində etiraf eləyirdi ki, o, Əfsanəni axtarmaq bəhanəsi ilə kənddən qaçmış adama daha çox oxşayır. Çünki, o, kənddə gözükölgəli dolana bilməyəcəkdi. Yaranan şərait elə idi ki, Elməddinin baş götürüb kənddən çıxmaqdan başqa çarəsi qalmamışdı. Pıçıltılar, eyhamlı baxışlar, tənəli sözlər... Bunları eşitmək, görmək, eşidə-eşidə, görə-görə də qulağını sallayıb durmaq Elməddin üçün ağır idi, çox ağır idi. Birdən yadına düşdü ki, qəryədar Qulamın qardaşı oğlunu tapmaq, ondan bir kömək istəmək olar və lazımdır. Hər necə olsa tanışdı, Elməddinin xətrini də azdan-çoxdan istəyirdi, dövlətli adamdır, geniş imkanları var...

Bu fikir onu gümrahlandırdı. Və o, özünü kinoteatrın böyründəki kababxanaya verib toqqasının altını bərkidəndən sonra ağayi Mümtazın evini soraqlaşmağa başladı. Onun zənnincə, ağayi Mümtazı bu şəhərdə tanımayan adam ancaq gəlmələr ola bilər. Çünki, deyilənə görə, o, məmləkətin padşahından sonra ikinci adam idi — vardövlətdə, şan-şöhrətdə. Günortaya yaxın, nəhayət, ağayi Mümtazın evini tapdı. Şəhərin mərkəzində, «Parke-zənan»ın yanında daş hasara alınmış ikimərtəbəli, bağlı-bağatlı evi ona nişan verib demişdilər ki, ağayi Mümtaz bu binada yaşayır.

Darvazanın ağzında onu çox yaxşı geyinmiş, ortayaşlı xidmətçi qarşıladı:

– Sizə kim lazımdı, ağa?

Elməddin sıxıla-sıxıla cavab verdi:

– Ağayi Ətiqulla lazımdı mənə.

– Ağayi Ətiqulla keçən həftə Londona getdi.

– Londona? — Elməddinin içərisində nəsə qırılıb düşdü.

– Bəli, ağa. Atasını müalicəyə apardı.

Elməddin bir anlığa gözlərini yerə zilləyib hərəkətsiz dayandı. Nə deyəcəyini düşündü, amma ağlına heç bir şey gəlmədi ki, gəlmədi.

Xidmətçi onu təpədən-dırnağacan süzüb:

– Hardan gəlmisən, ağa? — deyə xəbər aldı. Elməddin könülsüz halda cavab verdi:

– Ağayi Qulamın yanından gəlmişəm.

– Sifarişini mənə deyə bilərsən, ağa. Gələndə mən Ətiqullaya çatdıra bilərəm.

– Yox, elə bir sözü-sovu yoxdu. Eləcə, ağayi Ətiqullanı görmək istəyirdim, — deyib fikirli-fikirli göy rəngli darvazadan uzaqlaşdı. Bu qərib, uzaq şəhərdə üzünə açıla biləcək yeganə qapı cırıltı ilə bağlandı.

...Boş-bekar, səfil-sərgərdan şəhərii xiyabanlarını dolaşırdı. Gördüyü hər şeyə beynindəki dumanlar arxasından baxır, küt bir hissiyyatla mühakimə yürüdürdü. Cibində qəpik-quruş pul qran-qran ehtiyacın gözəgörünməz əlləri ilə səssiz-küysüz çıxarılırdı. Pul azaldıqca Elməddinin elə bil, sümükləri də sıxılıb balacalaşır, günəş çıxıb yeri-yurdu qızdırsa da o üşüyürdü. Yavaş-yavaş, addım-addım təhlükə ona yaxınlaşırdı. Günlər keçdikcə Elməddin anlayırdı ki, ehtiyac öz dəhşətli ağzını açıb ona tərəf xəbib-xəbis sürünür. Ötən hər gün onu fəlakətə daha da yaxınlaşdırırdı.

Bir dəfə o, Daş körpünün yanında dayanmış çoxlu adama rast gəldi. Onların əlində kəndir, çiyinlərində palan vardı. Üzləri solğun, paltarları cındır, görkəmləri acınacaqlı idi. Elməddin özünü onların arasına verdi, danışıqlarına qulaq asdı. Anladı ki, bunlar yükdaşıyandılar. Gözləyirlər, kimin yükü olsa, az bir əmək haqqı müqabilində lazımi yerinə aparmağa hazırdılar.

Yastı sifətli bir kişi yoldaşına deyirdi:

– İki gündü, əlimə bir rupi də gəlməyib. Özüm də dünən yediyimin üstündəyəm. Qıçlarım əsir. Əgər indi müştəri də olsa ha, yükünü mənzilinə çatdırmağa taqətim yoxdu, vallah. Allah kəssin belə yaşayışı.

Gödək şalvar geymiş qozbel kişi çənəsinin ucunda bitmiş seyrək saqqalını tumarlayaraq fikirli-fikirli cavab verirdi:

– Bu gün səhər bir zabitin iri un kisəsini Şorbazardan ta evinəcən apardım. Qan-tər tökə-tökə. Nainsaf oğlu çıxardıb on rupi verdi, Qasım. Balalarımın canı üçün. Deyirəm, ağa, insaf dinin yarısıdı, on rupi azdı. Deyir: «boro, qomşov, pədər lənət » — sonra o, cibindən dəmir pulları çıxardıb qara, qabarlı ovcunu irəli tutdu. — Beş rupisini götür, Qasım, get çörəkdən, noxuddan al ye. Kasıbın olanından. Daha neynəyək? Əlimizdən nə gəlir?

Qasım adlanan kişi beş dənə bir rupilik götürüb özünü tinə verdi.

Elməddin başa düşürdü, bunlar şəhər işsizləri idi? dünyada bircə şeyə – öz qüvvələrini satıb dolanmağa gümanları gəlirdi. Vəssalam. Onu da alan yox, bahasına pul verən yox. İşsizlikdən, deməli, aclıqdan olan-qalan qüvvə də tükənir, onlar ayaq üstə gəzən canlı meyitlərə oxşayırdılar. Elməddin bu işsiz adamların solğun üz-gözünə baxır, düşünürdü.

Bu ara bığ yeri yenicə tərləmiş qəşəng, ancaq sir-sifəti çirkli oğlan arxın qırağındakı daşın üstünə çıxıb əlini yuxarı qaldıraraq həyəcanlı səslə:

– Camaat, — dedi, — qulaq asın. Bu gecə Hüseynəli kişi daxmasında özünü asıb.

– Necə?!

– Hüseynəli özünü asıb?

– Hə. Asıb. Bizim qonşuluğumuzda yaşayırdı. Səhər bir də gördüm ki, uşaqları qapının ağzında yığılıb ağlaşırlar. Dedim, ay qız, Mənsurə, nə olub? Dedi qibləgahım ölüb. Getdim baxdım. Yük daşıdığı rismanla özünü daxmanın tavanından asıb. Dili bir qarış çıxmışdı. Gözləri pırtlamışdı. Qapqara yanıb boğulmuşdu.

– Yazığın üç balası yetim qaldı...

Elməddin bu söhbəti eşidib ürəyində dedi: — «Şəhər yetimlərinin üçü də artdı».

Başının tükü, saqqalı qar kimi ağappaq olan bir yükçü mütəəssir halda dedi:

– Yığışın, gedəyin, kişini dəfn edəyin.

– Gedəyin.

– Hə, lazımdı.

– Bu gündən bizim üçün də var. Hamımız gec-tez öləsiyik, — deyə hamballar ağsaqqal kişinin sözünə qüvvət verdilər və onun ardınca tərpəndilər.

Kənarda dayanmış alnı qırışlı qara kişi Elməddinin böyründəki cavan oğlana yavaşcadan dedi:

Rədd ol, lənətə gəlmiş oğlu.

– Biz getməyək, oğul. Qoy bunlar getsinlər. Qəpik-quruş qazanmaq üçün fürsətdi.. Deyir, biri ölməsə, biri dirilməz...

Oğlan atasının üzünə baxıb heç nə demədi, yerindən də tərpənmədi.

Elməddinin ürəyi sıxıldı. Elə bil hava çatışmırdı.

Hər addımda baş verən dəhşətləri, faciələri görməmək üçün burdan qaçmaq, uzaqlaşmaq istəyirdi. Ancaq hara? Onun canını naməlum, müdhiş bir qorxu da alır, onu sıxırdı! Kim bilir, bəlkə o da səhər bu adamların gününə düşəcəkdi?! Hələlik, Elməddinlə onların arasında müəyyən məsafə - fasilə vardı, fərq vardı. Bəs sabah?! Ya birisi gün?!

Elməddin iti addımlarla uzaqlaşdı... Şəhərin ucqarına nə vaxt gəlib çıxdığını özü də bilmədi. Bura yüksəkdi Dağın döşü idi. Bombozdu hər yan. Yaşıllıqdan əsər-əlamət yox idi. Elməddin sal daşın üstündə oturdu. Şəhər burdan əl içi kimi görünürdü. Fikirləşdi ki, hər şeyə kənardan baxmaq yaxşıdı. Çirkabını, kəsafətini, nöqsanını görmürsən. Uzaqdan baxanda şəhərin içində hökm sürən səfaləti, yurdsuzları, dilənçiləri və işsizləri görmürsən. Görmürsən və rahatsan.

Qanrılıb dağlara sarı — yuxarı baxdı. Şəhəri əhatə eləyən dağların belindən çəkilmiş, indi xarabaları qalmış hasar görünürdü. Onun bugünkü acınacaqlı görkəmi belə onun əzəmətli keçmişini adamın xəyalında, təsəvvüründa canlandırırdı. Elməddin bu divarlar barəsində tarix kitablarında, qəzetlərdə çox oxumuşdu. Vaxtlar olmuşdu ki, yadelli istilaçıların yürüşləri bu qədim şəhərin möhkəm divarlarına çatıb dayanmışdı. Möhkəmliyi, ucalığı, əzəmətilə o, düşmənin ümidini topdan, tüfəngdən az qırmamışdı. Divarların çəkilməsi, qurulması haqqında hekayət tam təfərrüatı ilə Elməddinin xəyalında canlanırdı.

... Məmləkətin üzərini fəlakət almışdı. Ərəbistandan çıxıb bütün şərq ölkələrinə qarışqa kimi, çəyirtkə kimi yayılan istilaçı qoşunlar cənub tərəfdən kəndləri, şəhərləri yandıra-yandıra paytaxta doğru hərəkət etməkdə idi. Şəhərin müdafiəsi isə yaxşı təşkil edilməmişdi. Dağlar silsiləsindən başqa yadelli qoşunun həmləsini çətinləşdirəcək, ləngidə biləcək bir maneə yox idi. Məmləkətin padşahı Şahzəmburək şəhərin müdafiəsini möhkəmlətmək məqsədilə dağların belindən tez bir zamanda hündür bir hasar çəkilməsini əmr etmişdi. Əmr dərhal yerinə yetirilməli idi — şəhər əhli böyüklü-kiçikli bu müqəddəs işdə yaxından iştirak etməli idi. Şah əmr vermişdi; kim bu işdə azca soyuqluq göstərsə, süstlük eləsə, hətta daşı-kərpici əlindən düşsə, özü diri-diri daşlarının içinə qoyulub hörülməli idi. Buna görə də təsadüfi deyil ki, indinin özündə də hasarın xarabalıqlarının içindən insan sümükləri tapılırdı.

Elməddin bu əhvalatı xatırlayıb fikirləşirdi: «bəli, onda düşmən top-tüfənglə, qılıncla gəlirdi, bilirdin ki, düşməndir gələn. Döşünü irəli verib torpağını, yurdunu qoruyurdun. İndi isə... dost adı ilə gəlir. Pasportu da var, icazənaməsi də var. İndi dollarla gəlir, qızılla gəlir. Mənim doğma vətənimin mehmanxanasında onun üçün qalmağa yer var, bu torpağın doğma oğlu ola-ola mənim orada qalmağa imkanım yoxdur. Aman allah, bu nə deməkdir?.. »

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on üçüncü fəsil

Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?

6 min
Dördüncü hissə, on dördüncü fəsil

Yerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:

6 min
Dördüncü hissə, on beşinci fəsil

Elməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.

6 min
Dördüncü hissə, on altıncı fəsil

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

10 min

Poems by other poets