Dördüncü hissə, on dördüncü fəsil
Yerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:
– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:
– Heç özümüz də bilmirik, ağa!—dedi. — Mat-məəttəl qalmışıq...
– Necə olub axı?..
– Heç nə... İşdən gəlirmiş... Darvazanın ağzında vurublar. Biz evdə oturmuşduq. Güllə səsi eşidib qaçdıq çölə. Gördük elə yazıq sükan arxasında qan içində çırpınır... Biz ona çatanda sizin hasarın o tinini bir maşın burlub getdi. Nə maşın idi, rəngi, nömrəsi nə idi — heç nə görə bilmədik... Yazığı sükan arxasından çəkib yerə salanacan... keçindi...
– Bir söz-filan deyə bilmədi də?
– Yoox... hardan? Beynindən vurmuşdular... — Əlixan özünü saxlaya bilməyib ağladı. — Yazıq qardaşım... Nəcməddin təsəlli verdi:
– Ağlama, oğul, ağlamaqla qaytarmaq olarsa, elə biz hamımız sənə qoşulaq, ağlayaq. Qəzavu-qədərdi. Görünür, onun da qisməti belə imiş. Amma siz hər halda polisə-filana xəbər verin. Boş oturmayın...
– Xəbər vermişik, ağa!
– Eh, — deyə Nəcməddinin böyründə əyləşmiş saqqallı kişi köks ötürdü. — Polis neyləyəcək, hardan tapacaq? Yenə şahiddənfilandan olsaydı, dərd yarı idi.
– Hə, düz deyirsən. — Nəcməddin kişinin sözünü təsdiq elədi. — Bizim də polis elədi ki, heç bilmirsən hansı məssəbə qulluq eləyir.
Nəcməddin bir saatacan hüzr yerində oturdu. Stulda oturmağa adət elədiyindən qıçları ağrıdı, getmək fikri ilə ayağa qalxdı. Əlixanın yanına gəlib dedi:
– Allah rəhmət eləsin, bala, Allah səbir versin, son qəminiz olsun.
– Çox sağ olun, ağa.
– Əgər bir şeyə ehtiyacınız olsa, mənə deyin, utanmayın. Pul-filan.
– Yox, ağa, çox sağ olun, ömrünüz uzun olsun. Sizdən çox razıyıq, ağa...
Nəcməddin baş endirib çölə çıxdı...
...Evdə səssiz-küysüz, nəşəsiz, maraqsız bir həyat başlamışdı. Sən demə, bu həyəti, bu otaqları bəzəyən, isindirən, yaraşığa mindirən Dünya xanım imiş. Sən demə o, öz gözəlliyi, varlığı ilə Nəcməddinin də, Əbdülün də ürəyini günəş kimi qızdırırmış, yaşadırmış, sevindirib güldürürmüş, qısqandırırmış, əzab verirmiş — dünyanı, həyatı da onların gözündə bunlarla maraqlı, şirin edirmiş. Bu həqiqəti, Dünya «evdən qaçıb gedəndən» sonra onlar çox tez dərk edib anladılar. Demək olar ki, sözsüz-söhbətsiz yaşayırdılar. Küsülü kimi. Təkcə uşaqla, yemək-içməklə əlaqədar sözlər işlənirdi indi bu evdə. Əbdülün, sən demə, təkcə ev işində yox, uşaq saxlamaq işində də səriştəsi varmış. O, balaca Nəcmədini vaxtlı-vaxtında yedizdirir, əmziklə təzə süd verir, əskisini dəyişir, çimizdirir, yatırırdı. Boş vaxtlarında əvvəlki kimi hücrəsinə çəkilib yatmır, uşağı oynadırdı. Körpə ilk günlər anasının kürlüyünü çox elədi — ağladı, süd içmədi; ancaq sonra öz taleyi ilə barışıb kiridi, yeməyini yedi. İndi Əbdül yuxarı köçmüşdü, kəllədəki balaca otaqda yaşayırdı — körpə ilə bir yerdə... Gecə ayılanda sakitləşdirirdi, həyan olurdu. Həmin dəhşətli gecə, hələ də özünə gəlməmiş Nəcməddin, Dünyanın meyiti ortalıqda ikən Əbdülə demişdi ki, səslərini yazmışam maqnitofona... Bu sözlər onun yadında qalmışdı. Nə isə qəlbində o yazını dinləmək həvəsi-marağı baş qaldırırdı hərdən — «görəsən nə danışırlarmış? Görünür, elə danışıblar ki, kişidə şəkk-şübhə qalmayıb. Yoxsa öldürməzdi. Çox istəyirdi onu» — deyə düşünürdü. Səhərisi gün fürsət tapıb Nəcməddin evdən gedəndə lentə qulaq asdı Əbdül. Çox peşman oldu. Çox sevdiyi, bir zaman öz gözəlliyi, məhəbbəti, ehtirasları, nəvazişləri ilə ona səadət bəxş etmiş, sonra birdən-birə müəmmalı şəkildə ondan üz döndərmiş Dünya xanım, həmin lent yazısını dinləyəndən sonra gözündən tamam düşdü. — «Hə... demək belə... Mən düz hiss eləmişəm. Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz eləmək istəyibmiş. Allah var imiş, Dünya, zülm yerdə qalmırmış. Hər kəs, kec-tez öz cəzasına çatırmış». — deyə Əbdül məyus-məyus durub həyətə düşmüşdü. «Deyirdin nə var, Əbdül avamın biridi, gözlərini məhəbbət kor eləyib, heç nə görmür, qanmır. Daha sən hardan biləsən ki, Əbdülün boynunun dalında da gözləri var, ay yazıq!»
Dünya xanımın «evdən getməsi» xəbəri tez yayıldı. Zərrintac bildi əvvəlcə. Tezcənə atasının yanına gəldi, kişini halı pərişan, pəjmürdə görüb darıldı, ürəyi sıxıldı.
– Sənə dedim belə şey eləmə, qibləgahım. Sözümə baxmadın. El-oba içində onun bu evə gəlməyinə bir gülünc olduq, getməyinə də bir... Şeytana papış tikənə oxşayırdı, gözü-başı qaynayırdı o qızın.
– Olacaqmış, qızım. Olacağa isə çarə yoxdu.
– Bəs bu yazıq uşaq necə olacaq, qibləgahım?
– Uşaqdan arxayın ol, bala. Qorxma, sən saxlamayacaqsan. Bilirəm sənin uşaq saxlamağa heç hövsələn yoxdur. Onu Əbdül böyüdəcək, özüm böyüdəcəyəm.
Sonra o, vəsiyyətnamə məsələsini açıb qızına söylədi. Zərrintac dünya malında gözü olmadığına görə, bu barədə heç nə demədi. «Özün bilən məsləhətdi, qibləgahım!..».
– Mən ömrümün çoxunu yaşamışam, bala. Bu gün varam, sabah yox. İstəmirəm körpəm sonra əllərdə qalsın, onun-bunun əlinə baxan olsun. Sənin ailən var, pulun var, nəvə-nəticənə də bəs edər. Qalan varidatımı da Əbdüllə oğluma vəsiyyət eləmişəm. Əbdül təmiz adamdı, qızım. Zəmanə hələ onu poza bilməyib. Sədaqətini də sınamışam. Öz uşağı kimi baxır ona, əgər səhər mən olmasam... Ancaq səndən xahişim büdur ki, tez-tez baş çəkərsən, lazımi məsləhət verərsən, nəzarət eləyərsən, bala. Həm də uşaq böyüyəndə bilər ki tək deyil, sənin kimi bir bacısı da var. Evin nizamını dağıtmazsınız, elə beləcə də qalar, oğluma gəlini də bu evə gətirərsiniz... Burada ağayi Nəcməddin yaşayıb, qoy yenə Nəcməddin yaşasın, qızım.
Zərrintac doluxsundu:
– Sən elə danışırsan ki... guya nə olub, qibləgahım...
– Vəsiyyət deyirlər yüngüllükdür. Söhbətdi eləyirik də, balası...
Zərrintac kişinin kövrək-kövrək danışdığından, tez-tez ah çəkməyindən başa düşürdü ki, Dünyanın getməsi ona yaman pis təsir eləyib, demək olar ki, lap kəndirini kəsib, ümidsiz olub kişi. Anlayırdı ki, o, bütün var-yoxunu itirsəydi, bir quruca həsir üstündə qalsaydı, beləcə sarsılmazdı, sınmazdı, düşməzdi. Dünya onun həyatı imiş. Dünyanı çox sevirmiş.
– Bəlkə, qibləgahım, onu axtaraq, tapaq, qaytaraq?.. Görürəm, onsuz sən...
– Yox, qızım. Dünya daha mənə gərək deyil, qızıl parçası da olsa, gərək deyil, ömür də olsa, gərək deyil. Zərrintac daha sözü çevirmədi, təkcə bunu dedi:
– Arvadda ürəyə bax a! Heç olmasa uşağına yazığın gələydi...
O hadisədən sonra, Nəcməddin, demək olar ki, guşənişin olmuşdu. Evdən çox nadir hallarda çıxırdı; əksər vaxtını yatmaqla, həyət-bacada gəzməklə, oğlu ilə oynamaqla keçirirdi. Əbdül onun hərəkətlərinə fikir verir və ürək ağrısı ilə düşünürdü ki, belə getsə, kişi çox yaşamaz...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:
İkinci hissə, səkkizinci fəsilZərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini
İkinci hissə, doqquzuncu fəsilTəklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.
İkinci hissə, onuncu fəsilSiminbər Məleykə xanımın xoşuna gəlmişdi. Davranışından, baxışlarından, oturub-durmağından ağıllı qıza oxşayırdı. On səkkiz yaşı təzəcə tamam olmuşdu, əti-əndamı, qaşı-gözü, boy-buxunu ona baxan hər kəsdə xoş duyğu, rəğbət hissi doğururdu. Məleykə xanım uşaqlı-böyüklü, balaca otaqda qarışqa kimi qaynayan bu ailədə, oturub çay içə-içə, söhbət eləyə-eləyə gözaltı fikir verdikcə Elməddinlə Siminbəri xəyalən müqayisə eləyir, ikisinin də bir-birinə yaraşdığı qanaətinə gəlirdi. Siminbəri Zərrintacgildə yaşayanda Məleykə xanım bir, ya iki dəfə görmüşdü — onda, pis paltarda idi, üstündə «qulluqçu» adı vardı. Buna baxmayaraq elə o zaman Simin Məleykənin yadında qalmışdı. İndi, onlarda oturduğu iki-üç saat müddətində o, Məleykəni köhnə tanış kimi qarşılamış, anasına böyük sevinc hissilə başa salmışdı ki, Məleykə xanım böyük şair Şəfinin qadınıdır. Şəfi kimi məşhur bir adamın xanımının onlara təşrif gətirməsindən hədsiz dərəcə sevindiyi üz-gözündən oxunurdu. Və bu da Məleykənin ürəyini fərəh hissilə doldurmaya bilmirdi. Məleykə fikirləşirdi ki, Zərrintac xanımdan Siminbər qanacaqlıdır. Necə deyərlər, o qədər yaxınlıq, gəl-get olmasına baxmayaraq, gəlinləri olmasına baxmayaraq, onlar qaynayıb-qarışa bilməmişdilər: elə bil, Zərrintac xanım tamam yad, uzaq bir dünyadan gəlmişdi, sanki başqa cür düşünən, başqa bir dildə danışan adam idi Zərrintac xanım. Amma Siminbərdə qəribə bir şirinlik, yapışıqlıq vardı. Bu, Məleykəni çox sevindirirdi. Anası Fatimə arvad, uzun illər qonaq qara üzü görmədiyindən, sanki çaşmışdı. Dindirəndə dinirdi, dindirməyəndə yox, o biri tərəfdən də balacalar, xüsusilə Vətənyar ondan əl çəkmir, göz açmağa imkan vermirdi.Məleykənin gəlişinin səbəbini Siminbər təxmin edirdi. Ona görə çox həyəcanlı idi, qızarmışdı. Uşaqlar evdən çıxmadığından Məleykə mətləbini Fatiməyə açıb deyə bilmirdi. Bunu Siminbər dərhal başa düşdü və uşaqları başına yığıb yandakı balaca, təzə tikilmiş mətbəxə apardı. Yalnız bundan sonra Məleykə xanım əsl məqsədinn Fatiməyə deyə bilmişdi. Fatimə bu xəbəri eşidəndə çox şad olmuşdu. Sevindiyindən nə deyəcəyini bilməmişdi. Məlum olmuşdu ki, Elməddini bu evdə uşaqdan-böyüyə hamı sevir, adını ehtiramla çəkir. Elməddin bu evin ən əziz adamıdı; onu ailənin xilaskarı, çörək verəni, yaxın dostu kimi tanıyırlar.