Siminbər Məleykə xanımın xoşuna gəlmişdi. Davranışından, baxışlarından, oturub-durmağından ağıllı qıza oxşayırdı. On səkkiz yaşı təzəcə tamam olmuşdu, əti-əndamı, qaşı-gözü, boy-buxunu ona baxan hər kəsdə xoş duyğu, rəğbət hissi doğururdu. Məleykə xanım uşaqlı-böyüklü, balaca otaqda qarışqa kimi qaynayan bu ailədə, oturub çay içə-içə, söhbət eləyə-eləyə gözaltı fikir verdikcə Elməddinlə Siminbəri xəyalən müqayisə eləyir, ikisinin də bir-birinə yaraşdığı qanaətinə gəlirdi. Siminbəri Zərrintacgildə yaşayanda Məleykə xanım bir, ya iki dəfə görmüşdü — onda, pis paltarda idi, üstündə «qulluqçu» adı vardı. Buna baxmayaraq elə o zaman Simin Məleykənin yadında qalmışdı. İndi, onlarda oturduğu iki-üç saat müddətində o, Məleykəni köhnə tanış kimi qarşılamış, anasına böyük sevinc hissilə başa salmışdı ki, Məleykə xanım böyük şair Şəfinin qadınıdır. Şəfi kimi məşhur bir adamın xanımının onlara təşrif gətirməsindən hədsiz dərəcə sevindiyi üz-gözündən oxunurdu. Və bu da Məleykənin ürəyini fərəh hissilə doldurmaya bilmirdi. Məleykə fikirləşirdi ki, Zərrintac xanımdan Siminbər qanacaqlıdır. Necə deyərlər, o qədər yaxınlıq, gəl-get olmasına baxmayaraq, gəlinləri olmasına baxmayaraq, onlar qaynayıb-qarışa bilməmişdilər: elə bil, Zərrintac xanım tamam yad, uzaq bir dünyadan gəlmişdi, sanki başqa cür düşünən, başqa bir dildə danışan adam idi Zərrintac xanım. Amma Siminbərdə qəribə bir şirinlik, yapışıqlıq vardı. Bu, Məleykəni çox sevindirirdi. Anası Fatimə arvad, uzun illər qonaq qara üzü görmədiyindən, sanki çaşmışdı. Dindirəndə dinirdi, dindirməyəndə yox, o biri tərəfdən də balacalar, xüsusilə Vətənyar ondan əl çəkmir, göz açmağa imkan vermirdi.

Məleykənin gəlişinin səbəbini Siminbər təxmin edirdi. Ona görə çox həyəcanlı idi, qızarmışdı. Uşaqlar evdən çıxmadığından Məleykə mətləbini Fatiməyə açıb deyə bilmirdi. Bunu Siminbər dərhal başa düşdü və uşaqları başına yığıb yandakı balaca, təzə tikilmiş mətbəxə apardı. Yalnız bundan sonra Məleykə xanım əsl məqsədinn Fatiməyə deyə bilmişdi. Fatimə bu xəbəri eşidəndə çox şad olmuşdu. Sevindiyindən nə deyəcəyini bilməmişdi. Məlum olmuşdu ki, Elməddini bu evdə uşaqdan-böyüyə hamı sevir, adını ehtiramla çəkir. Elməddin bu evin ən əziz adamıdı; onu ailənin xilaskarı, çörək verəni, yaxın dostu kimi tanıyırlar.

– Biz istəyirik sizinlə qohum olaq, Fatimə bacı. Elməddini şükür, siz də elə bizim kimi tanıyırsınız. Tərifləmirəm, tanımasaydınız, o ki var təriflərdim. Doğrudan yaxşı oğlandı, o qız — ağayi Nəcməddinin harın qızı onu yola vermədi. Yəqin təfsilatını Simin sizə danışıb. Mən elə bilirəm ki, bu iki cavanın əl-ayağını bir yerə yığsaq, savab iş görmüş olarıq. O da tək oğlandı, biş-düşü, pal-paltarı var. Hayana dönsə sizə də dayaq olar. Yüngül bir məclislə bu işi yoluna qoymaq istəyirik. Şəfi də, Elməddin də belə məsləhət görüblər. Məncə, qız özü razıdı. Siz də etiraz eləməzsiniz. Elə deyilmi, Fatimə bacı?

Fatimə bacı xoşbəxtcəsinə gülümsünüb başını aşağı saldı. O, əri Əhədulla ilə çoxdan bu məsələni başa düşmüşdü, xeyli götür-qoy eləmiş, axırda bu qərara gəlmişdilər ki, əgər belə bir söhbət araya gəlsə, razılıq vermək lazımdı. Elməddin Əhədullanın nəzərində çox ağıllı, iş bilən və həm də mehriban bir insan idi, belə bir adamla qohum olmaq onun üçün şan-şöhrət idi. Bu məsələni də unutmaq istəmirdi ki, Əhədulla da, onun ailəsi də indi Elməddinin çörəyini yeyir. O vaxtdan bəri Əhədulla özünü Elməddinə həmişə borclu sanır, onu görəndə sıxılır. Düzdü, Elməddin buna kiçicik bir işarə belə eləmir, əslində, özünü lap o pul, maşın məsələsini unutmuş kimi göstərir. Amma yenə də Əhədulla onun çörəyini yediyini unuda bilmirdi: Necə unuda bilərdi? Qohum olsaydılar, qaynayıb-qarışar, bir ailəyə çevrilər, əl-ələ verib yaşardılar. Odur ki, Məleykə xanımın təklifini eşidəndə Fatimə, xeyli fikirləşib qız anası kimi öz razılığını bildirdi, sadəlövhlüyündən əri ilə arasında olan söhbəti də açıb Məleykəyə söylədi. Bu, Məleykənin çox xoşuna gəldi. Fatimədə biclik, məkr yox idi demək. Ayrı qadın olsaydı, bəlkə də bu söhbəti gizlərdi, dilinə gətirməzdi. Məleykə də Fatimənin ürəyinə yatmışdı. O, Elməddinin bacısı kimi, anası kimi danışırdı, böyük adamın arvadı olmasına baxmayaraq, çox sadə geyinmişdi, adamı mehribanlıqla dindirirdi, özünü çəkmirdi. Belə adamlarla qohum olmaq Fatimənin ürəyincə idi. Yoxsa Zərrintac kimi! Siminbər Zərrintacın yanından qaçıb gələndən sonra anasına ondan—tənbəlliyindən, içməyindən, əri ilə kobud rəftarından elə şeylər daşışmışdı ki, arvadın ayağı yerə yapışmışdı. Qız var-dövlətin çoxluğundan da danışmışdı. Fatimə bunu da şirin bir nağıla qulaq asan kimi dinləmişdi. Və başa düşmüşdü ki, elə ailələrdə səadət olmur—deyənlər düz deyirlər. Demək, gör orda necə bir güzəran varmış ki, Elməddin, o qədər var-dövlətə etina etməyərək baş götürüb getmiş, hər şeydən imtina etmişdi. Bu, balaca məsələ deyildi. Məhdud da olsa öz, ağlı, dünyagörüşü çərçivəsində Fatimə bunların mahiyyətini başa düşür, qiymətləndirirdi: bir ana kimi, qızının gələcəkdə xoşbəxt olmasını istəyir və tamamilə şükür edirdi ki, uşaqlıqdan bir gün görməyən, yarıac-yarıtox yaşayan Siminbər nəhayət, bəxtəvər olacaq, öz evi, ailəsi, səadəti olacaq. O, ailənin ilk uşağı idi, deyirlər, ilk uşaq çox vaxt xoşbəxt olur. Təki olsun.

Hər şeyi ətraflı danışıb həll eləyəndən sonra Məleykə xanım Fatimə bacı ilə öpüşüb görüşüb ayrıldıqda, Siminbər utana-utana da olsa ona yaxın gəlib:

– Gedirsiz, Məleykə xanım?—dedi.

– Hə, qızım. Deyirəm gedim yavaş-yavaş.—Onunla da iki-üç kəlmə kəsmək istədiyindən söylədi: — Məni ötürərsən, qızım?

– Əlbəttə, Məleykə xanım.

Məleykə dönüb uşaqlara «xudafiz» deyəndən sonra əlini böyründəki Siminbərin çiyninə qoyub darvaza qapısına sarı yollandı. Həyətin qarı təmizlənmişdi. Əhədullamı, uşaqlarmı qarı kürüyüb maşın keçə biləcək endə yol açmışdılar. Məleykə heç nəyə fikir vermirdi, onun baxışları Siminin içəridəki istidənmi, çöldəki şaxtadanmı qıpqırmızı qızarmış yanağına dikilmişdi. Qızın sifətində gəncliyin və gözəlliyin solmaz və təbii təravəti vardı; üstəlik gözlərində də sözlə ifadə oluna bilməyəcək bir bəxtəvərlik nişanələri rəqs edirdi. Məleykə xanım Siminin də fikrini bilmək məqsədilə addımlarını yavaşıdıb soruşdu:

– Hə, Siminbər, qızım, belə-belə işlər. Sən özün bu məsələyə necə baxırsan, qızım?

– Hansı məsələyə? — o, bilsə də təkrar soruşdu,—Hansı məsələyə, Məleykə xanım?

– Elməddinlə izdivacı deyirəm. Razısanmı? Siminbər başını aşağı salıb bir az da qızardı.

– Hə, razısanmı?

—…

– Susmaq, deyirlər, razılıq əlamətidir. Elə deyilmi?

– Əksər hallarda, hə. Ancaq mən bilən həmişə yox!

– Lakin indiki halda sənin susmağını mən yalnız razılıq əlaməti sayıram. Məhəbbət var ki, sözsüz-sovsuz doğulur, yaşayır. Mənə elə gəlir ki, sizin ünsiyyətiniz də beləcə, sözsüz-söhbətsiz yaranıb. Belə məhəbbətlərin daimiliyinə, pozulmazlığına mən daha çox inanıram, Simin. Sən bəlkə də hələ bilmirsən, ancaq bilməlisən, başa düşməlisən — sənətkar arvadı olmaq çox çətin işdi, Simin. Onlar zahirən adi adamlardan seçilmir, ancaq əslində, tamam ayrı aləmdə yaşayan adamlar olurlar — yəni onların öz dünyası, aləmi olur. Gərək sən o aləmi az-çox duyasan, başa düşəsən, ən ümdəsi isə kağız-kuğuzu, qələmi, stolu onu sənin əlindən alan dəqiqələrdə, saatlarda, günlərdə dözəsən, qısqanmayasan, qızım. Əgər buna dözə bildin, demək o sənindi, sən də onunsan. Dözmədin, onun daxili aləminin qapısını açıb oranın əsl sahibi kimi hərəkət eləməyi bacarmadın, onda axırı ayrılıqdı, uzaqlıqdı, yadlıqdı. Onu sən nə pulunla, nə gözəlliyinlə özünə bağlaya bilməzsən, uçub gedəcək. Necə ki, Zərrintac o qədər var-dövlətiylə, o cür gözəlliyi ilə Elməddini əlində saxlaya bilmədi. Bilməzdi də. Çünki mən baxmışdım, fikir vermişdim: onda hər şey vardı — ancaq arvadlıq yox idi.

– Nə? — deyə bayaqdan Məleykə xanımın söhbətini, mühakimələrini dinləyən Simin bu son kəlamını başa düşmədiyindən nazik qaşlarını çatıb soruşdu: — Arvadlıq?

– Bəli, qızım. Arvadlıq. Sən elə bilirsən ki, hər əyninə don geyib başına ləçək bağlayan, döşü-başı olan arvaddı məgər? Yox, qızım. Necə ki hər şalvar geyib başına papaq qoyan da kişi deyil, qızım. Arvadlıq da, mən deyərdim, bir elmdi.

– Elmdi?

– Bəli, qızım. Arvadlıq, hər şeydən əvvəl, namuslu-qeyrətli olmağı bacarmaqdı, arvadlıq təmizlikdi, evdarlıqdı, kişiyə canıyananlıqdı, qulluğunda durmağı bacarmaqdı, bir sözlə, xoşbəxt eləməyi bacarmaqdı kişini, qızım. Bax, bu elmi bilən qadın, nəticə etibarilə, özünün də xoşbəxtliyini təmin etmiş olur. Siminbər Məleykə xanımın söhbətinə diqqətlə qulaq asırdı, hər sözünü yadda saxlamağa çalışırdı. Ona elə gəlirdi ki, bunlar ona su və hava kimi lazım olacaq; onun özünün də səadəti müəyyən dərəcədə bu «elmi» necə tətbiq eləyə biləcəyindən asılıdır. Məleykə xanım həqiqətən, yaxın və canıyanan bir adam kimi, istəyirdi ki, Simin dediklərini yadında saxlasın, həyatını qurarkən ağıllı olsun, gələcək ərinin səadətini təmin etmiş olsun. O yaxşı bilirdi ki, anası Fatimə, əlbəttə, savadsız qadındı, təcrübəsi çox olsa da, görüb-götürdüyü azdı və qızına belə şeyləri deməyə qadir deyildi. Bunları Elməddinin xatirinə Məleykə xanım bəri başdan Siminbərə başa salmağı öz analıq, bacılıq borcu sayırdı.

– Mənim kişim şairdi, bunu sən yəqin bilirsən.

– Bəli, Məleykə xanım, Elməddin mənə onun barəsində çox danışıb. Siz xoşbəxt qadınsınız ki, elə əriniz var, hamı tanıyır, hamı sevir, hamı ona qibtə hissilə baxır.

– Hə, bunu mən də görürəm və ürəyim fərəh duyğusu ilə doludur. Çoxunun kənardan pərəstişkarlıqla baxdığı, qeyri-adi adam hesab elədiyi Şəfi, — sağlıq olsun görəcəksən, — çox sadə, çox adi bir adamdı, qızım. Məncə, onun böyüklüyü sənətində və eyni zamanda sadəliyində, adiliyindədi. Mən, bir qadın kimi, ömrümü ona həsr eləmişəm, uşaqlarıma həsr eləmişəm. Elə bilmişəm ki, (o da mənim bir övladımdı; mən Şəfiyə yalnız bir ər kimi, kişi kimi baxmamışam; eyni zamanda ona ərköyün, ancaq ağıllı bir uşaq kimi qulluq eləmişəm; o da mənim bu fədakarlığımı qiymətləndirib, başa düşüb, məni heç vaxt ucuz tutmayıb. Bəli, biz belə yaşamışıq, uzun illər boyu belə yaşamışıq və yəqin ki, ömrümüzün axırınacan da elə bu cür yaşayacağıq, qızım. Bunları sənə ona görə deyirəm ki, sən də bu gün-səhər ailə quranda belə işlərə, belə incə mətləblərə diqqət yetirəsən, lap ilk gündən diqqət yetirəsən. Bunlar sənə xırda məsələlər kimi görünə bilər. Ancaq bunlarsız xoşbəxtlik yoxdu həyatda, qızım. Kişi ailə həyatının ilk mərhələsində, başlanğıcında qızmar kürədən çıxarılmış isti və yumşaq dəmir kimi olur. Hansı şəklə saldın isti-isti, elə o cür də qalacaq, axıracan elə qalacaq. Elə qadın da belədi. Vaxt keçəndən, o dəmir soyuyandan sonra onu düzəltmək, istədiyin şəklə salmaq çətin olur, çox çətin, qızım — o, ani duruxdu, qızın diqqətlə qulaq asdığını görüb gülümsünərək əlavə elədi: — Bilirsən bunları sənə niyə deyirəm, qızım?

– Bəli, Məleykə bacı, bilirəm.

– Ay sağ ol, bala. İndi sən daha uşaq deyilsən, bu gün-sabah bir evin xanımı olacaqsan. Elməddin də elə Şəfi kimi bir adamdı, yəni qələm sahibidi, şairdi. Bu şairlər isə, qızım, qəribə məxluq olurlar. Mən deyərdim ki, onlar əskərdirlər, vətənin ömürlük əskərləridirlər. Onlar bəzən müdrikdilər, bəzən ərköyün uşaqdılar. — Sözü bura çatanda birdən Məleykə xanım Siminbərin nazik jaketdə üşüdüyünü, kicgahındakı xırda tüklərin biz-biz olduğunu görüb: — Deyəsən, səni soyuqda çox saxladım, qızım, — dedi. — Üşüyürsən, deyəsən. Get evə, mən də gedim Elməddini sevindirim, bizdədi. Şəfi ilə oturub.

Məleykə belə deyərək qızın cavabını gözləmədən əyilib alnından öpdü:

– Sağ ol, qızım, çox şad oldum.

– Mən də...—söylədi utana-utana Siminbər.

Məleykə ondan ayrılanda bir də qızın allanmış yanaqlarına, nəsə gizləyə bilmədiyi bir səadətlə parlayan gözlərinə baxıb:

– Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım!—deyərək uzaqlaşdı.

—…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 min
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 min
Dördüncü hissə, beşinci fəsil

Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.

12 min
Dördüncü hissə, altıncı fəsil

Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.

5 min

Poems by other poets