Dördüncü hissə, üçüncü fəsil
Page 1 of 2
Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.
Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»
– deyə düşündü, hisslərini cilovlaya bilmədi və bir də onda ayıldı ki, kürsünün üstünə çıxıb!.. Ucsuz-bucaqsız izdihama baxıb bir an duruxdu, udqundu. Şer də yadından çıxdı. Amma xoşbəxtlikdən, tez yadına düşdü.
– Hüzzare-möhtərəm! Mən bu xoş və məsuliyyətli gündə yenicə yazdığım şeri sizə oxumaq istəyirəm, — deyib başladı:
Zalimin qəlbi yox, qulaqları kar!
İnsafdan, mürvətdən uzaqdır zalim.
İzdiham uğuldadı. Sürəkli alqışlar o qədər güclü idi ki, o, sözünün ardının eşidilməyəcəyini görüb susdu. Elməddin fikrində yanılmadığını başa düşüb çox sevindi, ürəyi fərəhlə, gözləri işıqla doldu.
...Şahin kürsüdən on beş-iyirmi addım aralı dayanmışdı. Ömründə birinci dəfə belə mərəkə gördüyündən hər şey onun üçün maraqlı idi. Hiss edirdi ki, deyilənlər ürəyindəndi, ona görə də yanındakı yoldaşları kimi ürəklə də əl çalırdı. O qədər çəpik çalmışdı ki, ovcunun içi göynəyirdi. Danışanlardan bir müəllim və bir tələbədən başqa heç kəsi tanıya bilməmişdi, axırıncının şer söylədiyini başa düşəndə ürəyi uçundu və o dəqiqə Elməddin yadına düşdü. Bu kimdisə şairdi yəqin, o, Elməddinin tanışı ola bilər. «Şairlər gərək bir-birlərini tanısınlar» fikrilə yanındakı oğlandan onun hansı şair olduğunu soruşdu. Heyf ki, oğlan da tanımadı. Adını xəbər aldı, adını da ətrafındakılardan heç kəs bilmədi. Bu zaman o, yoldaşlarından ayrıldı, adamların arasııdan güc-bəla ilə sivişib irəli yeridi, o zaman gəlib çıxdı ki, artıq Elməddini cavanlar qolları üstündən yerə qoymuşdular. Tövşüyürdü. Şahin lap yaxınlaşdı. Onu atıb-tutan cavanlardan kimsə şairə müraciətlə:
– Şer lap yerinə düşdü, ağayi Elməddin! — deyəndə... Şahinin qəlbi çırpındı. Sevindiyindən bilmədi neyləsin... Daha Elməddinin o cavana nə dediyini eşitmədi, onsuz da günortadan bəri bu gur izdihamın içində səsə düşmüş qulağı gur-gur guruldayırdı. Ona bir anlığa elə gəldi ki, elə Əfsanənin özünü tapıb — onda, Əfsanəni tapanda necə sevinərdisə, bax, indi də eləcə sevinirdi. Ona diqqətlə baxır, gözlərinin rəngini, qaşlarını, saçlarını yadında saxlamağa çalışırdı. Qəribə bir qorxu hiss edirdi — birdən onu bu izdihamın içində itirə bilər. Heç olmasa sonra, haçansa, hardasa rast gələndə tanıya bilsin. Onun nəzərində Elməddin qəşəng oğlan idi, şerindən də hamının xoşu gəlmişdi — deməli yaxşı da şairdi. Demək, budur Əfsanənin əri. Dünyanın ən xoşbəxt adamı. Sevdiyinin sevdiyi. Həsrətini çəkdiyi gözəlin illərlə, uzun illərlə həsrətini çəkdiyi insan.
Görəsən, Əfsanə şəhərə qaçıb gedəndən (Şahin məhz belə düşünürdü — qaçıb gedəndən) sonra Elməddini tapa bildimi? Tapıb da sakitləşdimi? Kaş tapaydı! Yox, tapsa... bu, o deməkdi ki, əlvida, Əfsanə! Axı Elməddin onun əridi! Yox, yox. Qoy belə olmasın, qoy Əfsanə Elməddini tapa bilməsin, axtarsın, axtarsın, ancaq hələ tapa bilməsin. Qoy onu Şahin Elməddindən qabaq tapsın, onu görsün, sevdiyini, onsuz yaşaya bilmədiyini söyləsin, başa salsın. Əfsanə onu başa düşər, sevər, qəbul edər. Bu çalpaşıq fikirlər məngənəsində çapalayırdı Şahin. Gözləri Elməddinə baxırdı, ancaq onun yanında Əfsanəni də görürdü. Elə anlaşılmaz hisslər keçirirdi ki, bu dəqiqə öz-özündən də baş aça bilməzdi.
Yaxınlaşıb Əfsanəni ondan soruşmaq istəyirdi, ancaq utanırdı, elə bil tilsimə düşmüşdü. Nə danışa bilirdi, nə də susmağa hövsələsi çatırdı. Həyəcan içində ayağının birini götürür, o birini qoyurdu. Nəhayət, axşam düşüb hava tutqunlaşmağa başlayanda, Elməddin təklənib seyrəkliyə çıxanda, Şahin də dəstədən ayrılıb dalınca düşdü. Elməddinin yerişindən də bilinirdi ki, kefi kökdü. Əlində tutduğu köhnə ruznaməni sağ qıçına vura-vura şəhərin içinə doğru addımlayırdı. Şahinlə onun arasında beş-altı addım məsafə vardı. Şahin ha çalışırdı bu fasiləni qısaltsın, ona çatsın, ancaq bacarmırdı. Qəribə bir mütilik, utancaqlıq onun ayaqlarına sanki buxov vurmuşdu.
Elməddin isə... hiss eləmişdi ki, arxasınca kimsə gəlir, şübhə yoxdur ki, onu izləyir bu adam. Həmin fikrinin düz olub-olmadığını yoxlamaq üçün iki-üç dəfə səmtini, yolunu dəyişdi. Dalınca gələn adam da eynən onun kimi elədi. Daha Elməddində şübhə yeri qalmadı. Özünü danlamağa başladı. Nahaq çıxış eləmişdi. Danışmasaydı, heç kəs onu təqib etməyəcəkdi. Bəlkə heç burda olduğunu da bilən olmayacaqdı. Amma indi, güdürdülər, demək, hara getdiyini kimlərlə əlaqə saxladığını yoxlamaq istəyirdilər. Və kim bilir, bu özbaşına, icazəsiz çıxış ona və yoldaşlarına nəyin bahasına başa gələcəkdi... Əvvəlki qərarına görə, Şəfinin yanına getməli idi. Bu fikrini dəyişdi. Evə də getmək istəmirdi.
Cadeyi-Nadirpuştunda fürsət tapıb gələn adama baxa bildi və tanıdı. Bu, bayaq, camaatın arasında, iki-üç addımlığında dayanıb ona diqqətlə tamaşa eləyən, söhbətlərə qulaq asan qəşəng bığ yeri yenicə tərləmiş oğlan idi. Elədir ki, var. Şübhə yox, o, sazmane-əmniyyənin işçisidir və onu təqib edir!
Bu şübhəli, qorxulu fikirlər hələ çox davam edə bilərdi, ancaq Şahinin qəti hərəkəti buna son qoydu. Şahin birdən-birə addımlarını yeyinlətdi, Elməddinə çatdı və tam arxayın bir səslə:
– Ağayi Elməddin, bağışlayın, sizi bir dəqiqə... — dedi. Elməddin dayandı və elə o an ürəyindən: «Mənim adımı da bilir, hərif» — deyə keçirtdi və təəccüblə qaşlarını çataraq:
– Buyurun, ağa! — söylədi.
– Üzbəüz dayandılar. Şahin nə deyəcəyini, hardan başlayacağını sanki unutmuşdu — bir anlığa gözlərini döyə-döyə Elməddinin sual dolu sifətinə nəzər saldı. Elməddin hövsələsiz halda:
– Mən sizi dinləyirəm, ağa! — dedikdə Şahin onun əsəbilnyinin səbəbini dərhal başa düşdüyündən gülümsündü:
– Ürəyinizə ayrı şey gətirməyin, ağayi Elməddin. Mən... Mən Şahinəm.
– Kim?
—…
– Kimsiniz dediniz?
– Şahinəm mən... Bəlkə də... Siz məni heç tanımırsınız... Amma mən sizi yaxşı tanıyıram... Əfsanə... sizin haqqınızda mənə çox danışıb, ağayi Elməddin...
Qarşısındakı oğlanın dilindən «Əfsanə» sözünü eşidən kimi Elməddinin sinirləri boşaldı, gərginliyi harasa uçub getdi və o, rahat nəfəs aldı. Deyəsən, bir «Şahin» adı da eşitdi! «Şahin?» «Şahin kimdi?». Yaddaşının səhifələri külək əlinə düşmüş kimi sürətlə vərəqləndi və hardasa, hansı nöqtədəsə o adın üstünə işıq düşdü və tam aydınlığı ilə oxundu. Bəli, bu Şahin həmin Şahin idi, Əfsanənin uzun illər evlərində qaldığı Reyhan arvadın nəvəsi Şahin idi. «Deməli, belə! Bax, bu oğlandı sənin Əfsanəni sevən, Elmi — gözlərini yaxşı-yaxşı aç, yaxşı-yaxşı bax!» Qəlbi qəribə bir hissin — özünün də anlamadığı bir hissin təsiri altında sıxıldı Elməddinin. Ona elə gəldi ki, qabağında dayanan bu arıq, ucaboy cavan oğlan hardansa, naməlum bir aləmdən gəlib onun rahatlığını, səadətini, şirin yuxusunu, sevincini — çox çətinliklərdən sonra tapdığı bütün bu xoşbəxtlikləri əlindən alıb aparsın! Üzündə bir qətiyyət var bu oğlanın. Qırımından iradəli, möhkəm, sözünün üstündə duran adama oxşayır! Elməddin ona qarşı anlaşılmaz bir nifrət hiss elədi. Çevrilib getmək istədi, ancaq qəfil yadına düşdü ki, bu, kobudluq, mədəniyyətsizlik olar; üzünü görmədiyi o Reyhan arvadın Əfsanəni ölümün cəngindən qurtarması illərlə onu öz balası kimi qanadı altına alıb saxlaması müqabilində Elməddinin belə eləməsi çox böyük hörmətsizlik, qədirbilməzlik olardı. İndi Reyhan arvadın nəvəsi durmuşdu qənşərində — heç olmasa ona hörmətini, razılığını bildirməli idi Elməddin. Bundan əlavə, açıb-ağartmasa da, hətta Siminin özünə də (Əfsanəyə deməzdi) etiraf eləməsə də, qəlbindəki şübhə ona rahatlıq vermirdi Əfsanə tapılandan sonra. Elə bil beyninin, qəlbinin içində bir qurd gizlənmişdi — bu, şübhə qurdu idi. Hərdən tərpənirdi, ona əziyyət verirdi — bu zaman o, Əfsanəyə inamsız baxışlarla baxırdı, belə gözəl bir qadının indiyənəcən kiminsə əlinə keçməməsinə inanmaq istəmirdi. İkinci bir adam, şahid yox idi ki, Əfsanənin dediklərinin həqiqət olduğunu təsdiq eləsin, yox idi. Bax indi, belə bir adam öz əl-ayağı ilə gəlib çıxmışdı, sanki göydən düşmüşdü. Eyni zamanda bunu da dərk edirdi ki, soruşmaq da qorxuludur. Birdən bu uşaq... (o Əfsanə kimi onu uşaq hesab eləyirdi nədənsə) elə şey deyər ki, Əfsanənin yalanı çıxar, Əfsanə gözündən düşər. Onda gərək Əfsanə şələ-küləsini götürüb rədd olub getsin — başqa yolu yoxdur. Elməddinin gözündə Əfsanənin təzəlikcə, o tapılandan sonra daha da gözəl, daha da sevimli eləyən bir də onun təmizliyi idi, namusunu qoruması idi, Elməddin istəmirdi ki, fikrində, xəyalında bu uca mərtəbəyə yüksəltdiyi, dözüm timsalı saydığı Əfsanə birdən-birə o ucalıqdan düşüb çilik-çilik olsun, dağılsın və Elməddinə təzə bir dərd olsun. Çaşıb qalmışdı: maraq da güclü idi, qorxu da...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.
Üçüncü hissə, yeddinci fəsilHər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda
Poems by other poets
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.