Saldın
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,Ayrı saldın vətənimdən, elimdən,Gör götürüb hardan harayə saldın
Əlindən vallahi könlüm xoş olmaz,Eylədiyin mənə yaxşı iş olmaz,Nə ata, nə ana, nə qardaş olmaz,Hamısından məni irayə saldın
Bəsdir məndən dəxi sən çək əlini,Yaman demə, qoy özünə dilini,Bir ah çəkib yandırram elini,Niyə belə məni cəfayə saldın
Tüf olsun üzünə, utan, utanmaz,Bir söz desəm kimsə ona inanmaz,Di görüm, neylədim sənə aqanmaz?Məni satlıq edib sədayə saldın
Məgər sənin yoxdur qorxun Xudadan,Nə istərsən, bilmən, mən binəvadan,Yetim qoydun məni atadan, anadan,Həm qohum-qardaşdan uzayə saldın
Kimə edim, bilmən, səndən şikayət,Mənimlən başlıyıbsan bunca ədavət,Çəkərsənmi, görən, bircə xəcalət,Məni ki nahaqdan ah-vayə saldın
Sən ki mərdləri namərd edərsən,Xalqın bir dərdin yüz dərd edərsən,İndən belə dəxi nə şərt edərsən,Sağalmaz dərdimi dəvayə saldın
Hər kəs görsə məni, divanə dir,Çoxları sevinib biganə dir,İndən sonra hamı pərvanə dir,Canımı yandırıb çirayə saldın
Şikəstəxatirin bəxti qaradır,Yürəyi sərbəsər dolu yaradır,Di görüm dərdinə bəs nə çarədir,Onun ki bəxtini qarayə saldın
Kitabxana.az · https://kitabxana.az/en/works/sikestexatir-saldin
Use ← → keys to move, R for a random poem