Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.

Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

Elməddin ayaq üstə ölmüşdü. İki gündü ki, boğazından tikə belə ötmürdü. O, özünü Əfsanənin ölümündə günahkar bilirdi. Təkcə ona məlum idi ki, gəlin bu təhlükəli addımı niyə atıb, niyə öz şirin canına qəsd eləyib, sonra fikri dönürdü; bəlkə ayağı sürüşüb çaya düşüb? Yox, bəs məktub? Bu ki gün kimi aydın məsələ idi. Əfsanə şüurlu surətdə bu işə qol qoyub! Elməddin hər gün səhərdən ta gün batanacan çayın sularına baxa-baxa sahildə gəzirdi. Sulara baxmaqdan gözü yorulmuşdu. Hər dəqiqə ona elə gəlirdi ki, indicə möcüzə baş verəcək — Əfsanə suların içindən baş qaldırıb hüznlü, qəmli səslə deyəcək: «Mən burdayam, Elməddin. Məni axtarma!» Onda Elməddin tez özünü ona tərəf atacaq: «Gəl, Əfsanə, gəl. Bağışla məni. Mən sənə zülm etdim. Qəlbini qırdım, təhqir etdim səni. Gəl, Əfsanə, gəl».

– Yox, daha gecdir, Elməddin! Mən sular pərisi olmuşam. Mən daha sulardan çıxa bilmərəm. Əlvida!» — deyib yenə lilli sularda yox olacaq.

Elməddinin gözlərindən yaş çıxmırdı, o ancaq ürəyində ağlayırdı. Baş vermiş hadisənin dəhşətini də, cəzasını da bütün aydınlığı ilə dərk eləyən Elməddin qəlbən qocalırdı: bu günlər elə düşkün və əzgin olmuşdu ki, yaşayıb-yaşamadığının belə fərqinə varmırdı. Ancaq çayın sahilinə gələndə ürəyində bir tərpəniş yaranırdı; bu saat heç olmasa Əfsanənin cəsədi tapılacaq... «Qayalıq» deyilən yerdə belə hər daşın, qayanın dibini uzun ağacla yoxlayırdı. Gücü çatsaydı, imkanı olsaydı, suyun qabağını dayandırar, bütün daşları tərpədər, axtarardı; Əfsanəni tapmayınca rahatlıq, dinclik bilməzdi. Əsla bilməzdi. Şey itirmək necə çətindi? O ki insan ola, canlı insan?!

Səbihənin matı-qutu qurumuşdu. Arvadın ürəyinə qara-qara fikirlər gəlirdi, «Yəni bizim ocağa şadlıq düşmür, ya rəbbi?! Bizi qarğayıblar, nədir?» — deyir, gah Həzrətgülgilə, gah çayın qırağına baş çəkirdi. Nazənin — təkcə Nazənin göz yaşı töküb ağlayırdı, çünki o, Əfsanənin necə mehriban, xoşxasiyyət, eyni zamanda, bədbəxt qız olduğunu deyəsən hamıdan yaxşı bilirdi; axı o özü də elə talecə Əfsanəyə az-çox oxşayırdı.

Səbihə üçüncü gün kəndin mollasının yanına getmişdi. On beş gün bundan qabaq Əfsanənin kəbinini Elməddinə kəsmiş molla indi onunçün kitab-quran açırdı.

Uzunsov, qalın, cildinə parça çəkilmiş kitabdan gözünü ayıran molla Qulu sağ əlilə ağ saqqalını tumarlaya-tumarlaya Səbihəyə deyirdi:

– Qurani-şərif deyir ki, bir ağ göyərçin göylərdə qanad açıb uçur... Yəni bu gəlamı-şərifin mənası budur ki, qızın, yəni sənin gəlininin ruhu göylərdədir. Başa düşdün?

Səbihə gözlərini döyəndə molla izah etdi:

– Yəqin ki vəfat eləyib!!!

– Ağa, çaya düşüb boğulsaydı, indi meyiti qayalığa çatmışdı. Çatmaz yəni deyirsən?

– Onu deyə bilmərəm, Səbihə, amma onu deyə bilərəm ki, göyərçin uçur..

Həftə tamam olmuşdu. Lakin Əfsanənin meyitindən əsər-əlamət yoxdu. Burada ayrı söhbətlər ortalığa çıxmağa başladı ki, Elməddinin düşdüyü vəziyyəti daha da gərginləşdirdi. Xəbər yayılmağa başladı ki, Əfsanə çaya düşüb boğulmayıb; boğulsaydı, indi cəsədi qayalıqdan tapılmışdı!! Əfsanəni götürüb qaçıblar. Kim? Azdımı dəli-qanlı cavanlar? Ədnan camaatından elə iş edən olmazdı. Bunu hamı bilirdi.

Qocaların, qarıların, qeybətcil gəlinlərin əlinə yaxşıca söhbət düşmüşdü — oturub-durub Əfsanədən danışırdılar.

Biri deyirdi:

– Dininizi-imanınızı yandırmayın. Əfsanə — bir həftənin gəlini başqasına qoşulub qaçmaz.

– Qaçmaz ey! — o biri cavab verdi, — götürüb apararlar.

– Uşaqdı — Əfsanənin nə yaşı, nə canı vardı ki?

– Təki ölməsin, yazıqdı. Qaçırmaqlarının eybi yoxdur, bu kişi olmasın, başqa kişi olsun — onunçun nə tafoutu var.

– Yox, ay qız, tafoutu çoxdu. Deyirlər, lap cavanlıqdan, Yusifdən də qabaq onu Elməddin istəyirmiş, dərdindən lap dəli-divanə imiş!

– Hə??.

– Bəs nə?! Yoxsa... nə vardı ki!!

– Əgər onu götürüb qaçıblarsa, gərək Elməddin başına kişi papağı qoymasın. Bir həftənin gəlinini çəkib aparsınlar, sən də dur bax?!

– Yazıq neyləsin aaz? Bilirmi ki, kim aparıb?!

– Adam gərək daş dəyən yerini bilsin.

Belə söhbətlər demək olar ki, hər güncdə-bucaqda gedirdi. Bir-birinə rast gələn iki adam bu barədə öz fikrini müsahibinə deməsəydi, ötüb keçməzdi. Günlərin birində söz-söhbət gəlib Səbihənin qulağına çatdı, o isə özünü saxlaya bilməyib məsələni Elməddinə çatdırdı.

Oğlan: «götürüb qaçıblar!» sözlərini eşidəndə gözləri hədəqəsindən çıxdı, qalın qaşları dartılıb kirpiklərini yuxarı çəkdi.

«Götürüb qaçırıblar?!.» ...Bu, ağır bir zərbə kimi Elməddinin başına dəydi və onun gözlərinin qənşərində qığılcımlar oynadı.

– Camaat deyir, götürüb qaçıblar, hə?!

– Belə deyirlər, bala!

– Kim axı?

– Bilən yoxdur.

– Yalan sözdür, Əfsanə çayda boğulüb,— deyə Elməddin axır günlər özü də şübhə eləməyə başladığı fikrini qətiyyətlə təkrar etdi, – boğulub. Vəssalam. Çünki bu məsələ namus-qeyrətlə bağlı idi. Çox da ki Elməddin ona «sən qardaşımın arvadı olubsan, mən səninlə bir yastığa baş qoymaram!»— deyib. Bunu kim eşidib, kim bilir? Amma bunu hamı bilir ki, Əfsanənin kəbini mənə kəsilib, qonaqlıq olub... Bax, bunu hamı bilir! — bu sözlər onunçun ölüm hökmü kimi səslənirdi. «Qaçırıblar, qaçırıblar...» — sözləri qulaqlarında gecə-gündüz səslənirdi.

– Abrımız töküldü, — deyə Səbihə də bu adı öz mənliyinə sığışdıra bilmir, hirsindən partlayırdı.

– Əfsanə ölüb!—deyə Elməddin astadan danışırdı. — Ölüb Əfsanə!

Nə qədər qəribə olsa da, bu saat gəlib desəydilər ki, gəlinin meyiti çaydan tapıldı, Elməddin buna sevinərdi. Sevinərdi, sonra isə hönkür-hönkür həlak olmuş Əfsanə üçün ağlardı. Çünki, bu ad məsələsi idi, namus məsələsi idi.

– Təki elə olaydı, ay bala! Öləydi bu qarabaxt, ayağı bizim evə dəydi-dəymədi, bədbəxtlik bədbəxtlik dalınca gəldi üstümüzə.

Elməddinin cəhənnəm əzablı günləri çoxdan başlamışdı. — Əfsanəni almaq məsələsi ortalığa çıxandan. Ancaq daha üst-üstə yığılan bu əzablara dözmək getdikcə çətinləşirdi. Küçəyə-bayıra çıxmağa utanırdı. Baxışların hamısına ürəyindəki mənanı verib başını aşağı dikir, gözünü-gözlərdən yayındırırdı. Kənarda, uzaqda tamam başqa şey üçün gülənlərin də gülüşünə ayrı məna vermrdi. «Biqeyrət, binamus, gör necə də arxayın gəzir, arvadını aparıblar, heç vecinə deyil!» — onun baxışlardan, gülüşlərdən çıxartdığı yeganə nəticə bu idi... Qarışıq hisslər içərisində bunu da dərk eləyirdi ki, Əfsanə onun üçün nə qədər doğma, nə qədər yaxın bir varlıq idi... Sən demə, onun həyatını mənalı eləyən (uzaqdan da olsa), onun qəlbini isidən, yaşadan Əfsanə imiş. Qədrini bilmədiyi, qiymətləndirmədiyi Əfsanə imiş! Öləndən sonra qədir-qiyməti bilinən Əfsanə onun həyatının yarısı imiş, sən demə!

Elməddin bunu gec dərk etdiyinə heyfsilənirdi.

Bir axşam o, anasına dedi:

– Mən gedəcəyəm.

– Hara, ay oğul?! — Səbihə təşvişlə soruşdu. Əfsanəni axtarmağa!!

– Elə bil, tapdın, a bala, Əfsanəni, neynirsən daha onu?

– …

– Özgə əli dəymiş...

– O özkə əlini kəsməyə gedirəm, ana!!! Mən camaatın üzünə baxa bilmirəm. Hamı mənə gülür, rişxənd eləyir. Mən getməliyəm. Tapmalıyam... Tapmasam, bu kəndə qayıtmayacağam, ana?!

– Otur yerinə, oğul. Bizi təzədən qana salma.

– Yox, ana. Mən gecəykən getməliyəm.

Elməddini fikrindən daşındıra bilməyən ana Yusifdən qalmış bıçağı və bir dəstə pulu ağlaya-ağlaya gətirib oğluna verdi:

– Allah amanında, bala.

Elməddin anasını öpdü və iti addımlarla həyətdən çıxdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, doqquzuncu fəsil

Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.

6 min
Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 min
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 min
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 min

Poems by other poets