...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.

Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

Əqdəm xəfifcə Gülümsünərək qəfildən, iri əskər addımları ilə irəli yeriyib Gülmirəni bağrına basdı, üzündən, gözlərindən öpməyə başladı. Heç bir şey dərk eləməyən Gülmirə Əqdəmin ancaq bu sözlərini eşidirdi:

– Məni bağışla, Gülü! Məni bağışla!

Qızğın, hərarətli öpüşləri ilə ara vermədən tövşüyə-tövşüyə dediyi bu sözlərdən başqa elə bil, ayrı söz bilmirdi:

– Məni bağışla, Gülü!

– Axırı gəldin, Əqdəm?

– Gəldim, Gülü, sənsiz mənim nə həyatım?!.

– Bilirdim, gec-tez gələcəksən. Səni həmişə gözləyirdim, gecə də, gündüz də. Elə bilirsən, sən gedəndən sonra, daha göylərə baxmaq adətimdən əl çəkmişdim? Yox, Əqdəm! Təyyarə səsi eşidəndə ürəyim uçunurdu. Yuxumda da təyyarə səsi eşidirdim, fikrimdə də təyyarə uçurdu. Mən həyatımı bu səssiz təsəvvür eləyə bilmirəm, Əqdəm. Çox arzulayırdım ki, quş olum, uçum, sənin təyyarənə çatım deyim, Əqdəm, qayıt evimizə, qayıt deyirəm sənə, Əqdəm! Mən günahsızam sənin qarşında, qayıt, Əqdəm!

Gülmirə bu sözləri deyə-deyə gözlərindən yaş axıdırdı. Sevincindən ağlayırdı. Çünki Əqdəm qayıdıb gəlmişdi. Gülmirə daha tək qalmayacaqdı. Təklik, unudulmaq — böyük dərddi. Bunu bu ötən aylar ərzində öz dərdləri ilə yalqız qalanda Gülmirə yaxşıca hiss eləmişdi.

– Ağlama, Gülü! — deyə Əqdəm onun yaşlı gözlərindən öpə-öpə yalvarırdı.— Ağlama!..

Gülmirə bərkdən çırpılan pəncərənin səsinə səksəkəli halda çarpayısından qalxdı. Əvvəl harada olduğunu ayırd edə bilmirmiş təki yan-yörəsinə baxındı. Bəs Əqdəm hanı? O özü də paltar yumurdumu? Yox, yuxu görürmüş, Əqdəm yuxusuna giribmiş. Bayırda bahar küləyi əsirdi. Otağa sərin yel dolur, pəncərə pərdələrini oynadırdı. Dibçəkdəki güllərin yaşıl yarpaqları, əlvan ləçəkləri də asta-asta yırğalanırdı...

... Bu gün istirahət günü idi. Gülmirə səhər çörəyini yeyəndən sonra masanın arxasına keçmiş, yazı-pozusunu qabağına töküb oxumuş, iki-üç səhifə də, çoxdan düşündüyü, fikrində ölçüb-biçdiyi məqaləsindən yazmışdı. Onun işdən çıxmaq arzusu baş tutmamışdı. Aslanzadənin sözünün qabağına söz çıxara bilməmiş, istər-istəməz razılaşmalı olmuşdu. Özündə, daxilində əvvəllər duymadığı bir hiss baş qaldırmışdı: bu yolu axıradək getmək! Bu yolda ya ölmək, ya son nəfəsədək irəliləmək! Akademik Aslanzadə kimi bir adam ona inanır, demək, bu inamı doğrultmaq gərəkdir, nəyin bahasına olursa-olsun! Yox, nəyin bahasına olursa-olsun yox, öz gücünə, öz qüdrətinə arxalanmaq bahasına! Oturmaq, gecə-gündüz çalışmaq, bu işlə fikrənzikrən yaşamaq hesabına! Zəif olar — yenidən yazarsan! Pis çıxar — ikinci dəfə, üçüncü dəfə yazarsan! Uzun müddətdən bəri onun varlığında yuva salıb qol-budaq atmış süstlük, qorxu, zəiflik sanki Orxanın, Salmanın, onu qəzetdə ağızdolusu tərifləyən müəllifin, Aslanzadənin qüvvət və inam dolu səsi müqabilində əriyib yox olmuş, yerində dönüb-dəyişməz bir inadkarlıq əmələ gəlmişdi. İndi onun qarşısında bircə məqsəd vardı: məcmuədə çıxmış məqalədən zəif yazmamaq, heç olmasa o səviyyəyə qalxmaq. Artıq istəmir, heç nə istəmir! Ancaq o, həmin məqalədən aşağı səviyyəli əsər yazmamalıdır, qətiyyən yazmamalıdır!

Gülmirəni düşündürən yalnız bu idi. Lakin Əqdəm onun fikrindən çıxmırdı. Təyyarə səsi Gülmirəni gecə-gündüz rahat buraxmırdı. O səsi necə unutmaq olardı? Əqdəm yuxusuna girmişdi. Aşkarda itirdiyi Əqdəmi yuxusunda tapıb təzədən itirmişdi. Kim bilir, bu neçənci dəfə idi?

Gəlmirdi. Görünür, gəlməyəcəkdi.

Gülmirə ertədən bişirib hazırladığı küftə-bozbaşdan bir qaba çəkdi. İştahla yeyə bilmirdi. Gözləri tez-tez yol çəkirdi. Gözləyə-gözləyə yeyirdi. Əqdəm elə bil, bir dəqiqəliyə harasa çıxmışdı, indicə qayıdıb gələcəkdi. Amma gəlmirdi.

Görünür, gəlməyəcəkdi.

Gün əyilmişdi. Küçədəki oturacağın böyründəki akasiya ağacının kölgəsi səkinin üstündən sürüşüb küçənin üzərinə düşmüşdü.

O, xalatda küçəyə çıxdı, oturacaqda oturdu. Darıxırdı, ürəyi sıxılırdı. «Yuxunun təsiridir»,— deyə özünə təskinlik verirdi. Həmişə Əqdəmi yuxuda görəndə belə fikri dağınıq, pəjmürdə olur, uzun müddət diqqətini bir yerə cəmləyə bilmirdi.

Üçkünc bağın böyründən ağ rəngli maşın burulub bu tərəfə irəlilədi; ağır-ağır irəliləyirdi. Sürücü də, onun yanında oturan kişi də kabinənin pəncərələrindən boylanır, elə bil, ünvan axtarırdılar.

«Bizim məhəlləmizdə ölən olmasın gərək», — deyə ürəyində fikirləşən Gülmirə nəzərlərini ağ maşından çəkmir, nigaran-nigaran baxırdı.

Maşın onun tuşuna çatanda dayandı. Sürücü başını içəri çəkib yanındakı kişiyə nə dedisə, o, qapını açıb yerə düşdü. Maşının qabağından fırlananda Gülmirə onun hərbi geyimli adam olduğunu gördü; leytenant idi. Libasından təyyarəçi olduğunu dərhal başa düşən Gülmirənin ürəyinə xoşagəlməz, cansıxıcı bir hiss axıb doldu. Qolunun qaraya çalan tükləri qabardı, bədənini soyuq bir gizilti gəzib dolandı. Leytenant ucaboylu, enlikürəkli, sarışın adam idi, əlindəki kağıza baxa-baxa qətiyyətsiz addımlarla Gülmirəyə sarı gəlirdi. Tuşuna çatanda ona baxdı, nə isə demək, ya soruşmaq istədi. Bu ara gözləri küçə qapısının üstündəki ünvana sataşanda iti addımlarla Gülmirəgilin qapısına tərəf addımladı. Əlini qətiyyətsizliklə zəngin düyməsinə uzadanda Gülmirə özünü saxlaya bilməyib ayağa qalxdı.

– Sizə... kim... lazımdır?— deyə ağır və dəhşətli bir xəbər eşidəcəyindən qorxa-qorxa soruşdu.

Leytenant diqqətlə Gülmirəyə baxdı və nə üçünsə bu aydın suala birdən-birə cavab verə bilmədi. Neçə saniyə sonra dili topuq çala-çala:

– Siz Əqdəmin yoldaşısınız?— dedi.

– Bəli...

Araya çox da uzun sürməyən, lakin dəhşətli bir süküt çökdü.

Leytenant papağını çıxartdı və başını sinəsinə endirdi. Yalnız bu an Gülmirəyə hər şey aydın oldu. O, alacalanıb böyümüş nəzərlərini fırlayıb ağ maşına baxdı və dönüb leytenanta həzin, qırıq səslə müraciət etdi:

– Yoxsa... Əqdəm...

– Bə...li, Əq...dəmm...— deyə leytenant udqundu. Artıq söz-söhbət gərək deyildi. Bu xəbərdən Gülmirə sarsıldısa da, ah-nalə çəkib küçədə fəryad qoparmadı.

– Yuxum çin oldu, Əqdəm gəldi, — deyə inlədi.

– Vəzifə başında.. təyyarə qəzası nəticəsində... — Leytenant qısaca məlumat verdi.


Tabut da maşın kimi ağ idi, kəfənə bürünmüşdü. Evin ortasında qoyulmuşdu. Gülmirə qara paltar geyinib, tabutun baş tərəfində oturub səssiz-səmirsiz ağlayırdı. Otaq adamla dolu idi. Tanışlar, qohumlar, qonum-qonşular yığılıb gəlmişdi. Xatın arvad, Maşa xala, Nadirə arvadlar arasında xısın-xısın ağlaşırdılar. Salmanla Aslanzadə o tərəfdə fikirli dayanmışdılar. Gülmirənin atası irəli yeriyib:

– Ağlamaqdan bir şey çıxmaz, bala!— dedi.— Öləni ağlamaqla geri qaytarmaq olmur.

Gülmirə ayağa qalxdı:

– Açın tabutu!..

Atası tabutun üstünə əyiləndə qapının ağzında dayanmış leytenant qabağa gəldi və kişinin nə etmək istədiyini başa düşüb, amiranə bir səslə:

– Tabut açılmayacaq!— dedi.

– Necə yəni tabut açılmayacaq?— deyə Gülmirənin atası tərs-tərs leytenanta baxdı.

– Açılmayacaq! — Leytenant təkrar elədi. — Beləcə basdırılacaq!

Yığışanlar bu söhbətin mənasını anlamasalar da, döndərib heç nə soruşmadılar. Araya ağır sükut çökdü. Hamının ürəyində belə bir fikir dolandı: «Görünür, bu cür lazımdır».

Gülmirə bütün varlığını yandırıb-yaxan bir hisslə düşündü: «Yəqin, yazığın tanınası halı qalmayıb».

Əqdəmlə son dəfə necə üz-üzə dayandığını, nə cür ayrıldığını xatırlamağa çalışdı. O, Əqdəmi axırıncı dəfə Orxanın məzarı üstündə görmüşdü. Qəzəbli idi? Yox! Onda Əqdəmin sifətində təəccüb ifadəsi vardı. Gülmirə ərini elə oradaca təşvişlə verdiyi sualları da sanki təzədən eşitdi: «Ö...lən kimdi?.. Kimdi ölən?!.»

Gülmirənin ürəyini bir istək yandırmağa başladı: tabutu açmaq, onun üzünü, yumulu gözlərini son dəfə görmək istədi. Yoxsa o, Əqdə-min ölümünə inana bilməzdi. İnanmaq istəməzdi. Ancaq çox çətinliklə, soyuq bir mühakimə ilə özünü inandırmağa müvəffəq oldu ki, burada heç nə eləmək mümkün deyil. Gedəni geri qaytarmaq, öləni saxlamaq olmaz!

Salman Aslanzadədən ayrıldı, leytenantın qoluna girib onu kənara çəkdi.

– Danış görək, axı, necə olub?— deyə təfsilatı bilmək istədi.

Leytenant -dedi:

– Əqdəm bizim dəstənin ən yaxşı təyyarəçisi idi. Axır vaxtlar fikirli, düşüncəli gəzib dolaşırdı. Söhbət-filan eləyəndə də hiss olunurdu ki, fikri başqa yerdədi.— O bu sözləri deyəndə üç addımlıqda dayanmış Gülmirə də yaxın gəldi, qulaq asmağa başladı.— Bu isə təyyarəçi üçün yaramazdı. Uçuş zamanı təyyarəçinin başında dərd-sər olmamalıdır, o, ancaq uçuş haqda düşünməli, maşının səsinə qulaq kəsilməlidir. İndiki təyyarələrin sürəti də bilirsiniz, necə çoxdur. Uçuş zamanı onun bəzi kənar hərəkətlərə yol verdiyi müşahidə edilmişdi və ona komandanlıq xəbərdarlıq etmişdi. Srağagün gecə biz üç təyyarə aerodramdan qalxdıq. Qırx beş dəqiqədən sonra ikimiz yerə endik, o qayıtmadı. Gözlədik? Radio ilə çağırdıq, ondan cavab çıxmadı. Nəticə məlum idi: təyyarə hardasa qəzaya uğramışdı. Hətta biçarə komanda məntəqəsinə xəbər də verməyə müvəffəq olmamışdı. Səhər axtardıq, dağın ətəyində bir çuxur tapdıq, təyyarənin qırıntılarını on iki metr dərinlikdən çıxartdıq...

Gülmirə çəkilib getdi. Kaş bu söhbəti eşitməyəydi. Bu onun üçün çox ağır, Əqdəmin ölümündən də ağır zərbə idi. «Fikirli gəzib dolanırmış! Demək, mənəm günahkar, sənin qatilin mənəm, Əqdəm!—deyə o, təzədən inildəməyə başladı. — Mən nə bədbəxtəm, ilahi! Mən nə bədbəxtəm».

Leytenant axşam Əqdəmin paltarlarını, sənədlərini, kitablarını, çamadanını Gülmirəyə tapşırdı.

O gecə dünyanın ən ağır və uzun gecəsi idi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 min
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 min
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 min
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 min

Poems by other poets