Birinci hissə, on yeddinci fəsil
Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.
Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Elə bu zaman kimsə çiyninə əlini toxundurdu. Qanrılanda böyründə addımlayan Əli Tüğyanı görüb sevindi:
– Oho, ağayi Əli Tüğyan, xoş gördük səni.
– Xoş günün olsun, ağa! Necəsən? Görürəm, maşallah kefin kökdür, öz-özünə gülə-gülə gedirsən. Deməli, ağa, gülürsə, işləri yaxşıdır. Elə deyilmi?
– Əlhəmdülillah. Şikayət eləməyə heç bir əsas yoxdur. Yuxarıda qadir Allahın, aşağıda əlahəzrətin sayeyi-himayəsindən, sizin kimi dostların sayeyi-mərhəmətindən, babat yaşayırıq.
– Olsun, olsun, ağa.
Onlar yanaşı addımlayırdılar. Əli Tüğyan gümüşü qaragül papaq qoymuş, qara yağışlıq geymişdi. Əlində bürmələyib tutduğu qəzeti hərdənbir qıçına vurub şappıldadırdı.
– Heç görünmürsən, balam? Neçə vaxtdı bizim tərəflərə ayaq basmırsan?
– Hə, bir az başım qarışıqdı ağa, işim çoxdu. Gələcəyəm, hökmən gələcəyəm. Təzə cücədən-zaddan nəyin var? — deyə o, bic-bic ağayi Siracəddinə göz vurdu.
– Hələ bir şey yoxdu, ağa. Sən bilirsən ki, təzə bir şey olanda mən səni yaddan çıxartmıram.
– Təşəkkür edirəm, ağa. Düzü, ora, sənin yanına gələndə mən sözün əsl mənasında yaşayıram, zövq ala-ala yaşayıram. Yaxşı, o, türkmən qızı yenə ordadı?
– Türkmən qızı, İnci xatunu deyirsən?
– Adı yadımda qalmayıb. O qaragözlü türkmən qızını deyirəm.
– Hə, İnci xatun. Bəli, burdadı.
– Çox xoşuma gəldi, ağa. Mən çox qadın görmüşəm ömrümdə, ikisi-üçü yadımda qalıbsa, biri də odu, ağayi Siracəddin!
– Sən zövq əhlisən, xoşum gəlir səndən. Sən mənim tanıdığım adamların içində ən ağıllısısan, mən səni əsl həyat adamı hesab eləyirəm, şair! Siyasətlə də məşğulsan, yazırsan da, yaşayırsan da. Bu əsrin, adamı odu ki, yaşaya bilir. Yoxsa sənin ağayi Elməddinin kimi? Mənə bir daha aydın oldu ki, o, qətiyyən ağıllı adam deyil. O qədər pulu, elə gözəl arvadı qoyub gedəsən? Sonra da qələmi götürüb əlinə ona-buna sataşasan?.. Bu, ancaq axmaqlıqdır,başqa bir şey deyil.
– Bəs nə! Mən sənə nə deyirdim?
Birdən ağayi Siracəddinin yadına nə isə düşdü və küçənin ortasında dayanıb:
– Bilirsən nə olub? — dedi.
– Yox?..
– Hay-hay! Sənin onda dünyadan xəbərin yoxdu, şair, — sonra o, ətrafa göz gəzdirib yavaşcadan: — Arvadını... ələ gətirmişəm! — dedi.
– Elə şey olmaz, canım? — Əli Tüğyan qaşlarını yuxarı dartıb heyrətlə içini çəkdi, — Ağayi Nəcməddinin qızını ha?
– Bəli, ağayi Elməddinin arvadını! — O, «ağayi Elməddinin» sözlərini xüsusi bir vurğu ilə söylədi, çox böyük bir qoçaqlıq eləyən və öz işindən son dərəcə məmnun qalan bir adam kimi məğrur-məğrur donqar belini düzəltməyə çalışdı, xırda gözlərini qıyıb için-için güldü.
Əli Tüğyan inanmaq istəmirdi:
– Əşi, elə şey olmaz?
– Sənin əziz canın üçün, ağa. Sən özün bilirsən ki, mən özünə böhtan deyən kişilərdən deyiləm. Mən imanımı yandıra bnlmərəm, ağa.
– Baho... Yaxşı, bu necə oldu, axı? O hara, sən hara?
– Bəs sən məni nə bilmisən, ağa? Qulaq as, danışım. — Və o, Əli Tüğyanın qoluna girdi, ağır-ağır addımlayaraq əhvalatı olduğu kimi ona danışdı. Qəribə idi ki, ağayi Siracəddinin bu hərəkəti Əli Tüğyana ləzzət eləmişdi, nə üçünsə sevinirdi yaman. O, Zərrintacı bir neçə dəfə görmüşdü, bədəninin biçimindən, qəşəngliyindən xoşu gəlmişdi, fikrində onu öz arvadı Xəyalə ilə müqayisə eləyərək Zərrintaca üstünlük vermişdi və Elməddinə ürəyində qibtə də eləmişdi. Ancaq onu ələ gətirmək, onun vüsalına çatmaq barədə qətiyyən ağlına heç nə gətirməmişdi. İndi onu, o gözəl gəlini bu xırdagöz qocanın ağuşunda təsəvvür eləyəndə istər-istəməz paxıllıq qurdu baş qaldırdı içində və ağayi Siracəddinə həsəd hissilə baxdı. Sonra Elməddinlə olan söhbətlərini, aralarında olan əqidə, məslək düşmənçiliyini xatırladı, az bir zamanda adı, sanı, şöhrəti ilə, istedadı ilə, ecazkar qələmi ilə onu üstələyib yavaş-yavaş kölgədə qoyduğunu yada salıb qəribə bir rahatlıqla nəfəs alaraq ağayi Siracəddinin çiyninə bir şapalaq vurdu.
– Əjdahasanmış, vallah!!!
Ağayi Siracəddin məmnun bir görkəmlə:
– Ağayi Elməddin indi gedib cəmiyyəti bürüyən əxlaqsızlıqdan nə qədər yazır qoy yazsın!!—dedi. — O elə bilir ki, Amerika kəşf eləyir. Mən fikir vermişəm—yazı-pozu adamı olmasam da —o da, Rəhgüzər də hamıya məlum həqiqətləri qələmə alırlar və elə bilirlər ki, heç kəsin bundan xəbəri yoxdu. Məndən nə yazır, yazsın, qətiyyən qorxmuram. Məni nəxost-vəzir özü tanıyır, məni şahzadələr yaxşı tanıyırlar. Şahzadə Əhmədşah bura az gəlib-getməyib. Ağayi Elməddin elə bilir ki, mən...
Əli Tüğyan ağayi Siracəddinin qolunu dümsüklədi:
– Adını tut, qulağını çək, budur özü gəlir! — deyə qarşıdan ağır-ağır irəliləyən Elməddini ona göstərdi. O, əlləri yaxası açıq yağışlığının cibində vitrinlərə, dükan qapılarına baxa-baxa onlara sarı addımlayırdı. Görməyib keçəcəkdi, ancaq Əli Tüğyanın səsi onu saxladı:
– Ağayi Elməddin? Salam! O, Əli Tüğyanı görüb dayandı:
– O, salam şair! — deyərək irəli gəldi və onunla, sonra da yanındakı ağayi Siracəddinlə səmimi görüşdü. Elməddin ağayi Siracəddini tanıyırdı, kim isə, haçansa tanış eləmişdi onları, onun nə işin-peşənin sahibi olduğunu yaxşı bilirdi. Ona qarşı elə ilk görüşdən, qəlbində anlaşılmaz bir ikrah hissi oyanmışdı və həmin ikrah duyğusunun hələ də ürəyində yaşadığını indi də bu bir neçə.anın içində anladı və üzünü Əli Tüğyana çevirib:
– Necəsən, Əli? Xəyalə xanım necədi? —deyə soruşdu.
– Yaxşıyıq — o da, mən də. Sənin əhvali-şərifin nə təhərdi, ağa?
– Mən də yaxşıyam...
Bu ara ağayi Siracəddin özünə xas bir sırtıqlıqla söhbətə qarışdı və tum gözlərini bir az da qıyaraq gülə-gülə:
– Ağa, indiyənəcən ağayi Nəcməddinin qızının qorxusundan bizim tərəflərə təşrif gətirmirdiniz, indi, eşitdiyimə görə, daha bu qorxu aradan götürülüb. Subay adamsınız. Gəlin, bu qoca əminiz sizə yaxşı bir istirahət təşkil eləsin, gözəl, huri kimi xanımlarla vaxt keçirin, əylənin.
– Yox, ağayi Siracəddin, ağayi Elməddinin elə şeylərlə işi yoxdur. Ətiqulla danışırdı ki, bir dəfə necə onu tovlayıb aparıb «İnsaf hotelə» və bu ordan necə qaçıb. Yox, bu elə yerlərə gedən deyil. Xi, xi. — deyə Əli Tüğyan şit-şit güldükdə ağayi Siracəddin əlavə etdi:
– Qayınatasına — ağayi Nəcməddinə oxşamayıb da! Kişi mənim daimi müştərim idi, rəhmətlik. Ölənəcən gəldi-getdi yanıma. Ölənəcən kefindən qalmadı. — Bu son sözlərin yalan olduğunu özü yaxşı bilirdi. Çünki ağayi Nəcməddin Dünyanı aparandan sonra bircə dəfə də olsa bura ayaq basmamışdı — ancaq deyirdi. Həqiqət kimi deyirdi. Bu sözlərin yalan olduğunu Elməddin də bilirdi, çünki ağayi Nəcməddin Dünya çıxıb evdən gedəndən sonra heç yana getməmişdi, həyətdən belə çıxmamışdı. Ancaq Elməddin bu ləyaqətsiz adamla söz güləşdirmək fikrində deyildi, mümkün qədər onlardan tez aralanmaq istəyirdi. Odur ki, ağızucu:
– Sağ ol, ağa. Mənim elə yerlərə getməyə nə vaxtım, nə də həvəsim var. — dedi.
Onda ağayi Siracəddin:
– Vaxtınız yoxdur, ünvanınızı deyin, yanınıza göndərim. Su sonası kimi qızlar var. Ən qəşəngini sizə göndərərəm, inan, ağa. Siz bəlkə də bilmirsiniz, ancaq mənim sizə çox böyük hörmətim var, ağa!
– Hörmətiniz artıq olsun, ağa.
– Sizin kimi aliqədr şəxsiyyətə ehtiram bəsləmək mənim kimi kiçik bəndələrin borcudur.
– Məni bağışlayın, tələsirəm! Sağ olun, —deyərək ayrılanda onların ucadan şaqqanaq çəkib güldüklərini eşidib pərt oldusa da, əhəmiyyət verməyərək iti addımlarla uzaqlaşdı. O gülüş — nə sirr idisə — qulaqlarından getmirdi. «Poli xeştiyə çatanacan, oradan burulub «Spinzər» restoranına girənəcən bu qəribə, mənası ona müəmmalı görünən gülüş beynini döyəclədi, ürəyini sıxcaladı...
...Elməddin «Sinema-Pamirin» qənşərindən keçərkən, yolun qırağında dayanmış qara rəngli «Şeverele» maşınının açıq qapısının tininə əlini qoymuş Ətiqullanı görəndə şadlandı: ancaq bu sevinc çox ani oldu. Ətiqullanın üzünə baxanda dəhşətə gəldi. Onun burnunun əti əcaib bir şəkildə tökülmüşdü. Ağ sümük və iki burun deşiyi gözəl, qədd-qamətli Ətiqullanın sifətinin quruluşunu tamam dəyişmişdi. O, Elməddini görən kimi, deyəsən, xəcalətindən başını yana çevirdi, ancaq gec idi — başa düşdü ki, Elməddin onu tanıyıb və düz üstünə gəlir. Elməddin sevindiyi-kədərləndiyi bilinməyən bir tərzdə:
– Salam, Ətiqulla! —dedi və həmişə görüşərkən etdiyi kimi, əlini ona sarı uzatdı. Lakin əli havadan asılı qaldı. Ətiqulla çevrilib:
– Salam! — dedi, ancaq əl vermədi və utana-utana: — Xəstəyəm, Elməddin, — dedi, — görüşmürəm, sənə də keçə bilər...
Elməddin heyfsilənə-heyfsilənə onun üzündə göz gəzdirdi. Ətiqulla bu baxışdan xəcalət çəkdi, yerə girməyi arzuladı. O, köhnə tanışlarından kimə rast gəlirdisə, beləcə, ölməyi arzulayırdı. «Gərək heç yaxınlaşmayaydım!»— deyə Elməddin onun çəkdiyi əzabı duyub gözlərini ağaran-qızaran burnundan yayındırdı:
– Sənə nə olub, qardaş?
– Eh... Yaman yerdə ilişmişəm, Elməddin! — dedi. Səsində artıq düzəldilməsi mümkün olmayan bir səhvin sonrakı peşmançılığı vardı.
– Axı bu nədən belə oldu, Ətiq?
– Heç bilmirəm harda, necə tutdu bu mərəz məni. Dava-dərman da kömək eləmir... Çürüyürəm qardaş, gözüm baxa-baxa çürüyürəm...
Ətiqulla ilə xeyli söhbət elədi və ayrılıb evə gələndən sonra da uzun müddət onun əcaib sifəti gözünün qabağından çəkilib getmədi: «Çürüyürəm, qardaş, gözüm baxa-baxa çürüyürəm» sözləri elə hey qulaqlarında səsləndi. Onun getdiyi ümumxanaları xatırladı. Arvadlarının ikisi bu mərəzə tutulub. Küsüb ataları evinə getmiş iki arvadı isə, ərlərinin sağalmaz mərəzə mübtəla olduğu xəbərini eşidib daha evə qayıtmayıblar!..
Ətiqulla çox əzab çəkirdi. Ağrıları dəhşətli imiş, sən demə. Ən dəhşətlisi isə, gözün görə-görə, hər gün bir az çürümək imiş!
«Fəsadlarla dolu cəmiyyət özü çürüyür və Ətiqullaları da da çürüdür. Ətiqulla da, onun arvadları da, hələ izsiz-soraqsız çürüyən başqaları da bu cəmiyyətin qurbanlarıdı!» — deyə Elməddin yerinə girib gördüyü dəhşətli mənzərəni unutmaq üçün yorğanı başına çəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İltifat bu gün instituta hamıdan tez gəlmişdi. Direktorun qara meşin qapılı otağının ağzında gəzinirdi. Sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu «Ədəbiyyat və incəsənət» qəzetində iki şeri dərc olunmuşdu. Birinci şerini — «Fədai» adlandırdığı beş-altı bəndlik şeri Nurəddin Osmanzadəyə həsr etmişdi və sərlövhəsinin altından onun adını da yazmışdı. Burada o, elm fədaisi kimi çox yüksək və qanadlı sözlərlə vəsf edilmişdi. İkinci şer isə sevgiyə aid idi — adı bəlli olmayan durna boğazlı bir gözələ olan məhəbbətindən danışırdı.Çox gözlədi, direktor gəlib çıxmadı. Şöbəyə getdi. Hələ heç kəs yox idi. Təzədən qayıdanda katiblikdə Şərqiyyəni gördü.
Birinci hissə, on ikinci fəsilGülmirənin taleyinə yazılmış hər sevincin gözünə bir niskil qatılmalıymış! Qışın çıhxaçıx vaxtında günlərin birində «istitut həmkarlar təşkilatının sədri illərlə ev siyahısında birinci olan Gülmirəni kənara çağırıb sevindirmiş, ona ev verildiyini söyləmiş, order almaq üçün rayon icraiyyə komitəsinə getməyini tapşırmışdı. Gülmirənin bu xəbəri eşidəndən sonra uçmağa qanadı olmamışdı– bu günü o, neçə il gözləmişdi. Əqdəmin sağlığında gözləmişdi, Əqdəm öləndən sonra gözləmişdi. Ancaq son vaxtlar nədənsə bu barədə əsla heç nə düşünməmiş, demək olar ki, unutmuşdu. Həm də illərlə qayğı və mehribanlıq görüb az qala anası kimi isinişdiyi Maşa xaladan, təzə qonşularından — mehriban və sadə insanlar olan Sahibə ilə Mir Sahibdən ayrılıb uzaq düşəcəyini yadına salanda çox vaxt məyus olmuşdu. Xüsusilə Sahibədən heç ayrılmaq istəməzdi Gülmirə. İdarədəki qadınlarla — Ümmügülsümlə, Sarışınla, Fazilə ilə onu bağlayan tellər çox nazik idi, ancaq iş əlaqələri vardı aralarında. Təkcə Nadirə xanımla o, açıq idi, dərdini-sərini istədiyi vaxt açıb deyə bilirdi, onu özünə böyük bacı hesab eləyirdi. Salman — Mirzə Yanar məsələsini ortalığa atandan sonra Nadirə ilə münasibətinin də üstünə su çilənmiş, kölgə düşmüşdü, doğrudur, Nadirə xanım, ona əvvəlki münasibətini dəyişməmişdi, danışırdı, deyirdi-gülürdü, ancaq haradasa heç özü də hiss etmədən yəqin Gülmirənin onun ərinin ad-sanına, nüfuzuna balta çalan, ləkələyən o hərəkəti yadına düşən anlarda tutulurdu, dönürdü, laqeydləşirdi və bu, Gülmirənin qəlbini yaman incidirdi. Gülmirə bu barədə Nadirəyə heç nə söyləmir, onu qınamır, əksinə, özünü günahkar sayır, dərin peşmançılıq hissi keçirir və dərdini ürəyinə salıb susurdu. Bir həqiqət gün kimi aydın idi ki, aralarında qabaqkı səmimiyyət yox idi. Hər ikisi bunu aydın dərk edir, ancaq açıb-ağartmır, zahirdə hər şeyin əvvəlki kimi olduğuna biri-digərini inandırmağa çalışırdı. «İşdə münasibətlər haçalanır, hardasa mənafelər, mühakimələr toqquşur və bu şəxsi münasibətlərin də dəyişməsinə səbəb olur» — bu həqiqəti Gülmirə də, Nadirə xanım da çox yaxşı başa düşürdü. Amma Sahibə ilə onun arasında bu cür qeyd-şərtlər, çəpərlər, hasarlar yox idi, olmayacaqdı da. Ona görə Sahibə ilə dostluğu təmiz idi, bu dostluğun keçmişi yox idi, səhvləri, peşmanlıqları yox idi; bu dostluğun ancaq bugünkü vardı—xoş idi, təmiz idi bu günlər—gələcəyinin də təmiz olacağına inam, ümid çox idi. Sahibə xoşqılıq, şirindil, özünü istədən idi və aralarındakı yaş fərqi az olsa da, kiçik bacı kimi aparırdı özünü, Gülmirəyə, «alim bacısına» hörmətlə, ehtiramla baxırdı həmişə və bu hörmət, onun Sakit Aranlı ilə şəxsən tanış olduğunu, onunla bir yerdə
Birinci hissə, on üçüncü fəsilTəzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Poems by other poets
Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,