Page 7 of 7 · 86%

⎯ Əclaflar. Gəl indi bundan sonra bu torpağa xidmət elə, bu millətə can yandır. Qədirbilməzlər dövrünə düşdük, kişi. Vicdansızlar əyyamına tuş olduq, Paşa. Yox, mənim bu gecə bağrım çatlar, inan. Bütün ömrünü qoymusan bu yolda. Budu sənin qiymətin? İndiyəcən sənə demirdim, amma o tək oğlumun ölmüşünə, bütün dostların yanında deyirdim ki, sənə indi ən azı Sosialist Əməyi Qəhrəmanı adı verməlidilər. Mən hələ ən azı deyirəm ha. Ancaq gör bunlar neylədilər? Pay, sənin…

Çox danışdılar. Deyirlər: «Mal bir yerə gedər, güman min yerə». Paşaya vurulan bu zərbənin hardan, kim tərəfindən vurulduğunu ikisi də o ki, var, axtardılar, lakin axırını bir yerə çıxarda bilmədilər. Qulubəy yanındaydı, Paşa düz istiqamət tutunca, böyük bir məharətlə ağzından vurub o yana, tamam başqa bir səmtə yönəldirdi və Paşa da ona inanıb o göstərən tərəfə gedirdi və beləliklə, izi itirirdi. Paşa çırpınırdı, yanıb-yaxılırdı, az qala ağlayırdı. Qulubəy isə bu ürək yaxan mənzərəni görüb bilmirdi sevinsin, ya kədərlənsin.

⎯ Orda çay dəmləmişəm, Qulu. Adama bir stəkan tök gətir. Dodaqlarım lap quruyub. ⎯ deyə Paşa əli ilə mətbəxə tərəf işarə elədi və Qulubəy o dəqiqə qalxıb yolunu-rizini yaxşı tanıdığı mətbəxə sarı getdi. Bir az keçməmiş əlində iki armudu stəkan çay geri qayıtdı, jurnal stolunu kresloların arasından çəkib Paşanın qabağına ⎯ eynən aspirant vaxtlarında olduğu kimi qoyaraq həqiqətən qul kimi əllərini ovuşdurdu və birdən nə fikirləşdisə, qamətini düzəldib professorun yazı stolunun arxasındakı ⎯ bayaqdan oturduğu stulda əyləşdi. Ac idi, aclığa qətiyyən davamı yox idi, ürəyindən keçirirdi ki, gedib evdən yemək-içmək gətirsin, Paşa ilə yeyib-içsin. Ancaq Nigarı gözünün qabağına gətirib bu fikirdən vaz keçdi. Çay soyumuşdu. Hər ikisi fikir içindəydi. Qulubəy özünü dağıdırdı. «Ax», «Uf» eləməkdən Paşa yazıq özü az qala bezmişdi. Qulubəy sir-sifətinə çox kədərli bir görkəm verərək bir az qabaq Paşanın o nüfuzlu adam barədə danışarkən: «Axı mən ona neynəmişəm?» ⎯ deyə həm özündən, həm də Qulubəydən soruşduğu suala cavab verirmiş kimi, təmkinlə söylədi:

⎯ Bu çox ağır müsibətdi. Buna heç şübhən olmasın. Ancaq mən fikirləşirəm ki, o, niyə belə eləsin? Bax, əsas məsələ bundadı, Paşa bəy. Sən bayaqdan danışırsan, mən də qulaq asıram, beynimdə götür-qoy eləyirəm ki, o, niyə belə eləsin axı? Sən özün də dedin, mən özüm də yaxşı bilirəm ki, bu, elə belə olan iş deyil. Sən son dərəcə nüfuzlu adamsan, hamıya hörmət və yaxşılıq eləyənsən. Ona görə mən inanmıram ki, kimsə sənin gedib çuğulluğunu eləsin o kişiyə. Bu atpadayet. Mənim ürəyimə ayrı şey gəlir, ustad.

⎯ Nə, Qulu? ⎯ deyə bir ilişəcək axtaran və ondan son intiqamını almaq eşqi ilə yaşayan Paşa tələsik xəbər aldı.

⎯ Məncə, məsələnin kökü ayrı yerdədi, ustad.

⎯ Hə? Hardadı?

⎯ Məncə… elə sənin özündədi.

⎯ Ba? Sən nə danışırsan, Qulu? Yəni deyirsən mən elə axmaq adamam ki, baltanı özüm öz əlimlə öz ayağıma çırpım?

⎯ Yox. Əstəğfürullah. Mən elə demirəm. Mən demək istəyirəm ki, zaval sənin özündən gəlib, kişi.

⎯ Necə yəni?

⎯ Sən bir yaxşı-yaxşı fikirləş, gör harda neyləmisən?

⎯ Ba? Bütün ömrüm boyu? Sən nə danışırsan, Qulu?

⎯ Yox ey. Burda söhbət kimdən gedir? O kişidən getmir? ⎯ Hə.

⎯ Hə, bax gör, ona neyləmisən?

⎯ Ba? Ə, sən nə danışırsan? Ə, ay Qulu, mən o ⎯ o boyda adama neyləyə bilərəm axı?

⎯ Mən demirəm ha, hökmən özünə bir şey eləməlisən? Ola bilər qohumu olsun, əqrəbası olsun.

⎯ Əstəğfürullah. Sən bilirsən ki, mən suyu üfürə-üfürə içən adamam. Sən niyə belə danışırsan?

⎯ Ay Paşa kişi, mən səni beş barmağım kimi tanıyıram ey. Söhbət məndən getmir. Söhbət ondan gedir ki, sən o kişiyə neyləmisən?

⎯ Ba? Mən? Heç nə.

⎯ Bəlkə…?

⎯ Bəlkə nə?

⎯ Bəlkə… Nə bilim ey, vallah. Mal bir yerə gedir, iman min yerə.

Qulubəy ləzzət alırdı Paşanın danışığından. Çünki şübhə, kölgə onun öz üstündən sovuşub keçmişdi və Paşa elə-belə danışırdı: bu söhbətin altında Qulubəyin adının olmadığını və Paşanın, baş həkimin, bu məşhur zöhrəvi xəstəliklər mütəxəssisinin bunu anlayıb tuta bilmədiyinin böyük sevinci var idi.

Birdən Paşa dedi:

⎯ Mən acam. Gör evdə Nigar nə bişirib? Bir qismət çörək yemək istəyirəm, Qulu. Əgər qalıbsa, bir qırıq da balıq gətir.

⎯ …

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.

33 min
Birinci hissə, dördüncü fəsil

Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.

52 min
Birinci hissə, beşinci fəsil

Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:

2 min
Birinci hissə, altıncı fəsil

Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»

2 min

Poems by other poets