Birinci fəsil
Page 1 of 2
«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».
Yandırılmış bir məktubdan.
Qəfil gəlib ömrün qapısını döyən ölüm qorxulu deyil. Gözlənilməzdi, amma dəhşətli də deyil. Doğrudu, sözün-vəsiyyətin ürəyində qalır; bənnasansa tikdiyin bina yarımçıq, rəssamsansa yaratdığın portret natamam, şair, yazıçı, alimsənsə yazdığın əsər bitməmiş qalır; cavansansa sevdiyinə demək istədiyin ən şirin söz dilinin ucunda donur, qocasansa hələ yaşamaq istədiyin günləri, ayları, illəri itirirsən, yaxşı adamsansa eləyə biləcəyin yaxşılıqlar ölür, pis və alçaq tinətli adamsansa kimlərdənsə almaq həvəsiylə yaşadığın intiqamlar ürəyinlə bir yerdə partlayıb öz qanına qəltan olur. Yox, belə qəfil ölüm dəhşətli deyil, ailən üçün, qohum-əqraban, dostların üçün dəhşətlidi, amma sənin özün üçün yox.
Dünyada insan ağlının təsəvvür eləməyə qadir olduğu dəhşətlərin ən dəhşətlisi budu ki, ölümə məhkum olduğunu, onun buz kimi soyuq və rəhmsiz əllərinin sənə tərəf yavaş-yavaş uzandığını biləsən, görəsən və o qorxu içində, yediyin-içdiyin haram ola-ola, ümidlərindən, arzularından əl çəkərək yaşayasan. Bax, bu, dəhşətdi. Ancaq onun da «gözəlliyi» var və bu, ondan ibarətdi ki, sən taleyin hökmüylə barışıb işlərini sahmana salırsan, sözünü deyib vəsiyyətini eləyirsən, borcların varsa qaytarmağa, alacaqların varsa almağa çalışırsan, yazı-pozu adamısansa arxivində səliqə-sahman yaradırsan; ən ümdəsi isə budu ki, xəstəxanadamı, evdəmi, tək-tənha qalan çağlarında şüurlu ömrünün yaşanmış illərindən bir film yaradıb xəyalının ağappaq ekranında kənar bir tamaşaçı kimi baxırsan, gah sevinirsən, gah kədərlənirsən, gah gülümsünürsən, gah da ağlayırsan. Sənin özünün yaratdığın, aktyoru da, rejissoru da (ssenarisi həyatındı, o heç) özün olduğun o yeganə filminin axırına haçan «Filmin sonu» sözlərinin yazılacağını qorxa-qorxa gözləyirsən. Bəli, bu, böyük dəhşətdi, aman allah. Bu, gündə bir az ölümdü, zərrə-zərrə ölümdü, an-an ölümdü. Azacıq insafı, mürüvvəti olan adam, ən qəddar düşməninə belə bu cür ölüm arzulaya bilmir.
… Ürəyinə dammışdı ki, öləcək. Ürəyinə dammışdı ki, on beş gün qabaq, gözləmədiyi halda yuxarıda, o nüfuzlu adamın dilindən çıxan bircə kəlmə: «SNƏTĞ» sözündən sonra üstünə axıb tökülən o qüdrətli və öldürücü zərbələrə, onların ağırlıqlarına və ağrılarına dözə bilməyəcək. Yox, o zərbələrə dözmək mümkün deyildi. Bir kəlmə sözün qüdrətinə bax ki, elə o günün səhəri dünənəcən çox yaxın hesab elədiyi, iclaslarda, plenumlarda mehriban-mehriban görüşüb hal-əhval tutduğu adamlar elə o iclasda üz-gözlərini bozardaraq (Elə bil, onu heç tanımırmışlar.) otuz il ürəyinin başında arxası kimi, dayağı kimi gəzdirdiyi partbiletini otuz dəqiqənin içində elə ustalıqla əlindən almışdılar ki, özü də məəttəl qalmışdı. Elə həmin gün işdən çıxarılmaq əmri də verilmişdi. Axşam, saat səkkizdə, arxa şüşəsinə ağ pərdə çəkilmiş «AQA» nişanlı qara maşın onu gətirib hökümət evinin arxasındakı cəlallı binanın ⎯ yaşadığı evin qənşərində qoyub gedəndə on il onu gəzdirən, sədaqətlə qulluq eləyən, bazar-dükanına gedən, qızı Turac xanımı işlədiyi «Dəri- Zöhrəvi xəstəlikləri klinikası»na aparıb gətirən sürücüsü Qəşəmə allahın quruca «Sağ ol»unu da deməmişdi. Sonra, addım atmağa belə taqəti olmadığından, elə səkinin üstündə dayanıb sağ əlini ağacın gövdəsinə söykəyərək, hələ baş vermiş hadisələrin mahiyyətindən baş aça bilməyən adam kimi, gözlərini döyə-döyə uzaqlaşmaqda olan maşının qıpqırmızı nara oxşayan arxa işıqlarına həsrətlə baxmışdı və bu qatmaqarışıq hisslər aləmində bircə bunu dərk eləmişdi ki, o qara maşın onun ağ günlərini apardı və sabah, səhər tezdən də qaytarıb gətirməyəcək. Və elə oradaca bir də bunu başa düşmüşdü ki, divin canı şüşədə olan kimi, onun da canı o kabinetdəymiş, o qara maşındaymış. İyirmi il ⎯ nə az, nə çox ⎯ düz iyirmi il o meşin qapılı, qoşa telefonlu kabinetin dadını, gücünü yaxşıca görmüşdü, dadmışdı. Bütün o illər ərzində bir dediyi iki olmamışdı, sözünün üstünə söz çevirən olmamışdı. Doğrudu, bir neçəsi var idi belə, ancaq o, onların vaxtında dərsini vermişdi, susdurmuşdu, yerdə qalanlar isə «gözü çıxmış qardaşdan öyrənib» ağızlarına su almışdılar. Dünən, orada, yuxarıda o nüfuzlu adamın sözünün necə pendiri bıçaq kəsdiyi kimi kəsərli olduğunu görüb təəccüblənmişdisə, indi ağacın dibində dayanıb artıq çoxdan gözdən itmiş maşın səmtinə baxa-baxa yadına salıb təsəlli tapmışdı ki, elə o da, onun kimi olmasa da, bir az kiçik miqyasda eynən onun təki hökmlü, zabitəli olmuşdu: onun da sözü qanun kimi səslənmiş, qanun kimi qəbul olunmuşdu. İyirmi il beləcə hökmlə, hikkə ilə, özünü az qala allah hesab edərək yaşayan bir adamı birdən-birə sən deyən (hələ ona elə gəlirdi) tutarlı, əsaslı bir dəlil-günah olmadan o uca zirvədən başı aşağı dığırlamaq? Bu, ona bənzəyirdi ki, balığı sudan çıxartdın, atdın sahilə, qumların üstünə. Yaşaya bilərmi? Yox, çırpınıb-çırpınıb ölməlidi o balıq. Yaşaya bilməz. Hələ o qara maşın… O qara maşında (Doğrudu, bu, onun iyirmi ildə dəyişdirdiyi üçüncü maşın, ikinci sürücü idi) gəzəndə necə də yerə-göyə sığmayan bir fərəh duymuşdu həmişə. Arxa oturacaqda, sağ tərəfdə əyləşərdi və iri şüşəli eynəklərinin altından küçədə gedənlərə, avtobusda, trolleybusda bir-birinə söykənərək dayananlara baxanda özünü onlardan bir baş yuxarı saymağın sevincini ancaq o adamların özləri duyub danışa bilərlər ⎯ başqa kimsə onu dilə gətirib bəyan eləyə bilməz.
İndi… bütün bunları onun əlindən almışdılar. Və daha o hökmün, o qüdrətin, o fərəhin geri qayıdacağına ümid yox idi. Acı bir təəssüf hissi də içini yandırıb yaxdı ki, daha qocalıb, cavanlıq çoxdan köç eləyib gedər-gəlməzə uçub: gərək elə keçən il, yetmişi tamam olanda, təntənə ilə yubileyi qeyd olunandan sonra ləyaqətlə ərizə verib təqaüdə çıxmaq istədiyini bildirəydi və şərəflə gedəydi. Qızı da demişdi, özünün də ağlına batmışdı, ancaq o söhbət evdə, ata-bala arasında olan günün səhəri, «İnsan» institutuna gəlib kabinetinə girərək öz yumşaq kreslosunda əyləşib hökümət telefonunun cingiltisinə ayağa qalxaraq cavab verəndən sonra, fikrindən dönmüşdü: «Yox. Mən getsəm… bu idarə batar. Mən getsəm…» O, bu institutu özü olmadan, özünü də bu kabinetdən, bu telefondan ayrı təsəvvür eləyə bilməmişdi. Yox, sən getsən, elə hər şeyi kənara qoyuram, dağ boyda o kişi sənə zəng eləyər? Heç yadına da düşməzsən, vallah. Bir az da keçsə, adını da yadından çıxardar, unudar ki, bir zaman belə bir adam da olub. Yox, Paşa, sən elə burada, bu kabinetdə ölməlisən, sənin meyidin buradan çıxmalıdı. Sonra da bu institut sənin adına olmalıdı: «Paşa Camalzadə adına «İnsan» institutu». Və xəyalın qanadlarında uçaraq öz ölümündən sonrakı günlərə getmişdi, təzədən qayıdıb dəniz qırağında yerləşən institutun iri darvazasının qabağına gəlmiş, Azərbaycan və rus dillərində qapının sağ-sol tərəflərinə vurulmuş qara lövhəni oxuyub uşaq kimi sevinmişdi. Qəribəydi, ölüb bu dünyadan köçdüyünə göynəmişdi, amma adının instituta verildiyinə fərəhlənib gülümsünmüşdü. Beləliklə, stol, hakimiyyət güclü çıxmışdı, daha doğrusu, özü onlardan qopub ayrılmağa özündə güc-qüvvət tapa bilməmişdi. Əslində bu, zahirdə beləydi. İçəridə, qəlbində iyirmi ildən çox bir müddətdə adət eləyib alışdığı bu aləmdən ayrılmaq ⎯ onun üçün ölümə bərabər idi və bunu o özü yaxşı dərk eləyirdi. «Qoy qalsın belə. İşləyək görək taleyimiz nə göstərəcək». Budu, həmin tale gəlmişdi və hökmünü də özüylə gətirmişdi. İndi, Paşa Camalzadə, həmin taleyin quluydu. Hələ elə bil yuxudaydı, ayılmamışdı; key kimi dayanıb durmuşdu.
Beləcə çoxmu dayanmışdı, azmı dayanmışdı, bilməmişdi. Qıçlarının titrədiyini hiss eləyib, bir az da burda dayansa yıxılacağını duyub, qəlbini sıxan, beynini dağıdan o qatmaqarışıq fikirləri zorla özündən uzaqlaşdırmağa çalışmış, buz üstə yeriyən adam tək addımlarını ehtiyatla, qorxa-qorxa ata-ata özünü bloka, oradan da liftə salmış, dördüncü mərtəbədə düşərək əlləri titrəyə-titrəyə mənzilinin dəmir qapısını açmış, işığı belə yandırmadan, pallı-paltarlı divana uzanmışdı. Bayılmışdımı, yatmışdımı, bunu da bilməmişdi. O yatan bir də səhəri gün, axşam çağı ayılmışdı. İlk əvvəl paltarlı yatdığına təəccüblənmişdi. Müharibədən sonra keçən bu qırx il ərzində birinci dəfəydi ki, paltarlı yatmışdı. Kostyumu əzik-əzik olmuşdu, qalstuku qatlanıb «sınmışdı». Qalxıb oturmuşdu, iri, səliqə ilə bəzənib-düzənmiş otağa göz gəzdirmiş, billur qab-qacaqla, vazlarla, qədəhlərlə dolu servanta tamaşa eləmişdi və sanki o naxışlı, sanki özündən işıq saçan şüşələrdən otağa dəhşətli bir soyuq axıb dolmuş, onu üşütmüşdü. Divanda büzüşərək üşüyən baxışlarını o soyuq püskürən şüşələrdən çəkmiş, qarşı divara vurulmuş məşhur Təbriz xalçası (Bu xalça Bakıda yeganə xalçaydı, deyilənə görə, Şah Abbasın vaxtında toxunmuşdu: adı da «Çahar fəsl» idi ⎯ sənətkar bir xalça üzərində təbiətin dörd fəslini ⎯ baharı, payızı, qışı və yayı elə məharətlə və göz-könül oxşayan rənglərlə toxumuşdu ki, elə canlı ovqat yaradırdı ki, qışa gözün sataşanda üşüyürdün, yaya tamaşa eləyəndə canın qızırdı, bahara baxanda burnuna az qala gül-çiçək ətri gəlirdi, bülbül nəğməsi eşidirdin, payızı görəndə istər-istəməz qəlbinə bir payız həzinliyi, bir xəzan ovqatı axıb dolurdu. Sənət möcüzəsiydi və Paşa, evinə gələn qonaq-qaraya həmişə yerə-göyə sığışmayan bir iftixar hissiylə danışırdı ki, bu xalçadan dünyada iki dənədi: biri Londonun xalça muzeyindədi, biri də mənim evimdədi. Müharibə qurtaran ili, o vaxtın puluynan beş yüz manata almışam. İndi bizim İçəri şəhərdəki xalça muzeyimiz yüz iyirmi beş min manat verir, vermirəm.) üzərində, ortada, yuxarı başda qızılı çərçivəyə alınmış şəklə ⎯ mərhum arvadı Qaratelin şəklinin üstündə saxlamışdı. Şəkildən ona məhzun baxışlı, xurmayı saçının birini qalın hörüb sol döşünün üstünə atmış cavan, yaraşıqlı bir gəlin baxırdı. Paşa yaxşı xatırlayırdı: bu, Qaratelin gəlin gələndən sonra çəkdirdiyi şəkliydi, özünün çox xoşuna gəlirdi bütün şəkilləri arasında və Paşadan xahiş eləmişdi
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-yandirilmis-adam-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Birinci hissə, ikinci fəsilElə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.
Birinci hissə, üçüncü fəsilHava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.
Poems by other poets
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,