Payız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?

Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.

Bayaq uçub getmiş təyyarə o yanda, dənizin üzərində dövrə vurub geri qayıdanda səsi hava laylarını təlatümə gətirib titrətdi və nəhayət, Gülmirənin fikrindəki qatmaqarışıqlıq, duman tamam çəkilib yox oldu. Bəli, bu Orxandı. Ölüb. Ölməli oğul deyildi, amma ölüb. Heyf səndən, Orxan! Bu, Orxanın anasıdı. Başdaşına sığınıb, dizlərini qucaqlayıb. Bəli, bu gün Orxanın öldüyü gündü. Deyəsən, bir az bundan əvvəl Əqdəm də bura gəlmişdi? Gəlmişdi ya yox? Gəlmişdi.

Ürpəşdi. Elə bil, kimsə iri, caynaqlı əlini sinəsinə salıb ürəyini xışmaladı. Əqdəmin ağarmış sifəti, təəccübdən irilib hədəqəsindən çıxmış gözləri nəzərində canlananda, ilişikli, titrək qorxu dolu səsi qulaqlarında təkrar eşidiləndə Gülmirə olub keçənlərin yuxu yox, həqiqət olduğuna bir daha inandı. İnandı və nagahani, hökümlü bir səs onun qulaqlarına pıçıldadı: «Sən bu gündən təksən, Gülmirə! Kimsəsizsən, kimsəsizsən!»

Bu səs onun əl-qolunu yanına saldı.

– Dur gedək, ana! — deyə Gülmirə taqətsiz halda Şirin arvada müraciət elədisə də, öz-özünə nəsə pıçıldayan ana onun nə dediyini ayırd eləyə bilməyib sual dolu nəzərlərlə Gülmirəyə baxdı.

– Deyirəm, dur gedək.

– Sən get, bala, sağ ol. Ömrün uzun olsun ki, tifilimi yad eləyirsən.

Gülmirə gözlərini göylərə sarı dolandırıb:

– Yağış yağacaq,— dedi — gedək.

– Eh, ay bala, mən hələ gedə bilməyəcəm.

– Onda...mən — sözünü tamamlamadısa da qarı onu başa düşdü.

– Hə, sən get bala, işin-gücün olar.

Gülmirə Orxanın şəklinə nəzər saldı: elə bil ondan getmək üçün icazə istədi. Orxan həmişəki kimi gülümsər nəzərlərlə ona baxırdı. Orxanla ürəyində səssiz-səmirsiz vidalaşan Gülmirə asta addımlarla qəbirdən uzaqlaşdı.

O, uçulub batmış, başdaşı əyilmiş, təzəcə qazılmış, üstündəki güllər hələ də solmamış qəbirlər arasında düşünə-düşünə yeriyirdi.

Ürəyinə gəlirdi ki, «qəbirlər də insana bənzəyir. Uşaqlığı var — torpağın sinəsində qazıldığı-doğulduğu ilk günlər. Gəncliyi var — üstündə ot, gül-çiçək bitən zamanlar. Qocalığı var.— Başdaşları başını aşağı, torpağa sarı əyən dəmlər. Ölümü var — yerlə-yeksan olub itibbatdığı vaxtlar»...

Nəhayət o, asfalt yolla üzüaşağı, prospektə sarı addımladı. Musabəyov qəsəbəsindən gələn dolu avtobus yanından qıjıltı ilə ötüb keçəndən sonra ətrafı səssizlik bürüdü.

Birdən göylər nərə çəkib guruldadı, sanki haradasa güclü dinamitlə nəhəng bir qayanı partlatdılar. Güclü, iri damcılı şıdırğı yağış başladı. Gülmirə islanacağını görüb birinci binaya sarı qaçdı və bzünü balkonun altına verdi. Bunu o nə qədər tez eləsə də, yağış fürsət tapıb onun üz-gözünə çilənib yanan sifətini sərinlətmişdi. Gülmirə bundan xoş bir rahatlıq da duymuş, bircə anlığına özünü unudaraq sevinmişdi də.

«Əqdəm indi, görəsən mənim barəmdə nə düşünür? Ağlına indicə gələn bu sual Gülmirəni üşütdü.— Hardadı görəsən? Evdə olar. İndi bir neçə dəqiqədən sonra, onunla üzbəüz dayanmalı olacam. Sorğular, suallar başlanacaq. Bəli, başlanacaq. Mən ona yalan danışa bilmirəm, Bircə sözü belə düz deməyəndə pul kimi qızarıram. Belə hallarda o, həmişə Gülümsünüb deyərdi: «Yalan danışmağı bacarmırsan, danışma, Gülü. Sözün düzünü demək üçün cəsarətin çatsın. Düz sözə zaval yoxdur». Yox, mən ona hər şeyi açıb deyəcəyəm. Qoy bilsin.— İkicə saniyə keçməmiş özündən xəbər aldı:— «Nəyi deyəcəksən?» Özü də cavab verdi: «Deyəcəyəm, Orxan məni sevirdi. Dəlicəsinə sevirdi. Səndən də çox sevirdi. Mənə kömək əlini uzadırdı. Ürəyi təmiz adam idi. Məni sevdiyinə görə də özünü xoşbəxt sayırdı. Yazıq qəflətən öldü. Onun nakam sevgisinə hörmətən mən ayda bir dəfə qəbrinin üstünə gəlirəm, bugünkü kimi. Sən məni ölüyəmi qısqanırsan?»

Əqdəmin acıqlı-heybətli görkəmi onun gözləri qabağında zühur eləyir, cavab verirdi:

«— Onun diriliyinə qısqanıram, diriliyinə!»

«— Mən ona sevməyi qadağan edə bilməzdim, Əqdəm. Edə bilməzdim, bilirsənmi?»

«— Sən onun sevgisinə cavab vermisən, ağuşuna atılmısan!»

«— Sən məni belə vicdansız bilirsən?»

«— Vicdanı olan adam ərinə xəyanət eləməz!»

«—Xəyanət?!»

Bu sözü Gülmirə ucadan dedi.

«Deyəsən, başıma hava gələcək»,— deyə acı-acı düşündü. Yağış seyrəlmişdi. Asfaltın hər iki tərəfi ilə üzüaşağı bulanıq sel-su axırdı. O hara getsin? Evəmi? Yəqin, bu saat Əqdəm evə sığmayaraq gəzinir, onun yolunu gözləyir. Yox, bu dəqiqə o, Əqdəmlə üz-üzə gəlməkdən qorxur, çəkinirdi.

Aha, tapdı, anasıgilə gedəcək. Uşaq təki anasının sinəsinə sığınıb, başını dizinin üstünə qoyub ağlayacaq, doyunca ağlayacaq ürəyinin qəmi-qübarı, gözlərinin seli-suyu boşalınca ağlayacaq: «Mən nə günah eləmişəm ki, ay ana,— deyəcək,— mənim nəsibim əzab-işgəncə olub dünyada? Kimə neyləmişəm? Mənim rahatlığım necə oldu, hara getdi? Niyə mən üzücü-yorucu düşüncələr içərisində yanıb qovruluram? Ay ana, başına dönüm, yeganə pənahım sənsən, qurtar məni bu cəhənnəm sorğu-suallarından, qurtar! Bəlkə sən mənə bir yol göstərə bildin...»

Gülmirə yerindən qopub sürətli addımlarla anasıgilə üz qoydu. Evə yaxınlaşdıqca yavaş-yavaş fikri dəyişilirdi: «Yox, anama demək olmaz! Heç nə demək olmaz! Dərdimi danışa bilmərəm, ağıllı-başlı başa sala bilmərəm».

Qapını taqqıldatdı:

– Ay mə!

Cavab gəlmədi. Xatın arvad adicə bir xışıltıya — hənirtiyə qapıya çıxırdı. Görünür, evdə yox idi. Gülmirə qapını itələdi, açılmadı.

O bunu pis əlamət kimi başa düşüb darıxdı. Qabağında iki qapı vardı: Biri bax, beləcə— bağlı idi. Bəli bağlı! O biri qapı... Görəsən, o biri qapının arxasında onu nə gözləyirdi? Görəsən nə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, ikinci fəsil

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

10 min
Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 min
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 min
Dördüncü hissə, beşinci fəsil

Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.

12 min

Poems by other poets