Page 4 of 4 · 75%

− Yox. Nədi ki?

− İnsan orqanizmini zəhərləyir. Təzəcə ana olmuş cavan gəlinin südünü analiz eləsən, görərsən ki, o süddə də var o zəhər zəhirmardan. O ananın döşündən zəhərli süd əmən o uşaq böyüyüb nə olacaq? Yarımadam, şikəst, zəif bir varlıq.

− Ay aman! – deyə Gülmirə içini çəkdi, keçib stolunun arxasında əyləşdi, başını tutdu.

− Bəli, görürsən… Dırnaq boyda müzürr bir həşərat həm cibimizə, həm də canımıza nə qədər böyük ziyanlar vurur. Amma buna artıq son qoyulur. Alimlərimiz təzə bir preparat tapıblar – zəhərsizdi, ziyansızdı. Ancaq pambıq qurdunu məhv edir.

− Nə yaxşı, nə yaxşı. – Gülmirə ürəkdən sevindi və sonra gülə-gülə əlavə elədi – Gör hardan başladıq, hara gəlib çıxdıq.

− Hə, ziyalılardan başladıq, pambıq qurduna gəldib çıxdıq. – Sakit əlləri cibində ortalıqda gəzindi və ani sükutdan sonra davam etdi – Qəribə də olsa o pambıq qurdu, o zəhərlə bizim gözəl ziyalı ordumuz içində olan bəzi başa bəla xəstəliklər arasında bir bənzəyiş görürəm, Gülmirə. Deyəcəksən pambıq qurdu, zəhər hara, ziyalı dünyası hara!

− Hə də. Doğrudan o hara, bu hara?

− Yox, elə deyil, Gülmirə xanım. Ziyalı ordumuzu mən yaşıl, barlı-bərəkətli bir pambıq tarlasına bənzədirəm. Gözəldi, baxdıqca göz oxşayır, könül sevindirir. Amma içində qurdları da var, Gülmirə – xəstəlikdi bu. Şöhrət xəstəliyi, vəzifə xəstəliyi, ad-san xəstəliyi. Pambıq qurdunu zəhərlə qismən də olsa məhv etmək olur, zəhər öldürməyəni də on qəpiklər gücünə məhv etmək olur, ancaq bu xəstəlikləri, görünür, heç nəynən aradan qaldırmaq mümkün deyil. O təbiət hadisəsidi, hardasa bir qanunauyğunluq tapmaq olar orada. Ancaq axı bu ziyalı dünyasıdı, başa düşən, alim adamlar dünyasıdı. Mən buna çox heyrət eləyirəm. Ayrı-ayrılıqda bunların – bu xəstəliklərə tutulanların hamısını dindir, görəcəksən, ağıllı, məntiqlə düşünüb mühakimə yürüdən, hamısı vətən üçün, xalq üçün çalışdığını söyləyən adamlardı. Amma çəkil kənardan bax, müşahidə elə – görəcəksən ki, bir-birinin ətini yeməyə, başını kəsməyə hazırdı bəziləri. Fikirləşirsən – bax bu adamların nə şərikli malları düşüb? Niyə hərəsi başını aşağı salıb öz işiylə, elmiylə, təcrübəsiylə, kitabını yazmaqla məşğul olmur? Nəyin üstündə bir-birini infarkt eləyib öldürür, vaxtından tez torpaq altına gömür bu adamlar? Şöhrət, sən yox, mən – fəlsəfəsidir bu mərəz.

Baxıram, düşünürəm, sən onda hələ orta məktəbdə oxumuş olardın. Mən otuz ildi bu akademiyadayam, yaxşı bilirəm belə şeyləri. Hə, bir alimimiz vardı. Əli Vüsət. Gözəl, istedadlı bir alim idi. Tariximizin qədim dövrünü də, orta əsrlərini də, inqilabi tariximizi də elə gözəl bilir və tədqiq eləyirdi ki, elə bilirdin bu adam xalq, tarix yaranandan dünyaya gəlib, onunla birgə bu uzun, dolaşıq, mübarizələrlə dolu yolu keçib gəlib. Çox tez elmlər doktoru olmuşdu.

− Əli Vüsətin mən kitablarını oxumuşam. Amma özün görməmişəm.

− Qoymadılar görəsən. Qalsaydı indi altmış yaşı tamam olmazdı. Qoymadılar yaşaya. Ona görə ki, istedadlı idi, ona görə ki, qol-qanad açsaydı, pərvazlansaydı, o zaman akademiyanın ictimai elmlər üzrə akademik katibi olan akademik Hüseyn İsmayılov kimi süst, zorən təbib alimlər kölgədə qalacaqdı. Birləşdilər, toplaşdılar, onu qoymadılar müxbir üzv seçilsin. Sıxdılar, ləkələdilər – o da təmiz adam idi, vicdanlı adam idi. Özünə edilən haqsızlıqlara görə yox, öz sənət yoldaşlarının niyə belə nadan və qəddar olduqlarını dərk etdiyindən bağrı çatladı – cavan yaşında.

− Hayıf.

− Hələ qulaq as. Bu hamısı deyil hələ. Əli Vüsət ölən gün, səhər tezdən Hüseyn İsmayılovun dostlarından biri bu «şad» xəbəri ona çatdırmaq istəyir. Götürüb zəng edir. Hüseyn bu vaxt elektrik üz qırxanı ilə iri, bədənnüma aynanın qabağında durub üzünü taraş edirmiş. «Gözün aydın, Hüseyn bəy. Əli Vüsət ömrünü sənə bağışlayıb getdi» – deyir dostu ona telefonda. Hüseyn İsmayılov – bunu sonralar öz arvadı danışırmış – elə oradaca, əlində üz qırxan sevindiyindən keçinir. Sən təsəvvür elə, Gülmirə – ziyalı ziyalının ölümünə sevindiyindən ölür. Bu, dəhşətdi, vallah, dəhşətdi. Əgər Hüseyn İsmayılov öz qələm yoldaşının ölümündən sarsılıb ölsəydi, kədərlənib ölsəydi, mən deyərdim, ən böyük ziyalımız odu. Amma Hüseyn sevindiyindən öldü. Bax, məni bu dərdlər düşündürür, bütün ürəyimi talan eləyir, Gülmirə. Mən bunları necə yazmayım, necə deməyim?!

− Doğrudan müsibətdi.

− O qalsaydı indi elmimizin şöhrəti daha çox olardı, Gülmirə. O tək deyil. Neçəsini tanıyıram – nadan, savadsız, qol – pul, dayı gücünə gəlib vəzifə, məqam, ad-şöhrət əldə eləyən bəzi pambıq qurdlarının əlilə öldürülüb – bıçaqla, tapança ilə yox, sözlə, süründürməçiliklə. Bu dünən olub. Bu gün də var, təəssüf. Niyə uzağa gedirsən – gözünün qabağında Aslanzadə var. Onu Nurəddin yıxdı. Ölsə qanı boynundadı.

− Orxanı da elə öldürdülər, Sakit!.. – deyə heç özü də bilmədən dərdini dilinə gətirdi Gülmirə. – Onu bax, bu Salman – onun boş stoluna işarə elədi – bu Salman öldürdü, Sakit…

− Başqa millətlərin ziyalıları arasında belə xəstəliklər yoxdu, Gülmirə. Hamısı – böyüklü – kiçikli əl-ələ verib öz xalqına, torpağına, tarixinə, ədəbiyyatına, mədəniyyətinə xidmət edir – hər kəs bir daş qoysa, bəsdi – deyirlər.

− Elədir, Sakit. Niyə belədi görəsən? Niyə bizimkilər bir-birinin qədrini bilmir görəsən, Sakit? Bax, deyirsən, pambıq qurdunu məhv etməyin çarəsini tapıblar alimlərimiz. Bəs bunun çarəsi nədi görəsən, Sakit!

− Sənə deyim ki, xalq, hökumət qədirbiləndi, ağı-qaradan tez seçir, Gülmirə. Bax, Əli Vüsəti nadan adamlar öldürdü – indi onun adına mədəniyyət sarayı, küçə var. Amma Hüseyn İsmayılov adlı «alim» yoxdu, unudulub – onun adı bir-iki məqaləsinin üstündə, üç-dörd dostunun xatirində qalıb, vəssalam.

− Bu, çarə deyil, Sakit. Bu, sonrakı işdi. Bu, ona bənzəyir ki, sən məni öldürəsən, sonra qəbrim üstə heykəl qoyasan. Yox, bu çarə deyil. Bunun qarşısını almaq – bu müzürr xəstəliyi dəf etmək, kökünü kəsmək üçün yollar axtarmaq, dərmanlar tapmaq lazımdı, Sakit!

− Bunun ən yaxşı yolu, ən yaxşı, kəsərli dərmanı – mübarizədi, Gülmirə. Bax, haqsızlığa, nadanlığa, şöhrətpərəstliyə, yerliçiliyə qarşı əl-ələ verib hamı vuruşsa, bu xəstəliyin kökü kəsilər. Bunun üçün bizdə olan biganəliyi aradan qaldırmalıyıq, nadürüst, karyerist adamların əl-qol açmasına, dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə etməsinə imkan verməsək, kimsənin haqqının tapdalanmasına dözməsək – bu xəstəlik sağalacaq. Xoşbəxtlikdən indi partiya bu cür yaramaz hallara qarşı çox ciddi mübarizəyə başlayıb və açıq-aydın deyir: - Belə adamlar bizimlə yol-yoldaşı ola bilməzlər.

Sakit susdu, Gülmirə ona baxıb gülümsündü və bu təbəssümün nə isə məftunluq ifadə etdiyini duyub tez ciddiləşdi. Sakit o təbəssümə ayrı məna verməyərək gedib elektrik çaynikinin çəngəlini cərəyana qoşdu və geri dönəndə:

− Bax, indi biz bu xəstəlikdən danışdıq burda, Gülmirə. – dedi. Amma əlimin içi kimi bilirəm – heyif bunu yoxlamağa bizim imkanımız yoxdu – indi, bax bu dəqiqə, bizim öz yoldaşımız, həmkarımız İltifat hardasa – ya dəhlizdə, ya otaqların birində, ya direktorun kabinetində sənin, mənim, Nadirənin, Salmanın qiybətini qırır, ləkələyir, gözdən salır. Və təəssüf ki, iltifatlar tək deyil, hər institutda, hər idarədə, hər kollektivdə var…

Gülmirə ayağa qalxıb çay dəmləmək üçün çaydanı götürüb kədərlə:

− Deməli, onda düzələn deyil? – söylədi. Sakit sualı eşitdisə də, cavab vermədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.

3 min
İkinci hissə, altıncı fəsil

Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

3 min
İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 min
İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 min

Poems by other poets