IV fəsil
Bəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.
Narıngül xala Bəhruzu görüb:
– Hələ burdasan, oğul? – dedi.
– Hə. Dedim gözləyim görüm yazığın vəziyyəti necədir. Bayaqdan gözləyirəm. Bunlardan da, bir cavab yoxdur. Yaman nigaranam.
– Buranın baş doxturu ki, var ey, Sultanzadədir famili, bilirsən nə doxturdur? Doxtur döyül ey, loğmandı, loğman. Neçə dəfə öz gözümnən görmüşəm, yanına ölü gətiriblər, diri aparıblar. Belə doxturdu bizim İrasim.
Qarının sözləri Bəhruzun ürəyini xeyli toxdatdısa da, nigarançılıq onu rahat buraxmadı.
– Mənə bir xələt ver, ana!
– Neynirsən, yuxarı çıxırsan?
– Hə.
Qarı kirpiksiz gözlərini Bəhruzun üzünə dikib bir an fəhmlə baxdı. Bəhruza elə gəldi ki, Narıngül qarının gözləri bayaqkına nisbətən işıqlıdır, nurludur. Arvad gülümsündü, dodağının altında nəsə pıçıldaya-pıçıldaya gedərək içəridən xələt gətirib Bəhruza verdi.
– Sağ ol, ana.
Bəhruz xələti çiyninə atıb pillələrlə üzüyuxarı qalxmağa başladı. Qarı Bəhruzun ağır, ləngərli yerişinə, iri gövdəsinə, boy-buxununa arxadan fikir verib:
– Xata-baladan uzaq olasan, oğul, – dedi.
Onlar bu gün, cəmisi yarım saat bundan qabaq ilk dəfə üz-üzə gəlmişdilər. Ancaq Narıngülə elə gəlirdi ki, bu sürücü oğlanı çoxdan, lap çoxdan tanıyır, onun xasiyyətini də, ürəyini də beş barmağı kimi bilir. «Əcəb yaxşı adamdı! Gör necə canıyananlıq eləyir?! Elə bil, qardaşıdı, qohumudu, ya nəyidi? Bu oğlan lap mənim bədbəxt balama oxşayır. Bu da onun kimi özünü özgələr üçün oda-közə vurandı. O yazıq qəməndirini qorumaq üçün döşünü qızıl güllə qabağına vermədimi? Eh, hərdən fikirləşirəm ki, ömürə etibar yoxdu, dünyanı tutub qiyamətə gedən deyiləm; səksən, doxsan, bir gün yoxsan. Bir gün mən də... Fikirləşirəm ki, onda məni yerdən götürən olacaqmı? Yox, – deyə qarı arabir ürəyində baş qaldırıb ruh düşkünlüyü əmələ gətirən bu kövrək hissə qətiyyətlə etiraz elədi. – Yox, mən səhv eləyirəm. Dünya gözəl, xeyirxah adamlarnan doludur. Dünya niyə, axı? Elə dörd-bir yanımızı niyə demirsən? Bax, tanımadığı, adını bilmədiyi bir insanın dərdilə əsim-əsim əsən o üst-başı qanlı oğlan kimi adamlar azdımı?».
Qarı belə düşünə-düşünə gümrah addımlarla gəlib qapının ağzında, kətilin üstündə əyləşdi. Xəstə yanına gələnlərə gülərüzlə xələt verdi, gülərüzlə qarşıladı, gülərüzlə yola saldı...
...Dəhlizdə gəzinən çəlikli, pijamalı, başı sarıqlı xəstələr Bəhruza diqqətlə baxırdılar. O, bunu aydınca hiss eləyir, ancaq fərqinə varmırdı. Nəhayət, kolyaskada oturmuş, iki qıçı da gipsə salınmış ahıl kişi gözlərini onun paltarından çəkməyəndə o, hər şeyi başa düşdü: sən demə, adamlar onun qanlı paltarına baxırmışlar.
Xələtin ətəklərini tutub yaxşıca bürünmüşdü ki, kimsə onu səslədi:
– Ay yoldaş!
Bəhruz geri dönüb baxdı. Çağıran Balaxanım idi.
– Mənimləsiniz?
– Hə, səninləyəm. Hələ də buradasan? Mən dedim yəqin çıxıb getdin.
– Yox, hələ getməmişəm. – Bəhruz ağızucu cavab verdi.
Balaxanım onu pəncərənin qənşərinə çəkdi, xələtinin cibindən qələm və dörd bükülmüş kağız çıxartdı.
– Bayaq söhbətimiz yarımçıq qaldı axı.
– Hm...
– Adınız?
– Bəhruz, – deyə o, Balaxanımın suallarını gözləməyərək birbaşa familiyasını, atasının adını, hansı idarədə işlədiyini, ev ünvanını söylədi.
– Maşınınızın nömrəsi AF-13–13-dür, eləmi?
– Bəli, düz götürübsünüz!
– Kinayə ilə danışırsan?
– Yox.
– Vəzifəmizdir, yoldaş!
Bəhruz qadının ağ sifətinə, seyrək, yanları alınmış qaşlarına diqqətlə fikir verirdi. Onun bayaq dediyi söz köz olur, Bəhruzu yandırıb-yaxırdı. «Özü vurub!» Ona cavab vermək, belə düşünməkdə tamam haqsız olduğunu söyləmək, başa salmaq lazım idi. Sonra: «heç bununla ağız-ağıza verib danışmağa da dəyməz!»– deyə fikrindən vaz keçib uzaqlaşdı. Qabağına çıxan başı sarıqlı oğlandan soruşdu:
– Eloğlu, Sultanzadənin kabineti hardadır?
– Odur, lap o ucda, sağdakı otaqdır – deyə oğlan geri çevrilib dəhlizin o başını göstərdi. Sonra özü də ona qoşulub həkimin otağının yanına gəldi:
– Bax, odur Sultanzadə!
– Sağ ol, – deyə Bəhruz təşəkkür etdi.
Həkim Sultanzadə xəstəxananın geniş, hasarlı həyətindəki yaşıl bağa açılan pəncərənin qabağında durmuşdu, əllərini sinəsində çarpazlayıb bayıra baxırdı. Küknar ağaclarının yarpaqlarına qonmuş toz-torpağı yağış yuyub təmizləmişdi; onlar sanki bir az da yaşıllaşmışdılar; göz baxdıqca dincəlirdi.
Radioda konsert idi. Elə həzin, elə gözəl bir nəğmə oxunurdu ki... Xanəndə qız şairin də, bəstəkarın da ürək çırpıntılarını qəlbinin dərinliklərindən qopub gələn yanıqlı səslə təbiətin, insanların qulağına pıçıldayır, pıçıldayırdı:
«Sevə-sevə, duya-duya yaşayaq...»
Həkimin arxası qapıya sarı olsa da, duruşundan hiss olunurdu ki, fikirlidir, nəsə düşünür. «Xəyaldan ayırmaq insafsızlıq olar».
Qıymadı, onu fikrindən ayırmağa qıymadı. Bir dəqiqəmi, üç dəqiqəmi keçdi. Mahnı uzaqlaşan bir xəyal kimi əriyib susdu; xanəndə qızın məlahətli səsi sap kimi incəlib, nəhayət, qırıldı. Yalnız bundan sonra Bəhruz ayağını içəri qoydu.
– Doktor...
Sultanzadə geri çevrildi. Bəhruz üz-gözündən nuranilik yağan, boy-buxunlu, gur saçları çallaşmış gümrah bir adamla üz-üzə dayandı. İri, qonur gözləri sakit-sakit baxırdı. Bir anlığa nə üçünsə Bəhruza elə gəldi ki, bu adamı dünyada heç nə, ən dəhşətli hadisə belə sarsıda bilməz, onun sakit baxışları heç zaman indiki halətini itirib heyrət və təəccüb ifadə edən bir görkəm ala bilməz. O, mehriban bir əda ilə gülümsündü və:
–Siz... mənim yanıma gəlmisiniz? – deyə həlim bir səslə soruşdu.
– Bəli, doktor...
– Buyurun, əyləşin, – deyə Sultanzadə sol əlini uzadıb divanı Bəhruza göstərdi. – Xahiş edirəm, əyləşin.
– Sağ olun, doktor, oturmayacağam...
– Bəs mənə nə qulluğunuz? – deyə doktor maraq dolu gözlərini Bəhruzdan çəkmədən çox astaca, səssiz-səmirsiz keçib stulunda oturdu. – Eşidirəm sizi!..
Bəhruz şkafın yanında ayaq üstə dayandı. – Doktor... mən... bilmək istəyirdim... indi gətirilən yaralı...
– Maşın vuranı deyirsiniz? –Bəli, doktor... mən...
– Siz onun nəyisiniz?
– Mən? Mən heç nəyi, doktor, – deyə Bəhruz onun üçün çox gərgin keçən bu saat, saat yarım ərzində birinci dəfə gülümsündü. – Onu bura mən gətirmişəm.
– O şofer... sizsiniz?
– Bəli, doktor.
– Bəs, belə de!.. – Sultanzadə səsini uzada-uzada həmin sözləri bir də təkrar etdi. – Bəs-s belə-ə d-e-e!.. – Sonra qarşısında dayanan adamı başdan-ayağa diqqətlə süzdü.
Həkim adını soruşdu. Tanış oldular. Bəhruz narahatlığını gizlədə bilmirdi.
– Necədir, doktor? Ümid varmı?
Doktor xəfifcə gülümsədi:
–Qorxma, oğul.
– Ölməz ki?
– Yox, canım?! Ancaq çoxlu qan itirib. Başı iki yerdən zədələnib. Qabırğasının da biri çatlayıb. Əgər bir az da gec gətirilsəydi, ölə bilərdi. Çox sağ olun, Bəhruz. Onu siz xilas elədiniz.
– Nə danışırsınız, doktor? Bu adicə bir işdir, insanlıq borcumuzdur, doktor, – deyə Bəhruz hərarətlə cavab verdi.
– İnsanlıq borcu. Yaxşı sözlərdir, Bəhruz. Qızıl suyu ilə yazılası sözlərdir, – deyə Sultanzadə təmkinlə dilləndi. – Ancaq bunu hamı başa düşürmü? Hamı öz insanlıq borcunu ödəyirmi?! Elə adamlar var ki, gözünün qabağında başqasının cibinə girirlər, kürəyinə bıçaq saplayırlar, üzünü o yana çevirir, özünü görməməzliyə vurur. Bunlar öz dərisini qoruyan, başını cəncələ salmaqdan qorxan, ancaq özünü düşünən adamlardır. Belələri var, lakin xoşbəxtlikdən az var, çox az!
– Düz deyirsiniz, doktor – Bəhruz nə üçünsə Qulamı xatırladı, ağzını doldurub onun bu yaralını yolun ortasında qoyub qaçmasından danışmaq istədi, ancaq susdu, çünki səbəbini, əslini bilmədiyi bir söz-söhbəti dilinə gətirmək Bəhruzun adəti deyildi.
– Yaxşı, doktor, mən arxayın gedə bilərəm? – deyə Bəhruz təzədən sözü yaralının üstünə gətirdi, – lap arxayın?!
– Əlbəttə! Lap arxayın!
– Sağ olun, doktor. Yazıqdır, deyirəm. İndi yəqin arvadı, uşağı....
– Elədir. Yox, siz lap arxayın gedə bilərsiniz. Mən bizim Bala-xanıma tapşırmışam...
– Balaxanıma?.. O kök, ağ qadına?
– Bəli. Necə məgər?
– Siz ona xəstə uspurd olursunuz?
– Bəli.. – deyə doktor Bəhruzun sözlü adama oxşadığını, nəsə demək ietədiyini duyub sual dolu nəzərlərlə ona baxdı. – Necə ki?
Bəhruz doktorun sualına cavab verməyib yenə soruşdu:
– Siz onu, Balaxanımı yaxşı tanıyırsınız, doktor?
Doktor güldü. Üzündə mehriban, təqdiredici bir ifadə yarandı və qəribə nikbinliklə:
– Yox – dedi, – o qədər də yaxşı tanımıram...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-inam-iv-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.
İkinci hissə, on beşinci fəsilQərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?
İkinci hissə, on altıncı fəsilYüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.
İkinci hissə, on yeddinci fəsilNəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.