Page 1 of 2

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.

Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

Dərs deyəndə yaxşı bilirdi ki, ona qulaq asan uşaqların ürəyinə, beyninə, şüuruna, vicdanına nə isə yaddaqalan, ibrətamiz, hardasa, haçansa onların gərəyi olacaq hikmətlər damızdırır, yazır, həkk eləyir. Kitab oxuyanda, yaxşı verilişə qulaq asanda öz ruhu dincəlir, zənginləşir, cavanlaşır, bir azda müdrikləşirdi. Sinif divarları arasından zamanın və bir nadanın hökmüylə uzaqlaşdırılaraq indiyə qədər bütün rəngarəngliyini, ziddiyyətlərini, eniş-yoxuşlarını bəlkə də tam incəliklərilə görə bilmədiyi həyatın qaynar qoynuna atılandan, bu yeni vəzifəyə gələndən sonra Nəzər başa düşmüşdü ki, indiki işi heç də gərəksiz iş deyil ⎯ indi o, elə, camaata, dövlətə birbaşa xeyir verir ⎯ özü də bu, nağd xeyirdi, göz qabağında olan xeyirdi. Bununla da fəxr etmək olar.İşin, xeyirin böyüyü-kiçiyi yoxdu.

Çay-çörəyini yeyib-içən Nəzərin birdən yadına oğlunun ona dediyi dünənki sözlər düşdü ⎯ «səndən qabaq da Nəzarət komitəsinin sədri var idi. Tuturdu ⎯ alırdı, buraxırdı». Nəzər buna inanmaq istəmirdi, heç cür inanmaq istəmirdi. Yox, Arif belə adama oxşamırdı. Şübhəsi çoxalırdı getdikcə, nə qədər çalışsaydı da, o inam möhkəm dayana bilmirdi bu şübhənin qabağında, əriyib, uçulub tökülürdü. Və Nəzər fikrə gedib düşünürdü ki, yaxşı, əgər Arif düz işləyirdisə, niyə onun vaxtında, məsələn, adicə çayxanada bir balaca çaynik çay içən bir manat atırdı stolun üstünə, otuz qəpik əvəzinə? Ya aşxanada bir qab borş içirdin, bir-iki fal çörək yeyirdin, aşağısı iki manat, iki manat yarım alırdılar. Kababxanalarda bir pay kabab üç manat idi, bir doyumluq yeyəndə, çörəyi, göy-göyərtisiylə altı-yeddi manat alırdılar Mağazalarda satıcıların öz qiyməti vardı, malın üstünə filan qədər dövlət qiyməti yazılırdı, amma satırdılar filan qədər artığına? Allahın əlli qəpiklik siqaretləri ⎯ «Opal», «TU», «Radopi», daha nə bilim nə, bir manata satılırdı. Arif bunları görmürdümü? Yox, görməyə bilməzdi. Bəs onda, Qərib düz demir? Uşaq deyəsən düzdanışır, axı?! Belə çıxır, doğrudan, tuturmuş ⎯ alırmış, sonra da buraxırmış? Ona görə yaxşı adam hesab eləyirlər onu? «Kişi» adlandırırlar? Kişilik budu? Bu ki, nakişilikdi, bu ki, vicdansızlıqdı!.. Sonra Nəzərin fikri dolanıb məsələnin o biri tərəfini öz aləmində təhlil etməyə başladı. Bir dəfə o, rayon mərkəzində olanda ⎯ bu, beş-altı ilin söhbətiydi ⎯ küçədə, su köşkünün yanında qoyulmuş xırdavat köşkündən siqaret almaq üçün bir manat vermiş kolxozçu kişi, bığıburma satıcının pulun qalığını qaytarmadığını görüb demişdi:

⎯ Ə, a bala, bu «Radopi» neçəyədi ki?

Oğlan dinməmişdi. Kişi təkrar eləmişdi:

⎯ Ə, sənnənəm, neçiyədi bu zəhrimar?

⎯ Bir manata! ⎯ demişdi oğlan.

⎯ Sənin qoyduğun qiyməti demirəm, ə, hökumətin qoyduğu halalca qiyməti soruşuram sənnən!

Oğlan ağızucu cavab vermişdi:

⎯ Əlli qəpiyə!

⎯ Bəs… mənim əlli qəpiyimi niyə qaytarmırsan, ə? De görüm, niyə qaytarmırsan, hıy? Bilmək istəyirəm, dədəm dədənə borcludu, özüm özüvə borcluyam, hıy!

⎯ Əşi, biz də verib gətiririk də. Verməsək, vermirlər iskladdan. Bunun hələ fəhlə pulu da var axı.

⎯ Vermir, gətirmə, satma, qoy qalsın iskladda, görüm neyniyəcək, aparıb dədəsinin goruna tökəcək? Həlbət ondan da soruşan tapılar ki, a bala, niyə bu siqarettər tökülüb qalıb isklatta. Soruşan tapılar!

Böyründə dayanmış, layka geymiş bir cavan oğlan kişinin bazburtuna, geyim-keçiminə baxıb:

⎯ Əşi, yekə kişisən, əlli qəpik nə puldu ki, onun üstə ortalığa qanıqaralıq salırsan? ⎯ demişdi.

Kişi oğlana tərs-tərs baxmışdı:

⎯ Sən bilmirsən o əlli qəpiyi nə təhər qazanırsan, amma mən ilin doqquz ayını dizəcən su içində işləyib qazanıram, bala. Ona görə mən öz pulumu çölə ata bilmərəm. Dövlət lazım bilsəydi, elə bu zəhirmarı bir manata satardı da. Ver mənim əlli qəpiyimi. Yoxsa şikayət eləyərəm səndən.

⎯ Al, ay kişi, sənin əlli qəpiyinə qalmamışam. Xata-balanı uzaq elə məndən.

Neçə ilin söhbəti elə bil indi olmuşdu ⎯ o suçu kişi də gözünün qabağındaydı, o laykalı oğlan da, o bığıburma satıcı da.

Darvaza cırıltı ilə açılanda Nəzər fikrindən ayrılıb başını qaldırdı və Zakirə xanımın gəldiyini görüb hədsiz sevinc içində ayağa qalxdı.

⎯ Salam, Nəzər müəllim.

⎯ Ay əleykəssalam, qızım, xoş gəlibsən, səfa gətiribsən. Gəl, gəl, qızım. Belə də vəfasızlıq olar, ay Zakirə? Heç demirsən, mənim Nəzər müəllimim ölüb-qalıb, bir baş çəkmirsən?

Zakirə gülə-gülə irəli gəldi, onun iri, sümüklü əlini sıxdı, üzünə, gözlərinə diqqətlə tamaşa eləyib:

⎯ Yox, Nəzər müəllim, nə danışırsız, sizi heç unutmaq olar? ⎯ dedi. ⎯ Siz bizim əzizimizsiz. Düzü, neçə dəfə gəlmişəm, sizi evdə görməmişəm, zəng eləmişəm, götürən olmayıb. İndi də burdan keçirdim, gördüm evdəsiz, gəldim.

⎯ Çox sağ ol, qızım. Yaxşı eləyib gəlibsən. Bura, bilirsən ki, sənin öz evindi, nə vaxt istədin, lap yatmış olsam belə, gəl oyat, oturaq, dərdləşək. Bilmirsən ki, sənin xətrini çox istəyirəm, səni öz qızlarımdan ayırmıram, Zakirə!

⎯ Bilirəm, Nəzər müəllim. Mən də sizə həmişə müəllimim kimi, atam kimi baxmışam.

⎯ Otur, otur, sən allah. ⎯ Zakirə oturdu.

⎯ Necəsiz, Nəzər müəllim! Bəd nəzərdən uzaq, maşallah, yaxşısız, elə bil, bir az da cavanlaşmısız.

Nəzər Zakirənin qarşısında əyləşib şən bir əhvali-ruhiyyəilə:

⎯ Xoş sözlər üçün sağ ol, qızım, ⎯ dedi. ⎯ Ancaq elə bir cavanlaşmaq yoxdu. Ömür keçir gedir ⎯ yeganə şeydi ki, heç cür saxlamaq mümkün deyil, çünki onu zaman çəkib aparır. Zamanı da ki, heç allah özü də tutub saxlamağa, dondurmağa qadir deyil, qızım.

⎯ Elədi, Nəzər müəllim. Təəssüf ki, elədi. ⎯ Zakirə yüngül bir ah çəkdi.

⎯ Özün necəsən, qızım? Evdə-eşikdə nə var, nə yox? Oğlun necədi?

⎯ Yaxşıyam, hamımız yaxşıyıq, Nəzər müəllim. Oğlum da böyüyür.

⎯ Neçəncidədi indi?

⎯ Üçüncüdədi.

⎯ Maşallah. Necə oxuyur? Gərək mənim hesabıma görə, yaxşı oxusun. Elədimi?

⎯ Hə, əlaçıdı. Müəllim yoldaşlara tapşırmışam, üzgörənlik-zad eləməsinlər, mənə görə qiymətini-zadını artırmasınlar.

⎯ Onu yaxşı eləyirsən. Biz bəzən «hörmət» sözünün mənasını düzgün başa düşmürük, müsəlmançılığımıza salırıq; bu filankəsin uşağıdı ⎯ sıxmaq olmaz, tələb eləmək olmaz; başqalarından ayırırıq, üstün tuturuq, bir də görürsən, ağıllı-başlı bir eqoist yetişdirmişik. Sonra başlayırıq dizimizə-başımıza döyməyə ki, bu uşaq, səhər bu cavan, o biri gün bu vətəndaş, ziyalı niyə belədi, niyə belə eləyir! Buna heç cür yol vermək olmaz. Bu, hər şeydən əvvəl, onun özünün xeyrinədi, sonra, bizim, bütün cəmiyyətin!

⎯ Yox, Toğrul ağıllı uşaqdı, maşallah. Hələ ki, şikayətim yoxdu. O gün deyirəm, oğul, böyüyəndə nə olacaqsan? Qayıdıb nə desə yaxşıdı? Deyəsən ki, anarxist olacağam. Əvvəl elə bildim səhv eşitmişəm. Təzədən xəbər aldım. Təkrar elədi: «Anarxist olacağam!» Dedim, ay bala, anarxist sözünün mənasını heç bilirsən? Dedi, niyə bilmirəm. ⎯ «Anarxist ⎯ yəni belə də, ağlına nə gəldi, onu eləyən!..» Dedim, ədə, mən bu sözün nə demək olduğunu universitetin ikinci kursunda güclə öyrənmişəm, sən bunu hardan bilirsən? Dedi ⎯ televizordan, radiodan!

Nəzər güldü:

⎯ İndi uşaqlar çox tez yetişir, qızım. Əsr, ayrı əsrdi, zaman ayrı zamandı. İndi insan tez yetişir, demək olar, lap kosmik sürətlə yetişir. O qədər informasiya mənbəyi var ki, beyin hamısını qəbul edə, həzm edə bilmir, çatdırmır. Ona görə də yaş, məlumatdan, inkişafdan geri qalır. Ağıl, zəka ömrü, təbii ömrü ötüb keçir. Məsələn, beş yaşında uşaq on-on iki yaşlı uşaq kimi, iyirmi yaşlı cavan iyirmi beş, iyirmi səkkiz yaşlı cavan kimi düşünüb, ölçüb-biçir. Sən çalış o anarxist olmaq fikrini öldür onun beynində, Zakirə. Nizamlı, ölçülü-biçili bir rejim yarat onun üçün. Uşağın həyatı, ürəyi, beyni zavoddan təzəcə çıxmış, hələ köklənməmiş saat mexanizmi kimi bir şeydi ⎯ əvvəlcədən necə qursan, kökləsən, axıracan elə gedəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 min
Dördüncü hissə, on birinci fəsil

Darvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.

5 min
Dördüncü hissə, on ikinci fəsil

O gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...

29 min
Dördüncü hissə, on üçüncü fəsil

Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?

6 min

Poems by other poets