Page 1 of 5

O gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.

Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...

Nəcməddinin fikri-zikri ancaq və ancaq bu məşum həqiqəti üzə çıxartmağa yönəlmişdi. Qətiyyətli addımlarla bu həqiqətə doğru gedirdi, eyni zamanda qorxa-qorxa gedirdi.


Səhər saat onda gəlib çıxdı Nəcməddin evə. Kor-peşman idi. Çox içmək ona burda baha başa gəlmişdi. Siracəddinin yanına getmişdi, yeyib-içmişdilər. Ordan-burdan söhbət eləmişdilər. Siracəddin vaxtilə ona satdığı Dünyanı soruşmuşdu. Nəcməddin ah çəkib demişdi:

– Nanəcib çıxdı. Qaçıb getdi, izi-tozu da yoxdu. İndi bir təzəsini tapmışam, məni gecə saat 3-də durğuzarsan, onun yanına gedəcəyəm...

– Yaxşı... — demişdi Siracəddin.

O, bayıra çıxanda Nəcməddin evə zəng vurmuş, bərk kefli olduğunu, bu gecə evə gəlməyəcəyini söyləmişdi... Dünya çox yalvarmışdı ki, bir ayrı maşına min gəl. Demişdi yox, heç özümdə deyiləm... Bu yandan isə... Siracəddin yatıb yuxuya qalmış, onu saat üç əvəzinə, doqquzda yuxudan oyatmışdı. Nəcməddin onu söyüb biabır etmişdi və acıqlı-acıqlı, heç xudahafiz də demədən düz birbaşa evə gəlmişdi.

Nəcməddin gözləyirdi ki, evə gəlmədiyinə görə Dünya xanım onu qaşqabaqlı qarşılayacaq, küsəcək, üzünə baxmayacaq. Ancaq belə olmadı, əksinə, Dünyanın kefi çox kök idi, ağappaq sifətində ləzzət və nəşə nişanələri var idi, gözlərinin bəbəklərində bir sərxoşluq cilvələnirdi. Bütün bunlar Nəcməddinin nəzərlərindən qaça bilməzdi, çünki, o, ancaq indi belə əlamətlər axtarırdı və tapdıqca — qəribə idi — qorxa-qorxa sevinirdi.

Nəcməddin baxışlarını onun sifətindən yayındırıb qucağındakı uşağa baxdı. Oğlu uzunkirpikli gözlərini Nəcməddinə zilləyib diqqətlə baxırdı. Kişi titrək barmağını uşağın alt dodağına vurub azca aşağı çəkdi, oğlan qımışıb güldü.

Dünya xanım əsnəyə-əsnəyə dedi:

– Hardasan, ay kişi? Sənə demişəm bu qədər içmə də. Axırı bir gün ürəyini partladacaq bu içki zəhrimar.

– Partlamaz, arvad

– Bu gecə səhərəcən yatmamışam. Yerini də demədin ki, gəlib aparım səni.

– Tapa bilməzdin. Gəlib eləyən, zəng-filan çalan olmayıb ki?

– Yoox...

Nəcməddin içəri keçdi... Dünyanın yataq otağına, evə göz gəzdirdi, nəm-nişan axtardı, ancaq heç nə yox idi...

Uşağı qoy yerə, mənim üçün bir yaxşı tünd çay dəmlə...

– Baş üstə…

Dünya uşağı xalçanın üstünə qoydu, özü mətbəxə keçdi.

O, mətbəxə keçən kimi Nəcməddin tez əyilib çarpayının altındakı maqnitofonun kasetini çıxartdı, cibinə qoydu. Əlləri əsirdi, yarpaq kimi. Allah yaponların atasına rəhmət eləsin. Əcəb düzəldiblər. Qur, get. Danışırsan yazır, danışmırsan, dayanıb gözləyir. Əsl müsəlman malıdı, idarəyə, evə qoy, işçilərinin, arvadının, uşağının, dostlarının sənin haqqında nə dediklərini bir-bir sənə söyləsin... Afərin, yaponlar!» — deyə o, iki daşın arasında fikirləşdi və bu dar gündə, bu ağır dəqiqələrdə ona kömək etdiyi üçün, həqiqəti aşkar etdiyinə görə bu maqnitofonun incinarını da olmasa hər hansı bir yaponu bağrına basıb öpməyə hazır olduğunu anladı.

Sonra çarpayının baş ucunda, üçayaqlı stolun üstündəki telefonun məftilinə bitişik səsyazanın balaca kasetini çıxartdı; kasetlərin hər ikisi cibində idi. Ona elə gəldi ki, cibindəkilər bombadır, indncə partlayacaq, onu uşağı da, bu ev-eşiyi də yerlə yeksan edəcək bir göz qırpımında... Üşüyürdü kişi... Qorxudandımı, həyəcandandımı?! Əsim-əsim əsdiyini, uçunduğunu gizlətmək üçün xalça üstə ora-bura iməkləyən balaca Nəcməddini əyilib götürdü, başının bərabərində saxlayıb ona diqqətlə baxdı, baxdı... Uşaq güldü, əlini onun sifətində gəzdirdi, kişinin ürəyi lap kövrəldi. O, körpəni bağrına basıb hərarətlə öpdü, öpdü və gözləri yaşarmış halda:

– Mənim yazıq balam, yetim balam!..— dedi... — Sənin günahın nə idi?!

Dünya otağa girəndə ata-balanı bir yerdə görüb sevindi. — Darıxmısan, kişi, deyəsən uşaq üçün.

– Hə... şeytan olub, maşallah.

– Çay hazırdı!..

– Al bu uşağı... Başım lap çatlayır...

Nəcməddin uşağı anasına verib yemək otağına keçdi. Süfrə başında oturdu. Bir piyalə içdi, ikincisini də süzüb içdi. Dünya da uşaqla burda idi. Bir azdan başlarına gələcək fəlakətdən xəbərsiz idilər.

Bir piyalə də çay süzdü özünə Nəcməddin.

– Çörək niyə yemirsən, kişi?

– İştahım yoxdu. Ciyərim yanır... Dünya uşağı atıb tuta-tuta:

– Bir də içsən, özün bil. Sənə deyirəm... — dedi hökmlə. Nəcməddin gözlərini dolandırıb ona zillədi və bu hökmü hiss etdiyini bildirən bir tərzdə:

– Arxayın ola bilərsən, Dünya. Bir də mənim içdiyimi sən görməyəcəksən, heç vaxt görməyəcəksən... — söylədi.

Dünya xanım onun sözlərinin əsl mənasını anlamadı, sevindi və:

– Afərin, kişi! —dedi — Bax belə!!. — Sonra üzünü uşağa tutub əlavə elədi: — Qibləgahın daha içməyəcək, eşidirsən, içməyəcək.

Araya sükut çökdü. Nəcməddin arxasını stulun oturacağına söykəyib gözlərini yumdu. Ancaq bu zaman Dünya onun solğun üzünü yaxşı görə bildi. Yorğun idi, yatmamışdı — nə idi?

– Yerini düzəldim, yatırsan?

Nəcməddin Dünyanın səsinə gözünu açıb tutqun, laqeyd baxışlarla arvadını süzdü — o, kişiyə duman içində imiş kimi göründü.

– Yox. Gedəcəyəm.

– Hara?

– Əvvələn şəhərə, deyirlər, yaxşı hind, türk mahnıları gəlib, maqnitofonları aparacağam, onları seçib bir neçəsini yazdıracağam. Axşam qulaq asarıq... İkincisi, Əbdülü gedib gətirəcəyəm...

– Əbdülü?... — Dünya təəccüblə səsini uzada-uzada xəbər aldı.

– Hə.

– Məgər bilirsən Əbdül hardadı?

– Hə.

– Haradadı?

– Öz qəryələrində. Bu gün bazarda gördüm.

Dünya fikrə getdi. Əbdül!.. Dünənəcən Əbdül yadından çıxmırdı. Hər xatırlayanda ürəyinin başı göynəyirdi. Onunla keçirdiyi xoş dəqiqələr, saatlar yuxu aləmində imiş kimi birər-birər, ən incə nöqtələrinə qədər gəlib gözünün qabağından keçirdi. Əbdül həyatına — gözlənilmədən olsa da, elə daxil olmuşdu ki, əvvəllər ömrünü, günlərini onsuz təsəvvür eləyə bilmirdi. Əbdül evinin adamı idi — açanda əlində idi, yumanda ovcunda. Ancaq, ərköyünlük elədi, özünə çox qürrələndi Dünya, onu — həyatını, bütün sevgisini, ömrünü, xoşbəxtliyini həsr etdiyi Əbdülü incitdi, qəlbini qırdı və o çıxıb getdi. O gedəndən sonra Dünya peşman oldu, özünü danladı, ancaq əli heç yana çatmadı. İndi isə o, lazım idimi Dünyaya?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.

6 min
İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 min
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 min
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 min

Poems by other poets