Darvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:

– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.

– Eyb etməz, ağa. Gözlərəm.

Şəfi həyətə keçdi. Dirəkdəki çıraq həyət-bacaya işıq saçırdı. Payız bura da əl gəzdirmişdi. Yer xəzəllə dolu idi. Qərib bir sükut yaşayırdı burda. Görünür hamısı evə çəkilmişdi uşaqların. Şəfi neçə ay ayrı düşdüyü doğma evinə-eşiyinə uzun illərin həsrətlisi kimi arxayın-arxayın xeyli tamaşa elədi, sinədolusu köks ötürüb pilləkənləri qalxdı.

– Ay ev yiyəsi...

Səsini eşidən olmadı deyəsən, bir də dillindi:

– Ay ev yiyəsi?..

Məleykənin doğma səsi gəldi qulağına:

– Sakit. Deyəsən gələn var... Bəbrək, oğul, gör kimdi o? Qapı açıldı və... Bəbrək atasını görəndə qışqırdı:

– Qibləgahım!.. — Özünü onun qucağına atdı.

– Oğlum!!!

Bəbrək hıçqırırdı. Atasının tüklü üzündən öpürdü, Şəfi isə onu bağrına basıb duz kimi yalayırdı: «Oğlum, oğlum!» — deyirdi. Səsküyə Məleykə, Rəbiə, Jalə də gəlmişdilər, hərəsi bir tərəfdən kişinin ayaqlarına sarmanmışdı — hamısı da ağlayırdı. Təkcə Məleykə kənarda dayanıb ağlayan-gülən gözləri ilə əzizlərinin görüşünə tamaşa eləyirdi. Nəhayət, Şəfi uşaqların əlindən xilas olub dikəldi, Məleykəyə baxdı, baxdı, nə isə demək istədi, ancaq susdu, sağ əlilə dodağının üstünü örtməyə çalışdı — dişlərinin düşdüyünü gizləmək üçün. Hələ heç nə başa düşməyən Məleykə irəli yeriyib onun boynunu qucaqladı və alnından, üzündən öpdü, pıçıltı ilə:

– Xoş gəlmisən, əzizim, — dedi, — Həmişə evində-eşiyində.

Şəfi anladı ki, danışmamaq mümkün deyil, əvvəl-axır bunu hamısı biləcək, odur ki, canını dişinə tutub uzun müddət lal olmuş adam ilk sözü deməyə necə çətinlik çəkirsə, elə bir çətinliklə:

– Şağ ol, əjijim, — dedi. — Gəlmişəm.

Sonra o, elə ordaca Məleykəni başa saldı ki, yüz rupi lazımdı, sürücünü yola salmaq üçün... Məleykə içəri qaçdı, pul gətirib Şəfiyə verdi. Şəfi həyətə çıxmaq istəyəndə Bəbrək dedi:

– Qibləgahım, ver mən aparım.

– Hə. Apar, oğul.

Bəbrəkin getməyi ilə qayıtmağı bir oldu. Pul əlində idi.

– Nə oldu, niyə vermədin, bala? — Məleykə təəccüblə xəbər alanda Bəbrək dedi:

– Taksi-zad yoxdu. Çıxıb gedib.

– Necə gedib?

– Gedib də. Yox idi.

Məleykə Şəfinin üzünə baxdı. Şəfi kədərli halda gülümsünüb söylədi:

– Yəqin tanıyıb...

Şəfini uşaqlar çəkib otağa gətirdilər. Kişi evin ortasında dayanmışdı. Elə bil, hamısı özünü itirmişdi. Şəfi balalarına, arvadına, onlar da ona baxırdılar. Şəfi arıqlamışdı, gözləri çuxura düşmüşdü, üzünü ağ tük basmışdı, alt dodağında çapıq yeri vardı. Paltarları əziküzük idi. Məleykə ömründə Şəfini bu kökdə görməmişdi: ürəyinin başı sızıldadı arvadın və bayaqdan özünü saxlasa da, indi saxlaya bilmədi, təzədən onun boynunu qucaqlayıb:

– Səni nə günə salıblar, Şəfi! — deyə fəryad qopardı, — ciyərləri yansın, sənə necə qıyıblar, Şəfican?! dişlərin hanı, Şəfi?..

Şəfi onun başını sığalladı, doluxsunmuş uşaqlara baxıb təskinlik vermək üçün:

– Yaxşı, yaxşı! — dedi. — Ağlama. Uşaqların ürəyini qana döndərmə, Məleykə. Hər şey keçib gedib. Şükür elə ki, şağ-şalamat gəlib çıxmışam. O ki qaldı dişlərimə — o gülümsəməyə çalışdı — dişlərim həbşxanada yamanca ağrıdı, Məleykə. Bir-bir çəkdirdim. Orda da elə əla diş ustaları var ki, bir dəfəyə adamın şəkkij dişini çəkir, heç xəbərin də olmur. Nə işə bunlar düjələn şeydi. Mənə bir şulu xörək bişir, cana. Düj on gündü ajam, dilimə şudan başqa heç nə dəyməyib; şonra çimərəm. Şonra əməlli-başlı oturarıq, şöhbət eləyərik, görərik şijdə nə var, nə yox, bijdə nə var, nə yox?.

...Şəfinin həbsdən azad olması ailə üçün toy-bayram idi. Elə bil evə gün doğmuşdu. Uşaqların, Məleykənin eyni açılmışdı. Dostları da bir-bir gəlib dəyirdilər ona. Ziyaülhəqq, Elməddin və başqa yoldaşları onun gəlişini xüsusilə böyük sevinclə qarşılamışdılar. Onun azad edilməsi, bir tərəfdən Şəfinin öz şəxsi qələbəsi idisə, o biri tərəfdən də təşkilatın çox böyük qələbəsi idi. Birlik, həmrəylik, xalqın qəlbinə yol tapmaq, onu hərəkətə gətirmək — bax bu işi öz təcrübələrində bu təşkilat birinci dəfə idi sınayırdı və nəticəsi göz qabağında idi. Demək birlik, əqidə və dəyanət olan yerdə — ancaq bu zaman düşmənə qələbə çalmaq olar! Bəbir bu təcrübəni ümumiləşdirməyi, təhlil etməyi və yoldaşların nəzərinə çatdırmağı təşkilatın indiki fəaliyyətində əsas vəzifə hesab edirdi və bunu o eləməli idi.

Xüsusi qəzetlər, demokrat əhvali-ruhiyyəli mətbuat orqanları şair Şəfinin azad olunması barədə xəbəri, onun şəklini çap edir, şərhlər yazırdılar. Şəfi indi hamının sevimlisinə çevrilmişdi, hara getsəydi, bazarlarda, kababxanalarda, məktəblərdə, darülfünunun özündə belə hamı ondan danışırdı, kitablarını tapıb oxuyur, təzədən vurulurdular.

Şəfi özü isə bu səs-küyü, bu şöhrəti sakit bir ürəklə qarşılayırdı. Daha çox düşünür, götür-qoy edir, yeni yazılar qələmə almaq üçün şirin-şirin xəyallara dalırdı. «Hələ neynəmişəm ki, hələ əsas işlərimiz bundan sonra başlayacaq. Mən ən gözəl əsərlərimi hələ bundan sonra yazacağam. Ömür vəfa eləsə» — deyirdi. Hələlik heç yerə çıxmırdı. Zəif idi. Dişlərini düzəltdirməli idi. Diş həkimi evə gəlmişdi, ölçülərini götürüb getmişdi. Məleykə uşaq kimi gecə-gündüz onun qulluğunda dururdu, vaxtlı-vaxtında yeməyini-içməyini verirdi, başına pərvanə kimi dolanır, «Ay evimin çırağı!» — deyib üstündə əsirdi.

– El-oba səni çox istəyirmiş, ay ömrüm-günüm!— deyə neçə gün davam edən izdihamları, qəzetdə çıxan məqalələri, şerləri nəzərinə gətirən Məleykə iftixarla ərinin ağ saçlarını sığallayır, fərəhindən yerə-göyə sığışmırdı. — Çox istəyirmiş, lap çox!

Şəfi gülürdü:

– Məni hamıdan çox istəyən bir nəfər var, Məleykə.

– Kimdi o elə?

– Sənsən, gülüm. Mən dünyanın ən bəxtəvər kişisiyəm.

Məleykəm mənim, ən xoşbəxt şairəm ki, sənin kimi ömür yoldaşım var.

– Mən sənin adınla, şöhrətinlə fəxr eləyirəm, Şəfi, Şəfi şöhrət sözünü eşidib fikrə getdi:

– Şöhrət elə bir məleykədir ki, havayı yerə heç kəsin çiyninə qonmur, gülüm! — deyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

İydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.

12 min
Birinci hissə, dördüncü fəsil

Artıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:

6 min
Birinci hissə, beşinci fəsil

Kəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.

6 min
Birinci hissə, altıncı fəsil

Elməddin evə qayıdanda Əfsanə damın böyründə çömbəltmə oturub qabağına qoyduğu iri, paxırdan qızarmış teştdə paltar yuyurdu. Su isti olduğundan teştdən buxar qalxır, bir az aralıdakı ocağın burulubucalan tüstüsünə qarışırdı. Ocağın üstündə iri su qazanı qaynayırdı.Əfsanə islanmış paltarları çəngələdikcə bədəni yırğalanır, su kənara sıçrayırdı. Başı, üzü açıqdı. Ağ dizləri görünürdü. Uzun hörüklərinin biri ağ çiynindən sürüşüb qabağa, o biri isə kürəyindən axıb yerə dəyirdi. Əndamı tərpəndikcə hörükləri də asta-asta yırğalanırdı.

14 min

Poems by other poets