Dördüncü hissə, onuncu fəsil
Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.
Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.
Dünya xanım yenə həmişəki kimi onun qulluğunda idi, məhəbbətini, nəvazişini əsirgəmirdi. Lakin bütün bunlar Nəcməddinə süni, qondarma görünürdü. «Riyakar mələk!» — deyirdi qəlbində, ancaq üzə heç nə vurmurdu. Qadın hiss edirdi ki, o dəyişib, soyuyub. Lakin səbəbini arayıb tapa bilmirdi. Əbdülün müəmmalı şəkildə yoxa çıxması onu şübhələndirirdi. «Bəlkə o pədər-lənət bir söz qaçırdıb ağzından? Sərxoş idi. Olmazmı? Yox, deməz, ömründə deməz. Heç olmasa öz qorxusundan deməz. Bir bileydim hardasan, Əbdül. Sən indi daha çox lazım idin mənə. Qoyub qaçdın... Etibarsız!! Yox, o, kişiyə bir söz desəydi, indi məni çoxdan öldürmüşdü. Onun gözünün qanı yoxdu...».
Belə düşünə-düşünə o, dəfələrlə ərinin qılığına girmiş, onun dərdini-azarını öyrənməyə çalışmışdı. Dil tökmüş, yalvarmış, nigarançılıq əlindən lap az qala ürəyi partlamaq dərəcəsinə gələndə isə küsmüşdü:
– Demirsən, demə!.. Qoy qalsın ürəyində... Sən axır vaxtlar dəyişmisən, məni özünə yad hesab eləyirsən, sirr gizləyirsən... Sən məni daha sevmirsən! — deyib hətta ağlamışdı da. Belə hallarda Nəcməddin ancaq özünə xas ustalıqla riya pərdəsinə bürünərək donunu dəyişmiş və Dünyanın könlünü almışdı.
– Nə danışırsan? Sən mənim həyatımsan. Mən səni sevməyə bilərəm? Məni yaşadan sənsən, Dünya! — Belə deyəndə Nəcməddin özü hiss eləmişdi ki, səs onundu, söz onundu — amma ürək o ürək deyil. Bu sözləri sanki onun içində yatmış tamam ayrı bir adam söyləyir. Və o anlayırdı ki, gözlənilmədən həyatında qopmuş bu tufandan, bu burulğandan xilas ola bilməyəcək. Bu onu qəlbən ağladırdı, mənən öldürürdü. «Döz, hələ döz, qoca!» — deyə o, hər an, hər sarsıntılı dəqiqədə özünə təsəlli verir, təmkinli olmağı arzulayırdı. Unutmağa çalışırdı, ancaq bu mümkünmü idi?! Dünyanı görən kimi, qonşu binaya, o kürən oğlana, onun maşınına gözü sataşan kimi beynində, ürəyində hər şey alt-üst olurdu, nifrət üz-gözünü əyirdi, gözləri qan çanağına dönürdü. Sonra uzun müddət özünə gələ bilmirdi. Və bu hər gün beləcə davam eləyirdi, ona cəhənnəm əzabı verirdi. Ürəyində intiqam alovunu daha da şölələndirirdi; «Bu əzabları ancaq intiqam yox eləyə bilər. Başqa heç nə! Döz, qoca, döz. Görəcəkli günlərin varmış... Az qalıb, bu gün başlayıram əməliyyata. Hər şey aydın olmalıdı, əl içi kimi aydın...».
...Günorta Nəcməddin evə şad-xürrəm qayıtdı. Danışığından, hərəkətlərindən həyəcanlı olduğu aydın sezilirdi. Bir oyuna girmişdi, bu oyunu axıra qədər ləyaqətlə oynamaq istəyirdi. İndi onun vücudunda iki adam yaşayırdı. Biri əsas Nəcməddin idi — namusu, qeyrəti şübhə altında olan və buna görə də qısqanclığın dəhşətli məngənəsində çalıxıb-çapalayıb inləyən və intiqam hissilə yaşayan Nəcməddin idi. Bu, onun ürəyi, hissiyyatı, heysiyyəti idi. O, qəzəbdən və qorxudan əsim-əsim əsirdi. Və Allaha yalvarırdı ki, bütün bunlar yalan olaydı, yalan olaydı. Onu qoca vaxtı günaha batırmayaydı, əlləri qanlı etməyəydi, səadətini pozmayaydı. Yalvarırdı, yalvarırdı. Elə yalvarırdı ki, əgər allahın insafı, ürəyi olsaydı, onu sakitləşdirərdi. Ancaq həqiqət allahdan da qüdrətlidir. İkinci adam — Nəcməddinin zahiri idi, özünə köməyə çağırmışdı, özünü xilas etmək üçün çağırmışdı. Əsl Nəcməddin ona əvvəlki səsini, şənliyini, soyuqqanlılığını vermişdi. Bü Nəcməddin həqiqəti üzə çıxarmaq üçün gəlmişdi... Bütün bu cidd-cəhdlərinə baxmayaraq, o, özündə nə isə qəribə bir qorxu hiss eləyirdi. Həqiqətlə üz-üzə gəlmək qorxusu idi bu qorxu...
Dünya onun üçün çay gətirdi. Özü də qənşərində oturdu.
– Kişi, göz dəyməsin, bu gün kefin kökdü.
Nəcməddin bayaqdan necə başlamaq barədə düşünürdü. Yaxşı oldu o, özü başladı,
– Hə, Dünya xanım. Yaxşıyam. Bir gülməli əhvalat eşitmişəm. — Dünya maraqlandı:
– Mənə də danış də. Nə olub ki?..
Nəcməddin çaydan bir qurtum içdi, bədənini saran üşütməni dəf eləməyə çalışaraq güldü:
– Əşi, bizim bu qonşu yoxdu?
– Hansı qonşu?
– Bu da. Adı nədi oğlanın? O kürənin adı nədir?
– Vəlixanı deyirsən?.
Nəcməddinin ürəyi çırpındı... «Adını da bilir. Neçə ildi mən onunla qonşuyam, adını bilmirəm, bu bilir!!!»
– Hə, hə, Vəlixan... O darülfünunda işləyir axı. Orda bu Vəlixan bir qızı — tələbəni yoldan çıxarır. Səni belə sevirəm, elə sevirəm. Ölürəm dərdindən... Qız da inanır — qızların ağlı axı topuğunda olur... Nə isə, inanır... Və bunlar bir xəlvət evdə görüşürmüşlər.
– A?.. — dedi Dünya xanım. Və rəngi dəyişdi. Nəcməddin gözlərini onun üzündə gəzdirdi, onun hər sözünü, hər ifadəsini yadda saxlamaq üçün bütün diqqətini cəmlədi. Dünya burda da uduzdu. Nəcməddin təmkinini Allah bilir nəyin bahasına pozmamağa çalışaraq davam etdi:
– Sən demə, qızın da nişanlısı varmış... Şübhələnir, güdür, nəhayət bu gün öz dostları ilə gəlib ikisini də bir yerdə tutublar...
– Vay... Öldürüblər? — həyəcanla soruşdu Dünya...
– Yox. Öldürsəydilər ondan yaxşıydı... hər ikisinin başına bir-birinin gözü qabağında, olmazın oyununu açıblar... — Sonra Nəcməddin canını dişinə tutub şit-şit hırıldadı.
Dünya xanım gözləri böyümüş halda Nəcməddinə baxdı və özünü saxlaya bilməyərək:
– Niyə gülürsən? Burda gülməli nə var ki? Bu, daha çox ağlamalıdı.
– O baxır adamına, — Nəcməddin siqaret yandırdı və sümürdü, — kimin üçün ağlamalıdı, kimin üçün gülməlidi. Məsələn, mənim üçün gülməlidi.
– Onda sənin ürəyin heç yoxdu,—deyərək Dünya xanım ayağa qalxaraq fırıldayıb getdi.
Nəcməddinin başı hərləndi, gözlərinin qabağında qığılcımlar oynadı. Taqəti bütün bədənini tərk elədi. Hətta barmaqlarının arasından siqaret sürüşüb düşdü, əyilib götürməyə halı olmadı. Anlar, dəqiqələr keçdi. Handan-hana özünə gəlib ah çəkdi: «İzinə düz düşmüsən, qoca. Burda oyunu qürtarmaq olar. Hər şey aydındı. Yox, hələ tələsmə... tələsmə... O biri işi də gör, sonra, qoca... Qoy intiqam ləzzətin mükəmməl olsun. Dur gedək, ağayi Nəcməddin, axşam gələrik, oyunu qurtararıq... Mən istəməzdim bu belə olsun. Özün belə istədin. Bəlkə bu heç lazım deyildi... Yox, yox nə danışırsan, biz başımıza ləçək bağlamırıq, papaq qoyuruq, qoca. Papaq — namus, qeyrətdi. Onu başında saxlamayan ləyaqətsiz adamdı. Eh, qadın, qadın. Dünya, Dünya... Sən niyə belə elədin, nəyin yox idi, nəyin yox idi, ay...».
Nəcməddin çayını yarımçıq qoyub beli bükülmüş halda, qıçlarını küclə sürüyərək getdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-onuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Salman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, üçüncü fəsil«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
İkinci hissə, dördüncü fəsilŞirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.
İkinci hissə, beşinci fəsilSəhər tezdən. Ağstafa — Bakı qatarı vağzalda nəfəsini dərib dayandı, səkidə yol gözləyənlər, adam qarşılamağa gələnlər ora-bura qaçmağa, pəncərədən çıxan başlar, yellənən əllər çəkilməyə, sərnişinlər vaqonlardan tökülməyə başladılar.Onuncu vaqonda uzunboylu, beli azca donqarlaşmış, gümüşü bağlı bir kişi əlində iki çamadan səkiyə endi. Yaşı çox olsa da, gümrahdı, sağlamdı. Ağır, dolu çamadanları elə götürmüşdü ki, sanki uşaq oyuncağı idi. Əynində haçansa göy olan, indi isə bozarmış şalvar-pencək başında uzun günlüklü kepka vardı.