Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.

– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.

– Bəli, doktor...

– Ayaqlarından yapış, ehmallıca qoyaq cərrahiyyə çarpayısının üstünə.

Balaxanım iki qolunu irəli uzadıb yaralının ayaqlarından tutdu, Sultanzadə isə boynunun ardından və kürəyindən yapışdı... İkicə saniyə sonra yaralı əməliyyat çarpayısının üstündə uzanmışdı. Burnuna kəskin dərman qoxusu dəysə də, o, harada olduğunu kəsdirə bilmir, kəsik-kəsik nəfəs alır, zarıyırdı...

Həkim onun ağ köynəyini boğazına qədər qaldırdı, Sağ böyrü qan içində idi. Rasim Sultanzadə uzun barmaqlarını onun qabırğaları üzərində gəzdirib arabir tıqqıldatdı. Qaraqançır olan yerdə səs küyüldəyəndə həkim yanında dayanmış Balaxanıma dedi:

– Bu qabırğa zədələnib...

– Doktor, başından da çox qan axır. Balışa fikir verin, qıpqırmızı olub.

Həkim qüvvətli əllərilə yaralını yanakı çevirdi, başının arxasına baxdı. Sıx qara tükün arasından qan sızırdı.

– Qayçını mənə.

Balaxanım üzərinə cərrahiyyə alətləri yığılmış şüşə örtüklü stolun üstündən ağ, əyriağız qayçını gətirdi. Rasim üsulluca yaranın yan-yörəsindəki tükləri vurdu. Balaxanımın ucuna pambıq doladığı pinsetlə yaranın qanını təmizlədi, yod sürtdü. Sonra yaranı xırçıltı ilə tikdi və sarıdı.

– Laboratoriya açıqdır?

– Bəli, doktor.

– Qanını müayinə etmək, sonra qan vurmaq lazımdır. Çoxlu qan itirib.

Balaxanım getdi, çox keçməmiş qayıtdı. Bir azdan yaralıya qan vuruldü.

Sultanzadə kişinin əzələli qoluna, enli sinəsinə və sağlam sifətinə baxıb Balaxanıma:

– Canı sağlamdır, qüvvətlidir, yoxsa indiyə... – dedi.

Balaxanım gözləri yol çəkə-çəkə həkimin dediyini təsdiq elədi, ürəyindən isə belə keçirtdi: «Kişi belə olmalıdır. Yoxsa mənim rəhmətlik ərim təki? İsklet!».

Həkim qan vurulandan sonra yaralının nəbzini bir də yoxlayıb:

– Balaxanım, bunu onuncu palataya – üç adamlıqa aparın, – dedi. – Gözün də üstündə olsun. Görün yanında sənəddən-zaddan nəyi var. Ünvanını-filanını öyrənin, adamlarına xəbər verin. Bildin?!

– Bildim, doktor...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, birinci fəsil

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

11 min
Dördüncü hissə, ikinci fəsil

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

10 min
Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 min
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 min

Poems by other poets