Page 1 of 7

Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.

Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.

Ancaq sonra, yavaş-yavaş görmüşdü ki, adamlar nə isə cırlaşmağa başlayıblar, əvvəlki canıyananlıq, qayğıkeşlik, mehribanlıq azalıb.

Əli müəllimlər getmişdi, onları, lap elə Nəzərin özünü əvəz eləyən Şakir müəllimlər, Hüsü müəllimlər əmələ gəlmişdi. Heç dili də var gəlmirdi ki, Əliyə də müəllim desin, Şakirə də.

Bu, Nəzəri ⎯ öz duru və təmiz dünyasında yaşayan Nəzəri bir balaca silkələmişdi, ancaq ayıltmamışdı. Sonra… gəlib «Sülh» kolxozunun sədri Mikayılı aparmışdılar; on üç il sədr olmuşdu Mikayıl. Hər il planı yerinə yetirmişdi kolxoz, neçə qırmızı bayraq almışdı. Bakıdan, Daşkənddən qonaqlar gələndə katibin məsləhətilə birinci bura baş çəkərdilər; qabaqcıl kolxozdan təcrübə öyrənərdilər guya. Uzun müddət qüsursuz işlədiyinə görə ona «Şərəf nişanı» ordeni də vermişdilər. Mikayıl bu nişanı böyük iftixar hissilə sol döşünün üstündə gəzdirirdi, evdəki bütün kostyumlarının yaxası deşik-deşik olmuşdu deyirdilər. Hətta evdə olanda da o nişanı miləmil pijamasının yaxasına taxarmış. Tutulub milis maşınına mindiriləndə çıxarmışdı. Onu da özü yox, yadına salmışdılar. Məhkəmədə məlum olmuşdu ki, Mikayıl, məharətlə maskalanmış oğru imiş, əvvəl partiya bileti kölgəsində gizlənibmiş, sonra da «Şərəf nişanı» arxasında, hakim onu eləcə də adlandırmışdı: «Şərəfsiz…», «Şərəf nişanlı» şərəfsiz. Bu sözü eşidəndə, salonda, orta cərgələrin birində əyləşmiş Nəzər müəllim qulaqlarına inanmaq istəməmişdi. «Şərəf nişanlı» şərəfsiz. Demək, Mikayıl gözbağlayıcı imiş, kolxozçuları aldadırmış, rayon partiya komitəsini aldadırmış.

Nəzər üçün bunlardan da dəhşətlisi o idi ki, Mikayıl onun dərs dediyi uşaqları da aldadırmış ⎯ uşaqlar pambıq qurdu yığırmış, pambıq yığırmış, onlara qəpik-quruş verib başını qatandan sonra, siyahını təzələtdirirmiş, beş qəpik beş manat olurmuş, beş manat əlli manat olurmuş o siyahıda. Beləliklə, vücudu heç bir qəpiyə dəyməyən o pambıq qurdları üst-üstə yığılıb yüz minlərlə pul eləyirmiş və bu, uzun illər beləcə davam edibmiş… Mikayıl bu illər ərzində bir çox başqa şeylərdən özgə, doyunca pambıq qurdu da yeyibmiş. Doyunca yox. Doymaq bilmirmiş Mikayıl. İşin üstü açılmasaydı, yəqin Mikayıl hələ də pambıq qurdu yeyirdi.

Bu əhvalat Nəzəri tamam-kamal ayıltmışdı. Və neçə gün özünə gələ bilməmişdi ⎯ sayılan, hörmət edilən, rayon yığıncaqlarında rəyasət heyətində əyləşdirilən, Bakıda televizor ekranlarında tez-tez görünüb ağzı köpüklənə-köpüklənə danışan Mikayıl yalançı, oğru, vicdansız imiş və indi hardasa həbsxana küncündə oturub cəzasını çəkir…

Amma uzun müddət elə hey bu sual onu düşündürmüşdü: ⎯ Axı, Mikayıllar niyə camaatın etibarından belə sui-istifadə edirlər? Nə düşünürlər onlar görəsən?.. Axı belə vicdansızlıq olmaz. Axı onlar cəzasını çəkib gələndən sonra bu camaatın gözünə necə görünəcəklər, bu adamlar arasında necə yaşayacaqlar? Yox, Mikayıl gərək daha bu kəndə üz tutmasın. O yanlarda ölsün, qalsın, amma bu tərəflərə gəlməsin. Əlbəttə, utanan üzü varsa. Sonra öz-özünə etiraz edib deyirdi: «Sən də qəribə adamsan ha, Nəzər. Onun vicdanı olsaydı, belə eləməzdi. Yoxsa, sən elə bilirsən ki, orada Mikayıla vicdan verəcəklər, utanan üz verəcəklər? Ay verdilər ha!»

Nəzər itiyi itmiş adam kimi, bütün günü rayon mərkəzində gəzib-dolanır, gah aşxanaya girir, gah çayxanaya gedir, gahda mağazalara baş çəkir, univermağın mərtəbələri arasında vurnuxurdu. Alacağı bir şey yox idi. Neçə gün idi ki, fikirləşirdi ki, Süleymanın yanına getsin.

… İkinci mərtəbəyə qalxdı, pilləkənin qabağındakı qapıdan içəri girdi. Üstündə yazı makinası, telefon aparatı, güllü piyalə olan mizin arxasında xurmayı saçlarını topalayıb başının ortasında sancaqlamış, qırmızı don geymiş bir qız siyirməni dizlərinə doğru çəkib oradakı güzgüyə baxıb dodaqlarını dili ilə yalayırdı və başı özünə elə qarışmışdı ki, Nəzərin gəlməyindən xəbəri olmamışdı. Yanakı oturmuşdu, sifətinin yarısını görürdü və bu yarımsifət ona nəsə tanış gəlirdi. Amma kimiydi ⎯ ayırd edə bilmirdi. «Hə, keçən dəfə gələndə bu qız yox idi burada, ayrı qız oturmuşdu. Onu acılamışdım da. Bu, təzə gəlib görünür».

Nəzər öskürdü və qız səsi eşidib siyirməni yerinə itələyərək səksənmiş halda qapıya sarı baxdı:

⎯ A, Nəzər müəllim, sizsiz? Xoş gəlmisiz, ⎯ dedi və ayağa qalxdı.

Nəzər qoltuğundakı bükülünü böyrünə bərk-bərk sıxıb zənnlə fikir verdi, ancaq yenə tanıya bilmədi.

⎯ Salam, qızım, ⎯ söylədi və səsindəki qətiyyətsizlikdən qız başa düşdü ki, Nəzər onu tanıya bilmir.

⎯ Deyəsən, məni tanımadız, Nəzər müəllim?

⎯ Düzü ki, qarışdırıram, qızım. Qocalıq deyəsən öz hökmünü göstərir. Oxşadıram, amma dəqiq xatırlaya bilmirəm.

Qız pərtliyini büruzə verməməyə çalışaraq, gülə-gülə:

⎯ Mən Cura müəllimin qızıyam, ⎯ dedi.

⎯ Ay səni. Görürsən? Deyirəm axı.

⎯ Siz bizə iki-üç dəfə gəlmisiz, Nəzər müəllim.

⎯ Hə, hə, qızım. Sən gərək ki, Cura müəllimin üçüncü qızısan, adın da, səhv eləmirəmsə… ⎯ Nəzər müəllim yenə duruxdu, nəyisə qarışdırdığını başa düşüb günahkar imiş kimi gözlərini döydü.

Qız güldü:

⎯ Yox, Nəzər müəllim, mən dördüncü uşağam, adım da Sünbüldü.

⎯ Hə, hə, Sünbül… Yadıma düşdün. Mən görəndə sən balaca qız idin, bala. Maşallah, böyümüsən.

Sünbül başını aşağı saldı.

⎯ Atan necədi? O gün bazarda görüşdük… ⎯ Bunu deyib Nəzər Sünbülün gözlərinin içinə fikir verdi və onlarda bir dəyişiklik görməyib ürəyində sevindi: «Cura mənimlə söhbətini evdə danışmayıb». ⎯ Yaxşı bəs sən burda neynəyirsən?Sünbül qırmızı lak çəkilmiş dırnaqlarını qurdalaya-qurdalaya:

⎯ İşləyirəm, Nəzər müəllim, ⎯ dedi. ⎯ Katibəyəm.

⎯ Katibə? ⎯ Nəzərin bu sualında bir heyrət vardı və onu heç cür başa düşməmək, hiss eləməmək mümkün deyildi. ⎯ Bəs instituta getmədin?

⎯ Yox, Nəzər müəllim. Üçü oxuyur Bakıda. Mən özüm getmədim, qoy böyük bacım qurtarıb gəlsin, sonra… mən gedərəm.

⎯ Hə, çətindi. ⎯ Nəzər o gün bazarda Curanın dediyi sözləri yadına saldı: «Ancaq ləyaqətnən arvad-uşaq qarnı doydurmaq olmur, Nəzər müəllim». Nəzər o yan-bu yana baxındı, divarın dibində stul görüb özünü ona yetirdi və gözlərini yumdu. Sünbül onun halının dəyişdiyini görüb əl-ayağa düşdü, irəli gəlib:

⎯ Nəzər müəllim, sizə nə oldu? Həkim çağırım? ⎯ dedi.

Nəzər gözlərini açıb qəmli-qəmli gülümsündü:

⎯ Yox, qızım. Heç nə lazım deyil. Sadəcə yorğunam yaman… ⎯ Qorxdum, Nəzər müəllim. Qoy sizə bir stəkan çay…

⎯ Yox, yox, lazım deyil… Keçdi getdi… Sən mənə fikir vermə, qızım.

Sünbül keçib yerində əyləşdi. Nəzər isə ona baxıb mehriban-mehriban gülümsüyürdü və gülümsünə-gülümsünə fikirləşirdi: «Ölmüş, çox gözəlsən. Amma hayıf səndən, qızım, Sən niyə gəlib burada işləyirsən, axı? Sənə bu boyda rayonda iş qəhətdi yəni? Bu müdirlər də, rəislər də, katiblər də, nazirlər də qəribə adamdılar, vallah. Bu yaşa gəlmişəm, hələ bir vəzifə sahibinin qapısında oturan bir kifir qız görməmişəm. Hamısı gözəl olub. Gərək hamısı mütləq gözəl olsun? Bu harada yazılıb axı? Gətir bir şikəsti, bir fiziki iş görə bilməyəni oturt qapında da. Olmaz? Çörək verirsən ⎯ bir əlsiz-ayaqsıza ver da, dünya dağılmaz ki…»

⎯ Təzə işləyirsən, bala, burda?

⎯ Hə, üçüncü gündü, Nəzər müəllim. ⎯ Sünbül sakitcə cavab verdi.

⎯ Bə o pırpızbaş katibə necə oldu?

⎯ Pırpız baş?

⎯ Hə də, səndən qabaqkı katibə. Əti, dili acının, mədəniyyətsizin biriydi…

Sünbül qımışdı:

⎯ Getdi… Deyirlər, köhnə katib öz yanına aparıb…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 min
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 min
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 min
Üçüncü hissə, on üçüncü fəsil

Ceyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.

2 min

Poems by other poets