İkinci hissə, səkkizinci fəsil
Page 2 of 7 · 14%
⎯ Hm. Belə deee. ⎯ Nəzərin gər səsi uzandı və: ⎯ Kişiyə denən Nəzər müəllim gəlib, ⎯ söylədi Sünbülə. ⎯ Gör vaxtı, imkanı varmı məni qəbul eləməyə?
Sünbül uşaq kimi dik qalxdı, böyründəki pardaxlanmış qapını açıb içəri keçdi və heç bir dəqiqə keçməmiş qayıdıb:
⎯ Buyurun, Nəzər müəllim, ⎯ dedi və geri çəkilib ona yol verdi. Nəzər qoltuğundakı bükülünü böyrünə sıxıb otağa keçdi.
… Süleyman öz stolunun arxasından qalxıb Nəzər müəllimlə üzbəüz oturmuşdu. Katib ancaq hörmətini saxladığı adamları qəbul eləyəndə belə oturardı və bu o demək idi ki, söhbət dostanə, qeyri-rəsmidi. Bunu Nəzər də bilirdi və Süleymanın öz müəllimini bu cür qarşılamağından çox razı idi.
Süleyman onu görən kimi sevinclə yerindən qalxıb irəli gəlmiş, əllərini sıxıb ağ saçlarına, pırpız qaşlarına məhəbbətlə baxmış, çəkib əyləşdirmişdi. İşini, gücünü, ailəsini soruşmuş, səmimiyyət göstərmişdi. Elə bil əhvali-ruhiyyə yaranmışdı ki, Nəzər düşündüklərini açıq deyə biləcəyini yəqinləşdirib bir az sevinmişdi, bir az rahatlanmışdı. Bayaq dəhlizə girərkən keçirdiyi həyəcan, təlaş, nigarançılıq da əriyib yox olmuşdu.
Nəzər qoltuğundakı bükülünü böyründəki boş stula qoyub ərkyana Süleymana dedi:
⎯ Süleyman, o katibənə denən, bizə bir stəkan çay təşkil eləsin. Boğazım lap quruyub.
⎯ Bu dəqiqə, ⎯ deyərək Süleyman öz stolunun arxasına keçdi, Nəzərin görə bilmədiyi, harasa mizin aşağısına bərkidilmiş düyməni basdı və gəlib yerində oturmamış Sünbül qapının ağzında göründü:
⎯ Bizə çay, ⎯ dedi.
⎯ Baş üstə, bu dəqiqə ⎯ deyə Sünbül dabanı üstə geri döndü.
⎯ Hə, sənin işlərin necə gedir, ay Süleyman? ⎯ deyə cibindən müştüyünü çıxarıb «Avropa»sından birini ucuna taxanda, katib «Malbora»nı və büllur külqabını onun qabağına qoydu:
⎯ Bundan çək, Nəzər müəllim.
⎯ Yox, sağ ol. Adət eləmişəm buna. Sonra pis öyrəşərəm, ona mənim pulum çatmaz.
Süleyman güldü:
⎯ Ta ağ eləmə də, Nəzər müəllim. Bunun qutusu ⎯ o, bəzəkli qutudan bir gilə götürüb damağına aldı və əvvəl Nəzərin, sonra özünün siqaretini kiçik, bəzəkli alışqanla alışdırdı ⎯ bunun qutusu bir manatdı. Yəni sənin gündə bir manat verib siqaret almağa pulun yoxdu?
⎯ Bir manat? Nə danışırsan, canım? Onun qutusu beş manatdı. Moskovski, Kişinyovski olanda beş manat, amerikanski olanda yeddi manatdı. Sizin «spesmaqazin»ininiz var, siz ordan bir manata alırsız. Amma biz…
⎯ Hardadı bu belə?
⎯ Əldə. Alverçidə.
⎯ Hə. Mən elə bildim mağazada deyirsən.
⎯ Eh, ay sağ olmuş, mağazada «Malbora» nə gəzir. Ümumiyyətlə, sən gərək bunu yaxşı biləsən ki, təkcə o yox, bütün yaxşı mallar mağazalardan qaçaq düşüb, hamısı alverçinin əlində cəmləşib, Süleyman.
⎯ Bəs milis hara baxır?
⎯ Elə mən də, düzü, Süleyman, səninlə bu və bunun kimi bəzi məsələlər barəsində açıq danışmağa gəlmişəm. Xeyli fikirləşdim, gedim-getməyim deyə çox çapaladım, axırı vicdanımın səsinə qulaq asıb sənin yanına gəlmişəm. Mən bunları sənə deməyə bilmərəm. Ola bilər fikir verməyəsən… sonra əngəl açar.
⎯ Hə, buyur, Nəzər müəllim, səni eşidirəm.
Bu zaman Sünbül iki armudu stəkanda çay, qənddanda konfet gətirib onların qabağına qoyaraq çıxdı.
⎯ Sağ ol, qızım. ⎯ Bunu Nəzər söylədi və onun arxasınca baxa-baxa fikirləşdi ki, elə bu qızdan başlayacaq, çünki məqamdı. Və başı ilə qapıya tərəf işarə eləyib:
⎯ Bu qızın kim olduğunu bilirsən, Süleyman? ⎯ deyə soruşdu.
⎯ Hə, Cura müəllimin qızıdı, deyirlər.
⎯ Deyirlər yox, elə həqiqətən Cura müəllimin qızıdı, Süleyman. Onu sən götürmüsən bura, katibəliyə?
⎯ Hə. Üçüncü katib gətirmişdi. Xahiş elədi. Deyəsən Cura müəllimin külfəti böyükdü, dolanışıqları o qədər də yaxşı deyil.
⎯ Bəli, düz deyib. Sən bilməmiş deyilsən ki, Cura bizim yaxşı müəllimlərimizdəndi, Süleyman. Səkkiz qızı var ⎯ üçü Bakıda oxuyur. Özün bilirsən də, uşaq oxutmaq indi müşkül işdi. Bolluqdu şükür, hər şey var. Yemək, içmək, pal-paltar. Ancaq indi dünya sənin, mənim o vaxt gördüyümüz dünya deyil ⎯ uşaqlar tamam ayrı cür böyüyüb, tərbiyə alıb ⎯ hamısı gözəl geyinmək istəyir, buna isə Cura müəllim ⎯ maaşa baxan adam necə pul çatdırsın? Bu uşaq da oxumalıydı. Amma getməyib ⎯ qoy bacım qurtarıb gəlsin, deyib. O gün Cura bazarda pomidor satırdı. Ürəyimin başı söküldü, bu, axı, müəllimdi, Süleyman. Müəllimi Şura hökuməti həmişə uca tutub. Qız da ağır qızdı.
⎯ Hə, ağıllı qıza oxşayır. İki-üç gündü gəlib.
⎯ İndi mən səndən qəribə bir xahiş eləyəcəyəm, Süleyman.
⎯ Buyur, buyur, Nəzər müəllim.
⎯ O qızı burdan uzaqlaşdır. Yazıqdı o qız. Bura rayon yeridi, hamı bir-birini tanıyır, o qızın adına pis söz çıxar. Mən istəmirəm, əvvələn, o gül kimi uşağın adı ləkələnsin, ikincisi də, sənin özünün də dalınca artıq-əskik danışsınlar. Bunu mən istəmirəm.
⎯ Maddi vəziyyətləri…
Nəzər onun sözünü kəsdi:
⎯ Maddi vəziyyətlərini nəzərə alırsansa, onu başqa bir işə düzəlt, Süleyman. Nə çoxdu bu boyda rayonda iş. Cavandı, sağlamdı, kor deyil, şil deyil. Mən bilən, Cura naəlac qalıb razı olub, yoxsa o kişi təmiz adamdı.
Süleyman durub gəzindi:
⎯ Bəs… mənim adımın bura nə dəxli var, Nəzər müəllim? Bunu başa düşmədim.
⎯ Burda başa düşməli heç nə yoxdu, Süleyman. Sən məndən də çox yerlərdə olubsan, vəzifələrdə çalışıbsan, bu katibələrin işi müsibətdi. Katibəni bizim camaat həmişə müdirə yaxıb. Lap təmizi də olsa, ha. Bu oda yanıb ⎯ heç özünün də xəbəri olmadan yanıb. Onu da sənin adına yaxacaqlar, deyəcəklər Sünbül Süleymanın adamıdı. Gəl indi adamları inandır ki, bu, belə deyil. Qoy sənin katibən qız olmasın, oğlan olsun ⎯ nə olar, hə?.. Qoy bir fiziki iş görmək qabiliyyəti olmayan bir qız olsun, nə olar, hə?
⎯ Ümumiyyətlə, düz deyirsən, Nəzər müəllim. Məndən xahiş elədilər. Mən də…
⎯ Yox, Süleyman, mən bilirəm nə deyirəm! Bu, həm də o qız üçün yaxşı olar, həm də sənin üçün.
⎯ Baş üstə, Nəzər müəllim. Bəs onda o uşağı hara düzəldək?
⎯ Sən ona nə qədər maaş verirsən?
⎯ Dəqiq bilmirəm, deyəsən, doxsandı, ya yüz manatdı.
⎯ Azdı, Süleyman. Mən onu Nəzarət komitəsində işə götürərəm, ayda da yüz qırx manat maaş verərəm. Oturar, yazı-pozu işiynən məşğul olar. Belə yaxşıdı, Süleyman.
Süleyman gülüb razılıqla başını tərpətdi, stəkanını götürüb çaydan bir qurtum içib:
⎯ Soyutma, Nəzər müəllim, ⎯ dedi. ⎯ Nəzər siqaretini külqabına basıb söndürdü, çayını içə-içə:
⎯ Bağışla ha, ⎯ söylədi, ⎯ birdən ürəyinə gələr ki, Nəzər müəllim…
⎯ Yox, yox, xoşdu, Nəzər müəllim. Mənim işim o qədər çox və ağırdır ki, inan, çatdıra bilmirəm. Kənardan baxan elə bilir ki, nə var ey, katibdi də, daş daşımır, odun doğramır. Amma yox. Adicə fikirləşməyə belə bəzən vaxt tapa bilmirəm. Səhər yeddidən axşam saat birəcən, ikiyəcən ora-bura qaçıram. Çöl tarla, əkin, biçin, iclas daha nə bilim nələr. Başımı qaşımağa imkan olmur bəzi vaxt.
⎯ Çətindi, başa düşürəm. Böyük rayondu, qayğısı, dərdi-səri çoxdu.
⎯ Düzü, Süleyman, mən də elə düşünüb gəlmişəm yanına. Bir çox mətləblər var ki, sən qarışmasan, həll olunan deyil.
Nəzər yenə siqaret yandırdı, tüstünü ciyərlərinə çəkib buraxandan sonra, arxayın-arxayın danışmağa başladı:
⎯ Xahiş eləyirəm, qulağın məndə olsun, Süleyman. Bir anlığına elə hesab elə ki, mən yenə sənin müəlliminəm, sən şagirdsən, oturub dediklərimi dinləyirsən. Yaxşımı?
⎯ Yaxşı, Nəzər müəllim. Sən bizim həmişə müəllimimiz olubsan. Harda oxusaq da, harda işləsək də, səni bir müəllim hesab eləmişik özümüzə və bununla fəxr eləmişik…
⎯ Çox sağ ol, Süleyman, ⎯ Nəzər ayağa qalxdı, uzun, çəhrayı pərdələri çəkilib qıraqlarda bağlanmış iri laylı pəncərənin önünə gəldi, aşağı boylandı. Süleyman elə bildi ki, kimisə gözləyir, kiminsə nigarançılığını çəkir, soruşdu:
⎯ Kimi gözləyirsən, Nəzər müəllim?
⎯ Heç kəsi, ⎯ o geri döndü və qəribəydi ki, sifəti bayaqkından ciddi olmuşdu, sanki nə isə onu qəzəbləndirmişdi. Əslində elə bir şey yox idi ⎯ sadəcə deyəcəklərinin ciddiliyi özündən asılı olmayaraq onu belə gərginləşdirmişdi: ⎯ heç kəsi. Eləcə baxmaq istəyirdim görüm bura çox ucadı, təpədə, dağın başında tikilməyib ki. Gördüm yox, ikinci mərtəbədi, vəssalam. Amma hər halda ikinci mərtəbədi, Süleyman. Mənə elə gəlir ki, sən birinci mərtəbədə otursaydın, daha çox şey görə bilərdin. Bəzən hündürdən baxanda, aşağıdakı böyük şeylər çox kiçik görünür, kiçik şeylər isə heç görünmür, ya nöqtə boyda nəzərə çarpır.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GetdiBilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır