Page 4 of 7 · 43%

Süleyman gözlərini döydü:

⎯ Necə yəni balıq şikayəti?

Nəzər yerini rahatladı:

⎯ Bu balıqçılar yay-qış bilmədən… gecə-gündüz sulardadı, Süleyman. Hər gün tonlarla balıq tuturlar. Elədimi?

⎯ Elədi.

⎯ Dövlətin balığını, kürüsünü verirlər. Elədimi?

⎯ Hə.

⎯ Bəs bu balıqçının özünün, uşaqlarının ağzı yoxdumu? Sənin kimi, mənim kimi demirəm ha, ⎯ çünki mən yeyə bilmirəm ⎯ onlar da balıq, kürü yemək istəmirmi? Amma yeyə bilirmi? Yox, Süleyman. Əlbəttə, üst-başından balıq iyi gələn bu adamların balıq həsrəti böyükdü. Onun ixtiyarı yoxdu bir çəki, şahmayı demirəm, kilkə də gətirsin evinə, balalarına. Gətirsə, tuturuq. Gətirməsə, həsrətdi ⎯ özü də, uşaqları da. Deyəcəksən, getsin bazardan, mağazadan alsın? Hanı? Varmı? Yox. Bəs… nə olsun? Bax, onda sənin balıqçı qardaşın başlayır oğurluq eləməyə. Olmazmı ki, o balıqçılar elə orda, mən havayı demirəm, dövlət qiymətinə özünün tutduğu, kağız üzərində özünün olan o balıqdan heç olmasa bircəciyini öz pulu ilə alıb gətirsin, balalarını yığsın başına, bişirib yesin? Olmaz?.. Belə eləsən, o fəhlə can yandırar işə, həvəs göstərər, sənin də üzünü ağ eləyər, ailəsinin yanında özünün də üzü ağ olar… Onda o yazıq vallah, oğurluq eləməz, billah, oğurluq eləməz. Elə olsaydı, keçən il beş balıqçı həbsxanaya düşməzdi, Süleyman.

Süleyman qurcalandı kreslosunda.

⎯ Düz deyirsən, Nəzər müəllim. Bu, yaxşı təklifdi. Doğrusu, mənim ağlıma gəlməyib… Mən tapşıraram, bu barədə düşünsünlər…

⎯ Bunu eləsən, ayda orta hesabla yüz kilo balıq gedər vətəgədən. Eləməsən, ton, iki ton aparacaqlar. Hansı yaxşıdı?

Süleyman başını tərpətdi, mehriban-mehriban gülümsündü.

⎯ Demək, mənnən razısan ki, ehtiyac olmasa, oğurluq olmaz. Hə?

⎯ Əlbəttə. ⎯ Süleyman qeyri-ixtiyari belə dedi və tez də duruxdu. O, sualı həzm-həll eləmək istəyirdi ki, Nəzər pencəyinin döş cibindən iki vərəq kağız çıxartdı.

⎯ Bir bunlara bax. ⎯ Onun qənşərinə qoydu.

⎯ Nədi bu?

Nəzər qalxıb Süleymanın yanına gəldi, vərəqlərin üstdəkini irəli itələyib ani sükutdan sonra ⎯ nigaran idi ki, katib bu məsələni necə qarşılayacaq ⎯ söylədi:

⎯ Bax, bu siyahidə adını yazdığım adamlar bizim rayonun, loru dilnən desəm, kiçik oğrularıdı, Süleyman.

Süleyman çevrilib altdan yuxarı Nəzərə baxıb təəccüblə:

⎯ Kiçik oğruları? ⎯ deyə onun sözünü təkrar elədi.

⎯ Hə, Süleyman.

⎯ Özü də nə az, nə azacıq. Doxsan bir nəfər?

⎯ Bəli. Dəqiq saymışam. Bütün idarələri, müəssisələri, kolxozları, mağazaları, restoranı, yeməkxananı… hamısını nəzərdə tutmuşam.

Gözlərini siyahıdan çəkməyən Süleyman:

⎯ Bu birinci xanadakı rəqəmlərindən belə, ay Nəzər müəllim? ⎯ dedikdə, o dərhal izahat verdi:

⎯ Bunlar ⎯ barmağını səliqə ilə yazılmış rəqəmlərin üzərində gəzdirdi ⎯ bunlar o adamların maaşlarıdı. Görürsən, doxsandan, yüzdən yuxarı çıxmır heç biri. İndi səndən soruşuram ⎯ mağazada, bufetdə, aşxanada, dəlləkxanada, nə bilim, nədə, nədə işləyən bu adamlar bu az maaşla dolana bilərmi, ev-ailə, arvad-uşaq saxlaya bilərmi?

⎯ …

⎯ Niyə susursan, Süleyman?

Süleyman sol əlinin barmaqlarını daraqlayıb gicgahının çallaşmağa başlayan tüklərini qarışdırdı. Qətiyyətsiz bir səslə:

⎯ Yox, ⎯ dedi və elə o dəqiqə ürəyindən keçirtdi ki, Nəzər onu deyəsən yaman yerdə divara qısnayıb. Nəzər onun o bir kəlmə sözünü eşidəndən sonra rahat nəfəs aldı:

⎯ Ay sağ ol. Dolanmadığına görə ya zəlil olmalıdı, xəcil olmalıdı, ya da oğurluq eləməlidi bu adamlar. Kimin əlinə harda nə keçdi, nəyə imkanı oldu.

Qulaqları guruldayan katib əlini cəmlənib toplanmış böyük məbləğin üstünə qoyduqda Nəzər söylədi:

⎯ O, bu doxsan bir adamın bir ayda aldığı puldu.

⎯ Hə, başa düşdüm. Bəs bu ikinci xana nədi, Nəzər müəllim?

⎯ Bax, elə bircəciyini götürək, başa düşmək üçün asan olsun. Bu dükandar Sübhanın qabağına iki rəqəm yazmışam. Birincisi doxsan beşdi ⎯ indi aldığıdı; ikincisi, iki yüz əllidi. Bu, alacağıdı. Sübhan doxsan beş alanda mütləq oğurlayacaq. Özü də sənə deyim aza kifayətlənməyəcək, çox oğurlayacaq, çünki canavarın dişi qana batdımı, qabağına nə çıxsa, didib-parçaladığı kimi, o da, əlinə nə düşdü, çırpışdıracaq; «oğurluq elə oğurluqdu, onun nə böyüyü, nə kiçiyi?» deyəcək, özünü oda-gözə vuracaq. Amma iki yüz əlli alsa…

⎯ Deyirsən, iki yüz əlli alsa, oğurluq eləməyəcək?

⎯ Yox, eləməyəcək.

⎯ Deyirsən, indi… biz bu siyahidəki adamların maaşını artıraq, Nəzər müəllim?

⎯ Bəli. Əgər artırsaq, hesab eləmişəm, ildə əlli minəcən artıq pul xərcləyəcəyik. Artırmasaq, onlar dövlətin, xalqın ən azı iki milyon pulunu müxtəlif yollarla yeyəcək, Süleyman. Əlli min ziyana düşmək yaxşıdı, ya iki milyon? Artırsaq, qanuni yolla çoxaltsaq bu adamların maaşını, onlar da oğru olmazlar, biz də başıuca olarıq, Süleyman.

⎯ Hm… ⎯ Süleyman fikrə getdi. Hannan-hana: ⎯ Axı sən bilməlisən ki, maaşı biz təyin eləmirik, Nəzər müəllim, ⎯ dedi.

⎯ Bilirəm. Çox gözəl bilirəm. Demək lazımdı, yazmaq lazımdı, Süleyman. Səni, məni bura elə pambıq əkib-yığmağa, plan doldurmağa qoymayıblar axı.

⎯ Bu, mümkün olan iş deyil, Nəzər müəllim.

⎯ Onda… heç olmasa… öz rayonumuzun büdcəsindən verək bu pulu. Təcrübə üçün. Bir il. Sonra gəlirimizi, çıxarımızı hesab eləyək, görək bu yolla dövlətin, camaatın neçə milyonunu qoruyub qənaət eləyə bilirik. Sonra yazarıq yuxarı. Bəlkə ağıllarına batdı, qəbul elədilər, Süleyman!

⎯ Yox, Nəzər müəllim. Mən bunun altına girə bilmərəm. Bu, çox məsuliyyətlidi və həm də qorxuludu. Bunun üstündə adamın atasını yandırarlar…

⎯ Bəs… bəs… axı bu qədər pulu yeyirlər, dağıdırlar, Süleyman.

⎯ Dağıdarlar, yeyərlər, gedib həbsxanada oturarlar, cəzalarını çəkərlər.

⎯ Tutmaq asan məsələdi, ⎯ deyə Nəzər müəllim süst, məyus halda geri çəkilib yerində oturdu, siqaret yandırdı. ⎯ Hm. Belə… Onda… bizim oğurluğa, əyriliyə qarşı apardığımız mübarizə kəsərsiz olacaq. Xəstəliyin kökünü görə-görə gizləyib yalandan xəstə sağaltmağa bənzər bu, Süleyman.

⎯ Bəlkə də… sən haqlısan. Ancaq… mən belə eləyə bilmərəm. İxtiyarım yoxdu.

⎯ Amma şəxsən… sənin öz pulunu belə hərrac eləyib dağıtsaydılar, mütləq… mən dediyimə razı olardın. Təəssüf ki, o iki-üç milyon sənin deyil, hamımızındı.

Süleyman:

⎯ Bəs bu ikinci siyahı nədi, ay Nəzər müəllim? ⎯ deyə müəlliminin inciyə biləcəyini ağlına gətirib gülümsünə-gülümsünə xəbər aldı.

⎯ …

Nəzərin dinmədiyini görüb:

⎯ Yoxsa… bu da bizim rayonun böyük oğrularının siyahisidi, hə? ⎯ dedikdə Nəzər soyuq bir tərzdə:

⎯ Hə, düz tapmısan, Süleyman. Həqiqətən onlar bizim rayonun böyük oğrularıdı… Bunu gətirmişəm ki, biləsən, tanıyasan… Səhər deməyəsən ki, Nəzər müəllim, bə bu nə təhər oldu? ⎯ dedi.

Süleyman azca irəli əyilib vərəqə baxdı və ucadan oxudu:

«Rayonumuzun böyük talançıları!» ⎯ Süleymanın qaşları çatılıb alnı düyünləndi: ⎯ Pambıq qəbulu məntəqəsinin müdiri Müseyib Hüseynov; Raykoopittifaqın sədri Mustafa Səlimzadə; rayon milis idarəsinin rəisi Bəhmən Ağayev; prokuror İsrafil Quliyev.

Süleymanın səsi getdikcə öləziyib yavaşıdı, sonra eşidilməz oldu; qalan iki adamın adını o, gözləri ilə oxudu və başını qaldırıb Nəzərə mat-mat xeyli tamaşa elədi. Və qəfildən şaqqanaq çəkib gülməyə başladı. Çiyinləri qalxıb-enirdi, gözləri yaşarmışdı.

⎯ Xi, xi. Ay sənin oyunun olsun, Nəzər müəllim… Xi, xi, öldürdün sən məni!.. Amma… ⎯ o, dəsmalla gözlərini sildi ⎯ amma biri yadından çıxıb!

Nəzər bu gülüşdən azca pərt olsa da, sındırmadı özünü:

⎯ Kim?

⎯ Gərək elə mənim də adımı yazaydın bura! Tək mən qalacağın nə olacaqdı!

⎯ Allah eləməsin sən onların tayı olasan. Onda mənim son inamım da ölər, bağrım çatlar. Sən zarafat eləyirsən, ancaq mən səninlə ciddi danışıram, Süleyman!

⎯ Sənin dediyindən elə çıxır ki, bura talançılar yuvası imiş, Nəzər müəllim. Mən də gəlib düz onların arasına düşmüşəm.

⎯ Necə deyirsən, elə də var. Mən bilən elə səni Mərkəzi Komitədən bura ona görə göndəriblər ki, onların kökünü kəsəsən!.. Ağıllı padşah heç vaxt köhnə vəzir-vəkilnən işləməz.

⎯ Süleyman qalxıb gəzişdi.

⎯ Yaxşı, bu doxsan bir adam, deyək, ehtiyac üzündən oğurluq eləyir. Bəs sənin ikinci siyahındakı adamlar ⎯ özün də deyirsən cahcəlalları göz qamaşdırır, ⎯ bəs onlar niyə talançılıq eləyirlər, Nəzər müəllim? Axı onların ehtiyacı yoxdur?!

⎯ Elədi. İndi yoxdu. Amma vaxtilə olub, Süleyman. Vaxtilə onlar da birinci siyahıdakı adamlar kimi, ehtiyac içində, yarıac-yarıtox yaşayıblar. Xırda-xırda oğurluq eləyiblər, dolanıblar; ilişən ilişib, ilişməyəni yeyib yağlanıb. Oğurluğa, çırpışdırmağa adət eləyiblər. İndi onlar ayrı cür yaşaya bilməzlər!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 min
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 min
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 min
Üçüncü hissə, on üçüncü fəsil

Ceyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.

2 min

Poems by other poets