Page 7 of 7 · 86%

Süleyman dəstəyi yerinə qoydu, əlilə alnını ovuşdurdu, qaşlarını qaldırıb Nəzər müəllimə fikir verdi və astadan:

⎯ Nazirdi. Gəlir! ⎯ dedi və ayağa qalxdı.

⎯ Hə, deyilənə görə Ələmdar Müseyiblə bir evli kimidi. Bir-birinin qapısını təpiklə açırlar.

⎯ Hm. Sən də deyirsən Müseyib oğrudu. Sən bu adamları tək görürsən, müəllim! Unudursan ki, onların hərəsinin dalında bir əjdaha dayanıb!

Nəzər köks ötürdü:

⎯ Bilirəm, Süleyman. Təəssüf ki, elədi!

Hiss elədi ki, katibin nə isə vacib işləri meydana çıxdı və daha söhbəti davam elətdirməyə imkan olmayacaq. Odur ki, Nəzər də ayağa durdu.

Süleyman xala-xətrin qalmasın deyə soruşdu:

⎯ Başqa bir sözün yoxdu ki, Nəzər müəllim?

⎯ Yox.

Nəzər stolun arxasından çıxdı və qəribə bir təbəssümlə:

⎯ Bağışla, Süleyman. Vaxtını çox alıb, başını da ağrıtdım, ⎯ deyə əlini ona sarı uzatdı.

⎯ Xoşdu, xoşdu, Nəzər müəllim. Bu gün çox feyziyab oldum, elə bildim bir universitet bitirdim.

⎯ Lağ eləyirsən?

⎯ Sən nə danışırsan, müəllim. Həqiqi sözümdü. Sən bu gün mənim gözümü açdın. Bu söhbətə biz arxayın vaxtda bir də qayıdarıq… Ancaq onun bu sözləri Nəzəri inandıra bilmədi, çünki Süleymanın baxışlarında qəribə bir rişxənd gizlənmişdi. Bəlkə də bu, heç elə deyildi, ancaq Nəzər bu hissi özündən heç cür uzaqlaşdıra bilmədi.

Katib onun əlini sıxıb:

⎯ Sağ ol, Nəzər müəllim. Xudahafiz! ⎯ söylədi və sonra birdən çönüb: ⎯ Bükülünüz qaldı, Nəzər müəllim, ⎯ dedi və cəld addımlarla gedib bağlamanı gətirdi.

⎯ Bilirsən bu nədi, Süleyman? ⎯ Nəzər məyus-məyus soruşdu. ⎯ Yox. Nədi ki?

⎯ Ayaqqabı idi, sənin üçün almışdım.

Süleyman təəccüblə qaşlarını çatdı:

⎯ Mənim üçün?

⎯ Hə.

Süleyman marağını saxlaya bilməyib bükülünü aça-aça:

⎯ İmportnıdı? ⎯ deyə xəbər aldı.

⎯ Yox. ⎯ Nəzər qımışdı. ⎯ Bakinskidi, Süleyman.

⎯ Bakinski?

⎯ Hə, Süleyman, bakinskidi. O gün iclasda fikir verdim, gördüm maşallah, kostyumun finskidi, köynəyin anqliyskidi, ayaqqabın yuqoslavskidi… İkinci katibin də, üçüncü katibin də importnı geyinib, demək olar, çoxunuz, rayonun məsul işçilərinin çoxu impor-nı geyinib.

Süleyman bir şey başa düşməyib:

⎯ Sən də gedib mənim üçün bakinski ayaqqabı aldın, hə? ⎯ deyə soruşduqda Nəzər köks ötürdü:

⎯ Hə, ⎯ dedi. ⎯ Pulum olsaydı, bir dənə bakinski kostyum da alacaqdım, Süleyman. Yoxiydi pulum, yoxsa alacaqdım.

⎯ Bu fikir hardan ağlına gəldi, ay Nəzər müəllim?

⎯ Bilirsən, Süleyman, Bakıda da, rayonda da diqqət yetirmişəm, hamı importnı mal axtarır. Baha-baha, əldən, alverçidən alıb geyməyə çalışır. Amma bizim öz mallarımız tökülüb qalıb mağazalarda ⎯ bir köpəyoğlu onları alıb geymək istəmir. Axı bunların istehsalına dövlətin milyardları xərclənir, qardaş. Sən geymə, mən geyməyim, o geyməsin ⎯ bəs, bu tökülüb qalır axı.

⎯ Ona görə dedin Süleyman geysin, hə?

⎯ Süleyman niyə geyməsin? Mənə elə gəlir ki, sən, katib geysən, camaatın da sənə baxar, alar, geyinər, Süleyman.

Süleymanı gülmək tutdu:

⎯ Ay sənin oyunun olsun, Nəzər müəllim! Qəribə şeylər fikirləşib tapırsan ha. Ay kişi, sən bilmirsən ki, bax, bu ayaqqabılara verilən pul çölə atılmış kimidi? Beş gün geyirsən, altıncı gün altı qopur mal dili kimi? Kostyumun tikilişinə fikir vermisən heç? Əyrim-üyrüm, qolunun biri uzun, biri gödək? Heç fikir vermisən ya yox?

⎯ Vermişəm. Bəs nə olsun? Onlar hey bir ucdan tikib doldurur mağazaları, mağazalarda da qalıb çürüyür, güvə yeyir. Baxırsan, gül kimi parçalardı ⎯ zay eləyib atıblar ora.

⎯ Bilirsən niyə belədi, Nəzər müəllim?

⎯ Bilirəm, bala. Onlar da, bizim kimi, plan dalıycan qaçırlar. Planı doldurdun ⎯ cicişsən. Amma soruşan yoxdu ki, bu planı necə doldurmusan ⎯ gördüyün işin dəyəri, keyfiyyəti nədi. Bunu soruşan yoxdu, qardaş! Nə qədər də ki, soruşan olmayacaq, elə elə də olacaq. Elə bil, heç kəsin bu dövlətə, bu xalqa yazığı gəlmir.

Süleyman bir söz deməyib ayaqqabının o üz-bu üzünə baxaraq qaytarıb qutusunun içinə qoydu:

⎯ Sağ ol, Nəzər müəllim. Apar, ya özün geyərsən, ya oğlun geyər!

⎯ Oğlum da geymir.

⎯ Oğlun geymir, sən istəyirsən mən, bu boyda rayonun katibi geyim?

⎯ Sən geysən, inandırıram, o da geyər, başqaları da geyər, Süleyman.

⎯ Yox, Nəzər müəllim, mən yüksək səviyyədə priyomlara gedirəm, olmaz.

⎯ Onlar da importnı geyir? Hə, ta sözüm yoxdu! Amma o yüksək səviyyəli priyomdakılara da əlim çatsaydı, deyərdim ⎯ siz də geyinin. Bəlkə sizin qorxunuzdan bu fabriklər, kombinatlar xalqın malını bu cür zay edib badi-fənaya vermədilər. Siz geyin, qorxmayın, utanmayın ⎯ deyərdim.

Süleyman güldü:

⎯ Bu mümkün deyil, Nəzər müəllim.

⎯ Heyif!

Nəzər qutunu qoltuğuna vurub pərişan halda otaqdan çıxdı. Süleyman onun ardınca baxıb başını buladı: «Kişi deyəsən doğrudan da qocalıb!» ⎯ deyə ürəyindən keçirtdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 min
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 min
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 min
Üçüncü hissə, on üçüncü fəsil

Ceyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.

2 min

Poems by other poets