İkinci hissə, doqquzuncu fəsil
Page 3 of 7 · 29%
⎯ Bəli!..
Dəstəkdən Ələmdarın aydın, gümrah səsini eşidib toxtamışdı qız.
⎯ Sənsən, Simuzər?
⎯ Bəli, Ələmdar əmi, sizsiz?
⎯ Hə. Necəsən? Atan getdin?
⎯Yaxşıyam. Hə getdi.
⎯ Qorxub eləmirsən ki?
⎯ Yox, nədən qorxacağam?
⎯ Ay bərəkallah. Çörək-zad yemisən? Soyuducuda yağ, yumurta, ikra… var. Ac qalma, bişir, ye.
⎯ Dədəm alıb hər şey.
Ələmdar onun diliylə:
⎯ Dədən ağıllı kişidi, alar! ⎯ demişdi! Və nə üçünsə gülmüşdü. ⎯ Darıxmırsan ki, qız?
⎯ Yox.
⎯ Darıxırsansa, gəlim, hə? Heç bağa getməyim. Gəlim, qalım yanında…
⎯ Yox, yox ⎯ Simuzər özü də bilmədən bu iki kəlməni elə təlaş, elə həyəcan və sürətlə demişdi ki, buna o andaca təəccüb eləmişdi.
⎯ Ya istəyirsən gəlim səni də aparım bağa, hə?
⎯ Yox, yox. ⎯ Yenə cavabında bir qeyri-iradi tələsiklik duyub pərt olmuşdu. ⎯ Bura yaxşıdı, Ələmdar əmi.
⎯ Onda televizoru yandır, bax. Böyük otaqdakı televizoru ha. Mənim kabinetimdəkinin dilini bilməzsən. Hə, yandır, tamaşa elə. Gecə yatanda da yataq otağındakı çarpayıların sağ tərəfindəkində, pəncərə qabağındakında yatarsan. Yaxşı? O mənim çarpayımdı. Onda yatarsan. Həm irahdı, həm də…
⎯ Yaxşı, Ələmdar əmi.
⎯ Kondisioneri də söndürmə.
⎯ Nəyi?
⎯ Kondisioneri.
⎯ Kondisioner nədi?
Ələmdar məftilin o başında şən-şən gülmüşdü:
⎯ Heç. Gələndə başa salaram. Yaxşı, gecən xeyrə qalsın, yuxun şirin olsun.
⎯ Çox sağ olun, Ələmdar əmi. ⎯ Qız dəstəyi asmaq istəmişdi ki, ev sahibinin səsi qulaqlarında çınlamışdı: ⎯ Dayan, dayan, qız. Az qala yadımdan çıxmışdı. Mən üç gün şəhərdə olmayacağam. Narahat olma ha. Daşkəndə getməliyəm. Ayın birində tezdən taksiyə minərsən, gedərsən instituta. İmtahanına girərsən. Biologiyadandı da. Saat ikidədi ha. Birdən yadından çıxar.
⎯ Yox…
⎯ Çıxan kimi də yenə maşına minib gələrsən öyümüzə. Bura bax, orda, servantın aşağıdan birinci gözündə pul var, nə qədər istəyirsən, götürərsən. Özünə korluq vermə…
⎯ Sağ olun, Ələmdar əmi. Dədəm pul qoyub.
⎯ Dədənin puluna dəymə. Onu qoy bir tərəfə. Mən deyən puldan götür. Eşidirsən, qız?
⎯ Hə.
⎯ Onun verdiyi pulları gələndə özünə qaytararıq, sürpriz olar onunçün… Başa düşdün?
⎯ Hə, Ələmdar əmi…
⎯ Mən nə deyirəm, ona qulaq as. Ziyan çəkməzsən… Başa düşdün?
⎯ Hə.
⎯ Bir də… heç kəsin yanında ⎯ yoldaşlarının, müəllimlərinin yanında ⎯ mənim adımı çəkmə ha.
⎯ Yaxşı.
⎯ Elə lazımdı. Yaxşı. Mənə bir sözün-tapşırığın, Simi? ⎯ «Simi?» ⎯ Bu söz beynini, ürəyini yandıra-yandıra içinə axıb dolmuşdu, bütün vücudunu anlaşılmaz duyğu bürümüşdü. Bircə anın içində dodaqları qurumuşdu Simuzərin və heç özü də hiss eləməmişdi ki, necə:
⎯ Yox, yox! ⎯ demişdi.
⎯ Di onda bir də gecən xeyrə qalsın, yuxun şirin olsun, Simi! ⎯ Və Ələmdarın bu son sözlərindəki hədsiz səmimiyyəti, şirinliyi duymaya bilməzdi Simuzər. Nazir dəstəyi çoxdan asmışdı, ancaq Simuzər hələ də dəstək əlində, divara söykənib qalmışdı. Qırmızı telefon aparatından aramsız gələn «dud, dud, dud»ları da eşitməmişdi.
… Avqustun birində Simuzər yerə-göyə sığışmayan bir sevinc içində taksidən düşüb bloka girəndə də, neçə dəfə baxsa da, gözlərinə inanmırmış kimi, təzədən imtahan vərəqəsini çıxarıb baxmışdı və «əla» qiymət aldığına, nəhayət əmin olmuşdu. Quşa dönmüşdü, uçmuşdu pillələri, yeriməmişdi. Qapını da nə zaman, necə açıb içəri girdiyindən xəbəri olmamışdı. Yalnız içəri qədəm basıb böyük otaqdakı uzun stolun üstündə yemək-içmək düzüldüyünü görəndə heyrətdən, təəccübdən ayılmışdı. O, gündüz saat on ikidə evdən çıxmışdı. Ələmdar Daşkənddəydi. «Bəs bunları kim eləyib, ay allah! Möcüzədi, nədi bu, ilahi?» ⎯ Bu sözləri o, ucadan söyləmişdi. Və elə bu zaman Ələmdar Səmərqənd qanovuzundan tikilmiş zol-zol xalatda, başında özbək araxçını yan otaqdan gülə-gülə çıxmışdı:
⎯ Möcüzə-zad deyil, Simi! ⎯ söyləmişdi.
İlk anlardaca onu tanımayan Simuzər içini çəkib:
⎯ Oyy, ⎯ demişdi, diqqətlə baxıb Ələmdarı tanıyandan sonra ⎯ Bu, sizsiz?.. Vay, ürəyim düşmüşdü, ⎯ demişdi.
Ələmdar qızın qorxudan halbahal olub titrədiyinə əhəmiyyət verməyərək:
⎯ Səni «əla» almağın münasibətilə təbrik eləyirəm, Simi, ⎯ deyəndə qızın qəşəng, nazik qaşları çatılmışdı:
⎯ Oy, siz hardan bilirsiz?.. Doğrudan… mən möcüzələr aləminə düşmüşəm, deyəsən…
Ələmdar irəli yeriyib əlini Simuzərə tərəf uzadaraq qızın kiçik, isti, ağappaq əlini ovcunun arasına alaraq bərk-bərk sıxmış:
⎯ Səni ürəkdən təbrik eləyirəm, Simi! ⎯ deyərək onu özünə tərəf çəkib sinəsinə basmış, ipək kimi yumşaq saçlarından öpmüş və o ipək saçların qəribə, bihuşedici ətrini gül kimi qoxulayaraq xırda gözlərini yummuşdu. Simuzər də Ələmdara sığınmış, başını onun geniş köksünə söykəyib saçlarının içində gəzən o gonbul barmaqların hərarətini duya-duya elə bil yatmışdı. Bu, yuxu idimi, xəyal idimi?..
Ələmdarın pıçıltı ilə:
⎯ Sağ ol, Simi, sağ ol, əzizim! Mənim… başımı uca etdin, Simi! Mən haçandı belə sevinməmişdim, ⎯ dediyi sözləri eşitmişdi və elə ayaq üstündə yatmışdı sanki.
Ələmdar birdən onu iki əli üstə götürərək yataq otağına aparmış, orada öz çarpayısının yanında yerə qoyaraq dikinə dayanmış qara çamadanı açmış, içində ipəkdən tikilmiş bir dəst paltar, bir xalat çıxararaq ona vermişdi:
⎯ Sənindi. Daşkənddən məxsusi sənə hədiyyə almışam, Simi. Dəyiş, bunnarı geyin.
⎯ Oy, nə qəşəngdi! ⎯ Donu boyuna ölçmüşdü. ⎯ Elə bil «zakaz» tikilib! Xalat da gözəldi… Mənim indiyəcən heç belə donum, belə xalatım olmuyub…
⎯ Olacaq, bundan sonra hər şeyin olacaq, Simi!
Ələmdar paltarları əlindən alıb qızın qolundan tutaraq çarpayının ayaq tərəfinə çəkmişdi, güzgünün qənşərinə.
⎯ Hə, bax, burda soyun, dəyiş paltarını.
⎯ Yox, yox. ⎯ Simuzər əsə-əsə dillənmişdi.
⎯ Məndən utanırsan?
⎯ …
⎯ Yaxşı. Mən çıxıram. Sən geyin. Sonra gəl, acıq ⎯ yəqin sən də acsan… Gözləyirəm, gəl. Hələ bir sürpriz də gözləyir səni, Simi… ⎯ deyərək kabinetinin qapısını çəkib örtmüşdü.
Simuzər xeyli müddət güzgü qabağında heykəl kimi donub qalmışdı. Aynada özünün alışıb-yanan üzünə, par-par qığılcım saçan gözlərinə baxmış, əllərini hərarət içində allanan yanaqlarına sürtmüşdü. Sonra dona, xalata nəzər salmışdı. Elə bil o ipək zərif paltarların dili vardı; sanki «bizi geyin, Simuzər!» ⎯ deyə yalvarırdılar. «⎯ Bizi geyinən xoşbəxt olur, Simuzər!» Digər tərəfdən ⎯ qəribə idi, qız bilmirdi o səs hardan gəlir ⎯ içindənmi, ürəyindənmi, ya göylərdənmi ⎯ deyirdi: «Əl vurma onlara, geyinmə, Simuzər! Tüpür o paltarlara da, o cücəgöz, yekəqarın, dazbaş kişinin üzünə də, baş götür qaç, qaç bu ilan yuvasından, uzaqlaş. Nə qədər gec deyil, uzaqlaş, Simuzər. Sonra gec olacaq, sonra başına, dizinə döyəcəksən, ancaq əlin heç yerə, heç kəsə çatmayacaq, Simuzər. Ömrün boyu od içində yanacaqsan, həyat sənə haram olacaq, Simuzər!»
Paltarlar parıltısı ilə yalvarırdı, o qayibanə səs də yalvarırdı… Paltarlar gözlərinin qabağındaydı, ancaq o qayibanə səsin sahibini görə bilmirdi.
«Geyin!»
«Geyinmə!»
«Geyin!»
«Geyinmə!»
Geyinməmişdi, pudluq daş asılmış kimi ağır ayaqlarını güclə sürüyə-sürüyə kabinetin qapısını açaraq böyük otağa keçəndə stol arxasında dayanıb canfəşanlıqla boşqaba qarpız dilimləyən Ələmdarın əlindən bıçaq tappıltı ilə parlaq döşəməyə düşüb cingildəmişdi:
⎯ Bəs… niyə geyinmədin?
⎯ İstəmirəm… ⎯ Simuzər günahkar imiş kimi böyründəki kresloya çökmüşdü. Və başını aşağı salıb, quyruğu dizinin üstündə ilan kimi qıvrılıb yatmış xurmayı hörüyünün ucunu qurdalamışdı. Ələmdardan səs çıxmamışdı. Dəqiqələr beləcə sükut içində ərimişdi və bu qulaqbatıran səssizlik Simuzəri darıxdıranda gözlərini qaldırıb Ələmdara baxmışdı. O, elə bil ölmüşdü, ayaq üstə ölmüşdü. Sanki heç nəfəs də almırdı. Heç kirpik də çalmırdı kişi.
Simuzərə nədənsə elə gəlmişdi ki, onun dili də tutulub Yazığı gəlmişdi:
⎯ Küsdüz məndən? ⎯ Və bu sözləri deyən anda onu da duymuşdu ki, daha «əmi» demir ona, deyə bilmir.
Ələmdar yenə dillənməmişdi.
⎯ Xətrinizə dəydim, hə?
⎯ …
Sonra… Simuzərin gözlərinin önündə yenə o ipək paltarlar cilvələnmişdi, lap multiplikasiya filmələrində olduğu kimi, içində adam bədəni olmayan o libaslar ayağa qalxıb düz onun qənşərinə gəlmiş, yenə «Bizi gey, bizi geyən xoşbəxt olur, əziz olur, sevimli olur!» ⎯ demişdilər. Və qəribə idi ki, indi o biri səs yox idi, eşidilmirdi.
Simuzər təzədən Ələmdara baxaraq eynən bayaqkı kimi dayandığını görüb çaşqın-çaşqın gülümsəyərək:
⎯ Yaxşı, siz deyən olsun! ⎯ demiş və kabinetə keçmişdi. Yalnız bundan sonra heykələ dönmüş Ələmdar qımışıb, öz-özünə göz vurmuş, əyilib bıçağı götürmüş, qan kimi qırmızı qarpızı doğramağa başlamışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
VII fəsilTikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
Poems by other poets
— Lətif:Bulaq üstə duran gözəl,
Sevişək, itək bir-birimizdəBu yıxılan qədəhtəkayıla bilmirəm səndən
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd