Page 1 of 2

Boy-buxun onun, həzin, kədər dolu səs onun. İnsan insana necə də oxşarmış, ilahi! O qəribə, əsrarəngiz axşam, dar, alaqaranlıq küçədə Elməddinə tərəf uzanan o titrək əl, «Ağa, acam»

– deyən mükəddər səs bircə anın içində nə vaxtdan öz itkin düşmüş taleyini, öz əlilə isti yuvasından didərgin saldığı sevgilisini səksəkə ilə nigaran baxışlarla gah ümidlə,gah inamsız-inamsız fikrində də, yuxusunda da axtaran oğlanın bütün düşüncəsini, ürəyini alt-üst eləmiş, varlığını elə titrətmişdi ki, gözləri qaralmış, yer-göy başına fırlanmış, alnına soyuq tər gəlmişdi. Yoxa çıxdığı gün yazdığı ilk və son məktubunda özünü «dünyaya bədbəxt gəlmiş» adlandıran Əfsanənin solğun, hüznlü çöhrəsi, göz yaşları ilə yoğrulub süslənmiş faciəli həyatı ani olaraq sehrli bir ecazkarlıqla gəlib onun gözləri qabağında cilvələnmiş və Elməddin hələ özünə gəlməmiş, harasa uçub getmiş, şəhərin tündlüyündə qeyb olmuşdu.

«Ağa, acam!» — deyən çadralı qadının səsi həqiqətən Əfsanənin səsinə oxşayırdı, adı doğrudan da Əfsanə imiş. Ancaq sən demə, bu da taleyin bir oyunu imiş, sən demə, Əfsanə deyilmiş, aman allah, Əfsanə deyilmiş! Kaş bu acı, ürəkoynadan gözyaşardan təsadüf olmayaydı, kaş olmayaydı...

Qadın naməlum kişinin çaşqın halda «Əfsanə» deməsindən dəhşətli bir səs eşidibmiş kimi, səksənmiş, iki-üç addım geri çəkilmiş, ürəyiidə «bu kişi məni hardan tanıyır?» — deyə düşünüb uçunmuşdu. Öz Əfsanəsi olduğuna ürəyində əsla şübhəsi qalmayan Elməddin dil-dodağı əsə-əsə:

– Mənəm, Əfsanə, məni tanımadın?—demişdi. Hürkmüş qadın çadrasının bir tərəfini titrək əlilə azca yan eləyib ona qorxu ilə, maraq dolu nəzərlə diqqətlə baxmış, lakin nitqi batmış təki susub dinməmişdi, eləcə tanımadığı, ancaq adını haradansa öyrənmiş bu qəribə yad kişiyə mat-mat tamaşa eləmişdi. Bu gərgin vəziyyətin nə qədər davam etdiyini Elməddin xatırlamırdı, bircə bu yadında qalmışdı ki, titrəyə-titrəyə qadından təzədən soruşmuşdu:

– Sən Əfsanə deyilsən, xanım?

Qadının zəif, taqətsiz səsi güclə eşidilmişdi:

– Bəli, ağa, Əfsanəyəm. Elməddin hədsiz sevinc içində:

– Ədnan qəryəsindən, eləmi, xanım? Dükandar Həzrətgülün bacısı qızı, eləmi, xanım? — deyə tələsə-tələsə soruşmuşdu. Qəribə idi; sanki o qadın da gözləyirmiş ki, onu da kimsə axtarmalıdı, kimsə kəndbəkənd, şəhərbəşəhər sorağına düşüb bir qarın çörək üçün gəlib-gedənə əl açmalı olan bu qadına havadar olmalı, arxa durmalıdı. Kim bilir, bəlkə də onun üçün belə bir adam yox imiş, özü ürəyində belə bir ümid yaşadırmış? Ancaq Elməddin sövq-təbii hiss eləmişdi ki, Əfsanəyə oxşayan bu qadının geniş açılmış gözlərində nə isə bir ümid qığılcımı parladı da, söndü də; o, məyus halda çadrasını üzünə çəkmiş və astadan:

– Yox, ağa, siz səhv eləyirsiz, ağa. Mən... Mən Ədnandan deyiləm, buradanam, ağa! — demişdi.

Bu sözləri eşidəndə Elməddinin əl-qolu yanına düşmüş, sanki ayağı altından yer qaçmış, dörd tərəfi ucalı-alçaqlı dağlarla əhatə olunmuş bu boyda minarəli məscidləri, dam-daşı ilə bərabər bəlalı başına dolanmış, dərdli sinəsindən yandırıb-yaxıcı bir ah qopmuşdu; elə bil içərisinə isti qan axıb tökülmüşdü. Bədəni isinmiş, az sonra isə bütün vücudunda giziltili bir soyuq gəzib-dolaşmışdı. Özünə gələndə əl atıb cibindən pul çıxararaq o bədbəxtə vermək istəmiş, ancaq pul əlində qalmışdı, çünki o, artıq Elməddini küçənin ortasında tək-tənha qoyub uzaqlaşmışdı.

...Elməddin əlini üzünə çəkdi, sanki bu ağır və üzücü fikirləri başından qovmaq istəyirdi. Cibindən siqaret çıxarıb yandırdı, xiyabanyuxarı addımlamağa başladı. Hara getdiyini heç özü də bilmirdi, məst kimiydi. Yuxu görmüşdü elə bil. Eşitdiklərinin, gördüklərinin həqiqət, yaxud xəyal olduğunu ayırd edəsi halda deyildi. Bir vaxt başını qaldıranda «Sinema-Pamir»in qənşərinə çatdığını gördü. Kinoteatrın qabağında qələbəlik idi; xatırladı ki, şəhərdə təzə amerikan filmi nümayiş etdirilir. Casusların həyatından bəhs etsə də, son dərəcə maraqlı olsa da, hövsələsizliyi üzündən oturub axıra qədər baxa bilməyəcəyini hiss edib sovuşdu.

Hava sərin idi. Yüngül meh əsir, Elməddinin açıq yaxasından içəri dolub canını sərinlədirdi. İkimərtəbəli kinoteatrın kəlləsinə bərkidilmiş reproduktordan hind musiqisi axıb ətrafa yayılır, yəqin ki, çox gözəl və yəqin ki, alnında xalı olan hind qızı hansı bir mahnınısa yanıqlı bir səslə oxuyurdu. Hind mahnısı elə gözəl, elə şirin idi ki, Kinoteatr adıdır. ürəyini tel-tel elədi. Elməddinin qəlbi xatirələr içində kövrəldi — Əfsanənin səsi, sözü, gözləri xəyalında təzədən, kim bilir, neçənci dəfə cilvələndi, qalın, qara buludlar arasından sivrilib arabir çıxan ay kimi gözə görünüb yox oldu. Sonu görünməyən, əzabı yaraya basılmış duz kimi yandırıb-yaxan bu ayrılıq indi Elməddinin nəzərində ən müdhiş ağrıdan belə dəhşətli və dözülməz idi. Unudurdu yavaş-yavaş müruri-zamanla o dözülməz, cavan ürəyini öz rəhmsiz əllərilə didim-didim parçalayan o dərd unudulurdu deyəsən: Zərrintac xanım — ağayi Nəcməddinin qəşəng, sevimli qızı Zərrintac xanım son vaxtlar onu məşğul etməyə, maraqlandırmağa başlamışdı. Aralarında nə isə şirin əyləncəli bir münasibət yaranmışdı axır zamanlar. Bax, indi də o, Zərrintacın dəvətilə onun yanına, görüşə gedirdi. Gedirdi, ancaq taleyin işinə bax ki, yolunun üstünə eynən Əfsanəsinə oxşar, Əfsanə adlı bir qız çıxdı: bu təsadüf idimi, ya taleyin hökmü idimi, Elməddini bu yoldan qaytarmaq üçün qurğumu qurmuşdu: məhz bu məqamda o, əsl bədbəxt Əfsanə, o naməlum qadının şəxsində qarşısında zühur etmişdi və sanki demək istəmişdi: «Getmə, Elməddin. Qayıt bu yoldan, daşın bu fikirdən. Yorulma məni axtarmaqdan, mən ölməmişəm, mən qüruruma sığışdırmayıb evdən çıxıb getmişəm, getdiyimə də peşmanam, indi geri qayıda bilmirəm. Axtar məni, gec-tez tapacaqsan, Elmi... Məni nə tez unutdun, Elmi? Mən elə bilirdim sən məni torpağa qoyulan günəcən, hətta torpağın altında da unutmazsan, əzizim, sənin vəfan bu imiş, ay mənim arzusu gözündə qalanım, arzumu gözümdə qoyanım?»

Elməddin məst adam kimi addımlayırdı və sanki bayaq Əfsanəyə oxşatdığı o qadın, kölgə təki onun ardınca sürünür, eynilə əsl Əfsanənin səsinə oxşar səsilə bu sözləri onun qulağına pıçıldayır və hələ deyəsən bir zaman — Ədnanda bir damın altında yaşarkən Əfsanə üçün sızıldaya-sızıldaya yazdığı şeri də həzin-həzin Elməddinin özünə deyirdi:

Gözümün nurusan, qəlbimin odu,
Yamacda çiçəksən, zirvədə qarsan.
Sənsiz bu dünyada yaşamaq çətin:
Bu qəmli dünyada nə yaxşı varsan!

O, küçədə tək addımlayırdı. Bu sözləri Elməddinin ürəyində qərar tutmuş, gözəgörünməz, əlçatmaz, ancaq arabir unudulmaq dərəcəsinə gəldiyini görəndə, hiss eləyəndə korun-korun alışıb-yanaraq şölə saçan məhəbbəti həsrəti deyirdi. Bəli, Elməddinin ürəyi danışırdı Əfsanənin adı ilə, Əfsanənin səsi ilə. Sanki o itməmişdi, ölməmişdi, onun daxilində sakin olmuşdu — indi isə dilə gəlmişdi, dözməmişdi, sevdiyinin Zərrintac xanımın yanına getmək istədiyini biləndə susa bilməmişdi.

Bu qatmaqarışıq, çarpaşıq hisslər əlində çırpına-çırpına on-on beş addım getmişdi ki, böyründə, xiyabanın sağ tərəfində qara rəngli bir «Şevorele» markalı maşın dayandı və sükan arxasında oturan adam başını açıq pəncərədən çıxarıb onu səslədi:

– Ağayi Elməddin, gəlin əyləşin.

Başı dumandan ayazımamış, sarsıntısı hələ sovuşub keçməmiş Elməddin heç nəyin fərqinə varmadan: «evə gedəcəyəm, heç özümdə deyiləm, ayaq üstə küclə dayanıram!» — deyə fikirləşərək, ləngərli addımlarla maşına doğru irəlilədi, arxa oturacağın qapısının məxsusi onun üçün açıldığını görüb mindi və adəti üzrə salam verdi. Salamının cavabını almamış maşın sürətlə yerindən tərpəndi. Elə tərpəndi ki, təgərlərdən tükürpəşdirici bir uğultu çıxdı və bu səs onu silkələykb ayıltdı; yalnız indi başa düşdü ki, mindiyi, maşın nə qəryədar Qulamın qardaşı oğlu Ətiqullanın, nə öz sürücüsünün, nə də başqa bir tanışınındır — sükan arxasında oturan kişi, enlikürək, cod qarasaçlı kişi də, arxada, yanında əyləşmiş caydaq, nazikbığlı cavan oğlan da Elməddinin birinci dəfə gördüyü adamlar idi. Üşürkələmdi, nə isə pis bir hiss ürəyinə axıb doldu, ancaq qəti bir fikrə gələ bilmədiyindən sadəlövhcəsinə soruşdu:

– Bağışlayın, sizi tanımadım, siz... — o, sözünü tamamlamamış sürücü sürəti daha da artırıb başını azca yana əyərək yoğun, xırıltılı səslə cavab verdi:

– Biz isə sizi çox yaxşı tanıyırıq, ağayi Elməddin. Onun yanında oturan oğlan arxayın-arxayın əlavə etdi:

– Siz Ədnan qəryəsindən gəlmisiniz, itkin düşmüş sevgilinizi axtara-axtara gəlib paytaxta çıxmısınız, rəssamsınız, əhli-qələmsiniz, özünüzü də yağlı bir yerə — ağayi Nəcməddinin idarəsinə vermisiniz, orada işləyirsiniz... — Ani sükutdan sonra xəbər aldı: — Bunlar hələlik kifayətdi, ya yenə sayım?

Elməddin heyrət içində donub qalmışdı, Əfsanəyə oxşatdığı o naməlum qadınla başkicəlləndirən görüşü yadından çıxmışdı. İndi düşdüyü bu vəziyyətin nə demək olduğunu aydınlaşdırmaq istəyirdi, ancaq axırını heç yerə yoza bilmirdi. Bu adamlar kim idilər, onu hardan tanıyırdılar və nə istəyirdilər? «Bu axşam nə uğursuz axşamdı, ilahi, Allah axırını xeyir eləsin!» — deyə düşündü və yavaşca:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, birinci fəsil

Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»

8 min
İkinci hissə, ikinci fəsil

Salman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...

6 min
İkinci hissə, üçüncü fəsil

«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.

3 min
İkinci hissə, dördüncü fəsil

Şirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.

5 min

Poems by other poets