İkinci hissə, üçüncü fəsil
Page 1 of 2
Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:
⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:
⎯ Nəzər müəllim! Nəzər müəllim!
Nəzər eşitdiyinə inanmadı, ona elə gəldi ki, qulağı səsə düşüb. Orada ⎯ köşkün içində Süleyman tək idi, o da tanımadı onu. Elə isə onu kim çağıra bilərdi? «Nahaq gəldim bura, nahaq gəldim bura, nahaq gəldim bura!» ⎯ deyə içərisində fəryad qoparan səs, arxadan çağıran adamın səsindən güclüydü.
Kim idisə, bu dəfə elə çağırdı ki, Nəzərin içindəki səsi batırdı:
⎯ Nəzər müəl…liim!
Nəzəri ayaqları yerə mıxlandı və o, çiyni üstdən geri qanrıldı. Və köşkdən çıxıb dalınca iti addımlarla gələn Süleymanı görüb tamam çevrildi. Süleyman ona çatdı:
⎯ Siz Nəzər müəllim deyilsiz? ⎯ deyə həyəcan içində soruşdu. ⎯ Siz Nəzər müəllim deyilsiz?
Nəzər qabağında dayanan adamın gözlərini indi aydın gördü, gördü və tanıdı.
⎯ Hə, Süleyman, mənəm! ⎯ Səsi titrəyirdi, gözləri alacalanmışdı.
⎯ Xoş gördük, Nəzər müəllim! ⎯ deyə Süleyman əlini irəli uzatdı, öz müəlliminin iri, sümüklü əlini hərarətlə sıxdı, bu hərarət Nəzərə də sirayət elədi və o, uzun qollarını geniş açaraq Süleymanı sinəsinə çəkdi, Süleyman da başını onun sinəsinə qoydu.
⎯ Xoş gördük, Süleyman.
Süleyman onun qoluna girdi, köşkə tərəf çəkdi.
⎯ Bay səni! ⎯ Bunu Süleyman dedi və nə üçün dediyini özü də başa düşmədi. Nəzər də o iki sözdən heç nə anlaya bilmədi. Görünür, hər ikisi həyəcanlıydı. İki dəqiqə qabaq Nəzərin baxışlarında fırlanan köşkdə indi qabaq-qənşər oturmuşdular. Hələ ancaq bir-birinə tamaşa edir, kövrək-kövrək gülümsünürdülər. Nəzər özünə gələ bilməmişdi. İki-üç dəqiqə içində onun iki üzünü görmüşdü və ikisi də sarsıdıcı olmuşdu. Birinin ağır təəssüratından, qasırğasından çıxmamış, o birinin güllü-çiçəkli, sevincdən göz yaşardan qucağına düşmüşdü. Belə məqamlarda özünü ələ almaq, təmkin saxlamaq çətin idi, çox çətin idi. Süleyman da təxminən bu vəziyyətdəydi. Bir az qabaqkı laqeydliyi nə idi, bu nə idi və o, müəllimə baxa-baxa fikrində buraxdığı səhvin böyüklüyünü anlayıb peşimançılıq çəkirdi. Demək istəyirdi bunu, amma deyə də bilmirdi. Ancaq gördü ki, deməsə, çox əzab çəkəcək.
⎯ Əvvəl tanımadım sizi… ⎯ üzr istəyirmiş kimi astadan dilləndi. ⎯ Gündə yanıma o qədər adam gəlib-gedir ki… Sonra elə bil birdən ayıldım. Yerişinizdən tanıdım sizi.
Nəzər bu incə nöqtəni tutdu. «Məni axsadığıma görə tanıyıb!» Qəlbində həmişə gəzdirdiyi, ancaq kimsəyə açıb-ağartmadığı gizli nisgilini ⎯ şikəstliyini kim bilir neçə milyonçu dəfə xatırladı, lakin nədənsə bu dəfə gözlərinə kədər kölgəsi qonmadı, çünki baxışlarında o qədər sevinc, fərəh vardı ki, yaxın düşə bilməzdi o kölgə. Hətta ⎯ qəribə idi ⎯ indi zarafat da elədi; gülə-gülə dedi:
⎯ Axır ki, məni vuran o faşist oğlu faşistin ömrümdə bir dəfə də xeyrini gördüm.
Süleyman seyrək qaşlarını çatdı:
⎯ Nə faşist, nə xeyir, Nəzər müəllim?
⎯ Yəni deyirəm o faşist oğlu faşist mənim qıçımı vurub qırmasaydı, yerişimdən məni tanımayacaqdın və mən, burdan çox pis gedəcəkdim, Süleyman. İnan ki, elə gedəcəkdim, bəlkə heç bir də buralara yolum düşməyəcəkdi.
⎯ Vay, vay… ⎯ deyə Süleyman peşiman-peşiman söylədi. ⎯ Heç belə eləmərəm ha!..
Nəzər hələ bayaq ⎯ Süleymanın onu tanıya bilmədiyi vaxt çəkdiyi peşimançılığın təsiri altında həyatında bir çox idarələrdə, böyük adamların qəbulunda bu cür qarşılanmağı görüb hiss elədiyi və bunun ürəkləri necə ağrıtdığını duyduğu üçün, elə belə, məqamı gəlmişkən Süleymana da çatdırmağı lazım bilib ağsaqqal kimi ərkyana dedi:
⎯ Eləmə, Süleymaq, amanın günüdü, eləmə belə! Çox pisdi bu! Hər kəsdisə gəlib, deməli, bir dərdi-azarı, sözü-sovu var ki, gəlib. Bəlkə yanır, bəlkə elə şey deyəcək ki, iki saatdan sonra onu sənin bilməyinin bir quruş xeyri olmayacaq! Mənim yanıma gəlməyib, sənin ⎯ katibin, bir elin böyüyünün, başbiləninin, müqtədirinin yanına gəlib! Sən onu elə qarşılamalısan, elə dinləməlisən ki… Kimliyindən asılı olmayaraq… ⎯ Nəzər birdən susdu, ona elə gəldi ki, həm uzun danışdı, həm də, bəlkə də, yersizdi bunlar. «Süleyman ta uşaq deyil ki, mən yenə ona dərs deyirəm!»
Görünür, Süleyman da söhbətin axarını dəyişmək üçün gülümsünə-gülümsünə-gülümsünə söylədi:
⎯ Gör sizi neçə ildi görmürəm.
⎯ Hə, gərək ki, axırıncı dəfə sizdə ⎯ qonaqlıqda görüşənəm.
⎯ Əllinci ildə…
⎯ Otuz il keçir. Pah atonnan. Elə bil dünən idi, Süleyman… İmran kişi… ⎯ Nəzər səsini xırp kəsdi. Və pərt halda Süleymanın üzünə baxdı. Ürəyində özünü danlaya-danlaya, hüznlü bir səslə:
⎯ Allah rəhmət eləsin, Süleyman. Son qəmin olsun, ⎯ dedi.
Süleyman köksünü ötürdü:
⎯ Sağ ol, Nəzər müəllim.
⎯ Mən bura gəlmişdim ki, sənə başsağlığı verəm. Səni gördüm, fikrim çaşbaş oldu.
⎯ Həyatdı da, Nəzər müəllim.
Bu zaman ağ xalatlı bir kişi ⎯ raykomun aşxanasının işçisi əlindəki güllü sinidə çay gətirdi, salam verdi, hərəsinə bir stəkan çay süzüb əvvəlki, soyumuş çayniki də götürərək getdi. Kəkotunun ətri Nəzəri vurdu.
Nəzər çaydan bir qurtum alıb boğazını yaşlayaraq, İmran kişidən, onunla sən görüşündən, dəfnində nəyə görə iştirak edə bilmədiyindən danışmaq istəyirdi ki, Süleyman onu qabaqladı:
⎯ Maşallah, yaxşı qalmısız, Nəzər müəllim. Saçlarınızın, qaşınızın ağarmağını nəzərə almasaq, elə həmin Nəzər müəllimsiz ki, durmusunuz qabağımda.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».
Üçüncü hissə, beşinci fəsilMakinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?
Üçüncü hissə, altıncı fəsil«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.
Üçüncü hissə, yeddinci fəsilÖz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.
Poems by other poets
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
Tapun kim, canların cananəsidürTapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.