Dördüncü hissə, on altıncı fəsil
Page 2 of 2 · 50%
– Qibləgahın gəlməyib, — dedi. — Piyada gəlmişəm, Simin. — Qız adını Elməddinin dilindən eşidəndə uçunurdu. Fikir vermişdi — əvvəllər Elməddin onun adını az-az dilinə gətirərdi, özü də bütöv — «Siminbər» deyərdi. Bu söz başqalarının — məsələn, Zərrintacın, qonşuların dediyi «Siminbərdən» heç nə ilə fərqlənməzdi. Amma son vaxtlar Elməddin ona «Simin» deyə müraciət eləyirdi və bu deyilişdə nə isə bir mehribanlıq, bir əzizlik var idi, qız bunu duyurdu, qəlbində fərəhlənir, üz-gözünü sonsuz bir sevinc işığı nurlandırırdı. O qəribə gecədən sonra isə... Siminbərin ömrü də, günləri də şirinləşmişdi elə bil. Qız evi yığışdıranda tez-tez iri, bədənnüma güzgünün qabağında dayanır, üzünə, gözlərinə, qabarmış sinəsinə, şəvə kimi qara saçlarına tamaşa eləyir, məmnun-məmnun gülümsünürdü. O vaxtdan bəri az yatırdı, çox xəyala dalırdı; Elməddin işə getməmiş çay-çörəyi hazırlayır, onu və əgər oyanmış olsa Zərrintac xanımı yedirirdi, ağanı baxışlrı ilə ötürüb sonra darvazanı bağlayır və qəribə idi ki, səhərin yenicə açıldığına baxmayaraq, axşamın düşməsini, Elməddinin qayıtmasını gözləməyə başlayırdı. Vaxt zəhrimar da gözləyəndə elə gec gəlib keçirdi ki!!
– Yeməyə nəyin var? — deyə ondan qabağa qaçıb kömür dolu ləyəni götürən Siminbərdən Elməddin xəbər aldı. — Elə acmışam ki...
– Düşbərə bişirmişəm, ağam! — dedi sevinclə. — Bilirəm siz düşbərə xoşlayansınız...
– Ay sağ ol, Simin!
Onlar yuxarı qalxdılar. Siminbər əlində ləyən mətbəxə, Elməddin isə evin qapısı ağzına getdi. Qapı bağlı idi, itələdi, açılmadı. Taqqıldatdı şəhadət barmağının arxası ilə. İçəridə işıq yanırdı, demək, Zərrintac xanım evdə idi. «Yəqin yatıb. Zalımın qızı elə həmişə yuxudadı, doymur, yuxudan» deyə düşünərək qapını bir az da bərk döydü. İçəridən şıqqıltı, ayaq səsləri eşidildi, dalınca sual:
– Kimdi? — Zərrintacın səsi acıqlı — hökmlü idi, bunu Elməddin o dəqiqə duydu və dalağı sancdı.
– Mənəm, Elməddinəm...
Ani sükut. Zərrintac hikkə ilə söylədi:
– Haradan gəlmisən, ora da itil get, naməkbeharam. Elməddin əvvəl qulaqlarına inanmadı.
– Nə deyirsən?
– Deyirəm, hardan gəlmisən, ora da itil, get!
– Zərrintac... — dedi Elməddin və düşündü ki, «hekayəni oxuyub; şübhəsiz ki, oxuyub», Zənni düz çıxdı, çünki heç bircə dəqiqə də keçməmiş o, qəzəblə çımxırdı:
– Ondan-bundan yazdın, gözün doymadı, indi də başlayıbsan arvadından yazmağa? Elədiyim yaxşılıqlar gözündən gəlsin! Nə idin sən? Cındırından cin ürkən kəndçinin biri idin, mənim pulumnan adam olub ortalığa çıxmısan, indi də mənə şıllaq atırsan? Çörəyi dizinin üstündə olan adam. Rədd ol, gözüm səni görməsin! — Elməddinin başına elə bil qaynar su tökdülər, ürəyində, bədənində qəribə bir istilik duydu. Qışın şaxtası, qarı bu istilik müqabilində təsirini itirdi elə bil! Bir anlığa qəzəb onu boğdu, özü də bilmədən yumruğunu qapıya elə bərk çırpdı ki...
– Aç qapını sənə deyirəm!
– Açmayacağam. Evin-zadın vardı?
– …
Elməddinin sağ əli boşalıb yanına düşdü, heykəl kimi lal-dinməz donub qaldı. Son zərbə də vurulmuşdu. Daha bundan oyanası yox idi və ola da bilməzdi. Məyusluq onu tərki-silah elədi. Danışmağa, artıq söz deməyə belə həvəsi qalmadı. Paltosunun yaxasını açıb cibindən siqaret çıxartdı, yandırdı... hirsindən idimi, həyəcanından idimi — əli əsirdi.
Siminbər qapının döyüldüyünü, içəridən açılmadığını başa düşmüşdü. Elməddinin əsəbiliklə — «Aç qapını sənə deyirəm!» sözlərindən hər şey aydın idi. Qız düşbərə qazanını buxarının üstünə qoymuşdu isinmək üçün. Çayı dəmləmişdi. İndi birdən-birə belə vəziyyətin yaranmağı Elməddin kimi, onu da çaşdırmışdı. Mətbəxin qapısı ağzında dayanıb yerində donub qalmış Elməddinə baxır və ona yazığı gəlirdi. Çağırsınmı mətbəxə, yedirib içirsinmi?.. Buna onun haqqı var idimi? Anladı ki, yoxdur. O kim idi ki, bu evdə?!
Elməddin çevriləndə Siminbəri qapı ağzında dayanmış görüb özünü itirdi, deyəsən, utandı. Gözlərinin içinə baxmağa cəsarət eləmədi. Qız da sanki bunu duyub başını aşağı saldı. Elməddin irəli yeridi, qızın qabağında dayandı. Nə isə demək istədi, deyəsən, söz tapmayıb susdu, günahkar adam kimi gülümsündü. Siminbər doluxsunmuşdu. Bunu görən Elməddin qoltuğunda gizlətdiyi kitabı çıxardıb Siminbərə uzatdı:
– Onun üçün gətirmişdim. Sənə verirəm. Gecə oxuyarsan, — dedi.
Siminbər heç nə anlamadan, fikri dağınıq halda, kitabı aldı, üstünə baxdı. «Elməddin. Əfsanəli mahnılar» — sözlərini oxuyub sevinc içində:
– Sizin kitabdı? — deyə xəbər aldı.
– Hm.
– Mənə verirsiz?
– Hə!
– Çox sağ olun, ağam! — Kitabı açdı, ikinci səhifədə Elməddinin başıaçıq, gülümsər şəklini görüb bir ona, bir şəklə baxdı: sifətindəki kədər, pərişanlıq silinib yox oldu, gözləri parladı.
– Mən gedirəm, Simin... — deyə Elməddin ağır-ağır dilləndikdə qız kitabı büküb döşünün üstünə qoydu və sual dolu nəzərlərlə ona baxdı.
– Hara?
– …
– Bilirəm... Başa düşürəm...
Elməddinin üzündə qəmli bir təbəssüm gəzib-dolandı:
– Sən hələ çox şeyi bilmirsən, Simin!
Siminbər təəccübləndi, ancaq heç nə soruşmağa cəsarət eləmədi. Təkcə bunu demək ağlına kəldi:
– Bəs... düşbərə... yemirsiniz?..
– Yox. Ayrı vaxt... — Sükutdan sonra əlavə elədi. — Hər gün... öz evimizdə bişirərsən, ikimiz də bir yerdə.... yeyərik. Yaxşımı?
Bu sözlərin mənasını dərk etməmiş Siminbər şadlıqla söylədi:
– Yaxşı, ağam!
– Hə, hələlik, sağ ol, Simin.
– Sağ olun, mənim ağam. Elməddin onun gözlərinin içinə diqqətlə baxdıqda qız sevinclə, kədərlə dolu baxışlarını aşağı endirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-on-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.
İkinci hissə, on birinci fəsilGülmirənin yanaqları pörtmüşdü, ürəyi şiddətlə döyünür, gözləri məst adamın gözlərinə oxşayırdı. Sifətinin qızartısı onu daha da qəşəngləşdirmişdi. O gördüyünə inanmaq istəməyənlər təki, hələ də mətbəə iyi verən boz cildli məcmuənin altmış beşinci səhifəsində iri, qara hərflərlə yazılmış adını, familiyasını təkrar-təkrar oxuyur, səhifələri dönə-dönə vərəqləyir və bundan indiyəcən heç vaxt, heç yerdə hiss eləmədiyi bir nəşə alırdı. Bu onun mətbuatda çap olunan ikinci məqaləsi idi. Birincisini hesaba almırdı; çünki göydəndüşmə bir şey kimi idi: necə yazıldığı, niyə yazıldığı, qəzetdə nə üçün Gülmirənin adına çap olunduğu ona yuxu kimi gəlirdi. Amma bu? Bunda onun az da olsa zəhməti vardı. O, əzab çəkə-çəkə günlər, aylarla həmin mövzu üzərində düşünmüşdü. Düzdür, Orxan onun «libasını» başdan-ayağa dəyişmişdi. Hər halda həmin məcmuədə akademiklərin, professorların, elmlər namizədlərinin adları ilə bir cərgədə onun da adı vardı. Məgər bu balaca işdi, kiçik müvəffəqiyyətdi? İndi ona «qabiliyyətsiz», «istedadsız» deyənlər öz sözlərini geri götürərlər. Biri bax, o Nadirə xanım, biri də elə əri Əqdəm...İnstitutda, şöbədə yoldaşları onu təbrik edir, əlini sıxırdılar. Gülmirə stolunun üstünə yığdığı müəllif nüsxələrinin üstünü yazır, dostlarına verirdi. Birini professora təqdim etmişdi. Nadirə xanımın payını aparıb stolunun üstünə qoydu və zəif səslə:
İkinci hissə, on ikinci fəsilŞəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.
İkinci hissə, on üçüncü fəsil«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!