Page 1 of 2

Gülmirənin yanaqları pörtmüşdü, ürəyi şiddətlə döyünür, gözləri məst adamın gözlərinə oxşayırdı. Sifətinin qızartısı onu daha da qəşəngləşdirmişdi. O gördüyünə inanmaq istəməyənlər təki, hələ də mətbəə iyi verən boz cildli məcmuənin altmış beşinci səhifəsində iri, qara hərflərlə yazılmış adını, familiyasını təkrar-təkrar oxuyur, səhifələri dönə-dönə vərəqləyir və bundan indiyəcən heç vaxt, heç yerdə hiss eləmədiyi bir nəşə alırdı. Bu onun mətbuatda çap olunan ikinci məqaləsi idi. Birincisini hesaba almırdı; çünki göydəndüşmə bir şey kimi idi: necə yazıldığı, niyə yazıldığı, qəzetdə nə üçün Gülmirənin adına çap olunduğu ona yuxu kimi gəlirdi. Amma bu? Bunda onun az da olsa zəhməti vardı. O, əzab çəkə-çəkə günlər, aylarla həmin mövzu üzərində düşünmüşdü. Düzdür, Orxan onun «libasını» başdan-ayağa dəyişmişdi. Hər halda həmin məcmuədə akademiklərin, professorların, elmlər namizədlərinin adları ilə bir cərgədə onun da adı vardı. Məgər bu balaca işdi, kiçik müvəffəqiyyətdi? İndi ona «qabiliyyətsiz», «istedadsız» deyənlər öz sözlərini geri götürərlər. Biri bax, o Nadirə xanım, biri də elə əri Əqdəm...

İnstitutda, şöbədə yoldaşları onu təbrik edir, əlini sıxırdılar. Gülmirə stolunun üstünə yığdığı müəllif nüsxələrinin üstünü yazır, dostlarına verirdi. Birini professora təqdim etmişdi. Nadirə xanımın payını aparıb stolunun üstünə qoydu və zəif səslə:

– Nadirə xanım, bir balaca məqaləm çıxıb, — dedi. — Sizinçün...

Nadirə nüsxəni götürüb baxdı, vərəqlədi:

– Təbrik eləyirəm! Axırıncısı olmasın. Çalış, daha yaxşılarını yazasan. Bu, Salman əmin tərifləyən məqalə deyilmi?

– Bəli, odu.

– Rəyini kim vermişdi?

– Özü vermişdi, Salman əmim özü.

– Oxuyuram, fikrimi deyərəm sənə.

– Çox sağ olun. — Gülmirə qayıdıb yerində oturdu.

Nadirə işini kənara qoydu. Gülmirənin məqaləsini oxumağa başladı. Elə bu an Gülmirənin ürəyində çağlayan sevinc hissinin üstünü bir qorxu dumanı aldı. Ona elə gəldi ki, indicə Nadirə — adamın ürəyini gözündən oxuyan bu qadın baxan kimi biləcək ki, məqaləni kim yazıb. Dəst-xəttindən, üslubundan tanıyacaq. Ancaq bu, çox ötəri bir hiss oldu. Ona gülməli göründü: «O ki əlyazması deyil. Bunu indi təkcə Nadirə yox, Orxanın özü də sübut eləyə bilməz»

Toxdadı.

Nüsxələrdən birini götürdü. Qələmi əlində xeyli donub qaldı. Orxana nə yazsın? Necə yazsın?

«Hörmətli iş yoldaşım Orxana...» Yox, bu çox soyuq və sönük çıxırdı. Gülmirənin ürəyindəki minnətdarlığın bircə zərrəsini belə bu sözlərlə duyub anlamaq mümkün deyildi.

Düşündü, çox düşündü: «Bəlkə heç verməyim? Bu daha yaxşı deyilmi? Yoxsa kişinin öz yazısını özünə qaytarmaq?! Üstündə də sənin adın! Verməsən də xətrinə dəyə bilər». Axırda hamıya yazdığı kimi ona da yazdı: «Hörmətli iş yoldaşım Orxana, xoş arzularla...» O birilərin sonuna «müəllifdən» yazmışdı. Burada buna əli gəlmədi. Sadəcə adını yazdı, vəssalam!

Bu gün o, qəribə hisslərlə yaşayırdı. İnstitutda işlədiyi iki il ərzində birinci dəfə belə sevinirdi.

Gülmirənin bugünkü sevinci övladı olmayan, özgə uşağı götürüb saxlayan: «Mənim də övladım var, mən də anayam, sonsuz deyiləm!» — deyən və bununla da özünə, ərinə təsəlli vermək istəyən bir qadının sevincinə bənzəyirdi. Heç kəs bilməsə də, içəridə o özü, o yanda tez-tez nəsə yazan Orxan bilirdi ki, bu «uşaq» kimindir. Bəlkə də kənardan baxanlar özgə uşağı böyüdən ananı xoşbəxt sayırlar. Bu, ola bilər. Ancaq o ananın nə qədər gizli, sirli kədəri olur…


…Maşa xala ilə Əqdəm küçədəki oturacaqda yanaşı əyləşmişdilər. Əqdəm qolsuz köynək, pijama geymişdi. Qarı başına yeri ağ, göy haşiyəli yaylıq bağlayıb uclarını çənəsinin altında düymüşdü.

– Getdiyin yerlər necədir, hə? İndi Moskvanın yaxşı vaxtı olar.

– Yox, Moskvada deyildim, Maşa xala, Novosibirskdə idim.

– Oh, Novosibirskdə... — Qarı həyəcanla tərpəndi. —Əqdəmçik, axı, ora mənim vətənimdir, bilirsənmi?

– Doğrudan?

– Bəs necə, orada anadan olmuşam, orada böyümüşəm, gəncliyim o şəhərdə keçib, Əqdəm.

– Mən heç bilmirdim.

– Gedəndə mənə nahaq deməyibsən. Orda bizim qohumlarımız var. Ünvan verərdim, gedərdin, məndən də salam deyərdin.

Qarı elə dirçəlmişdi ki, Əqdəm onun həyəcandan sevincdən bu dəqiqə ağlayacağını gözləyirdi. Ancaq ötən müharibədə iki oğul itirmiş qarının kirpiksiz gözlərinin yaşı, deyəsən çoxdan qurumuşdu.

– Gözəl şəhərdir, çox gözəl şəhərdir! İndi o qədər təzə evlər, küçələr salınıb ki, getsən tanımazsan, Maşa xala, heç tanıya bilməzsən.

Əqdəmin sözləri onda xoş, unudulmaz təəssüratı, gənclik xəyallarını oyatdı: onlar kino lenti kimi Maşa xalanın gözləri önündən gəlib keçir, Əqdəm sanki qarının xəyala daldığını bildiyi üçün araya söz salıb onun fikrini dağıtmaq istəmirdi.

Qarı qalxdı, heç nə demədən ağır addımlarla otağına çəkildi, qapını dalınca çəkib bağladı. Əqdəm qarını başa düşürdü, o özü ilə, öz xatirələri, xəyalları ilə tək qalmaq istəyirdi.

Əqdəm yerindən tərpənmədi; qanrılıb Gülmirənin yoluna baxdı. Gəlmirdi. O, dünən günortaüstü gəlib çıxmışdı. Ancaq həmişəki kimi Gülmirə onu sevinclə, gülərüzlə qarşılamamışdı.

– Xoş gördük, Gülü!

—…

– Sənə nə olub, niyə dinmirsən?

—…

– Küsmüsən məndən?

—…

Gülmirənin heç bir suala cavab vermədiyini görən Əqdəm elə evin ortasındaca donub qalmış, qaşqabağını sallayıb, üzünü yana tutaraq pəncərə ağzında qollarını qoynuna qoyub dayanmış Gülmirəyə mat-mat baxmış, baxmışdı. Sonra köksünü ötürüb pencəyini, papağını çıxartmış, asılqandan asmış, üz-gözünə su çırpıb lal-dinməz gəlib stulda əyləşmiş, yorğun və incik baxışlarını Gülmirəyə zilləyib dayanmışdı.

– Gülü, ay Gülü...

—…

«Dinmir. Deyəsən, möhkəm inciyib. Onda da günah yoxdu. Dörd aydan çoxdu getmişəm. Haqqı var. Ancaq mən neyləyim, neyləyim mən? Deyirəm, çıx işdən, aparım səni özümlə. Buna nə özü razıdı, nə anası. Yaxşı ki, anası qonşuluqda olur, yoxsa... — Deyə Əqdəm ürəyində götür-qoy eləyirdi: — Düşüb elmin dalıycan. Alim olmaq istəyir. Tərs kimi indi də ikicə günlüyə möhlət veriblər. Birisi gün çıxıb getməliyəm. Gedim, bu vəziyyətlə necə gedim? Getməyim, necə getməyim?.. İşdir də, neyləyə bilərəm?»

– Gülü, ay...

Gülmirə geri çevrildi, bərkdən:

– Gülü yoxdur, Gülü ölüb, — dedi. — Bildin? Ölüb, ölüb!.. — Qız elə bil, bu sözlərə bənd imiş, gözlərindən yaş sel kimi car oldu, ürəkdən, Əqdəmin indiyəcən görmədiyi, təsəvvür belə eləmədiyi bir hönkürtü ilə ağladı.

– Sən nə danışırsan, Gülü?!

– Məni niyə bədbəxt elədin, Əqdəm? Cavab ver, məni niyə bədbəxt elədin?

– Ay qız, bir sakit ol görək...

– İndiyəcən sakit oldum, bəsdi. İndi daha sakit olmayacağam. Olmayacağam!.. Qaytar mənim həyatımı, qaytar!..

Elə bil ağlamaq onun dərdini azca yüngülləşdirdi, ürəyindəki hirs-hikkə azaldı:

– Neçə aydı getmisən?

– Dörd aydı... —Əqdəm günahlarını boynuna alan adam kimi cavab verdi.

– Xeyr, dörd ay beş gündü!..

– Hə.

– Bəs heç demirsən, evdə adam qoymuşam, bəlkə ölüb-itib?! Bəlkə bir dərdi-azarı var?!

– Bilirəm, Gülmirə...ancaq...

– Ancaq nə? Deyəcəksən neyləyim, hə?! Qulluqdur də, hökumət işidir də... həmişə də belə deyirsən.

– Yox, belə olmaz, belə olmaz... — Deyə Əqdəm yaranmış vəziyyətin ciddiliyini dərindən-dərinə dərk edərək ona təsəlli verməyə çalışdı: — Bu dəfə gedən kimi ərizə verəcəyəm. Qoy azad eləsinlər məni. Gəlib oturacağam evimdə-eşiyimdə. Daha bəsdir!..

– Sən özün fikirləş, Əqdəm. Mən də cavanam, mənim də arzularım var. Mən də istəyirəm başqa cavan qadınlar kimi ərim yanımda olsun. Heç bir dəfə səninlə teatra getmişəm? Yox! Hara getmişəm? Heç yerə! Heç yerə! Amma mənim arzum olub ki, səninlə şəhərə gəzməyə çıxım. Hamı sənin paqonunun ulduzlarına baxsın. Arzumdur da, niyə ürəyimdə qalsın?

– Düzdü, Gülü, düzdü...

Dünən Əqdəm çox böyük çətinliklə Gülmirənin könlünü almış, onu birtəhər sakitləşdirə bilmişdi. Tufan, deyəsən, ancaq zahirən yatmışdı. İçəridə, dərinlərdə baş qaldırıb arabir özünü hiss etdirən bu təlatümün kökü tamam kəsincə, Əqdəmin ürəyi rahat olmayacaqdı...

Gülmirənin, qoltuğunda kitab, ağır-ağır gəldiyini görən Əqdəm ayağa durub qabağına yeridi. Salam verdi, Gülmirə başını yüngülcə tərpətməklə salamını aldı.

Əqdəm onun qolundan tutdu:

– Axşam türk müğənnisinin konserti var, — dedi.

– Hə, bilirəm. Bizim yoldaşlar kollektiv gediş təşkil eləmişdilər. Bilet almışdılar, mən götürmədim. Dedim, eh, nəyimə lazım!..

– Mən götürmüşəm, Gülü! —Əqdəm şad xəbər verməyə tələsirmiş kimi, tez dilləndi. — Axşam gedərik.

Gülmirə cavab vermədi.

– Bu nə kitabdır? — deyə Əqdəm onun qoltuğundakı kitabı qapıdan içəri keçəndə çəkib götürdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on ikinci fəsil

O gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...

29 min
Dördüncü hissə, on üçüncü fəsil

Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?

6 min
Dördüncü hissə, on dördüncü fəsil

Yerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:

6 min
Dördüncü hissə, on beşinci fəsil

Elməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.

6 min

Poems by other poets