Zümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:

– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.

Elməddin anasının sözlərini sükutla qarşıladı. Bunu görən ana Həzrətgülə üz tutdu:

– Həzrət, sən allah, uşaqdan muğayat ol. Gözün üstündə olsun. Bu, elə şeyləri bilmir, sən dünyagörmüş adamsan.

– Qorxma, ay Səbihə. Bu qədər adamın yanında neyləyə bilər?

– Elə demə. Bizim qaraçuxamız yatıb, nə desən olar, Həzrət, – ana yanıqlı-yanıqlı ah çəkdi.

Elməddin yolda dərin həyəcan keçirirdi. Ayağının biri gedirdi, biri yox. Az sonra qorxu-hürkü sovuşdu. Nə olursa-olsun, o getməli idi. Çünki qardaşının taleyi təkcə bu danışıqdan asılı idi. Əgər Cahan arvadın ürəyi rəhmə gəlsəydi, demək, Yusif ölümün cəngindən qurtarmış olurdu və ən ağır cəzası beş-altı il həbs olardı. Yox, əgər arvadın kini-intiqam hissi cuşa gəlsəydi, onda heç...

Dəstə həyətə girəndə Elməddinin ürəyini acı bir təəssüf hissi yandırdı, həyət ona tanış idi. Zümrəylə o, bir zamanlar bax, burada çox oynamışdı. O illər indi çox uzaqlarda qalsa da, Elməddin fikrən həyətdə oynayan, çayda çimən iki balaca oğlanı yaxşıca təsəvvür eləyə bilirdi. —Biri Zümrəy idi, o biri özü... İndi Zümrəy yox idi. Elməddin onu heç vaxt görə bilməyəcəkdi. Hətta son borcunu verməyə — onu son mənzilinə yola salmağa da imkanı olmadı. Həyətbaca ona bomboş görünürdü.

Cahan arvad donuq, tutqun baxışlarla gələnlərə nəzər saldı — etinasız bir baxış... Sanki arvad gələnləri görməmişdi.

– Salamunəleyküm, həmşirə . — Qəryədar Qulam mehribanlıqla sözə başladı.

Cahan başını qaldırıb onlara diqqətlə fikir verdi vz əzgin, qüssəli səslə:

– Gəlin, oturun, — dedi. Gələnlər səkidə sərilmiş həsirin üstündə əyləşdilər. Arvad düşgünləşmişdi. Yeddi-səkkiz günün içində o, demək olar ki, tamam qocalmışdı. Üzündəki qaysaqlanmış şırımlar qamçı yerinə oxşayırdı. Qızarmış gözləri quru idi. Sakitdi. Elə bil, arvad ağlayıb yorulmuş, qisməti ilə barışmışdı. Başdan-ayağa qara geyinmişdi. Gəzən, nəfəs alan cansız bir heykələ daha çox bənzəyirdi.

Cahan arvadın nəzərləri birdən adamların arasında büzüşüb oturmuş Elməddinə sataşanda sanki o, dəhşətli bir şey görürmüş kimi, nəfəsini udub dayandı. Onun gözləri böyüdü. Qansız dodaqları əsməyə başladı. Bütün dərdi təzələndi — soyumamış, qaysaqlanmamış yarası göyüm-göyüm göynədi.

– Ədə, haramzadə, sən nə üznən mənim qapıma ayaq basmısan?! — Cahan arvad əsəbiliklə qışqırdı. — İtil cəhənnəmə, gözüm səni görməsin. Yoxsa səni bu saat didim-didim eləyərəm. — Cahan ovunun üstünə şığıyıb gözünü deşməyə hazır olan qırğı kimi Elməddinin üzərinə atılanda qəryədar Qulam özünü onun qabağına verdi:

– Həmşirə, o sənin qapına özü gəlməyib, mənlə gəlib!!

– Nahaq gəlib, çox nahaq!

– Cahan, həmşirə, sakit ol, — deyə qəryənin mollası da yastı-yastı sözə qarışdı, — işdi, olub. İndi neyləmək olar?

Elməddin sinəsini qabağa verdi:

– Zümrəy mənim dostum idi. Onun ölümünə mən səndən az yanmıram, Cahan xala. İstəyirsən məni öldür, Cahan xala, ancaq Yusifin günahından keç. Yalvarıram sənə.

– Səni öldürüm, Yusifin günahından keçim? Ay həzarat, bu pədər süxtə mənə nə deyir? Yandım, allah, yandım, Zümrəy, yandım. Məni yandırdılar, — deyə o, əsəbi bir çılğınlıqla qiyyə çəkib oturdu və başına, dizinə döyə-döyə ağlamağa başladı. Qəryədar Qulam pırpız qaşlarını qaldırmaqla işarə elədi ki, işiniz olmasın, qoy ağlayıb ürəyini boşaltsın.

Həqiqətən Cahan arvad az sonra toxtadı. Çılğınlığı əriyib azaldı. Qəribə nəzərlərlə oturanlara baxmağa başlayanda qəryədar Qulam boğazını arıdıb aram, mümkün qədər həlim səslə ona müraciət elədi:

– Cahan, həmşirəm, sənə üz verən bədbəxtlik böyük müsibətdi, biz, şəxsən mən özüm sənin dərdi-müəzzəminə qəlbən şərikik, həmşirəm. Nədən ki, mərhume-cənnətməkan tək sənin balan deyildi, elə bizim də balamız idi. Bütün Ədnan camaatının əzizi, iki gözü idi. Elə bir qeyrətli, başıaşağı oğulun əldən getməsi hamımızı yandırdı. Allah şeytana lənət eləsin, araya girdi, gözəl, nakam bir cavanın ölümünə bais oldu. Vəhalonki, ölməli cavan deyildi. Qatil də özgə deyil, öz camaatımızdandı. Cavandı. Təzə evlənib. Biz sənin qapına ona görə gəlmişik ki, Yusifin günahından keçəsən, onun cavanlığına, oğlunun ruhuna və bizim ehtiramımıza bağışlayasan.

Cahan gözlərini geniş açaraq: — Əbədən, Qulam, əbədən, — deyə qətiyyətlə cavab verdi.

– Nə istəsən verərik, Cahan xala, bütün torpağımızı... Cahan Elməddinin sözünü ağzında qoydu:

– Torpağınız da başınıza dəysin. Mənim bircəciyim, arxam, köməyim, gözümün işığı əldən gedəndən sonra torpaq nəyimə lazımdı, var-dövlət nəyimə lazımdı? Goruma aparmayacağam ki...

– Cahan, həmşirə, fikirləş, təkcə torpağı satmaq, iki yüz min rupi pul elər.

– Mənə pul-zad lazım deyil, Qulam. Mənə oğlum lazımdı, oğlum. Verə bilərsiniz oğlumu? Yox, siznənəm, verə bilərsiniz mənim Zümrəyimi?

– …

– Hə, onda dinmirsiniz? Dinə də bilməzsiniz. Əgər mənim biçarəmin zərrəcə də günahı olsaydı, bağışlardım. Amma yoxdu günahı mənim balamın, yoxdu! Mənim balamı günahsız öldürüblər, günahsız! Balamın qatilinin başını bax, bu əllərimlə Ədnan camaatının gözü qabağında kəsib qanından içməsəm, mən aram ola bilmərəm, Qulam. Mən oğlumun intiqamını almamış ölə də bilmərəm, Qulam.

Elməddinin rəngi kağız kimi ağardı. Sözü keçməyən qəryədar Qulam pərt halda ayağa qalxdı.


... Cahan arvad yerə-göyə sığışmırdı. Balaca daxmanın palçıqdan hörülmüş divarları bu dünyada tək-tənha qalmış arvadı məngənə kimi sıxır, yazıq, canını qoymağa yer tapmırdı. Ciyərparasını öz əlilə dəfn eləsə də, hər axşamçağı, mal-qara örüşdən qayıdıb gələndə Cahan arvad uzun illərin sövqi-təbiisi ilə Zümrəyin də bu saat əlində çomaq, çiynində heybə doqqazdan girəcəyini, çarıq-patavasını soyunub yuyunacağını, süfrə başında oturacağını gözləyirdi. Ancaq qoyun-quzu mələyə-mələyə kənd evləri arasında dağılışır, az keçmiş səs-küy çəkilib yox olur, Cahan arvadın aman-zaman oğlu gəlib çıxmırdı.

... Zümrəyin qırxı çıxmışdı — lakin elə bil, onu dünən zülümzülüm öldürmüşdülər. Cahan arvadın kinini-qəzəbini görüb Yusifi bağışlayacağından ümidini üzmüş qəryədar Qulam nəhayət, naçar qalıb vilayət mərkəzinə xəbər göndərmişdi. — Əlbəttə, bu məktubu Elməddinə yazdırmamışdı, ayrı adamdan xahiş eləmişdi. Ertəsi gün isə qara bir maşın gecə saat on ikiyə yaxın gəlib Yusifi vilayət həbsxanasına aparmışdı. Bu xəbəri eşidən Cahan arvad bir-iki gün azca soyuyub toxtamışdısa da, aram olmamışdı. Deyirlər, yara getdikcə köhnəlir, unudulur, Lakin Cahan arvadın ürəyinə vurulmuş dərin yara zaman qanadlı quş kimi uçub getdikcə sağalmır, unudulmur, əksinə, daha da dərinləşir, diş ağrısı, ürək ağrısı kimi dözülməz olurdu. Oğul qanı ananı bir an da rahat buraxmırdı. Övlad məhəbbətilə yaşamış ana gecə-gündüz dörd divar arasında düşündükcə qatil qanına susamış cəllada dönürdü. Yanıb-yaxılan ana fikrində, yuxusunda neçə dəfə Yusifin başını kəsib qanından bnr ovuc içmiş, illərin təşnəsi kimi: «oxay, indi ürəyim rahat oldu, qanını yerdə qoymadım, bala!» demişdi. Beyninin dumanı dağılandan sonra bütün bunların həqiqət deyil, xəyal-yuxu aləmində olduğunu anlayıb, təzədən od-alov içinə düşmüş kimi qovrulur, evdə-eşikdə, küçədə öz-özünə söylənə-söylənə gəzinirdi. Yuxusunu uşağa da, böyüyə də danışırdı. Sonra kirpikləri tökülüb seyrəlmiş gözlərini sıxıb quru-quru ağlayırdı. Bunu görən Ədnan camaatı Cahan arvadın havalandığını düşünür və onun halına acıyırdı.

Hələ bədbəxt ana oğlunun köçəri qızına vurulduğunu bilmirdi. Əgər bilsəydi, bu da onun üçün bir dərd olar, o, «nakam balam» deyib daha artıq inləyərdi. Yaxşı ki Zümrəy bu sirri özü ilə aparmışdı; yaxşı ki Elməddin açılmamış, yerlə-yeksan olan bu məhəbbət haqqında danışmamışdı — danışa bilməmişdi. Gözəl köçəri qızının Zümrəy haqqında düşünüb-düşünmədiyini söyləmək çətindi, ancaq o, sağalması mümkün olmayan bir yara kimi onu ürəyində gəzdirirdi. Ədnan camaatı bir gün Cahan arvadın qapısından iri qıfıl asıldığını gördü. Arvad hara getmişdi — bilən yoxdu. Söz gəzirdi ki, Cahan arvad oğlunun qatilini cəzasına çatdırmaq üçün vilayətə — Süleymanşəhrə gedib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on ikinci fəsil

Şəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.

9 min
İkinci hissə, on üçüncü fəsil

«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.

13 min
İkinci hissə, on dördüncü fəsil

Saat birdə şöbənin iclası başlandı. Əslində, Orxan üçün bu iclas çoxdan başlanmışdı. Fikrində xəyalında çıxış edənlərin səsini eşidir, hər ağızdan bir avaz gəlir, o da hərəyə bir cavab verirdi. Orxan özünü nə qədər arxayın göstərməyə çalışsa da, bacarmır, papirosu papirosun oduna yandırır, uzun işıqlı dəhlizdə o baş-bu baş var-gəl edir, həyəcanını gizlədə bilmirdi, vaxt isə gəlib çatmırdı.Nəhayət, professor göründü, keçib stolunun arxasında əyləşdi. Nadirə, Gülmirə, Gülalı, Cəfər, başqa şöbələrdən gəlmiş elmi işçilər, laborantlar da oturdular.

16 min
İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 min

Poems by other poets