Birinci hissə, doqquzuncu fəsil
İçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.
İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?
– Bütün bu suallar Səbihə arvadı, Əfsanəni həlak eləyib əldən salırdı. Şirii yuxu üzünə həsrət qalan gəlin-qayınana bir-birilə danışmaq belə istəmirdi. Vaxtın çoxu sükutla ötüb-keçirdi. Ancaq bu, zahiri sükut idi. Hərəsinin ürəyindən keçənlərdən, düşünüb-danışdıqlarından qalın-qalın kitablar yazmaq olardı.
– Yesənə, xala! — deyə ikinci dəfə Əfsanə qayınanasına müraciət eləyəndə qanıqara Səbihə onun üstünə çəmkirdi:
– Əşi, əl çək a, yaxamdan. Yesənə, yesənə, bəsdi də. Görürsən, boğazımdan tikə keçmir. Götür, yığışdır bu ağıya dönmüşü!!
Əfsanə arvadın qəfil qışqırığından səksəndisə də, günahkar baxışlarla qayınanasını süzüb heç nə demədən əlini dizinə dayaq verərək ayağa qalxdı, qab-qaşığı yığışdırdı. Əfsanə gəlib yenicə oturmuşdu ki, Elməddini başlarının üstündə dayanan görüb birdən soruşdu:
– Elməddin, Elməddin?
Elməddimdən cavab çıxmadı. Səbihə oturduğu yerdə fırlanıb:
– Nə təhər oldu, bala? — deyə xəbər alanda da o susdu.
Əfsanə məsələnin nə yerdə olduğunu başa düşüb süstəldi. Elə bil, içərisində nəsə qırılıb ayaqları altına düşdü.
– Ağzına niyə su alıb durubsan, ədə? — deyə Səbihə təkidlə, hövsələsizliklə soruşduqda Elməddin yanını səkinin qırağına qoyub oturdu. İşıq yandan onun üzünə düşürdü. Sifətinə meyit rəngi çökmüşdü. İki qaşının arası möhkəm düyünlənmişdi. Qızarmış gözlərini anasından, Əfsanədən gizlətməyə çalışırdı.
Yol boyu dəhşətli sorğu-sual barədə düşünmüşdü; anasına, Əfsanəyə acı, ağır xəbəri necə deyəcəkdi?
Elməddin bu gün qəlbən qocalmışdı. Fikri-düşüncəsi alt-üst olmuşdu. Dərdin ağırlığı altında dizləri titrəməyə başlamışdı. Yusif özünü məhkəmədə dəyanətlə aparmışdı. Başı qırxılmış Yusif məhkəmənin suallarına təmkinlə, dəyanətlə cavab vermiş, ölüm hökmünü də təmkinlə dinləmişdi. Elə bil, burada söhbət onun barəsində yox, yad bir adam barədə gedirdi — ölümə məhkum olunan o deyil, ayrısı idi.
Son sözünü, xahişini soruşmuşdular:
– Nə sözün var?
O ağır-ağır ayağa qalxmışdı:
– Bircə xahişim var, möhtərəm hakim.
– De.
– Məni... öz kəndimizdə, camaatımızın gözü qabağında.., öldür... məyin.
Məhkəmənin bütün gedişində iştirak eləyən Cahan arvad yerindən dik atılmışdı:
– Yox, ağayi hakim, mən onu... oğlumu öldürdüyü yerdəcə öldürmək istəyirəm. Bu haqqı heç kəs mənim əlimdən ala bilməz. Yoxsa bu məhkəməni mən ədalət məhkəməsi saymaram.
Hakim demişdi:
– Müttəhimin xahişi qəbul olunmur. Mərhumun anasının istəyi yerinə yetirilsin...
Sonra Yusifi polis məhkəmə salonundan çıxarıb aparmışdı. Elməddin xeyli müddət oturduğu yerdən tərpənə bilməmişdi. Aralığa çökmüş ölüm sükutu Səbihəni usandırdı.
Arvad əsəbi səslə qışqırdı:
– Di... danış görək... nə oldu? Lal olmamısan ki?! Elməddin başını qaldırıb göz yaşları içində boğula-boğula güclə:
– Ölüm... kəsdilər... — deyə bildi.
Səbihə qəşş edib özündən getdi. Əfsanə ilk dəfə hönkürtü vurub ağlamağa başladı.
Günlər ağrılı, əzablı keçirdi. Ruhi sarsıntı, mənəvi gücsüzlük Elməddini də, Səbihə arvadı da, Əfsanəni də üzüb əldən salırdı. Neçə gün idi ki, heç kəs bir-biri ilə danışmırdı; həyət-bacada kölgə kimi gəzib-dolanır, o dəhşətli günün qorxusu-hürküsü ilə yaşayırdılar. Ədalət divanının qarşısındakı acizliklərini dərk edir, qanun qılıncının qabağına durmağın qeyri-mümkünlüyünü görüb çarəsiz-çarəsiz susurdular. Arabir Həzrətgül, Nazənin gəlib təsəlli vermək, dərdlərini azca da olsa yüngülləşdirmək istəyirdilər, ancaq bunun faydasız olduğunu özləri də yaxşı başa düşürdülər. Axır vaxtlar isə gəlib lal-dinməz oturar, ah-uf eləyər, kəlmə də kəsmədən çıxıb gedərdilər.
Səbihə arvad arıqlayıb qurumuşdu: iti, qaynar gözləri çuxura düşmüşdü. Daha ağlaya da bilmirdi. Tez-tez ürəyi gedirdi. Əfsanə əl-ayağa düşür, arvadın üzünə, sinəsinə su çiləyir, böyük çətinliklə huşa gətirirdi. Ayılandan sonra Səbihə donuq baxışlarla ətrafdakıları süzür, sanki nə baş verdiyini soruşmaq istəyirdi, lakin danışa bilmədiyindən yavaşca durub otağa keçir və mütəkkənin üstünə baş qoyub hissiz-taqətsiz uzanırdı. Özünü bacardıqca toxtaq aparmağa çalışan, dərdi ürəyinə salıb susan Elməddin bundan sonra tab gətirə bilməyib ağlayırdı: gözlərindən yaş gilələnən təki o da çəkilib iydə ağacının altına gedirdi ki, ağladığını Əfsanə görməsin. Əvvəllər, hadisə baş verməmişdən qabaq Əfsanəyə elə gəlirdi ki, Elməddii qardaşını sevmir və hətta ona nifrət də eləyir. Düşünürdü ki, Yusifin, allah eləməmiş, başına bir iş gəlsə, Elməddin, doğma qardaş olduğuna baxmayaraq, sevinər. Çünki Yusif onun sevgilisindən ayrılmağına bais olmuşdu, yoxsa onlar — Elməddinlə Əfsanə arzularına çatar, xoşbəxt olardılar.
Amma fikrində yanıldığını zaman keçdikcə anlayırdı. Çünki Elməddin qardaşının başına gələn qəzadan sonra tamam dəyişmişdi; qaradinməz olmuşdu. Qardaşını xilas etmək üçün bütün imkanını sərf etmiş, əlindən gələni əsirgəməmişdi. Yusif Elməddin üçün yaxşı qardaş olmuşdu, — o isə haqq-say itirən, qədirbilməz adam deyildi.
Çox cavan olan Əfsanə hələ həyatın dolaşıq və mürəkkəb məsələlərini, insanların hiss və düşüncələrini olduğu kimi anlamaqda, şərh etməkdə çətinlik çəkirdi. Hətta öz daxili aləmini, fikir və hissiyyatını layiqincə anlamaqda, onları saf-çürük etməkdə hələ aciz idi. Bu yaşda o, ağıldan daha çox, hissiyyatın təsiri altında idi. Əfsanə taleyin ona vurduru zərbənin ağırlığını da deyəsən tam aydınlığı ilə dərk eləyə bilmir, hərdən özündə dəhşətli bir laqeydlik görüb təəccüblənirdi. Yusif onun əri idi, üç aya qədər bir yastığa baş qoymuşdular. Ancaq Əfsanəni Yusifə bağlayan tellər möhkəm idimi?
Əfsanəyə elə gəlirdi ki, yox, möhkəm deyildi. Lakin Əfsanə ürəyinin dərinliyində bəzən Yusifə minnətdar olduğunu təsdiq eləyirdi. Əvvələn, ona görə ki, Yusif onu dayısının cəhənnəm kimi əzablı evindən çəkib çıxartmışdı — bunu o, özü üçün ən böyük səadət sayırdı. İkincisi, ona görə ki, Yusif Əfsanəyə heç vaxt geymədiyi ayaqqabı, heç vaxt vurmadığı ətir alıb gətirmişdi. Dünyada kimsədən nəvaziş görməyən bir qız üçün, bu, onun qanuni haqqı olsa da, böyük sevinc deyildimi? Əfsanə hələ Yusifə tamamilə bağlanmamışdı. Keçən az müddət ərzində bağlana da bilməzdi. Hələ sevgi doğulmamışdı. Düzdür, Yusif özündən on yaş kiçik olan arvadını gözəlliyinə, cavanlığına görə çox istəyirdi. Şəhərdə — dükanda oturduğu bikar dəqiqələrdə Yusif Əfsanənin ağ əndamını, qəlbə yatımlı gözəlliyini nəzərində canlandırır, fikrində onunla əylənir, cümə axşamlarını səbirsizliklə gözləyirdi. Ancaq Əfsanə... Əfsanə yox. Bəlkə bu ona görə idi ki, arada Elməddin vardı və Əfsanə onu sevirdi? Axı ilk məhəbbət ilk övlad kimi şirin və unudulmaz olur?!
Əfsanə ruhən, qəlbən Elməddinə daha çox yaxın idi; onu yadından çıxara bilmirdi, qəlbindən silib ata bilmirdi. Bəzən elə anlar olurdu ki, Əfsanə Yusifin əvəzinə Elməddini yanında görmək istəyirdi. Elməddinin dəftərindən tapıb oxuduğu şerlər Əfsanə üçün ana laylası kimi şirin, ata nəvazişi kimi fərəhbəxş idi. Əfsanə xoş xatirələr qucağında isinəndə qız vaxtı, çay qırağında paltar yumaqa, su gətirməyə gedəndə suların arasından çıxan Elməddinin dediyi bu sözləri indi də eşidirdi:
– Ay su pərisi... Ay su pərisi... səni mən alacağam, səni kimsəyə vermərəm...
«Amma verdin, — deyə Əfsanə acı-acı düşünürdü. — Qardaşına verdin. Səsini də çıxartmadın. Bilirəm, ayrı adam olsaydı, qabağına durardın, ancaq Yusifin qabağına keçə bilmədin!»
Onun taleyinin qaranlıq üfüqlərindən boylanan günəş, — az isidən günəş olsa da, — yenicə doğmuşdu. Çox çəkmədi, əsl səadətin nə demək olduğunu anlamağa imkan olmadan, o günəş yenə qara buludlar arasında qeyb oldu. Yenə qaranlıq, qeyri-müəyyənlik.
«Bəs mənim axırım nə olacaq? — indi bu sual onu çox duşündürürdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
Birinci hissə, altıncı fəsilƏbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:
Birinci hissə, yeddinci fəsil«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.
Poems by other poets
Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Nə dərd olursa, qələtdir, deyillər, çarəsi varNə dərd olursa, qələtdir, deyillər, çarəsi var,Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var.