Page 5 of 7 · 57%

Aslan alnının, üzünün tərini silib:

⎯ İstəyirəm. Dözərəm də, həqiqət nə qədər acı olsa da, bilmək, görmək istəyirəm, çünki inanmıram ki, o, mənim çəkdiyim əzablardan ⎯ o cəhənnəm əzablarından acı və dözülməz olsun. Mən o həqiqətləri bilmək, sonra da arxayın ölmək istəyirəm: onları bilməmiş ölə bilmərəm mən.

⎯ Bilirəm, sən dözümlü və möhkəm adamsan, Aslan. Sən həyat adamı olmusan, yaxşı yaşamısan, dünyada görmədiyin kef, əyləncə qalmayıb, nə istəmisən, onu da eləmisən. Ağlın necə buyurub, elə də yaşamısan, həmişə özünü üstün, qalib görmüsən, saymısan, buna bir növ adət eləmisən, bundan isə yerə-göyə sığmayan bir qürur duymusan. Bax, buna görə də yaşına nisbətən belə cavan qalmısan. Sən həyatın mənasını yalnız iki şeydə görmüsən: sərvətdə və qadında. Sən və sənin kimilər o sərvəti, dövləti partiya dediyiniz, yalnız adı kasıb-kusub, avam adamlar üçün müqəddəs olan, özü isə lotuların, əyyaşların, qəddarların, vicdansızların, işbazların əlində oyuncaq, şirma, vasitə, qalxan olan o təşkilatdan istifadə edib yığmısız. Bu tək sənə aid deyil ha. Bu, sənin böyür-başındakılara da aiddi, Aslan. Səndən yuxarılarda oturanların çoxu səndən də vicdansız, səndən də həris olublar. Onlar da öz sərvətlərini sənin kimi, yaman gün üçün, qara gün üçün, adamları, dövləti, partiyanı, əslində isə bu yazıq xalqı aldada-aldada yığıblar. Aranızda olan tək-tük təmiz adamları, əqidəliləri, pak məsləklərinin qulu-əsiri olanları və ancaq maaş cədvəlinə qol çəkməklə dolanan, sizə, yalnız sizə məxsus xüsusi mağazalardan aldıqları ucuz ərzağa və sairə baxıb sevinən gözəl əxlaqlı adamları mən bura qatmıram, Aslan. Siz, əlbəttə, onları axmaq, avam hesab eləyirdiz və xəlvətdə, öz aranızda elələrini ələ salıb gülürdüz və imkan düşən kimi, o cür adamları sıxışdırıb oradan ⎯ aparatdan çıxardırdız, çünki hər necə olsa onların yanında siz özünüzü bir az pis, naqolay hiss eləyirdiz. Yoxsa düz demirəm?

⎯ …

⎯ Görürsən, susursan. Çünki həqiqəti deyirəm. Nə isə. Sənin ikinci, necə deyərlər, xobbin qadın olub və sən bunu özün üçün şan-şöhrət işi bilmisən, Aslan. Çox kişilərin, ataların, oğlanların namusuna, deməli ki, ləyaqətinə öz murdar əllərini uzatmısan, xoşuna gələn, gözünü-könlünü oxşayan neçə-neçə təmiz qızı, gəlini mələk donuna girərək ya vəzifən, ya pulun, ya yalançı göz yaşların hesabına yoldan çıxardıb aldatmısan, ləkələmisən, kefini, ləzzətini çəkəndən sonra yaxanı da kənara çəkmisən, kimini gözüyaşlı, kimini peşiman və pərişan, kimini isə amansız taleyin ümidinə qoyub aradan çıxmısan. Mən görürəm, yolunun üstünə çıxan bütün o qadınları, qızları sən atıb getmisən, çünki özünü qadir, qüdrətli saymısan. Ancaq o qadınlardan tək bircəciyi ⎯ onların ⎯ tanımadığı, bilmədiyi o qızların, gəlinlərin intiqamını səndən elə ustalıqla alıb və elə indi də alır ki, sən ⎯ özünə bu qədər qürrələnən və güvənən sən heç nə eləyə bilmirsən və yanıb yaxılırsan. Az qala bütün şüurlu ömrünü yalanlarla qol-boyun yaşayan, aldada-aldada bu sərvətə və bu mərtəbəyə gəlib çıxan sənin indi aldadılmaq növbən gəlib çatıb, Aslan. Sən hiss eləyirsən ki, səni asta-asta aldadırlar, gözünün qabağında pərdə tutub başına ustalıqla papaq qoyurlar. Evdə də, çöldə də. Bu isə sənə çox ağır gəlir, səni iliklərinə qədər yandırır, kül eləyir, ancaq sən bunun qarşısını heç nəynən, heç cür ala bilmirsən. Bunu yadında yaxşı saxla, Aslan: dünyada heç bir əməl cavabsız qalmır; insan tutduğu hər yaxşı işin mükafatını, hər pis əməlin isə cəzasını gec-tez alır. Tanrı yuxarıdan hər şeyi görür, yazır, yadında saxlayır və bir gün səni haqq-hesab meydanına çəkir, daş-tərəzi qurur. Oğulsan, bax, onda döz, tabla, verilən suallara cavab tap. İndi sənin öz əməllərinin qabağına çıxan vaxtı gəlib çatıb: sən aldadıldığını hiss eləyirsən, başa düşürsən, amma görə bilmirsən, sübut eləyə bilmirsən və bu, səni, bir zamanlar özünü dünyanın iki ən qüdrətli kişisindən biri sayan səni acizin acizi eləyib, Aslan.

Bax, sən buna görə əzablar içindəsən, yaşaya bilmirsən, yata bilmirsən. Səni görənlər, səni tanıyanlar qocaldığını, düşdüyünü görürlər və çoxları elə sanır ki, sən o böyük kürsüdən ⎯ vəzifədən çıxarılıb bu əldən-ayaqdan uzaq balaca idarəyə atıldığından yana belə fikir eləyirsən. Düzdü, kim də bilməsə, sən özün yaxşı bilirsən ki, bunun da az əhəmiyyəti olmayıb sənin bu cür qocalmağında. Lakin bu, səni yaxşı tanımayanların düşüncəsidi. Səni üzən, əldən salan bu deyil. Belə getsə, bu namüəyyənlik sənin ürəyini partladacaq, Aslan. Gözlərindəki kədər də bax elə bunun kədəridi. Mən o kədəri bax ordan, uzaqdan ⎯ qadın çönüb əlini gəldiyi səmtə uzatdı ⎯ görüb oxudum və… və sənə yazığım gəldi…

⎯ Ona görə mənə yaxınlaşdın, eləmi?

⎯ Hə.

⎯ Axı niyə yazığın gəldi mənə? Bayaqdan dediklərindən belə çıxdı ki, mən dünyanın ən pis, ən alçaq adamıyam, bəs nə əcəb belə bir adama sənin yazığın gəldi?

⎯ Bilmirəm. Mən bunu özbaşıma eləmədim. O hissi ⎯ sənə rəhm eləmək hissini mənim ürəyimə dolduran kişi var, Aslan.

⎯ Kişi?

⎯ Hə.

⎯ Kimdi o kişi, qız?

⎯ Onu soruşma, Aslan. Belə şeyləri soruşmazlar. O, sənin üçün sirr olduğu kimi, mənim üçün də sirdi və görünür, həmişə sirr olaraq da qalacaq. Mən heç yerə özbaşına getmirəm, heç nəyi özümdən uydurub demirəm. Sadəcə sözü deməmişdən bir anmı, anın onda biri qədərmi vaxt keçməzdən əvvəl mənə əyan olan şeyləri dilimə gətirirəm və deyirəm. Vəssalam.

⎯ Onda sən ekstrasenssən, qız, heç özün də bilmirsən.

⎯ Yaxşısı budu, bu barədə heç danışmayaq. Sadəcə, yadında saxla: biz bu gün, bax elə burada, bax elə bu vaxt görüşməliymişik və mən sənə bu sözləri deməliymişəm.

⎯ Belə çıxır ki, səni mənim yanıma… allah özü göndərib hə?

⎯ Dedim ki, heç nə soruşma. Bu görüş səndən, məndən asılı deyildi. Heç ağlına gətirirdinmi ki, mənim kimi bir adamla görüşə bilərsən?

⎯ Yox.

⎯ Mən də yox. Deməli, bu bizim iradəmizdən asılı olmayaraq baş tutmuş bir görüşdü. Bax, sən bayaq, mən sənə o sərt sözləri deyəndə, bərk əsəbiləşmişdin, məni döymək, əzişdirmək keçirdi ürəyindən, qaçmaq, uzaqlaşmaq istəyirdin, ancaq bacarmadın!

⎯ Nə bilim. Bacarmadım.

⎯ Yox, qoymadılar, Aslan. Dayan, danışma, indicə demək istəyirsən ki, kim qoymadı. Soruşma.

⎯ Baş üstə, xanım. Demək, mən nə qədər pis, müzürr adam olsam da, allahın mənə yazığı gəlib ki, səni yolumun üstünə çıxardıb.

⎯ Bəlkə də. Allah adildi, mehribandı, bağışlayandı, Aslan. Görünür, hələ sən tamam məhv olmamısan və tanrı səndən ümidini tamam kəsməyib, yəqin istəyir haqq yoluna qayıdasan, günahlarını yuyasan. Mən ki, səni əvvəllər tanımırdım, təzəcə tanış olmuşuq və mən baxıb görürəm ki, sənin qəlbini şeytanlar hələ başdan-ayağa qədər işğal eləyə bilməyiblər: əgər özün istəsən, xilas ola bilərsən.

⎯ İstəyirəm, çox istəyirəm. Çünki daha belə yaşamaq olmaz, inan ki, daha dözə bilmirəm.

⎯ Başa düşürəm, Aslan. Sən ürək adamısan, yəni sənin allahın, əstəğfürullah, ürəyindi. Ağlından çox ürəyinin hökmü ilə oturub-durmusan, onu incitməmisən, arzuladığını vermisən və ömrünü ürəklə yaşamısan. Doğrusunu bilmək istəsən, mən özüm də ürəklə yaşayan adamları xoşlayıram. Bəli, sən ürəklə yaşamısan və indi sənin o ərköyün ürəyini incidirlər, əzab verirlər. Sən qaranlıqlar, zülmətlər içindəsən, müəmmalar məngənəsində tora düşmüş qızıl balıq kimi çırpınırsan, çabalayırsan. Bilirsənmi ki, balıqların şahı sayılan qızıl balığı hələ bir balıqçı diri tuta bilməyib? Çünki qızıl balıq tora düşən kimi özünü ora-bura çox vurur, tordan xilas olmağa can atır, nicat yolu tapa bilməyəndə isə hikkəsindən, qəzəbindən bağrı çatlayır. Hə, sən indi o qızıl balığa oxşayırsan ki, tora düşmüsən, çırpınırsan, əgər xilas olmasan, xilas olunmasan, məhv olacaqsan. Sən çox şeylərin düyününü açmaq, aydınlaşdırmaq istəyirsən, sübut eləmək istəyirsən, lakin bacarmırsan, bacara da bilməzsən, çünki indi elə sən də daxil olmaqla insanlar çox mürəkkəb, məkrli, ikiüzlü yox, min üzlü olublar ki, açılmaz, dolaşıq, milyon düyünlü bir müəmmaya dönüblər, çünki zəmanə özü anlaşılmaz olub, insanlar ondan da anlaşılmazdı, Aslan…

Aslan ixtiyarı əlindən getmiş, sehrlənmiş bir adam kimi, susub qulaq asırdı: qadın onun ürəyini, içini, həyatını ovcunun ortasındaymış kimi yavaş-yavaş, hələlik ordan-burdan oxuyurdu və ömrünün, düşüncələrinin elə pünhan, bəziləri ancaq özünə məlum, bəziləri isə özündən də gizlin olan nöqtələrinə toxunurdu, gözəgörünməz dünyasının elə məhrəm sirlərindən danışırdı ki, hərəsi ayrı-ayrılıqda bir kitaba sığmazdı. Bu qadınla elə-belə, indiki təki gözü orda-burda ola-ola, ayaqüstü, küçədə yox, evdə, bağda, sakit, arın-arxayın bir şəraitdə üzbəsurət oturmaq, söhbət eləmək, müəmmalı, sehrli bir dastana bənzəyən bu qadını saatlarla, günlərlə danışdırmaq, dinləmək, həqiqətən peyğəmbərcəsinə söylədiyi və neçə müddətdən bəri rahatlığını əlindən alıb dəliyə döndərmiş o pırtlaşıq düyünləri asta-asta, bir-bir açmaq, onlara cavab tapmaq necə də gözəl olardı, aman allah. Cavanlıq illərində güclü ateist olmuş, allahı, peyğəmbəri tanımamış, dini, məzhəbi, təriqətləri puç və əfsanə hesab eləmiş Aslan, indi, yaşının altmışı haqladığı vaxt, bəlkə də ölümünün yaxınlaşdığını, ömrünün qürubunun çox da uzaqda olmadığını duyduğundan, kim bilir, bəlkə də son zamanlar düşdüyü bu burulğandan xilas ola bilməyəcəyinə inandığından o gözəgörünməz varlığa tapınmağa, iman gətirməyə başlamışdı. Qəlbini çulğamış bu təşviş və nigarançılıq o qədər güclü idi ki, hətta arada-bərədə gəzən, çoxu yalançı, fırıldaqçı olan, hamıya az qala eyni sözlər deyən falçılara, qaraçılara, karta baxanlara, ruhlarla danışanlara, iynə, nəlbəki fallarına və sairə inanmaq istəyirdi, onların göstərdiyi «möcüzələr» barədə eşitdiyi söhbətlərə maraqla qulaq asırdı, yanlarına da getmək arzusuna düşürdü. Lakin vəzifəsi, yaşı buna imkan vermirdi, «ayıbdı, görən, tanıyan olar, nə deyərlər?» ⎯ sualı, qarşısına hündür bir çəpər çəkirdi. İndi budur, elə bir fürsət, daha doğrusu, elə bir adam özü öz ayağı ilə gəlib çıxıb, əgər bu qarşısında dayanan qadının sözlərinə inanmaq (Aslan, qorxu içində ona fikir verdisə də, ancaq düşüncəsinin axarını saxlaya bilmədi) olardısa, allah özü belə bir insan göndərib onun yanına, onu əldən buraxmaq ən azı ağılsızlıq olardı və Aslan da elə ağılsızlardan deyildi. Bu təlatümə düşəndən, onun ilk ağrılarını-əzablarını dadından və bunların dəhşətli dərəcədə dözülməz olduğunu dərk eləyəndən az sonra qəti və möhkəm qərara gəlmişdi ki, içərisini gəmirən, ürəyini şübhələr içində çürüdən, yediyini-içdiyini harama döndərən, yuxularına zəhər qatan o amansız suallara cavab ala bilsəydi, o müəmmaları həll eləsəydi, günahkarları cəzasına çatdırıb onlarla birdəfəlik üzülüşə bilsəydi, bundan sonra qalan ömrünü heç kəsə inanmadan, kimsəyə uymadan, könül vermədən, qurulan torlara düşmədən rahatca yaşayacaq. Yoxsa tez öləcək, yoxsa ürəyi tez partlayacaqdı. İndi, bu dumanlı başıyla nəyi də yəqin bilməsə, bunu dəqiq bilirdi Aslan. Yox, bu ilahi qisməti əldən buraxmaq olmaz, qətiyyən olmaz, nəyin bahasına olursa-olsun, bu qadının yerini-yurdunu öyrənmək, nə istəsə vermək lazımdı ki, desin, danışsın, Aslanın rahatlığını, şirin yuxularını özünə qaytarsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 min
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 min
Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 min
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 min

Poems by other poets