Page 6 of 7 · 71%

Bir neçə saniyə ərzində səssiz-səmirsiz, ürəyindən keçirtdiklərinə sanki qulaq asırmış: nazik qaşlarını azca yuxarı qaldırıb hüzn dolu bir səslə:

⎯ Mənim yerim-yurdum yoxdu, Aslan. Sənin də heç nəyin mənə lazım deyil. İndicə də fikirləşəcəksən ki, mən səndən sığınacaq-filan almaq üçün sənə yaxınlaşmışam. Allah xatirinə, belə murdar şeyləri ürəyinə gətirmə, ⎯ söylədi.

Aslanın bayaqdan bəri kim bilir neçənci dəfə durduğu yerdə ayaqları titrədi:

⎯ Ay allah, bundan heç nə gizləmək mümkün deyil, ⎯ dedi və yersiz-yurdsuz olduğundan, onu ya evə, ya bağa apara bilmək ehtimalının gücləndiyindən azcana qırışığı açıldı və zarafat eləmək istədi: ⎯ Vay sənin ərinin halına.

Qadın diqqətlə Aslanın gözlərinin içinə baxıb:

⎯ Mənim ərim yoxdur, ⎯ dedi və yüngülcə köks ötürdü.

⎯ Sənin kimi arvadnan yaşamaq olar? Yəqin yazıq baş götürüb qaçıb də, ⎯ deyə Aslan köks ötürməklə hər şeyi demiş qadını başa düşməyərək yenə zarafatından qalmadı. Və əgər Aslan, qadının arzuladığı qədər həssas olsaydı, bundan necə də kədərləndiyini duya bilərdi. Təəssüf ki, o, bu cür zərifliklərdən uzaq, çox uzaq idi.

⎯ Yox, səhv eləyirsən. Mən heç ərə getməmişəm.

⎯ Hə? Nə əcəb? Qəşəngsən, ağıllısan… Oğlanların gözü niyə tutulub, sənin kimi bir qızı görməyiblər, almayıblar?

⎯ O yağlı sözləri saxla özün üçün, bəy. O, sənin köhnə silahındı ⎯ tərifləmək, göylərə qaldırmaq, inandırmaq, sonra da yerə çırpmaq…

⎯ Yox, vallah, sən mənə qəşəng görünürsən… Bə niyə indiyəcən ərə getməmisən?

⎯ Sevdiyim vardı, ancaq qismət olmadı… ⎯ dedi qadın və gözlərinə axıb dolan qüssəni gizləmək üçün başını qaldırıb ağacın saralmış yarpaqlarına baxdıqda Aslan söylədi:

⎯ Demək, yer üzündə bir səadət kəm olub.

Qadının zərif dodaqlarına incə bir rişxənd ifadəsi qondu:

⎯ Yoxsa sən də bizim bəzi qızlarımız, oğlanlarımız kimi, hələ də fikirləşirsən ki, evlənmək yaxud ərə getmək səadətdi?

Aslan saatına baxdı: qorxurdu ki, indi qadın öz nakam məhəbbəti, səadətin nə olması və sair barədə öz düşüncələrini, mülahizələrini danışmağa başlayacaq. Mehman da bu yandan gəlib çıxacaq və söhbətləri yarımçıq qalacaq.

⎯ Yox, Aslan. Doğrudanmı, sən elə bilirsən mən küçənin ortasında dayanıb öz bədbəxt taleyimin dastanını sənə danışacağam? Yox. Mən dərdini ovcunda gəzdirən qadınlardan deyiləm. Bir də danışsam da, sən məni başa düşən adam deyilsən ⎯ sən başqalarının dərdini-sərini anlamaq, şərik olmaq hissindən məhrum tərbiyə olunubsan: sən ancaq öz başın kəsiləndə haray-həşir qopararsan, gözünün qabağında bir nəfərin yox, bir millətin başını kəssələr də, vecinə almazsan. Acığına gəlməsin, boynuna alıb etiraf etməsən də, sən beləsən.

⎯ …

⎯ Susursan. Susmaq isə razılıq əlamətidi deyirlər.

Aslan yenə qolunu irəli uzadıb saata baxdı, söhbəti dəyişmək üçün və həm də bayaqdan bəri neçə dəfə ağlına gələn, lakin dalbadal sarsıdıcı şeylər eşitdiyindən unutduğu sözü axır ki, soruşdu:

⎯ Bayaqdan danışırıq, xanım. Sən mənim adımı, atamın adını, hətta ən gizli sirrlərimi də bilirsən. Ancaq məndə səndə olan o gözəl qabiliyyət yoxdu ki, sən deməmiş mən sənin adını cibindən, ya üzündən oxuyum. Əgər sirr deyilsə, sənin adın nədi?

Qadın qımışdı:

⎯ Yaxşı ki, yadına düşdü gec də olsa. Mənim adım… Leyladı, Aslan.

⎯ Leyla?

⎯ Hə. Niyə belə təəccüb eləyirsən? Yəqin ona görə ki, sənin də arvadının adı Leyladı, hə? Amma sənin Leylanla mənim çox şeylərdən əlavə, bir mühüm fərqim də var, Aslan.

⎯ Nədi o?

⎯ Fərq budu ki, o ⎯ sənin arvadın dönmə Leyladı, mən isə əsl Leylayam. Sən onunla Krasnodarda evlənəndə, o, Siranuş idi, Bakıya köçmək istəyəndə uzaqgörənlik eləyib adını dəyişdirib Leyla qoydun. Nə üçün o yan, bu yana baxırsan? Qorxursan ki, eşidən, bilən olar? Qorxma, ətrafda heç kəs yoxdu. Sən fəxr eləyə bilərsən ki, indi öz erməni arvadlarının adını dəyişib müsəlman adları qoyan və bununla da millətinə «xidmət» edən nakişi «kişilərimiz»in öncülü, qabağa düşəni sən olmusan. Qorxma. Mən bunu heç kəsə deməyəcəyəm. Ancaq gec-tez bu, bilinəcək, Aslan. Çünki sən onun adını dəyişmisən, xislətini, qanını, erməniliyini ki, dəyişməmisən. Nə isə, sənin dünyada çox günahların var, onların ən böyüyü budu, Aslan.

Aslan, Leylanın hərəsini bir batman balla yemək mümkün olmayan sözlərini, özü də həqiqət olan sözlərini səbrlə, diqqətlə dinləyib həzm eləmək üçün ağlına gələn yeganə çıxış yolunu dilinə gətirdi:

⎯ Deyirsən onsuz da sənin yerin-yurdun yoxdu, Leyla xanım. Sən gəl məni düzgün başa düş, xahiş edirəm. İndi şoferim gələcək, o, bizi bir yerdə görməsin deyə sən bir az kənara çəkil. Qoy onu yola salım getsin. Biz isə ayrı bir maşına minək, gedək bağa. Şükür allaha, hər cür şəraitimiz var. Qabaqda iki gün də istirahətimiz var. Oturaq rahat, sən danış, mən də qulaq asım, hə, Leyla xanım?

⎯ Mərdəkana gedək deyirsən?

⎯ Sən mənim bağımın yerini də bilirsən. Görürsən, sən mənim həyatımın hər cəhətini, hər problemini məndən yaxşı bilirsən, mən isə səndən heç nə bilmirəm. İstəyirəm mən də səninlə ətraflı tanış olam. Səninlə söhbət eləmək çox maraqlıdı, Leyla xanım. Etiraf edirəm ki, bu yaşa çatmışam, hələ sənin kimi möcüzəli bir şəxslə oturub durmamışam, Leyla xanım. Hə, Leyla xanım, gedək?

⎯ …

⎯ Susmağını razılıq əlaməti kimi başa düşüm, Leyla xanım? Axı bayaq sən özün dedin ki, susmaq razılıq əlamətidi.

⎯ …

⎯ Çox xahiş edirəm, Leyla xanım. Lap yalvarıram.

⎯ Yaxşı, ⎯ dedi və bu sözü eşidəndə Aslanın çox sevindiyini hiss eləyib gülümsündü. Doğrudan da yaxşı olacaqdı. Əldən-ayaqdan uzaq bağ, gəlib-gedən yox, sual çox. İki gün də o vicdansız arvadının üzünü görməyəcəkdi. Lakin onun adını xatırlayan kimi, fikri yenə dumanlandı: «Axı Leyla bayaq dedi ki, indi Mehman hardasa, kiminsə kabinetində oturub mənim arvadımla telefonla danışır. Mən bağa getsəm, onda… ara xəlvət, tülkü bəy… görüşəcəklər… Yox». Aslan nəsə demək istəyirdi ki, Leyla astadan dilləndi:

⎯ Nigaran qalma, Aslan. Onlar istəsələr də görüşə bilməyəcəklər.

⎯ Niyə, Leyla xanım? ⎯ Aslan bu söhbətin başqa birisi haqqında deyil, məhz öz arvadı barədə getdiyini dərk eləyib xəcalət içində gözlərini Leylanın nüfuzlu baxışlarından qaçırdaraq yerə baxanda Leyla yazığı gəlirmiş kimi, səsinə yumşaq bir ahəng verib dedi:

⎯ Görürəm, xəcalət çəkirsən, Aslan. Ağır dərddi. Ancaq bu mərhələ ⎯ sənin üçün nə qədər ağır da olsa, deməliyəm ⎯ çoxdan keçib və sən çoxdan xəcil olmusan. Bir də sən özün… o qədər kişilərin, lap sənin özündən də qat-qat yaxşı, üstün kişilərin arvadları ilə bağda, dağda, xəlvəti, oğurluq görüşmüsən ki… Onda heç ağlına da gətirmirdin ki, belə bir iş bu gidi dünyada sənin özünün də başına gələ bilər: onda məst olurdun, eyş-işrət aləmində xumarlanırdın, özünü dünyanın ən bəxtəvər adamı, ən qüdrətli kişisi sayırdın və heç ağlına da gətirmirdin ki, onlar səndən əskik kişi deyil, onların da namusu, heysiyyəti, şəxsiyyəti, qeyrəti var, Aslan. Onda belə şeylər haqqında düşünməyə sənin sadəcə vaxtın olmurdu… Amma indi…

⎯ Yaxşı, ay Leyla xanım, sən allah, məni az danla daha… Hələ ömrümdə məni bir kəsin cürəti olmayıb ki, belə sözlərlə sıxıb divara söykəsin. Yaxşı, indi giley-güzar vaxtı deyil, de görüm niyə onlar bu günlərdə görüşə bilməyəcəklər, Leyla xanım?

Leyla gözlərini yumub (Aslan yalnız indi başa düşdü ki, Leyla nə isə bir suala cavab verəndə beləcə gözlərini bircə anlığa yumur) ani düşüncədən sonra söylədi:

⎯ Mehman indi burdan evə gedəndə görəcək ki, qaynanası ölüb. Başı yasa qarışacaq, nəinki sənin Siranuşun, hətta öz adı belə yadından çıxacaq.

⎯ Hə?

⎯ Bəli. Ona görə sən qarşıdakı iki günü rahat öz dərdlərinlə məşğul ola bilərsən…

Aslan bu gözlənilməz xəbəri eşidəndə özündə qəribə bir sevinc duydu və bayaqdan bəri ilk dəfə əməlli-başlı gülümsündü. Bunu Leyla da tutdu, lakin ona heç nə söyləmədən ürəyindən keçirtdi: «Budu sənin siman. Gör nəyə sevinirsən. İnsan öləcək, sən isə buna sevinirsən. Nədi, nədi, Mehmanın başı qarışacaq və sənin arvadınla görüşə bilməyəcək».

⎯ Hm. Belə de. ⎯ Aslan siqaret yandırdı. ⎯ Bu, daha yaxşı. Leyla xanım, sən bax, o hündür binanın ⎯ kitabxananın qənşərində, küçənin o biri tərəfində dayan. Mən elə burdan, bu avtomatdan evə zəng eləyim, deyim ki, məni Qarabağa ⎯ cəbhəyə göndərirlər. Gözlə ha, Leyla xanım. Çox xahiş eləyirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 min
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 min
Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 min
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 min

Poems by other poets