Page 1 of 2

Sən demə, dünya möcüzələr dünyasıymış. Bəzən gözlərində həyat eşqi coşub-daşan, ürəyində şirin arzular pıçıldaşan, istəkləri yerə-göyə sığmayan, cahanın əzab-əziyyətindən bezməyən, oğul-qız toyu görməyən, ata-ana borcu verməyən bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə belə fürsət tapmadan, bir göz qırpımında bu doyulmaz, bu şirindən şirin aləmdən gedir, hamını pərişan edir – Ceyhun kimi. Bəzən isə əksinə, ölümün ağ libasını geymiş, üzünə zəfəran rəngi dəymiş, gözləri axan, yaşadığı dünyaya, insanlara, göylərə, yaşıl yarpaqlara, övladlarına, evinə-eşiyinə sonsuz bir həsrətlə baxan, sağ qalacağından hamının əlini yuduğu, min ilin ölüsüylə yan-yanaşı qoyduğu bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə hazırlaşdığı anda, zəif və taqətsiz vücudunun bütün gücünü, qüvvətini, ürəyinin bütün gizli-aşkar məhəbbətini, qüdrətini yarı ölmüş, yarı diri əzələlərində cəmləşdirib soyuq ölüm yatağından, ağappaq cərrahiyyə stolunun üstündə ağappaq həkim bıçağının altından, lap tabutun içindən qalxaraq: «Mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən bütün əzab-əziyyətlərə dözə-dözə bu gözəl dünyaya baxmaq istəyirəm, həyat bu dünyadadı, o günəşdədi, bu torpaqdadı, bu gül-çiçəkdədi, bu ağrı-acıdadı, bu insanların arasında olmaqdadı.» – söyləyir, hamını sevincə qərq eləyir – Xəzangül kimi.

… Hər ikisi, bu ağla-idraka sığmaz möcüzədən özünü itirərək, gözləri yaşara-yaşara, əl-ayağını heç cürə yığıb-yığışdırmaq mümkün olmayan bir çaşqınlıq içində qışqırırdı: sarsıldığından, həyəcanından qəşəng üzü, azca əvvəl əyninə geydiyi o ağ don kimi ağarmış, yanaqları aşağı ağ mirvarilər süzülən Sahilə başqa söz bilmirmiş kimi, təkrar-təkrar: «Səsinə qurban olum, ana, sən danışırsan?» – deyir, bayaq Xəzangülün çırpına-çırpına söylədiyi o bir kəlmə sözü eşidəndən qulaqları gur-gur guruldayan, çəkisizlik şəraitinə düşmüş adam kimi torpaqdan ayrılıb havada süzən Əsəd isə yalnız «Xəzangül, Xəzangül» – söyləyə bilirdi. İkisi də özünü itirmişdi. Qız gah kolyaskanın ağ dəstəyindən tutub silkələyir, gah qapıya sarı qaçır, gah geri qayıdır, anasının qabağında diz çöküb alacalanmış gözlərilə ona baxır, sonra yenə təzədən qalxıb başı kəsilmiş toyuq kimi qırmızı rəngi tapdaq altında bozarmış döşəmənin üstündə çırpınırdı. Əsəd Sahilənin bu halını görüb indicə ona nə isə olacağını düşünərək əl atıb qolundan yapışdı və uca səslə:

– Ay qız, bir toxta, nə civə kimi o yan-bu yana çovuyursan? Sənə nə olub? – deyəndə qız, çevrilib qollarını geniş açaraq Əsədin boynuna sarıldı, cod tüklü üzündən öpərək yenə qışqıra-qışqıra:

– Sənə qurban olum, Əsəd müəllim, anam danışır ey. Yox, sən eşitdin? Anamın səsini-sözünü sən eşitdin öz qulaqlarınla, Əsəd müəllim? Ya mənim qulağım səsə düşdü, Əsəd müəllim? – söylədi və daha hisslərini cilovlaya bilməyib hönkür-hönkür ağladı. Əsəd titrəyən, iri, tüklü əllərini Sahilənin atılıb-düşən zərif çiyinlərinə qoyub:

– Sahilə, özünü ələ al, qızım. Sən uşaq deyilsən ki. Hə, hə, danışdı, danışdı Xəzangül. Vallah, özüm eşitdim, danışdı, qızım – deyərək onu kənara çəkdi, köhnə, yayları cır-cır cırıldayan divanda oturtduqdan sonra geri dönüb uca qamətini Xəzangülün başı üstə əyib ona diqqətlə, lap həkimlər sayağı baxmağa başladı.

Xəzangül uzun kiprikli gözlərini yummuşdu, yanaqları aşağı yaş süzülürdü, sifəti qar təki ağ idi. Nəfəsinin hənirtisi, istisi Əsədin üzündə gəzirdi. O, sağ əlini ehmalca xırda tər damcıları ilə örtülmüş alnına qoydu – alnı isti idi. O nəfəs, o hərarət bir az əvvəl qəlbinə axıb dolmuş o müdhiş qorxunu pərən-pərən saldı: azca qabaq, Sahiləni gətirib divanda oturdan dəmdə hardansa ağlına gəlmişdi ki, Xəzangülün bu çırpıntısı, o bir kəlmə sözü – onun vücudundakı son həyat əlamətləri idi ki, yanıb qurtardı. Əsəd bilirdi, eşitmişdi ki, varlıqla heçlik arasında hamıya görünən, eyni zamanda heç kəsin görə bilmədiyi bir körpü olan ölüm gələndə insanın sifətinə hardansa bir parça nur düşür, onu gözəlləşdirir, bircə anlığa huşu-şüuru özünə qayıdır, sehirli bir film kimi bütün həyatı gözünün qabağından gəlib keçir, çırpınır, ən mühüm, bəzən ən gizli sirrini-sözünü dilinə gətirmək istəyir: ya deyə bilir – qəribədi, bu, ölən üçün də, qalanlar üçün də bir yüngüllük gətirir; ya da o söz-sirr dodaqları arasında, bəzən isə lap içində, ürəyində qanadları sınmış quş kimi qalxıb havalanmaq arzusu ilə yanarkən tappıltı ilə torpağa düşür və yalnız bu zaman o, son anın yaxınlaşdığını – ölümün gəldiyini dumanlı-tutqun şəkildə hiss edib ağrıdan, əzabdan yox, ancaq qorxudan, məhz qorxudan ölür, ölümün qorxusundan ölür. Əsədə bayaq o qarmaqarışıq hisslər, çaşqınlıqlar içində belə gəlmişdi ki, bəli, bəli, bu, həmin dəhşətli andı, son sözdü, Xəzangülün illərlə beynində, şüurunda, ürəyində yatıb qalmış, indiyə qədər bəlkə milyon dəfə qəlbindən keçirdiyi son vida nidasıdı: təbiət imkan verdi ki, o, bu sözü indi, Əsədin hüzurunda deyə bilsin, yüngülləşsin, rahat getsin: o bir kəlməni deməmiş Xəzangül ölə bilməzdi.

Əsəd bu məşum hissin təsiri altında süstəlmişdi, ona elə gəlirdi ki, bax, indicə dizləri büküləcək və o, Xəzangülün qarşısında yerə çökəcək. Bədəninə soyuq tər gəlmişdi, daha heç nə düşünə bilmirdi. O qorxulu anın bu dəqiqə baş verəcəyini, Xəzangülün nəfəsinin şam kimi sönəcəyini əzablı bir vəhşət içində gözləyirdi və bu vahimədən dönüb Sahiləyə də baxa bilmirdi: qız, onun gözlərinə yazılmış qorxunu oxuya bilərdi, sarsılardı – bunu isə Əsəd istəmirdi. Bu gərgin məqamla Əsədin – əli hər yerdən üzülmüş Əsədin yeganə istəyi bu idi ki, nə olaydı, Xəzangül gözlərini açaydı, heç olmasa son dəfə o gözlərə baxa biləydi Əsəd. Bunun üçün onu çağırmaq, «Xəzangül» demək lazım idi, Əsədin isə sanki səsi batmışdı. Əli xəstənin alnında donub qalmışdı, elə bil yapışdırmışdılar. İstəyirdi onun başını astaca silkələsin, ancaq ona da taqəti yox idi Əsədin.

Otağa anlaşılmaz, vahiməli bir sakitlik çökmüşdü. Sahilə sanki indi nə isə qeyri-adi bir şey olacağını duyub səsini - hıçqırığını içinə salıb udmuşdu. Bilirdi ki, anası bu vaxt yatan deyildi. Hələ heç saat səkkiz olmamışdı, şamını eləməmişdi. Bu vaxtsız-vədəsiz gəlmiş yuxu yaxşı bir şey vəd eləyən yuxuya oxşamırdı. Doğrudan da Xəzangül yatmışdı. Əslində, bu, yuxu da deyildi, nə isə yuxu ilə ölüm arasında olan bir halsızlıq, huşsuzluq idi bəlkə. O bircə kəlmə sözü illər boyu kəlmə kəsmək səadətinə həsrət qalan dilinə – dodağına gətirəndən sonra, nə zamandan əsəbi bir gərginlik içində, nigaran-nigaran, yalnız öz qəlbi ilə danışmaq imkanına malik olduğunu dərk edərək yanıb yaxıla-yaxıla yaşayan Xəzangül sanki dünyada ən böyük arzusuna çatmışdı, ən ağır yükü – illərlə çiynini basıb sındıran, ürəyini parçalayıb qana döndərən yükünü indicə yerə qoymuşdu – elə rahatlanmışdı, elə xoşbəxt olmuşdu ki, bu səadət onu bihuş eləmişdi. Bu səadət sentyabrda, dəniz qırağında, kalyaskasında birdən gözünü açıb qarşısında iyirmi il görmədiyi, səsini-sorağını eşitmədiyi, amma elə hey xəyalında, qəlbində dolandırdığı Əsədi görərkən hiss elədiyi sevincdən, bəxtəvərlikdən böyük idi, şirin idi. Çünki onda Əsədi sadəcə görmüşdü, ağarmış saçlarına baxmışdı, xəcalət çəkmişdi, peşimanlığın odunda-alovunda yanıb qovrulmuşdu, ancaq təxminən on beş il səhv elədiyini anlayanda, əri Möhsünün alçaqlığını, xəbisliyini görəndən bəri Əsədin xatirəsi, xəyalı qarşısında hər gün bir neçə dəfə dediyi sözü o qəribə görüş zamanı dilinə gətirə bilməmişdi və bu, onu yaman yandırıb yaxmışdı. Amma indi taleyi üzünə gülmüşdü, öz dililə, öz qulağı eşidə-eşidə Əsədə, «Bağışla!» – demişdi və bunu, yəqin ki, Əsəd eşitmişdi. Bağışlayar, bağışlamaz – özü bilər. Əsl məsələ bu idi ki, Xəzangül bu sözü deyə bilmişdi, indi lap ölmək də olardı. Bax bu idi Xəzangülü yatırdan, məst, bihuş eləyən.

Beyqafil danışmağından özü də qorxmuşdu. Dodaqlarının tərpəndiyini hiss eləsə də, dediyini qulaqları ilə eşitsə də, qəribə idi ki, hələ də inanmaq istəmirdi, inana bilmirdi. Təzədən danışmaq, nə isə başqa bir söz deməklə bunu yoxlamaq da olardı – ancaq o, bundan çox ehtiyat eləyirdi: birdən yenə danışa bilmədi, yaxud dediyini eşidə bilmədi? Bəs onda necə? Özünün də, qızının da, Əsədin də o böyük sevincinin, əvəzsiz fərəhinin üstünə su çilənməzdimi? Hər şey təzədən əvvəlki halına qayıtsaydı, aylarla, illərlə davam eləyən o müsibətlər təkrar olunmazdımı?

Gözləri yumulu idi, ancaq elə bil göz qapaqları yox idi. Qəribə idi ki, qızını da, Əsədi də, evdəki əşyaları da ap-aydın görürdü. Tərs kimi Əsəd də, Sahilə də susurdu. Heç olmasa danışsaydılar, səslərini eşitsəydi, Xəzangül lap yəqin bilərdi ki, qulaqları açılıb. Bayaq Əsəd Sahiləyə nəsə söyləmişdi, o qırıqsökük cümlələri xatırlayırdı, lakin özünün söz dediyinə inana bilmədiyi kimi, eşitdiyinə də şübhə eləyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 min
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 min
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 min
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 min

Poems by other poets