Üçüncü hissə, yeddinci fəsil
Page 2 of 2 · 50%
Gül, sən allah, gül, Gülü!
«Getmişdi ömrümün gözəl anları,
Gülüşün qaytardı mənə onları».
Professorun ürəyi:
«Aşiq olanda görürsən adam şer də yazır?! Amma kişi kimi, mən heç yazmadım».
Orxanın gündəliyi:
«İyirmi gün heç nə yazmadım, yaza bilmədim. Çünki ruhi müvazinətimi elə bil, itirmişəm. O ötən günlərdən yadigar qala biləcək heç nəyim yoxdur. Vay o adamın halına ki, yaşaya, ömrünün günlərini mənim kimi hədər verə. Vay o adamın halına, vay, vay!!!»
Orxanın gündəliyi:
«Axşam Azərbaycan Dövlət Dram Teatrında «Hind gözəli» tamaşasına baxdım. Əsərin məziyyətləri üzərində dayanmağı lazım bilmirəm, çünki bu əsər özü haqqında hər cür təhlildən daha yaxşı danışır. Təkcə əsərin quruluşu haqqında bunu deyəcəyəm ki, quruluş əladır. Yağış səhnəsi o qədər canlı və təbii idi ki, mən tamaşada oturduğumu unudub qeyri-iradi olaraq fikirləşdim: bu yağışda evə necə gedəcəyəm? Sənət məhz bu nöqtədə əsl sənətdir».
Professorun ürəyi:
«Mən də baxmışam, yaxşı quruluş verib rejissor.
Sən düz deyirsən, Orxan. Ümumiyyətlə, sən həkim xəstəni duyan kimi, əsəri dərindən başa düşə bilirdin. Bu qabiliyyət səndə vardı. Mən, özün bilirsən ki, həqiqəti deyən adamam».
Orxanın gündəliyi:
«Bu gün ikinci kitabım satışa çıxıb. Beş illik yuxusuz gecələrimin, gərgin əməyimin hesabına başa gələn kitab... Qoy bu, ömrü boyu əzab çəkmiş, həqiqəti deyən dodaqları tikilmiş, damarlarına hava yeridilərək vəhşicəsinə öldürülmüş qəhrəman və cəfakeş şairin xatirəsinə məndən kiçik bir yadigar olsun».
Professorun ürəyi:
«Olsun də, Orxan. Nə deyirik ki!»
Orxanın gündəliyi:
«Professor, deyəsən, məndən inciyib. Kişinin tənqiddən xoşu gəlmir də. Mən isə o nöqtəni deməliydim. Ayrı cür ola bilməzdi. O boyda adamın bu boyda xırda ürəkli olduğunu ağlıma belə gətirə bilməzdim».
Professorun ürəyi:
«Yenə yaralarıma toxunur bu gədə!»
Orxanın gündəliyi:
«Bu gün qədim gürcü torpağına qədəm basdım. Mehmanxanada yerimi rahatlayandan sonra şəhərə çıxdım. Şəhər gözəl idi.
Bizim Bakını xatırladırdı. Təptəzə geyinmiş, gözəl, məğrur gürcülər öz ana dillərində danışa-danışa yanımdan keçib gedəndə gürcü dilini bilmədiyimə təəssüf elədim. Darıxıb Kür üstünə gəldim. Kürü görən kimi ürəyim toxtadı. Elə bildim ki, öz ana diyarımdan çıxmamışam. Kür yanımdadı. Kür məmimlə gəlib. Mərhum şairimizin məşhur şeri də yadıma düşdü:
«Kiçik bir damladır yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür
Mən qulaq asdıqca Kürün səsinə?»
Professorun ürəyi:
«Bəli, bu da sənin Tiflis səfərin...»
Salman dəsmalını çıxarıb alnında muncuqlanan tər damcılarını sildi. Orxanın gündəliyi:
«Mən bizim mətbuatda haçandı belə cəsarətlə yazılmış məqalə oxumamışdım. Nadirənin həqiqi alim olmağına bir daha inandım. O, Salmanı — öz ərini elə möhkəm və ciddi tənqid eləyib ki başqa bir adam bəlkə də, buna cəsarət eləməzdi. Aydın, dərin, elmi məntiq və cəsarət bizim bugünkü ədəbi-bədii həyatımızda ən çox ehtiyac hiss olunan məsələlərdəndir. Professorun indi, görəsən, halı necədir?»
Professorun ürəyi:
«Necə olacaqdı, səncə? Çox pis idi halım! Az qala ölmüşdüm. Nadirənin üzü ağ olsun, məni dost-düşmən gülüncü elədi».
Orxanın gündəliyi:
«Taleyim gör necə dolandı yenə,
Dünyanı məhv etdin ahla, ürəyim!
Eşqin üfüqləri büründü çənə,
Qarışdı düzənlər dağla, ürəyim!
Bəxtim necə yatdı, oyanar çətin,
Yoxuşlu yolları var məhəbbətin,
İndi ki, cənginə düşdün həsrətin,
Oğulsan, özünü saxla, ürəyim!
Hər yerdə, hər zaman söyləsin dilin,
Özgənin yarıdır o gözəl gəlin.
Ondan həmişəlik üzüldü əlin.
Ağla, həzin-həzin ağla, ürəyim!»
Professorun ürəyi:
«Gülmirə haqqında yazıbsan bunu, hə? Pis şer yazmırmışsan?!» Orxanın gündəliyi:
«Bu gün Mirzə Cəlil haqqında iki ildən bəri yazdığım yazının son nöqtəsini qoydum. İndiyə qədərki əsərlərin (əgər belə demək mümkündürsə) hər birini qurtaranda belə sevinməmişdim. Otaqda əl qaldırıb oynadım, toyda-mağarda oynayan kimi. Elə bil, məni narahat eləyən bütün fikirlərimi deyib qurtarmışam, elə bil, ürəyim tamam boşalıb. Mənə elə gəlir ki, bir də heç vaxt mən belə yazı yaza bilməyəcəyəm və bu məşum hiss məni qorxudur».
Professorun ürəyi:
«Axırıncısı idi...»
Orxanın gündəliyi:
«Professor Salman Qurbanzadə — illərlə öz böyüklüyü və əzəmətilə mənim gözümə kül üfürmüş bu adam xırda hisslərlə yaşayan mədəni bir yaramaz imiş!»
Professorun dili:
«Yaramaz özünsən, axmaq! Böyük-kiçik də qanmırsan. Gözündən gəlsin sənə elədiyim yaxşılıqlar. Eh, sağ olaydın, — sənin yanından bir Orxan da çıxarardım. Neynəyim?»
Hirslə gündəliyi vərəqlədi, gözünə sataşan axırıncı səhifədə dayandı: Orxanın gündəliyi:
«Nə yaxşı ki, sən varmışsan, Gülü! Bir zamanlar sənə rast gəldiyim günə lənətlər yağdırırdım, çünki sən mənim öz məcrası ilə aramla axan çaya bənzəyən həyatımın ahəngini pozmuş, rahatlığımı əlimdən, şirin yuxumu gözümdən almışdın. Ancaq indi deyirəm ki, sən nə yaxşı ki, varmışsan! Nə yaxşı ki, varmışsan! Sən mənim üçün kitabxanalardan, kitablardan ibarət olan dünyanı - gözəlləşdirdin, mənalı elədin. Sən məni yeni bir aləmin astanası ağzına gətirib çıxartdın — sən mənə dünyanın ən ləziz neməti olan məhəbbətin nə demək olduğunu anlatdın! Sən anlatdın, mən də tez anladım. İndi bu xoş duyğular, şirin əzablar aləmində yaşayırkən sənə minnətdarlığımı dönə-dönə bildirirəm. Sən məni xoşbəxt edə bilməzdin, çünki sən mənim kimi, bəlkə məndən də yaxşı bir oğlanın istəklisi idin. Mən bunu başa düşürdüm və sənin tərəddüdlərin də mənə hər dəqiqə bunu xatırladırdı.
Çünki sənin yarı canın göylərdə idi, demək olar ki, sən cismən yerdə yaşayırdın, mənən, fikrən sən öz təyyarəçinin ydnında idin. Bəzən mənə elə gəlirdi ki, sən məni çox vaxt onun paltarında təsəvvür edirsən. Mən təkcə bir dəfə sənin o ağ, o hərarətli əlindən öpməyə cəsarət etdim, bir dəfə də sən kino-teatrda yanan təyyarəni görəndə mənə sığındın. Vəssalam! Bunlar da olmamalı idi. Ancaq oldu, sənin, mənim iradəmin əksinə, ürəyimizin hökmüylə oldu. Mən bunu da bilirdim ki, sən mənə biganə deyilsən, sənin ürəyində mənə qarşı məhəbbətmi var idi, ya sənin mənə yazığın gəlirdi — bilmirdim. Mən indi, bu gecə oturub bütün olub-keçənləri düşünərkən deyirəm ki, o iki ani yaxınlıq da mənə bəsdi. Bunun üçün də çox sağ ol. Bunun üçün, mən eyni zamanda, bircə dəfə yaşıl teatrda üzünü gördüyüm o təyyarəçi oğlandan da qaibanə üzr istəyirəm.
Mənə təsəlli verən bircə şeydi: sən mənimlə yanaşısan, mən səni hər gün görmək səadətinə malikəm, mən sənə həftədə bir dəfə gül də verə bilirəm. Nəfəsini duyuram səsini gülüşlərini eşidirəm, sənin yaşadığın bir dünyada yaşayıram, Bu mənə bəsdi. Sənin o xoşbəxt təyyarəçi oğlana bəslədiyin, qoruyub hifz elədiyin sədaqət müqabilində mən baş əyib səcdə eləyirəm.
Həmişə öz-özümə bu yaxınlarda yazdığım bir şeri pıçıldayıram, o şer məni hissiyata qapılmaqdan, pis və alçaq fikirlərə düşməkdən qoruyur, mən ürəyimdə deyirəm ki:
Hər yerdə, hər zaman söyləsin dilin:
Özgənin yarıdır o gözəl gəlin,
Ondan həmişəlik üzüldü əlin,
Ağla həzin-həzin, ağla, ürəyim.
Bəli, ağlasın qoy həzin-həzin ürəyim, Gülü! Sənsiz və səninlə olan ürəyim ağlasın!»
Axırında nöqtə qoyulmuşdu. İri bir nöqtə. Orxanın gündəliyinin son səhifəsi belə bitdi. Burda Orxan dayanmışdı, daha doğrusu, ölmüşdü. O, indiyə qədər dediklərini təzədən təkrar eləyə bilərdi. Professor üçün də, başqaları üçün də. Eləyəcəkdi də. Ancaq bir kəlmə də artırmadan. Eynən belə. Eynən bu cür.
Professor dəftəri qatladı və saata baxdı. Gecə yarıdan keçmişdi. Ceyhun çoxdan yatmışdı. Amma Nadirə, deyəsən, işləyirdi. Salman üç gün idi ki, bu kağız-kuğazlarla, daha doğrusu, Orxanla danışırdı. Nadirə ilə kəlmə də kəsməmişdi. Nadirə də onun əlindən acıqlı, idi. Salman başa düşürdü ki, onun ad günündə çox pis hərəkət elədi, onu təbrik etmədən çıxıb getdi. İndi isə peşman olmuşdu: arvadı ilə danışmağa bəhanə axtarırdı. Bu bəhanə isə tapıldı; Gülmirə məsələsi. Orxanın gündəliyindən hər şeyin doğru-dürüstlüyünü öyrənmək olardı və bu, Nadirəni gərək ki, az maraqlandırmayacaqdı. İndiyə qədər ər-arvad Gülmirəyə birtəhər baxırdı.
Gülmirə Orxanla... Bəli, bu bir hökm kimi, həqiqət kimi onların beyninə batmışdı. İndi isə...
İndi isə Gülmirə şəkk-şübhə altından çıxırdı. Çıxırdı, bəli! İstər-istəməz Salman sevinən kimi oldu və üzündə qiymətli bir əlyazması tapmış alim təbəssümü Nadirənin otağına sarı addımladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.
İkinci hissə, on səkkizinci fəsilRayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.
Üçüncü hissə, birinci fəsilKaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:
Üçüncü hissə, ikinci fəsilUzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Poems by other poets
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
VücudnaməƏrbəeyi-ənasir şeş cihətdənXəlq elədi məni qadir-i Ğəffar.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,