Birinci hissə, altıncı fəsil
Page 2 of 2 · 50%
Qırx birinci ildə, müharibə başlanmazdan azca əvvəl, məhəllədə, həmin kiçik dəstənin içində gözlənilməz bir «müharibə» başladı: müharibə deyəndə ki, o yeniyetmələrin hamısı, Nurəddinin onlara elədiyi «zülmə» daha dözməyərək sözü bir yerə qoyub onu yaxşıca əzişdirmişdi və hətta onların ən çəlimsizi, tez-tez anası söyülən Səlim adlı oğlan, kininin, qəzəbinin çoxluğundan, özünü saxlaya bilməyib Nurəddinin başını daşla vurub yarmışdı. Uşaqların bununla da ürəyi soyumamışdı, onun şalvarını, köynəyini çıxarıb parça-parça eləmiş, alt tuman-köynəkdə, qaranlıq dalanda al qanın içində tək qoyub qaçmışdılar. Nurəddin xəstəxanaya düşmüşdü, yanına gələn anasına, qardaşına heç kəsin adını verməmişdi, ürəyində: «Onlarla özüm haqq-hesab çəkəcəyəm» — demişdi. Xəstəxanada iki aydan çox yatmışdı: deyilənə görə, beyni tərpənibmiş. Bu arada müharibə başlamışdı, Nurəddin xəstəxanadan çıxıb evə dönəndə məhəllədəki cavanlardan heç birini görə bilməmişdi: hamısı cəbhəyə getmişdi. Onu əsgər aparmamışdılar — çünki əsəbləri pozulmuşdu, ürəkgetməsi tapmışdı. Həftədə iki-üç dəfə yanından yel keçən kimi, xətrinə bir söz dəyəndə tir-tap yıxılırdı, ağzı köpüklənirdi, kiminsə qarasınca yamanca söyürdü. Beş-on dəqiqədən sonra özünə gəlir, durub üst-başının tozunu çırpa-çırpa gedirdi. Bu, anasına böyük dərd olmuşdu, arvad yanıb-yaxılırdı, xəcalət çəkirdi: «Kaş balam salamat olaydı, xalqın uşaqları kimi çıxıb gedəydi fronta. Allah balamı şikəst eləyənin (daha o bilmirdi ki, oğlu çürük ürəyinin qurbanı olub) çırağını söndürsün, neçə ki, söndürdü, hamısını qızıl güllə qabağına göndərdilər. Meyitləri gəlsin, qara kağızları gəlsin görüm.»
Və çox qəribə idi ki, həmin məhəllə uşaqlarının hər il ikisinin, üçünün qara kağızı gəlirdi. İçi-içalatı, ürəyi intiqam hissilə yanıb-pörşələnən Nurəddin, keçmiş «dostlarının» ölüm-itim xəbəri gəldikcə ilan kimi qıvrılırdı: «Hayıf, öldün, canını qurtardın, yoxsa səni özüm öldürəcəkdim, küçük.» — deyirdi.
Müharibədən sonra Nurəddin universitetə girmişdi, yarızarafat-yarıgerçək oranı bitirmişdi: xəstəliyi tamam keçməmişdi, ona görə müəllimlərin, tələbələrin yazığı gələ-gələ birtəhər beş ili başa vurmuşdu. Kimi demişdi: «Xəstə adamdı, baş qoşmayın». Kimi demişdi: «Dəlidi, fikir verməyin.»
Qurtarandan sonra o, Akademiyaya gəldi, çünki onu dərs deməyə, sinfə buraxmaq olmazdı. «Yenə elmi iş yaxşıdı, qələmdi, kağızdı, kitabdı — o, bunlarla da durub dava eləməyəcəkdi ki, söyməyəcəkdi ki?» — deyə düşünən anasının çox xahiş-minnətindən sonra onu elmi-tədqiqat institutuna götürmüşdülər. Və beləliklə, o, elm yoluna düşmüşdü.
Anası oğlunun xasiyyətinin, mərəzinin bəlkə evlənəndən sonra dəyişəcəyini fikirləşib, bənna ərindən qalan bir-iki qiymətli üzüyü, sırğanı satıb onu evləndirmişdi. Özünün uzaq qohumunun qızı olan çox ağıllı, mehriban gəlindən — Samirədən xahiş eləmişdi ki, onu incitməsin, nə desə, «bəli», «baş üstə» desin, çünki «uşaq bir az əsəbidi». Sara xanımın və Nurəddinin özünün bəxtindən gəlin əsil insan çıxmışdı, «qızıl parçası çıxmışdı» — Nurəddinin bir sözünü iki eləməmişdi — əsəbiləşəndə, coşanda, hər şeyi unudanda Samirə xanım kəlmə belə kəsməmiş, qaşqabağını sallayıb üz-gözünü turşutmamışdı. Sara xanıma iki qəşəng, ağıllı nəvə bəxş eləmişdi. Arvad nəvələrini sevə-sevə böyütmüş, sağlamlıqlarını həmişə nəzarət altında saxlamış, onlarda heç bir «əsəbilik» əlaməti görməyərək özünü çox xoşbəxt hiss eləmişdi. Evlənəndən, oğul-uşaq atası olandan sonra xeyli sakitləşmişdi, ancaq tamam sağalmamışdı. Bütün bunları — Nurəddinin tərcümeyi-halının bu tərəfini akademik Aslanzadə bilirdi — o biri tərəfini isə ona, nə zamansa universitetdə sevimli tələbəsi olmuş Samirə xanım uzun illərin ayrılığından sonra rast gələndə öz müəlliminə ağlaya-ağlaya danışmışdı. «Mənim həyatım heç oldu, müəllim». «Ağlama, qızım». «Yox, ağlamıram. Özü yıxılan ağlamaz, müəllim. Oturub balalarımı böyüdürəm. Bədbəxt idi, məni də bədbəxt elədi».…Buna görə institutda Nurəddin Osmanzadəni Aslanzadə kimi yaxşı tanıyan və dərdini bilən yox idi. Elmi fəaliyyəti gözünün qabağında keçmişdi. Həyatının o biri tərəfini də Samirə nağıl eləmişdi. Onunçun da Aslanzadə ona xüsusi hörmət göstərir, şöbə müdiri kimi nə tələb eləyirdisə verir, ən zəruri hallarda yanına çağırıb bu və ya digər məsələni çox mülayimliklə nəzərinə çatdırırdı. İki il qabaq o, akademik seçiləndə isə «bu institutda sizdən sonra yeganə akademik mənəm, mən on üç nəfər adamın içində oturub işləyəsi deyiləm ki? Mənə ayrıca bir kabinet verin!» — deyəndə Aslanzadə, otaqların çatışmamasına, hər şöbədə on, on beş elmi işçinin əyləşməsinə baxmayaraq, ona ayrıca bir kabinet vermişdi. Ayrılan otağa baxıb: «Bu nədi, uçub tökülür divarları, parket gör nə gündədi, qapılar laxlayıb cırıldayır. Remont olunmalıdı bura — mənim yanıma xaricdən-daxildən alimlər gəlir. Ayıb deyilmi?» — deyə cavab qaytarandan üç gün sonra Aslanzadə həmin otağın təmirinə başlanması üçün Akademiyanın tikinti-təmir işlərinin müdirinə məktub yazmışdı. İki aydan sonra otaq tanınmaz olmuşdu — mebeli təzə, parket təzə, meşin qapı təzə, divarlar adamın üzünə gülürdü... Şöbəsinin işçiləri qonşu otaqda otururdu. Onlardan təkcə oğluna icazə vermişdi ki, özü burada olmayanda gəlib otursun, işləsin.
Bəli, Nurəddin Osmanzadəni Aslanzadə yaxşı tanıyırdı və elə məhz buna görə də, dünən prezidiumun iclasında onun direktorluğu məsələsi ortalığa gələndə, prezident Nurəddin haqqında, onun böyük alim olması barədə danışıb öz təklifini irəli sürəndə Aslanzadə, vəzifədən götürüldüyünə zərrəcə peşmanlığını bildirməyərək ayağa qalxmış və demişdi:
– Xahiş edirəm, məni düzgün başa düşəsiniz, yoldaşlar. Ürəyinizə gələ bilər ki, mən bu sözləri hansı bir pis niyyətləsə söyləyirəm. Yox. Mən kommunistəm, məni hara göndərsəniz orada da işləməliyəm. Açığını deyim ki, yaxşı eləyib məni çıxartdınız. Yorulmuşam, yoldaşlar. Həm də yaş daha o yaş deyil. Ömür-gün gedib. İş isə qurtarmır. Planlarım çox, qalan vaxtım isə azdır, çox azdır. Məni bu çətin və məsuliyyətli işdən azad elədiyiniz üçün sizə təşəkkür eləyirəm. Ancaq mən məsələnin o biri tərəfi üzərində dayanmaq istərdim. Hörmətli prezidentimiz buyurur ki, Nurəddin Osmanzadə böyük və məşhur alimdir. Buna heç kəsin sözü yoxdur. O bizim tariximiz üçün, mədəniyyətimiz üçün əhəmiyyətli əsərlər yazıb, qədim və orta şərq mənbələrimizi ortalığa çıxarıb. Bakıda, Moskvada tərcümə və nəşr etdirib. Qoy akademik Nurəddin Osmanzadə, mənim həmkarım məndən inciməsin, o yaxşı alimdi, ancaq ondan direktor ola bilməz, yoldaşlar. O özü gərək bu məsuliyyətin altına girməsin, çünki direktorluq təmkin, səbir tələb eləyən bir işdir. Bu təmkin, bu səbir isə Nurəddin Osmanzadə yoldaşda yoxdur.
Arxa cərgədə əyləşmiş Nurəddin Osmanzadə bu sözü eşidən kimi icazəsiz-filansız yerindən qalxıb:
– Sən köhnənin demoqoqusan, Aslanzadə! — demişdi. Aslanzadə ani tərəddüddən — bu gözlənilməz təhqirdən özünə gələndən sonra yenə özünəməxsus təmkinlə:
– Buyurun, yoldaş prezident. — söyləmişdi — Məncə başqa dəlil-zad lazım deyil sizə. Öz qabiliyyətini yerində göstərdi.
– Azca susub əlavə eləmişdi. — Mən yenə bir kommunist kimi onun bizim institut kimi mürəkkəb və böyük kollektivi olan bir elmi müəssisəni idarə edəcəyinə şübhə ilə yanaşıram və buna qəti etirazımı bildirirəm. O, direktor olsa, sizin də başınız ağrıyacaq, institut əməkdaşlarının da.
Aslanzadə sözünü deyib oturmuşdu — deməsəydi, vicdanı ağrıyacaqdı. Ancaq prezident tamam ayrı hava çalmışdı:
– Siz, bilmirəm haçan bu müsəlman təfəkküründən əl çəkəcəksiniz, haçanacan cılız hisslərlə yaşayacaqsınız — deyəndə, Aslanzadə onun hansı istiqamət götürdüyünü hiss edib artıq-əskik söz eşitməsin deyə iclası sakitcə tərk eləmişdi. Axşam vitse-prezidentə zəng çalıb öyrənmişdi ki, akademik Nurəddin Osmanzadəni instituta direktor təyin ediblər. Gecəni çox pis yatdığından idarəyə də vaxtında gələ bilməmişdi. Sonra aydın olmuşdu ki, qan təzyiqi qalxıb. Həkim onun üç gün evdən çıxmasına icazə verməmişdi. Təzə direktor da yox idi, ancaq sözü-söhbəti gəzirdi institut divarları arasında.
Salman Qurbanzadə Aslanzadənii çıxarılmasına heyfsilənirdi. Yaxşı direktor idi. Başa düşən idi. Amma Nurrəddin Osmanzadədən zəhləsi gedirdi — görməyə gözü yox idi. Elə bilirdi ki, o qazanır, Nurəddin yeyir. Elə Nurəddin də Salman haqqında belə düşünürdü. Aralarında heç bir ciddi münaqişə-filan olmamışdı, nədənsə bir-birinə çox soyuq münasibət bəsləyirdilər. Salman bir şeyə çox sevinirdi ki, o qovluq — Aslanzadənin seyfindəki sarı qovluq Nurəddinin əlinə düşən kimi, qılıncını çəkəcək, Salmanı məhv eləmək istəyəcək... və axırda əli boşda qalacaq, Salman sudan quru çıxacaq... O bir an, Aslanzadənin kabinetindəki o sehrli bir an Salmanın taleyini həll eləmişdi. O an, o fürsət olmasaydı, Gülmirənin verdiyi qovluq elə stolun üstə qalsaydı, ordan da seyfə keçsəydi, elə hesab elə ki, Salmanın bu xəbəri eşidəndə ürəyi çoxdan partlamışdı. Amma indi, dünya vecinə deyildi Salmanın. Salmandan çox Nadirə narahat idi — yazıq qadın əri ilə Nurəddinin aralarının sərin olduğunu bildiyindən düşünürdü ki, əgər Gülmirənin dünən söylədikləri həqiqət olsa, Nurəddin ondan əl çəkməyəcək, yıxıb sürüyəcək. Elə Aslanzadə də əl çəkməyəcəkdi — ancaq Aslanzadə başa düşən idi, onunla danışmaq olardı, bu işi nisbətən yüngül şəkildə sovuşdurmaq mümkün olardı. Gəl indi Nurəddin Osmanzadəni başa sal görüm necə başa salacaqsan! Onda adamı axıra qədər dinləmək qabiliyyəti də yoxdur!..
İş saatı çoxdan başlamışdı, ancaq işləyən yox idi. Kiminin fikri təzə direktorun gəlməsilə, kimininki Salman — Gülmirə münaqişəsinin sonra necə olacağı qayğısı ilə məşğul idi. Bir sözlə, bu gün danışmaq, müzakirə eləmək, düşünmək üçün meydan geniş idi. Şöbədə hamının gözü Salmanda idi. O, heç bir şey olmamış kimi, öz vaxtında gəlib yerində oturmuşdu. Gözləri qızarmışdı — adamlar elə bilirdi ki, kişi səhərəcən yuxusuz qalıb, yata bilməyib, ona görə gözləri beləcə qızarıb. Onu bu halda görəndə Gülmirə də sıxılmış, nəsə canını qoymağa yer axtarmış, nə edəcəyini bilməyən adamsayağı otaqda ora-bura vurnuxub axırda keçib stolun arxasında əyləşmişdi, şkafından qalın kitabı çıxarıb oxumağa başlamışdı.
Sakit Aranlı başını aşağı salıb nəsə yazırdı. Nadirədən heç nə soruşmamışdı — adəti deyildi. Kim nəyi lazım bilirdisə, yaxınlaşıb özü deyirdi — heç kəsdən heç nə soruşmazdı. Gülmirə
– Salman məsələsinin üstünə qayıtmağa elə bil hamı ehtiyat eləyirdi. Hətta Cəfər belə yaxınlaşıb Gülmirədən onun Füzuli avtoqrafı barədə dediklərinin axırına çıxmağı namünasib sayırdı. Elə bil, adamların gözündə Salman da, Gülmirə də, dolu barıt çəlləyi idi. Yovuqlaşmağa cəsarət eləyən yox idi — halbuki, hərənin ürəyində açılmamış müəmmalar, cavabsız suallar çox idi.
Nadirə fikirləşirdi ki, əgər müdriyyətdə bu naqafil dəyişiklik olmasaydı, bir şöbə rəhbəri kimi müəmmalı məsələni qaldırar, özü üçün də maraqlı olan bu işi aydınlaşdırar, bir yəqinlik hasil eləyərdi. Ürəyini üzən «niyələr»dən, «neyçünlər»dən canını qurtarardı.
«Təzə müdir gəlsin, həll olunar».
Hamının fikri beləydi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Poems by other poets
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
دیدی که هیچگونه مراعات من نکردیدر کار من قدم ننهادی به پایمردی
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.