Birinci hissə
Page 47 of 47 · 98%
¹ Yolda həmsöhbət
Qan bir an duruxmuşdu, yaddaşında nə isə alışıb yanmışdı və bayaqdan bəri tanımaq istədiyi bu adamı nəhayət tanımışdı: elədir, o bu bazar şairi idi ki, bütün günü nazik buduna bir sap bağladığı boz bir çəyirtkəylə “ey xiridar” deyə bazarda gəzirdi. Və bu xiridar nidasından izdiham səksənib yarılırdı. Bu vaxt çəyirtkə irəli sıçrayırdı. Amma o saat buduna bağlanmış sap dartılırdı. Çəyirtkə bir mənzil uçub yerə düşürdü və izdiham hırıldayırdı. Beləliklə dövrəsində oturan cavanlar bazar şairini fərəhli nidalarla qarşılayırdılar, yuxarı başda ona yer göstərirdilər. O isə çəyirtkəsini bucaqların birində papağı altında dustaq edirdi, saçlarını çiyninə dağıdırdı, sonra gəlirdi qara dövrəsində otururdu və burda onun hər dəfə bədahətən dediyi yancağı açıq şeirləri içində mis kimi cingildəyən bir misra o gün bütün bazar əhlinin dilində əzbər olurdu.
İndi belə bir xanəxarabın başını yumşaq bir diz üstə qoyub ağlamaq üçün bir gecədə bir kisə dirhəmin göyə sovuracağına qarının artıq şübhəsi qalmamışdı. Və artıq gecə yarısına kimi burda oturmayacağı, əriyən şamları bir-biri dalınca dəyişdirməyəcəyi üçün qarının gözləri işıqlanmışdı, tez ayağa qalxmışdı və qızlarının hamısın bazar şairilə bir yerə qovub qapıdan içəri salmışdı, sonra əlində şam çox alçaq və tünd yaşıl rəngli qapısını bağlamaq istərkən birdən hardansa qaranlıqdan çıxan bir oğlan uşağı özünü irəli atmışdı və dili topuq çalaraq zarımışdı:
– Qarı nənə... can nənə... o qızın nə idi?
Və qorxu bilməz bir ifritə indi bu uşaq səsindən səksənmişdi, qapı ağzından geri çevrilmişdi, şamın işığı Barsisin üzünə düşmüşdü. Qarı bir an gözlərini döyə-döyə qalmışdı. Sonra birdən bütün vücudu, qarnı qəhqəhələrlə çalxanmışdı, uğunub özündən getmişdi. Və bu axşam qarının əlinə nadir bir vücud keçmişdi ki, ona görə keyfi durulmuşdu. Aladağa çıxmışdı və indi qarnı tox qoca pişik kiçik bir siçan balasıyla oynamağa başlamışdı.
– Vay olsun od aparmış şeytan toxumu, mənim bir qatar qızım var, neçə yəni o qızın adı nə idi? Yoxsa indi də badımcan durub üstümüzə gəldi? Deməli sən axşam hər gəlib burda marıtlayırsan. Oğru pişik kimi xəlvətə salıb müft-müsəlləm, qızlarıma baxırsan və xumarlana-xumarlana müft dəm alırsan?
Barsis boğularaq fəryad eləmişdi:
– Yox... Bunları demirəm... O biri qızı... Onu ki, aparıb valinin arvadına peşkəş eləmisən.
Qarı əlini şappadan yambızına çırpmışdı:
– Mən qınayan qarının qarnı yansın, buna da, incə bala sərçəyə də bir qatar qız bəs eləmirmiş. Vallah onda o dəli dərviş elə düz deyirmiş ki, bir zaman gələcək ki, kök inəklər öz arıq buzovlarından süd əməcək...
İndi artıq heç bir şeyi başa düşə bilməyən Barsisin başı taqqıldamışdı, ağrı-acısı qalmışdı, qarı isə tumanının ətəyini qaldırıb gözlərinin yaşını silmişdi və Barsisə təpinmişdi:
– Sürüş burdan xakbəsər, nə olub, nə xəbərdir! Bu gün sabah bir şəhərə gedərsən, pul kəsərsən, karvan soyarsan, elə ki, ciblərin dirhəmlə doldu, onda gəlib qarı nənənin qapısını döyərsən. Dayan görüm! Gözlərinə bax, başuva çadra salsam görən elə bilər ki, sən özün gözəl qızsan. Düz deyirəm vallah bu gözlər ki, səndə var, əgər Yusif gedib Fironun ölkəsində təkcə Züleyxanın əndamına od salmışdısa, bığ yerin tərləyəndə sən bu şəhərdə nə qədər Züleyxa varsa, hamısının sinəsinə dağ çəkəcəksən...
Kirimək bilməyən qarı nəhayət, kirimişdi və əlini uzadıb soyuq sümük barmaqlarıyla Barsisin çənəsini əlləmək istəmişdi. Barsisin əti çimçəşmişdi, geri sıçramışdı, sonra çox alçaq və tünd yaşıl rəngli qapı örtülmüşdü.
Və Barsis yenə o qaranlıq döngədə tək qalmışdı.
1984
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.