Diamat
Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış.
Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu.
Onun hərb nəzəriyyəsinin yarımçılığı və təzadlığı da bundan irəli gəlir. Xüsusən, Sovet İtifaqında elə bir vəziyyət yaranmışdır ki, alimlər, yazarlar, şairlər, rəssam və bəstəkarlar dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahiməliliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiyası üzvlərinin, 30 dekabr 1930-cu il tarixli “Pravda” qəzetinə verdikləri bəyannaməni xatırlayaq. Akademiklərin bu məcburi bəyannaməsində deyilirdi: “Qarşımızda duran məsələləri” bir metod olan Marks-Engels-Lenin-Stalin metodu ilə həll edəcəyik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fizioloji təcrübələrini yürüdəcək, Tşuko, Tşusev, Vesnin, Hüseynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirəcəklər. Rəssam, akademik Qrabar rəsmlər çəkəcək, bəstəkar Qara Qarayev və Şestakoviç simfoniyalar yazacaq, akademikyazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edəcək və s.
Bütün bu işlər dialektik materializm metoduna istinad edilərək görüləcəkmiş. İndi baxaq, Marks bu “elmlər elmini necə yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializmi də Feyerbaxdan aldı və onları birləşdirdi. Həm də sadəcə birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdirdi, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısaca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə edərək, çox fikirləşmədən böyük icadlar etmək mümkündür, bütün filosofların nəzəriyyələrini bir saniyədə kirli sabunlu suya çevirmək zor bir iş deyil, onun yardımı ilə çap edərsə, marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsələn, dövrün taktikasına görə, Şeyx Şamili ən böyük demokrat deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq, Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, generalsimus Suvarovu qan içici çar yaltağı göstərmək, sonra isə onların adına ordenlər təsis etmək, çar zabitlərinin rütbələrini çiyinlərindən kəsmək, sonra isə çar rütbələrini öz çiyinlərinə taxmaq; və ya kilsə sərvətlərini kimi kilsələri qapadıb bütün din xadimlərini güllələmək, dini xalqın tiryəki deyə adlandırmaq, 25 ildən sonra isə “Allahsızlar cəmiyyətini” dağıdaraq rus ortodoks kilsəsinin birinci sitayişkarı kimi panisiavizm, panislamizm, pangermanizm və s. olmağa diamat icazə verir.
Diamatın necə bir elm olduğu yuxarıda göstərdiklərimizdən bəllidir. Yuxarıda göstərdiyimiz kimi dialektik materializm universaldır, o insan yaşayışının bütün sahələrini əhatə edir, başqa bir ideologiyanın sızması üçün heç bir işıq yeri buraxmır. Dialektik materializmdə əsas məsələ təfəkkürün (fikriyyatın) materiya ilə qarşılıqlı münasibətidir. Diamata görə materiya primat, təfəkkür isə predikatdır... Bunu Lenin “Materializm və empiriokritisizm” əsərində belə izah edir: “Təfəkkür materiyanın bir funksiyasıdır”. Həqiqət isə bunun əksini göstərir. İnsan öz düşüncəsinin qüdrəti ilə təbiəti və iqtisadiyyatı dəyişdirir və onlardan istifadə edir. İctimai həyat keçmiş nəsillərin elmi, mənəvi və iqtisadi müvəffəqiyyətlərinin üzərində qurulur.
Yalnız bu müvəffəqiyyətlərə istinadən insaniyyət irəliləyə bilər. Materiyanın, təfəkkür üzərindəki üstünlüyü haradadır? Bu nəzəriyyəyə görə, təməl istehsal qüvvələri və ona uyğun istehsal münasibətlərindən ibarətdir. Bu təməlin çökməsi ilə üstqurum da yəni, təfəkkür də, elm, fəlsəfə, mənəviyyat, ənənə də çökməlidir. Nə zaman tarixdə belə bir hadisə baş vermişdir? Nəhayət, dialektika haqqında bir neçə söz: Məlumdur ki, ilk olaraq hər şey keçir, hər şey dəyişir” fikrini yunan filosofu Heraklit irəli sürmüş, sonralar bu fikri Hegel inkişaf etdirmişdir. Bolşeviklərin inanclarına görə dialektikanın əsas qanunlarından biri: bir formanın başqa formaya keçməsidir. Hərf-hərf belə deyilir: “Bir forma özünə büsbütün zidd olan başqa forma yaradır”.
Əgər cəzalandırıcı Sovet xəncəri komminizmin özünə büsbütün zidd olan hansı bir forma yaradardımı, görəsən? Şübhəsiz ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommunizmə daban-dabana zidd olan demokratiya olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/fetelibeyli-diamat
Use ← → keys to move, R for a random poem
More by this author
Həmvətənlər!**Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!
Əbdürrəhman bəy Fətəlibəylinin Milli Azərbaycan Qurultayındakı məruzəsiAzərbaycanın Milli azadlıq hərəkatının rəhbəri kimi Mili Birliyin Azərbaycan Məclisi öz qarşısına aşağıdakı vəzifələr qoyur:1. Bolşevizmin məhv edilməsi və Qafqaz Birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması
Əbdürrəhman bəy Fətəlibəylinin Məmməd Əmin Rəsulzadəyə məktubuMərhəba, çox möhtərəm Məhəmməd Əmin!Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubuCənab general!Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum.