Həmvətənlər!

Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!

Bir qədər əvvəl Sovet İttifaqını tərk etmiş yüz minlərlə kəndli və fəhlələr həqiqəti qorxmadan demək imkanı əldə etmişlər. Çoxlu keçmiş komsomolçu və kommunistlər, Sovet ordusunun əsgər və zabitləri, Daxili İşlər Nazirliyinin keçmiş işçiləri əvvəllər müdafiə etdikləri hakimiyyətlə mücadilə aparmaq qərarına gəlmişlər.

Burda, xaricdə demək olar ki, Sovet İttifaqının bütün xalqları təmsil edilmişlər.

Biz hamımız, gənclər və yaşlılar olaraq Stalinin dəmir pərdəsində yaşayan və əzab çəkən sizlərlə bir əzmdə və bir ruhdayıq.

Biz hamımız, gənclər və yaşlılar Stalinin dəmir pərdələri arxasında yaşayan və əzab çəkənlər olaraq bir iradə və ruhla sizinləyik. Sizin kədəriniz, sizin fikriniz-bu, bizim kədərimiz, bizim fikrimizdir və bizim səsimiz-sizin səsinizdir.

1952-ci ilin oktyabrın 16-da xaricdəki siyasi qrupların nümayəndələri Vətəni kommunist diktaturasından xilas etmək üçün “Antibolşevik mücadilənin Koordinasiya Mərkəzi”ni yaratdılar. Biz bu diktaturaya qarşı xalq hakimiyyəti prinsiplərini qoyuruq. SSRİ ərazisində yaşayan bütün xalqlarla birgə demokratik ifadə göstərmək əsasında öz müqəddəratını azad təyin etmək hüququnu tanıyırıq. Biz bütünlüklə vicdan və dini azadlıqların verilməsi tərəfdarıyıq. Biz yalnız insanın insan tərəfindən istismarının deyil, eyni zamanda insanın partiya və dövlət tərəfindən də istismarının da əleyhinəyik. Biz dövlət siyasətinin insan şəxsiyyətinin azad inkişafı maraqlarına və xalqların maddi və mənəvi həyat tərzinin yüksəldilməsinə tabe edilməsi tərəfdarıyıq. Bizim istismarçıların qışqırıb dedikləri o “xoşbəxt” həyat; yaxud ləyaqətli insan həyatı o zamana qədər mənasız olacaq ki: 1) terror və işgəncə sisteminə son qoyulsun; 2) Qul əməyinin bütün formaları məhv edilsin; 3) Bizim dövr üçün qorxu və biabırçı sayılan cəhənnəm həbs düşərgələri yox edilsin; 4) Kolxozlar buraxılsın və kəndlilərə torpağa sahibolma və torpaqdan istifadə formasını seçmək hüququ verilsin.

Kommunist hakimiyyətinin ən ağır cinayətlərindən biri kimi biz onun xalqın yaradıcı fəaliyyəti və ölkənin mədəni həyatı üzərindəki zülmünü qeyd edirik. Böyük Azərbaycan ədəbiyyatı, musiqisi, salnaməsi, elmi – xalqın bütün yaradıcılıq qabiliyyətinin formaları Stalin tiranlığı ilə məhv edilmişdir. Bizim mədəni irsimiz və onun Avropa və dünya mədəniyyəti ilə bütün əlaqələri mənasız və amansızcasına məhv edilir. Mədəniyyətin canlı daşıyıcıları isə daha amansızcasına güllələnirlər. Tapdanmış mənəvi dəyərlərin qorunması və xalqımızın varlığının qorunması üçün biz öz səsimizi qaldırırıq.

Biz kommunizmin tamahkar və təcavüskar xarici siyasəti nəticəsində insanlıq üzərinə hərəkət edən qorxulu təhlükəni görürük. Bütün xaricdə yaşayan və Sovet İttifaqını tərk etmiş azərbaycanlılar azad dünyanı inandırırlar ki, kommunizm fəhlə hərəkatının siyasi hərəkatı deyil, yalnız quldarlıq təsərrüfatı sisteminə əsaslanan, hərbi bürokratiya və polis terroru üzəində yaranmış imperialist dövlətlərin silahıdır. Sovet İttifaqının bütün xalqları kommunizmə gizlində düşməndirlər və öz istismarçılarına nifrət edirlər. Bu cəhdlər isə “bəhrələrini” vermişdir. Milyonlarla insanımızın həbs düşərgələrində əzab çəkməsi faktı sübut edir ki, kommunist təcavüzü xalq işi deyildir, yalnız Kreml cəlladının əlidir. Bizim xalqlar Stalinin cinayətkar siyasətinin yanındakı yaltaqların “dahi” adlandırdıqları daha hansı eksperimentlərin əzablarını çəkməlidilər və nələrə düçar olmalıdılar?

Həmvətənlərimiz!

Əgər siz onların başı üzərindən azad dünya xalqlarına əlinizi uzatmasanız, Sovet diktatorlarının sizin arxanızda və sülh uğrunda hərəkat adı altında hazırladıqları üçüncü dünya müharibəsinin başlanması olsun ki, qaçılmaz olacaq.

Bizim ölkənin xalqları ilə azad xalqların möhkəm birliyi demokratiyanın gücünün və sarsılmazlığının girovu sayıla bilər.

Biz bilirik ki, mücahdilə üçün buradan hazır siyahılar vermək mümkün deyil. Vaxtı çatanda xalq özü necə hərəkət etməyi başa düşəcək. Bizim radiostansiyanın vəzifəsi – Sovet İttifaqında baş verənlər haqqında heç zaman eşitmədiklərinizdən danışmaq, dinləyicilərimizi obyektiv informasiya ilə təchiz etmək və onlara Sovet təbliğatının neçə illərdir yayıb təlqin etdiyi yalanlardan azad olmaqda kömək etməkdir.

Bizim radiostansiyanı dinləyin!

Antibolşevik Mücadilə Koordinasiya Mərkəzinin səsini eşidin!

Random poem

More by this author

Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubu

Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.

3 min
Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu

Məhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.

19471 min
Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubu

Hörmətli və əziz Əbdüləli bəy!Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.

19472 min
Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu

Əzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.

19471 min

Poems by other poets